Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18145/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı daxil olmaqla) dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğini əsas götürərək ona hakim pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 sentyabr 1981-ci ildən prokurorluq orqanlarında işləmiş və 19 noyabr 2015-ci ildə “Prokrurluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 29.2.5 və 32.4-cü maddələrinə müvaiq olaraq öz arzusuna əsasən xidmət illərinə görə qulluq keçməsinə xitam verilməklə prokurorluq orqanlarından xaric edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsində “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili” şöbəsinin müdiri vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsinə müvafiq olaraq Ali Məhkəmənin hakimi (yəni yüksək hakim) vəzifəsinə təyin edilmiş və 16 sentyabr 2025-ci il tarixdə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyyətlərinə xitam verilməklə təqaüdə çıxmışdır. Hazırda isə, sabiq prokurorluq işçisi kimi pensiya alır. Qeyd edir ki, onun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunması “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 93-4-cü maddəsində nəzərdə tutulmuş xüsusi qaydada (yəni imtahandan kənar) hyata keçirilmişdir. Həmin maddənin ikinci abzasında qeyd olunmuşdur ki, xüsusi qaydada (yəni imtahandan kənar) yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır. Bu isə o deməkdir ki, onun prokurorluq orqanlarıda və Ali Məhkəmədə şöbə müdiri işlədiyi dövrlər, hakimlik stajına hesablanmalıdır və bununla da, hakimlik stajı 43 il 11 ay 17 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Həmin Qanunun 20.7-ci maddəsində qeyd olunmuşdur ki, hakimlər üçün pensiya məbləği hesablanarkən pensiya almaq hüququ olan şəxsin istəyinə əsasən hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 yaı ərzindəki əməkhaqqının orta aylıq məbləği (pensiya təyinatı tarixinədək əmmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) əsas götürülür. Bu isə o deməkdir ki, onun hakim pensiyası almaq hüququ var və alacağı pensiya məbləği hakim vəzifəsində aldığı orta aylıq əməkhaqqının 80 faizi miqdarında olmalıdır və orta aylıq əməkhaqqı hesablanarkən onun istəyinə əsasən hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləği əsas götürülür. Həmin Qanunun 5.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Onun həm prokurorluq işçisi kimi, həm də, hakim kimi pensiya almaq hüququ var və o, hakim pensiyası almaq hüququnu seçir. Qeyd edir ki, oxşar məktubla cavabdehə müraciət etmişlər, lakin, o, tələbini icra etməkdən imtina etmişdir. Həmçinin qeyd edir ki, oxşar məsələ ilə bağlı artıq məhkəmə təcrübəsi mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə 2-1(112)- 3872024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında iddiaçının prokurorluq orqanlarında işlədiyi dövrü, hakim stajına daxil etmiş və yekunda iddiaçıya hakim pensiyası təyin edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq, sərəncamın icrası ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 10 oktyabr 2025ci il tarixli, 3-17-1/2-K-********** nömrəli məktubla imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi əmək pensiyası hakim vəzifəsində 15 il və daha yuxarı iş stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, hakim kimi iş stajı 15 ildən az (8 il 2 ay 16 gün (xx.xx.2017-xx.xx.2025-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də, ona sabiq hakim kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
7. Cavabdeh tərəfindən iddiaçı məxsus pensiya işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
İddianın növü və mümkünlüyü
8. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
9. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
11. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
12. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
13. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
17. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 32. Prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir.
18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 93-4. Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu Qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır. Maddə 106. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq, Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.
19. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2015-ci il tarixədək prokurorluq orqanlarında, xx.xx.2015-ci il tarixdən 30 iyun 2017-ci il tarixədək Azərbaycan Respublikası Ali Məhkəməsində “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili” şöbəsinin müdiri vəzifəsində, xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimi vəzifəsində (hakim kimi 8 il 2 ay 16 gün) işləməklə sosial sığorta stajının ümumilikdə 43 il 11 ay 10 gün təşkil etməsi iş materialları ilə öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən halıdır.
20. İşin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən halı iddiaçıya məhz hakim kimi pensiya təyin edilməsindən ibarətdir. Məhkəmə cavabdehin imtinasının əsas dəlili ondan ibarətdir ki, iddiaçının hakim kimi sığorta stajı 15 ildən az olduğundan, o cümlədən onun prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı nəzərə alınmadığından, ona hakim kimi əmək pensiyası hesablanması qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir.
21. Məhkəmə cavabdehin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı xx.xx.2017ci il tarixdə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişiklik və əlavələr xx.xx.2017-ci il tarixdə qüvvəyə minənə qədər hakim vəzifəsinə təyin olunmuş və xx.xx.2025-ci il tarixədək hakim kimi fəaliyyət göstərmişdir. Belə olan halda, 5 ildən artıq hakim kimi fəaliyyət göstərdiyinə görə, o, artıq həmin vaxt qüvvədə olan qanunvericiliyə görə, hakim kimi pensiya təyin edilməsi üçün lazım olan hakimlik stajını qazanmışdır və bu hal ona 65 yaşı tamam olan vaxtdan hakim kimi əmək pensiyası təyin edilməsi üçün əsasdır.
22. Cavabdehin digər dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən, onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Qeyd olunan normada məhz, prokurorluq işçilərinin prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir. Odur ki, cavabdehin bu dəlili də əsassızdır.
23. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı xüsusi qaydada hakim vəzifəsinə təyin edilmiş şəxsdir və hazırki Qərarın 18-ci bəndində qeyd edilən qanunvericiliyin normalarına əsasən yüksək hakim vəzifəsinə təyin edilmiş hakim kimi hüquqşünas ixtisası üzrə dövlət orqanında (qurumlarında) (Azərbaycan Respublikasının Ali Məhkəməsində “Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili” şöbəsinin müdiri vəzifəsində) iş stajı onun hakimlik stajına hesablanmalıdır.
24. Beləliklə, iddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla, məhkəmə və prokurorluq orqanlarında 43 il 11 ay 17 gün sığorta stajı vardır. Odur ki, iddiaçı ona hakim kimi əmək pensiyası təyin edilməsi və qeyd edilən əlavələr nəzərə alınmaqla hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını, habelə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır.
25. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkkəməsinin 2-1(102)- 387/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında ifadə olunmuşdur.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı hakim vəzifəsindəki fəaliyyətinin 2020-ci ilin iyul ayından 2025-ci ilin iyun ayınadək (iyun ayı da daxil olmaqla) dövrünü əhatə edən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta məbləği əsas götürülərək ona hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva