Məhkəmə qərarları › İş №2-1(112)-1799/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1799/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1799/2023 12.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Bakı İnzibati Məhkəməsi 12 dekabr 2023-cü il İş № 2-1(112)-1799/2023 Bakı şəhəri Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçota alınmanın və vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli **********277600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh AR İqtisadiyyat Nazirliyi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 2021-ci il mənfəət vergisi üzrə 20 iyul 2022-ci il tarixli **********277600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə 48.897,63 manat vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış mənfəət vergisi məbləği əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış uyğunsuzluq məktublarına iddiaçı tərəfindən aşağıdakı kimi cavablar təqdim edilmişdir: “Vergi orqanın xx.xx.2022-ci il tarixli **********586300 nömrəli məktubuna əsasən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edildiyi kimi, hesabat dövrü ərzində ********.95 manat məbləğində ƏDV-siz dövriyyə olmuş, bu məbləğin 169345.18 manat hissəsi ləğv edildiyi, 23670.00 manat hissəsi isə geri qaytarıldığı üçün ƏDV bəyannamələrinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütunlarında qeyd edilmiş və eyni zamanda mənfəət vergi bəyannaməsində gəlirdən çıxılmışdır (********.95-193015.18=********.77). Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixli EBAP 221297 nömrəli 13290.00 manat dəyərində olan e-qaimə 2020-ci il Mənfəət Vergi bəyannaməsinin 200.1-ci sətrində (Malların təqdim edilməsindən gəlir) gəlirə əlavə edilərək vergiyə cəlb edilmişdir. Lakin EBAP 221297 nömrəli e-qaimə xx.xx.2021-ci il tarixində ləğv edildiyi üçün mart ayı üzrə ƏDV bəyannaməsinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin "Dövriyyə məbləği" sütununda qeyd edilmiş və debitor borcdan silinmişdir. Buna uyğun olaraq 2020-ci il Mənfəət vergi bəyannaməsində vergiyə cəlb olunan məbləğ 2021-ci ildə ləğv edildiyi üçün 2021-ci il Mənfəət Vergi bəyannaməsində malların təqdim edilməsi üzrə gəlirdən (********.77-13290.00=********.77) çıxılmışdır. Həmçinin, vergi orqanının **********019200 nömrəli məktubuna əsasən təqdim edilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Nəzərinizə çatdırırıq ki, Mənfəət bəyannaməsinin 1.3.2-ci sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunan məbləğə yalnız idxal olunan malların dəyəri deyil, eyni zamanda e-qaimə ilə alınan malların dəyəri daxildir. Vergi Məcəlləsinin 143-cü maddəsini əsas götürərək idxal olunan malın dəyəri invoys məbləği, gömrük xərcləri və malların gətirilməsində çəkilən daşıma xərcləri malın dəyərini formalaşdırır. İl ərzində daxil olan malın ********.52 manat məbləğ hissəsi idxal əsasında mədaxil edilmişdir. Əlavə olaraq bildiririk ki, əsas vəsaitlər idxal əsasında deyil, e-qaimə əsasında alınmışdır. "xxxx" MMCdən (**********) EBBH 403914 nömrəli qaimə əsasında 211028,39 manat məbləğində BMW X7xDrive40i markalı nəqliyyat vasitəsi, "xxxx" MMC-dən (**********) EBBO 980341 nömrəli qaimə əsasında əsas vəsait alınmış və Mənfəət bəyannaməsinin 1.1 Əsas vəsaitlərin dəyəri sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunmuş, əsas vəsaitlərin amortizasiya normasına uyğun olaraq hesablanmış və xərc olaraq qeyd olunmuşdur. Əlavə olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixində müəssisəmizdə operativ vergi nəzarəti keçirilmiş, anbarda olan mallar sayılıb aktlaşdırılmış və xx.xx.2022-ci il tarixində 65777.43 (52128.48+13648.95) manat məbləğində hesablama aparılaraq şəxsi hesab vərəqəmizdən çıxılmışdır.” Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 20 iyul 2022-ci il tarixli **********277600 saylı saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla yuxarıda qeyd edilən xüsusatlara əsasən razılaşmır və hesab edir ki, qərar Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçı Vergi Məcəlləsinin 15, 15.1.1, 15.1.2, 15.1.7, 15.1.8, 15.1.9, 15.1.12, 15.2, 37.1, 37.2, 37.2-1, 53.3, 62.1, 62.2, 64, 94.0, 94.0.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) iddia tələbi ilə razılaşmayaraq bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətlər arasında 230088,22 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya vs s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Eyni zamanda araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.3-cü (Nəqliyyat vasitələri) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 211028,35 manat göstərilmişdir ki, həmin məbləğin bəyannamənin digər xərc sətirlərində göstərildiyi müəyyən edilmişdir ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kim qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarix **********019200 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrin əsasən 2021-ci il MV bəyannaməsi üzrə 48897,63 manat əlavə vergi məbləği hesablanaraq bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13.531.385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13.288.505,53 manat dəyərində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanması, vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Cavabdeh həmçinin qeyd edir ki, vergi ödəyicisinin EQF ilə cəmi alışı 1.016.296,06 manat, EQF ilə təsdiqini tapan bəyannamənin digər xərc sətirləri (yanacaq, rabitə, nəqliyyat, dİgər xərclər) 742733,54 manat olmuşdur. Yəni vergi ödəyicisi xərclərin şişirdilməsi məqsədilə 211028,35 manat məbləğində nəqliyyat vasitələri xərcini bəyannamənin digər xərc sətirlərində də göstərmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatların uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Cavabdeh Vergi Məcəlləsinin 16.1.3, 24.0.1, 24.0.2, 36.2, 37.1, 37.3, 108, 134, 135.1, 135.2, 136.1, 136.1.1, 136.1.2, 136.1.3, 136.2, 136.3, 139.2, 162.1-ci maddələrinə, İPM-in 48.2-ci maddəsinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vergi orqanının etiraza əlavəsində qeyd edilmişdir ki, oxşar predmetli inzibati iş üzrə Azərbaycan Respublikasının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2022-ci il tarixli 2-1(103)-21137/2022 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərə çatdırıraraq qeyd edir ki, Vergi Məcəlləsi gəlirdən yalnız faktiki çəkilmiş xərclərin çıxılmasına icazə verir. Belə olan halda vergi ödəyicisi faktiki çəkdiyi xərclərini gəlirdən çıxmalıdır. Malın gömrük dəyəri isə bütünlükdə faktiki çəkilmiş xərclərdən formalaşan dəyər deyildir. Mənfəət vergisi bəyannaməsinin xərclər bölməsinin malın dəyəri qrafasında əks olunmalı olan məbləğ gömrük dəyəri deyil, malın faktura dəyəridir”. Qeyd edilir ki, müvafiq inzibati iş üzrə iddiaçı tərəfindən iddiadan imtinaya dair ərizə təqdim edilmiş, ərizə təmin edilmiş və icraata xitam verilmişdir...“..Kollegiya qeyd edir ki, Məcəllənin 139.2-ci maddəsinə nəzər saldıqda aydın olur ki, malın satınalma qiyməti xərcə salınmalı olan dəyərdir. Məcəllənin 143-cü maddəsində də qeyd olunmuşdur ki, aktivlərin dəyərinə onun alınması zamanı olan dəyəri daxildir. Malın alınması zamanı olan dəyəri isə öz əksini invoysda, yəni hesab fakturada tapır. Hazırki işdə iddiaçı malın dəyərini onun gömrük dəyəri ilə bəyan edərək xərclərini süni şəkildə şişirtmişdir. Vergi ödəyicisi tərəfindən çəkilmədiyi halda gömrük orqanının müəyyən etdiyi qiymətin xərc kimi nəzərə alınması isə qanunvericiliyin tələbinə görə mümkün deyil. Lakin işə birinci instansiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, mənfəət bəyannaməsinin xərclərində malın dəyəri olaraq gömrük dəyərinin tanınması düzgün olmuşdur. Bu zaman məhkəmə mənfəət vergisi bəyannaməsində vergi ödəyicisinin xərcə salmalı olduğu məbləğə malın gömrük dəyərinin aid olması qənaətinə gəmişdir. Gömrük dəyərinin müəyyən edilməsinin üsulları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə görə gömrük dəyərinin müəyyən edilmə üsullarının ardıcıllığı baxımından ilkin üsul Qanunun 13-cü maddəsində təsbit edilmiş malların sövdələşmə qiyməti üsuludur. “Gömrük tarifi haqqında” Qanunun 13-cü maddəsində qeyd olunan şərtləri ödədikdə gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur. Müddəanın tələbindən göründüyü kimi, gömrük dəyəri müəyyənləşdirilərkən təkcə alıcı tərəfindən faktiki ödənilmiş məbləğlər deyil, həm də ödənilməli olan məbləğlər də nəzərə alınmalıdır. İddiaçı tərəfindən cavabdeh vergi orqaının etiraza əlavəyə dair mülahizəsində aşağıdakılar qeyd edilmişdir: “Cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş etirazın ikinci səhifəsində vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin ********.96 manat məbləğində müəyyən edilməsinə baxmayaraq həmin mallar üzrə faktura (invoys) dəyəri ********.53 manat dəyərində təşkil etdiyi qeyd edilmişdir. Bildirilir ki, istənilən gömrük bəyannaməsi üzrə onun gömrük və invoys dəyərini faktiki olaraq material hesablaşmalarında invoys və ya statistik dəyərlə nəzərə alınmasını yoxlamaq mümkündür. Müvafiq gömrük bəyannamələri məhkəməyə təqdim edilmişdir. Gömrük bəyannamələrinin 42-ci sətrində invoys dəyəri və 45-ci sətrində gömrük, 46-cı sətrində isə statistik dəyər göstərilmişdir. 23-cü sətirdə isə valyuta məzənnəsi əks etdirilmişdir. Material hesabatlarında da müvafiq bəndlərə nəzər yetirdikdə invoys dəyəri Rus rublu, statistik dəyər isə ABŞ doları ilə əks etidirilmişdir. Bu bəndləri təhlil edən zaman iddiaçının təqdim etdiyi material hesabatları ilə üzləşdirilərkən vergi orqnanının kameral hesablama olaraq qeyd etdiyi fərqin əsassız olduğu tam sübuta yetirilir. Bütün məhkəməyə təqidm edilmiş sənədlərdən də görünür ki, mal-material xərcləri, invoys bəndləri nəzərə alınaraq hesablanmışdır. Müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq vergi orqanı tərəfindən etirazın ikinci səhifəsində vergi ödəyicisinin EQF ilə cəmi alışı 1016296.06 manat EQF ilə təsdiqini tapan bəyannamənin digər xərc sətirləri üzrə xərci 742733.54 manat olması və iddiaçı tərəfindən xərclərin şişirdilməsi məqsədilə 211028.39 manat məbləğində nəqliyyat vasitələri xərcini bəyannamənin digər xərc sətirlərində göstərildiyi kimi qeyd edilmişdir. Bu bənd ilə əlaqədar bildiririlir ki, vergi orqanı qeyd etdiyi fərqlər mövcud olduğu təqdirdə artıq kameral hesablama üçün kənarlaşma 211028,39 manat deyil, bu zaman 422056,78 manat olmalıdır. Bu etirazda göstərilənlər isə cavabdeh orqanın ziddiyyətli olaraq qeyd etdiyi bəndlər hesablamanın da əsassız olduğunu bir daha sübut edir. Müvafiq olaraq xərclərin təsdiqedici sənədləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AR Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********613200 nömrəli çıxarışın surətindən görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, təsisçisi və qanuni təmsilçisi X2 olan İddiaçı vergi ödəyicisi kimi VÖEN ********** olmaqla xx.xx.2020-ci il tarixdən qeydiyyata alınmışdır. -Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********86300 nömrəli məktubdan görünür ki, vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi ********.77 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (35015.25 manat), ixrac edilmiş (0.00 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( ********.54 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi ********.79 manat məbləğdən 13290.02 manat az əks etdirildiyi qeyd olunaraq, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün həmin dövr üçün dəqiqləşdirilmiş Mənfəət vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. -İddiaçı MMC tərəfindən cavabdeh vergi orqanının xx.xx.2022-ci il tarixli, **********586300 nömrəli məktubuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, hesabat dövrü ərzində 14976467,95 manat məbləğində ƏDV-siz dövriyyə olmuş, bu məbləğin 169345,18 manat hissəsi ləğv edildiyi, 23670,00 manat hissəsi isə geri qaytarıldığı üçün ƏDV bəyannamələrinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövriyyələr üzrə ƏDV-nin hesablanması) sətrinin “Dövriyyə məbləğləri” sütunlarında qeyd edilmiş və eyni zamanda Mənfəət vergi bəyannaməsində gəlirdən çıxılmışdır (14976467,95-193015,18=14783452,77). Nəzərinizə çatdırırıq ki, xx.xx.2020-ci il tarixli EBAP 221297 nömrəli, 13290,00 manat dəyərində olan e-qaimə 2020-ci il tarixli Mənfəət vergi bəyannaməsinin 200.1-ci sətrində (malların təqdim edilməsindən gəlir) gəlirə əlavə edilərək vergiyə cəlb edilmişdir. Lakin EBAP 221297 nömrəli e-qaimə xx.xx.2021-ci il tarixində ləğv edildiyi üçün mart ayı üzrə ƏDV bəyannaməsinin 319-cu (ƏDV-yə cəlb olunan azaldılan dövryyələr üzrə ƏDV-nin hesablanması) sətrinin “Dövriyyə məbləğləri sütununda” qeyd edilmiş və debitor borcdan silinmişdir. Buna uyğun olaraq 2020-ci il Mənfəət vergi bəyannaməsində vergiyə cəlb olunan məbləğ 2021-ci ildə ləğv edildiyi üçün 2021-ci il Mənfəət vergi bəyannaməsində malların təqdim edilməsi üzrə gəlirdən (14783452,77-13290,00=147700162,77) çıxılmışdır. -İddiaçı MMC tərəfindən vergi orqanına ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehin ona ünvanladığı **********019200 nömrəli məktubuna cavab olaraq aşağıdakı məzmunda cavab vermişdir: “Bildiririk ki, Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Nəzərinizə çatdırırıq ki, Mənfəət bəyannaməsinin 1.3.2-ci sətrinin “dövr ərzində daxil olmuşdur” sütununda qeyd olunan məbləğə yalnız idxal olunan malların dəyəri deyil, eyni zamanda e-qaimə ilə alınan malların dəyəri daxildir. Vergi Məcəlləsinin 143-cü maddəsini əsas götürərək idxal olunan malın dəyəri invoys məbləği, gömrük xərcləri və malların gətirilməsində çəkilən daşıma xərcləri malın dəyərini formalaşdırır. İl ərzində daxil olan malın ********.52 manat məbləğ hissəsi idxal əsasında mədaxil edilmişdir. Əlavə olaraq bildiririk ki, əsas vəsaitlər idxal əsasında deyil, e-qaimə əsasında alınmışdır. "xxxx" MMC-dən (**********) EBBH 403914 nömrəli qaimə əsasında 211028,39 manat məbləğində BMW X7 xDrivc40ı markalı nəqliyyat vasitəsi, "xxxx" MMC-dən (200425791 İ) EBBO 980341 nömrəli qaimə əsasında əsas vəsait alınmış və Mənfəət bəyannaməsinin 1.1 Əsas vəsaitlərin dəyəri sətrinin “dövr ərzində daxil olmuşdur" sütununda qeyd olunmuş, əsas vəsaitlərin amortizasiya normasına uyğun olaraq hesablanmış və xərc olaraq qeyd olunmuşdur. Əlavə olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixində müəssisəmizdə operativ vergi nəzarəti keçirilmiş, anbarda olan mallar sayılıb aktlaşdırılmış və xx.xx.2022ci il tarixində 65777.43 (52128.48+13648.95) manat məbləğində hesablama aparılaraq şəxsi hesab vərəqəmizdən çıxılmışdır. Aktları, e-qaimələri və cədvəli təqdim edirik. Nəzərə almağınızı xahiş edirik.” -Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarından görünür ki, iddiaçıya 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında fərqə əsasən 1 nömrəli əlavədə nəqliyyat vasitələri mədaxili də nəzərə alınmaqla aparıldığı, dövrün sonuna mal qalığının 3157516,20 manat müəyyən edildiyi qeyd olunaraq vergi ödəyicisinə 48.897,63 manat əlavə vergi məbləği hesablanmışdır. -2021-ci ilin dəqiqləşdirilmiş mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 14.770.162,77 manat gəlir (200.1), çıxılmalardan sonra ümumi gəlir 14.768.154,69 manat (220.), 13.101.785,08 manat malın dəyəri (221.4), 14.098.251,90 manat xərc (236.), 669.902,79 manat vergi tutma məqsədləri üçün mənfəət (237.), ödənilməli mənfəət vergisinin 133.980,56 manat olduğu bəyan edilmişdir. -İddiaçı MMC tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə 1 nömrəli əlavədən görünür ki, əlavənin 1.1.3-cü (Nəqliyyat vasitələri) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 211028,35 manat, 1.3-cü (Ehtiyatlar) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 13.672.369,52 manat göstərilmişdir. -2021-ci ilin dəqiqləşdirilmiş kameral vergi yoxlaması bəyannaməsindən görünür ki, İddiaçı MMC-nin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 14.770.162,77 manat gəliri (200.1), çıxılmalardan sonra ümumi gəliri 14.768.154,69 manat (220.), 12.857.296,94 manat malın dəyəri (221.4), 13.853.763,76 manat xərc (236.), 914.390,93 manat vergi tutma məqsədləri üçün mənfəət (237.), ödənilməli mənfəət vergisinin 182.878,19 manat olduğu müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmış və ekspertlər qarşısında aşağıdakı sual qoyulmuşdur: -İddiaçı MMC-nin 2021-ci il üzrə mənfəət vergisinin məbləği nə qədər təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/799 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı MMC-nin 2021-ci il üzrə mənfəət vergisinin məbləği 133980,56 manat məbləğində müəyyən olunur, yəni hazırkı tədqiqatla aparılan hesablamalar zamanı vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi hesablanmasında kənarlaşma müəyyən edilmədiyi müəyyən edilmişdir. Cavabdeh vergi orqanı ekspert rəyinə dair verdiyi mülahizədə rəylə razılaşmayaraq aşağıdakıları qeyd etmişdir: “Ekspert rəyinə nəzər yetirdikdə açıq-aşkar görünür ki, ekspert sadəcə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsindəki dəlilləri verdiyi rəydə qeyd etməklə kifayətlənmişdir. İlk öncə qeyd edilir ki, ekspert vergi ödəyicisinin bəyannamə məlumatlarını təsdiqləməsinə baxmayaraq, bu nəticəyə hansı hesablamalar və sənədlər əsasında gəldiyini qeyd etməmiş, heç bir araşdırma aparmamışdır. Halbuki, vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə idxal edilmiş malların statistik dəyərinin 13 531 385,96 manat (ƏDV-siz) məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin mallar üzrə faktura (invoys) dəyəri 13 288 505,53 manat məbləğində təşkil etmişdir ki, bu da vergi və mühasibat uçotunun düzgün aparılmaması, xərclərin süni şəkildə artırılması və hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilir. Həmçinin qeyd edilir ki, vergi ödəyicisinin EQF ilə cəmi alışı 1 016 296,06 manat, EQF ilə təsdiqini tapan bəyannamənin digər xərc sətirləri (yanacaq, rabitə, nəqliyyat, digər xərclər) üzrə xərci 742.733,54 manat olmuşdur. Yəni vergi ödəyicisi xərclərin şişirdilməsi məqsədilə 211.028,39 manat məbləğində nəqliyyat vasitələri xərcini bəyannamənin digər xərc sətirlərində də göstərmişdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Bundan əlavə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. ..Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmağa, həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Yekun olaraq bildiririk ki, iş üzrə, ümumiyyətlə, məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi əsaslı olmamışdır. Göründüyü kimi ekspert qarşısında qoyulan suallar da hüquqi məsələ ilə bağlı olduğundan ekspert suallara cavab verməkdə çətinlik çəkmiş, həmçinin hər hansı araşdırma aparmadan formal mülahizələrə əsaslanaraq rəy vermişdir... Qeyd olunanlara əsasən cavabdeh hesab edir ki, xx.xx.2023-cü il tarixli 9/799 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -162.1-ci maddəsinə görə vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Cavabdeh vergi orqanı iddia ərizəsinə etirazında bildirmişdir ki, araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətlər arasında 230088,22 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya vs s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Eyni zamanda araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.1.3-cü (Nəqliyyat vasitələri) sətrinin “Dövr ərzində daxil olmuşdur” sütununda 211028,35 manat göstərilmişdir ki, həmin məbləğin bəyannamənin digər xərc sətirlərində göstərildiyi müəyyən edilmişdir ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kim qiymətləndirilmişdir. Vergi orqanının etirazından belə məlum olur ki, vergi orqanının qeyd etdiyi fərqlər mövcud olduğu təqdirdə kameral hesablama üçün kənarlaşma 441115,57 (230088,22+211028,35) manat olmalıdır. Lakin vergi orqanı tərəfindən etiraza əlavə edilmiş kameral vergi yoxlaması bəyannaməsinin 221.4-cü – “Malın dəyəri” adlı sətrində malın dəyəri 12,857,296.94 AZN, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 221.4-cü bəndində malın dəyərini 13,101,785.08 göstərmişdir. Göründüyü kimi, vergi orqanı malın dəyərini vergi ödəyicisinin göstəricisindən 244,488.14 manat az müəyyən etmiş, kameral hesablama üçün kənarlaşma məhz bu məbləğ olmuşdur. Buna görə də vergi ödəyicisinə 48.897,63 manat (244.488,14x20%) əlavə vergi məbləği hesablanmışdır. İşin mübahisəli məqamı ilə bağlı məhkəmə tərəfindən araşdırılma aparılaraq məhkəmənin müvafiq sorğusu ilə cavabdeh vergi orqanına müraciət edilmiş və 244,488.14 manatın tərkibi barədə izah verilməsi tələb edilmişdir. Lakin cavabdeh vergi orqanı tərəfindən məhkəməni sorğusuna cavab olaraq verilmiş rəydə kameral vergi yoxlaması ilə müəyyən edilmiş 244.488,14 manatın nəyi ehtiva etdiyi barədə tutarlı açıqlama verilməmişdir. Belə ki, qeyd olunan sorğuya cavabda əsasən iddiaya dair təqdim edilmiş etirazda göstərilənlər təkrarlanmış, əlavə olaraq bildirilmişdir ki, “...vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci il üzrə MV bəyannaməsi üzrə xüsusi çəki tətbiq etməklə və il ərzində faktiki mal mədaxil məbləğində düzəliş etməklə 48897,63 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********277600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin həmin maddələrində (37-ci, 67-ci və 83-cü) mənfəət vergisinin bu üsulla hesalanması qaydası nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən iddia ərizəsinə verilmiş etirazda, məhkəmə sorğusuna cavabda, o cümlədən məhkəmə iclasları zamanı verilmiş izahatlarda vergi ödəyicisinə hesablanmış əlavə vergi məbləğinin hesablanmasının qanuniliyi əsaslandırılmamışdır. Belə olan halda isə vergi orqanının mübahisələndirilən inzibati aktı iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə görə, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Həmçinin cavabdeh vergi orqanı xx.xx.2022-ci il tarixli **********277600 saylı qərarında əlavə mənfəət vergisi hesablasa da, hazırkı məhkəmə icraatında aidiyyəti qurumdan alınmış və tədqiq edilmiş ekspertiza rəyi də inzibati orqanın vergi ödəyicisi barəsində gəldiyi bu qənaəti təkzib edir və 2021-ci il üzrə mənfəət vergisi məbləğinin 133980,56 manat məbləğində müəyyən edildiyi, vergi ödəyicisinin sözügedən dövr üzrə mənfəət vergisi hesablamasında kənarlaşmanın olmadığı nəticəsinə gəlir. Bu baxımdan məhkəmə, istinad olunan xx.xx.2023-cü il tarixli, 9/799 nömrəli ekspert rəyini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək həmin rəy ilə razılaşmamaq üçün əsas görmür və mötəbər sübut kimi qəbul edir. Nəzərə alınmalıdır ki, Vergi Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bununla yanaşı, Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, həmin inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********277600 saylı inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən ləğv edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********277600 nömrəli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar