Məhkəmə qərarları › İş №2-1(112)-17943/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-17943/2025

10.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-17943/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X3nə qarşı torpaq sahəsinin ayrılması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu X3nə qarşı Binəqədi rayonu X1 30 dekabr 2005-ci il tarixli 1902 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış 200 kv.m torpaq sahəsi "X5" MMC-nin fəaliyyəti üçün ayrılmış zonada, neft quyuları və neft boru xətlərinin keçdiyi mühafizə zonasında yerləşdiyi üçün və həmin torpaq sahəsindən məhrum olduğuna görə ona Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, həmin torpağın əvəzinə fərdi yaşayış evinin tikintisi məqsədilə yeni torpaq sahəsinin ayrılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, istifadəsində olan 200 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması barədə Binəqədi rayonu X3 tərəfindən 30 dekabr 2005-ci il tarixdə, 1902 saylı sərəncam verilmişdir. Bunun müqabilində X1 büdcəsinə 160 (yüz altmış) manat ödəniş edilərək kassa mədaxil orderi alınmışdır. 30 dekabr 2005-ci il tarixdə torpağın alqı-satqısına dair müqavilə bağlanmış, Binəqədi rayonu X3 tərəfindən torpağın plan cizgisi çəkilmiş və təsdiq olunmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 22 avqust 2025-ci il tarixli, 3-48-2F/2-A-8-5056/2025 saylı məktubunda qeyd edilir ki, 1 saylı Bakı "Asan Xidmət" Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətə əsasən bildirirlər ki, vətəndaş İddiaçı barəsində Binəqədi-rayonu X1 arxiv fondu üzrə xx.xx.2025-ci il tarixli 1902 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin sonradan ona məlum olmuşdur ki, bu torpaq sahəsi faktiki olaraq "X5" MMC-nin fəaliyyəti üçün ayrılmış zonada, neft quyuları və neft boru xətlərinin keçdiyi mühafizə zonasında yerləşir. Bu ərazi üzərində heç bir tikinti aparıla və mülkiyyət hüquqları (sahiblik, istifadə və sərəncam) həyata keçirilə bilməz. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarı ilə onun torpaq üzərində subyektiv hüququnun olmaması müəyyən edilmişdir. Beləliklə, X3 tərəfindən ona hüquqi baxımdan istifadəyə yaramayan, xüsusi mühafizə zonasında yerləşən ərazi satılmış, bu isə onun mülkiyyət hüquqlarının (sahiblik, istifadə və sərəncam) pozulmasına səbəb olmuşdur. Hazırda həmin torpaq sahəsindən məhrum olmuş, torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində o maddi və mənəvi zərərə məruz qalmışdır. O, bununla əlaqədar olaraq 30 dekabr 2005-ci il tarixli, 1902 saylı sərəncama əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmış 200 kv.m torpaq sahəsi "X5" MMC-nin fəaliyyəti üçün ayrılmış zonada, neft quyuları və neft boru xətlərinin keçdiyi mühafizə zonasında yerləşdiyi üçün və həmin torpaq sahəsindən məhrum olduğuna görə ona Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, həmin torpağın əvəzinə fərdi yaşayış evinin tikintisi məqsədilə yeni torpaq sahəsi ayrılması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh Binəqədi rayonu X3 02/A-981 saylı, 06 oktyabr 2025-ci il tarixli cavab məktubunda (inzibati aktda) bildirmişdir ki, onun 02/A-981 nömrəli, 24 sentyabr 2025-ci il tarixli ərizəsinə X3ndə baxılmışdır. Qeyd edirlər ki, hal-hazırda bələdiyyənin ehtiyat torpaq fondu mövcud deyil. Bu səbəbdən ona əlavə torpaq sahəsinin ayrılması mümkün deyil. Cavabdehin imtinası əsassızdır. Birincisi Bələdiyyənin ehtiyat torpaq fondunun olmaması inanılmazdır. Əgər ehtiyat fondu torpağı olmasa belə bələdiyyə ərazisində fərdi ev tikmək üçün boş torpaq sahələri vardır. Bələdiyyənin ehtiyat torpaq fondundan sıradan olan vətəndaşlara torpaq ayrılması nəzərdə tutulmuşdur. O, isə sıradan olan vətəndaş deyildir, cavabdehin əlverişsiz inzibati aktı nəticəsində hüquqları pozulub. Pozulmuş hüquqlarının bərpasını məhkəmə vasitəsi ilə tələb etmək hüququ var. Əgər məhkəmə cavabdehin üzərinə ona torpaq ayrılması barədə öhdəlik qoysa, cavabdeh məcbur olub məhkəmə qərarını icra edəcək və ona torpaq ayırmaqla pozmuş olduğu hüququnu bərpa edəcək. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı hazırki işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki: Belə ki, işdə olan Bakı şəhəri Binəqədi rayon X1 1902 nömrəli 30 dekabr 2005-ci il tarixli “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” sərəncamının surətindən görünür ki, Binəqədi rayon Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. İş materiallarına Bakı şəhəri Binəqədi rayon X1 1902 nömrəli 30 dekabr 2005-ci il tarixli qərarı əsasında verilmiş cizgi, “Torpaqların alqı-satqısına dair müqavilə” və qərar və ona əlavə edilmiş sənədlərin arxiv nüsxələri əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbindən göründüyü kimi, hazırki iddia vasitəsilə Bakı şəhəri Binəqədi rayon X1 1902 nömrəli 30 dekabr 2005-ci il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin ərazisinə düşməyən yeni torpaq sahəsi ilə əvəz edilməsi barədə tələb irəli sürmüşdür. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən normasının mənası baxımından, inzibati icraat qaydasında qaldırılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən və prosessual qanunvericiliyin tələblərinə uyğun qaydalar, o cümlədən iddia müddəti çərçivəsində, qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilsin. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Lakin, konkret halda, iddiaçının tələbinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə ki, «Bakı şəhərində mühəndis-kommunikasiya təminatlı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə Bakı şəhərində bir sıra mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması məqsədi ilə qərara alınmışdır:

1. Yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 2017-ci il martın 1-dək Bakı şəhərinin ərazisinin peyk təsviri vasitəsilə ortofotolarının hazırlanmasını təmin edib, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı xx.xx.2017-ci il tarixindən rəy verilməsi və yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsi dayandırıldığından, hazırki halda, cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1 iddiaçının tələbi üzrə X1 ərazisində yeni torpaq sahəsi ayrılması səlahiyyətinə malik deyil. Bütün bu qeyd olunanlar isə iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq

QƏRARA ALDİ:

İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar