Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1816/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “birdəfəlik pul mükafatının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayə pulunun və birdəfəlik pul mükafatının ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı oglu 1978-ci il iyun ayının 26-da Şirvan şəhərində anadan olmuşdur. 1984-cü ildə Şirvan şəhər 20 №-li orta məktəbə daxil olmuşdur. 1994-cü ildə həmin məktəbi bitirmişdir. 16 sentyabr 1994-cü ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbin “Tank Artileriya fakültəsinə” daxil olmuşdur və 17 iyul 1998-ci ildə həmin məktəbi “Tank qoşunları komandiri” ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdə ona 17 iyul 1998-ci il tarixdə “Leytenant” hərbi rütbəsi verilmişdir. Müdafiə Nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N saylı hərbi hissədə tank tağım komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək digər N saylı hərbi hissədə Zirehli texnikaların təmiri tağım komandiri, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək digər N saylı hərbi hissədə Motoatıcı bölük komandiri, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək digər N saylı hərbi hissənin Motoatıcı tabor komandirinin X5 üzrə müavini, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək düşmən ilə təmasda olan N saylı hərbi hissənin Motoatıcı taborunun qərargah rəisi, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək digər N saylı hərbi hissədə tabor komandirinin müavini, xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissə komandirinin X5 üzrə müavini vəzifəsində xidmət etmişdir. xx.xx.2013-cü ildə ehtiyata buraxılmışdır. xx.xx.2013-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Səfərbərliyin Planlaşdırılması və Səfərbərlik hazırlığı şöbəsinin zabiti, xx.xx.2016-cı il tarixdə həmin şöbənin baş zabiti vəzifəsinə təyin olunmuşdur. xx.xx.2017-ci il tarixdə Səfərbərlik Baş İdarəsinin ehtiyatda olan hərbi vəzifəlilərin qeydiyyatı şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Ümumilikdə 30 il həqiqi hərbi xidmət keçməklə xx.xx.2024-cü il tarixdə “Polkovnik” hərbi rütbəsində xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. “Qüsursuz xidətə görə” 3-2-1-ci dərəcəli medalı,’’Silahlı qüvvələrin 95 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı” medalı,’’Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi” yubiley medalı, Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur. İddiaçıya 2024-cü ilin yanvar ayında xəstəliyi ilə əlaqədar olaraq ehtiyata buraxılmaq məqsədi ilə 90 gün məzuniyyət verilmişdir. İddiaçı 30 aprel 2024-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ştatından çıxarılaraq ehtiyata göndərilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi müddət ərzində mənzillə təmin olunmadığı üçün Nazirlər Kabinetinin 22 aprel 2019-cu il tarixli 183 nömrəli qərarına əsasən hər ilin əvvəlində Xidmətin maliyyə idarəsi tərəfindən tələb olunan sənədləri təqdim etdikdən sonra ona və ailə üzvlərinə 375 (üç yüz yetmiş beş) manat kirayə pul kompensasiyası ödənilmişdir. Lakin, 2023-cü ilin noyabr və dekabr, 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarının kirayə pul kompensasiyası Xidmət tərəfindən ona ödənilməmişdir.2023-cü ilin noyabr və dekabr, 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarının ona və ailə üzvlərinə ödənilməmiş kirayə pul kompensasiyasının qanunla hansı səbəbdən ödənilməməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə məktub ilə müraciət olunsa da, Xidmətin ünvanladığı xx.xx.2024-cü il tarixli N343992/2-k-xx/xx/2024 cavab məktubunda heç bir qanuni əsəs gətirməyərək xidmət rəisinin sərəncamında olduğunu əsəs gətirərək kirayə pul kompensasiyasının ödənilməsi məqsədəuyğun hesab edilmədiyi qeyd olunmuşdur. O da qeyd olunur ki, iddiaçı 2023-cü ilin noyabr və dekabr, 2024-cü ilin yanvar, fevral, mart və aprel aylarında Xidmətə təqdim etdiyi kirayə müqaviləsində qeyd olunan ünvanda ailəsi ilə birlikdə kirayədə qalmışdır. Əlavə olaraq qeyd olunur ki, Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli qərarına əsasən hərbi qulluqçulara hər ilin sonunda onun intizamına və nöqsansız xidmətinə gorə birdəfəlik pul mükafatının ödənilməsi nəzərdə tutulmuşdur. 2023-cü il xidməti nöqsansız olmuş və yuxarı komandanlıq tərəfindən ona heç bir intizam cəzası verilməmişdir. Buna baxmayaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ona 100% həcmində həmin pul mükafatını ödəməli olduğu halda heç bir pul mükafatı ödəməmişdir. Xidmətə ünvanlanan ərizə məktubunda 2023-cü il tarixdə heç bir nöqsanının və intizam cəzasının olmadığı qeyd olunaraq iddiaçıya 100% həcimində pul mükafatının verilməsi xahiş olunsa da, Xidmətin xx.xx.2024-cü il tarixli N343992/2- kxx/xx/2024 cavab məktubunda heç bir qanuni əsəs gətirilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası verilməsi məsələsi “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarı ilə tənzimlənir və İddiaçı müvafiq aylar üzrə kirayə pulu ödənilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli Qərarının 1-ci hissəsinin 12-ci bəndinə əsasən, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik pul mükafatı verilir. Həmin Qərarın 2-ci hissəsinə əsasən, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Adıçəkilən Qərarın müddəalarından görünür ki, birdəfəlik pul mükafaının verilibverilməməsi Xidmət rəisinin müstəsna səlahiyyətindədir. Bu səbəbdən Xidmət rəhbərliyi İddiaçı sərəncamda olduğunu nəzərə alaraq, ona birdəfəlik pul mükafatının vərilməsini məqsədəmüvafiq hesab etməmişdir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı izah ərizəsində qeyd etmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli Qərarının (bundan sonra - Qərar) 1-ci hissəsinin 12-ci bəndinə əsasən, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik pul mükafatı verilir. Qərarın 2-ci hissəsinə əsasən, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Qərarın müddəalarından görünür ki, birdəfəlik pul mükafatın verilməsi imperativ xarakter daşımır. Həmin mükafatın verilib-verilməməsi Xidmət rəisinin müstəsna səlahiyyətindədir. Məhkəməyə təqdim edilmiş Xidmət rəisinin xx.xx.2023-cü il tarixli, nizami hissə üzrə 199 nömrəli əmrinə əsasən, Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin Ehtiyatda olan şəxsi heyətin qeydiyyatı idarəsi Ehtiyatda olan çavuş və əsgərlərin qeydiyyatı şöbəsinin rəisi polkovnik İddiaçı 03 noyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad olunmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamına götürülmüşdür. Xidmətin Kadrlar və kadr hazırlığı baş idarəsi rəisinin xx.xx.2024-cü il tarixli, nizami hissə üzrə 19 nömrəli əmrinin ikinci abzasına əsasən, polkovnik İddiaçı yuxarıda adıçəkilən Qərara əsasən, xidmətdə yol verdiyi qüsurlara görə, 2024-cü il yanvar ayının 01-dən aprel ayının 30-dək olan hərbi xidmət dövrü üçün birdəfəlik pul mükafatı verilməməsi, 2024-cü il üçün nəzərdə tutulmuş maddi yardımın ödənilməsi əmr edilmişdir. Odur ki, İddiaçı həmin dövrdə xidmətdə yol verdiyi qüsurlara görə, habelə sərəncamda olduğunu nəzərə alaraq, Xidmət rəhbərliyi ona nə 2023-ci il üçün, nə də 2024-cü il üçün birdəfəlik pul mükafatının verilməsini məqsədəmüvafiq hesab etməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəyişdirilmiş şəkildə, “cavabdehin üzərinə 2023-cü il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının 100 faiz həcmdə ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası (İPM-in 2.2.2 və 34.1-ci maddələri) mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 199 n/h №-li, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışa əsasən Səfərbərlik hazırlığı və səfərbərlik baş idarəsinin Ehtiyatda olan şəxsi heyətin qeydiyyatı idarəsi Ehtiyatda olan çavuş və əsgərlərin qeydiyyatı şöbəsinin rəisi polkovnik İddiaçı 03 noyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad olunmaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamına götürülmüş hesab edilmişdir. 1/1 nömrəli, xx.xx.2024-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, MHHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 40b, 24b maddələrinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən, “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır”. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 19 n/h №-li, xx.xx.2024-cü il tarixli əmrindən çıxarışa əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamında olan polkovnik İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması və öhdəsində olan işlərin təhvil verilməsi vaxtı (01 gün), eləcə də 2024-cü il üçün nəzərdə tutulmuş növbəti məzuniyyəti (3 ay) nəzərə alınmaqla 30 aprel 2024-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilməsi, hərbi qeydiyyata götürülmək üçün Xidmətin Yasamal rayon idarəsinə göndərilməsi, polkovnik İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarına əsasən, xidmətdə yol verdiyi qüsurlara görə, 2024-cü il yanvar ayının 01-dən aprel ayının 30-dək olan hərbi xidmət dövrü üçün birdəfəlik pul mükafatının verilməsi, 2024-cü il üçün nəzərdə tutulmuş maddi yardımın ödənilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən xidmət rəisinin sərəncamına götürülməsi əsas gətirilərək ona birdəfəlik verilən pul mükafatının ödənilməsi məqsədəuyğun hesab olunmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən xidmət rəisinin sərəncamına götürülməsi əsas gətirilərək 2023-cü ilin noyabr ayından 2024-cü ilin aprel ayınadək ona və ailə üzvlərinizə kirayə pul kompensasiyasının ödənilməsi məqsədəuyğun hesab olunmamışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı barəsində 2023-cü il tarixdə töhmət inzibati tənbehi verilməyib. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya münasibətdə 2023-cü il üçün birdəfəlik ödənişin ödənilməsi ilə bağlı inzibati icraatın aparılmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası
1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.
2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.
3. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlar barəsində hakimiyyət səlahiyyəti alaraq hərbi xidmət vəzifələrini icra edərkən hakimiyyət nümayəndələri sayılırlar. Bu şəraitdə onlara tabe olmamaq və qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur. Maddə 10. Pul təminatı və maddi təminat hüququ
1. Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır.
2. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur
4. Hərbi qulluqçular və onların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rüsumlar sahəsində güzəştlərdən istifadə edirlər.
5. Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına qida məhsulları və əşya əmlakı alır, qida məhsulları və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir.
6. Hərbi qulluqçular və onların ailə üzvləri dəmiryolu, hava, dəniz və avtomobil nəqliyyatında daşınmalar sahəsində güzəşt hüququna malikdirlər. Həm də müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) pulsuz istifadə edirlər.
7. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli Qərarının 1-ci hissəsinin 12-ci bəndinə əsasən, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik pul mükafatı verilir. Həmin Qərarın 2-ci hissəsinə əsasən, Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Məhkəmə bildirir ki, iddiaçı hazırki iddia tələbi ilə 2023-cü il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının 100 faiz həcmdə cavabdeh tərəfindən ödənilməsinə nail olmaq istəyir. Cavabdeh “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli Qərarına istinad edərək iddiaçının müraciətinin təminindən imtina etmiş, və bu halı onunla əsaslandırmışdır ki, mükafatın verilib-verilməməsi Xidmət rəisinin müstəsna səlahiyyətindədir. Məhkəmə cavabdehin irəli sürdüyü bu mövqeyi ilə bağlı bildirir ki, İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir.Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik müddəalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdeh orqanın birdəfəlik pul mükafatının verilməsindən imtinaya dair təqdim etdiyi məktubunda hüquqi baxımdan əsaslandırılmış dəlillərə yer verilməmiş, həmin imtina yalnız müvafiq mükafatın verilməsi məsələsinin Xidmət rəisinin müstəsna səlahiyyətində olması ilə izah edilmişdir. Bu arqument isə qanunvericiliklə təsbit olunmuş hüquqi əsaslardan məhrum olmaqla yanaşı, iddiaçının hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçıya 2023-cü il ərzində hər hansı inzibati tənbeh, o cümlədən töhmət verilmədiyi halda, cavabdeh tərəf onun həmin il üzrə birdəfəlik pul mükafatı almaq hüququna malik olmaması ilə bağlı irəli sürdüyü iddianı hər hansı konkret və hüquqi cəhətdən əsaslandırılmış meyar və ya kriteriyalara istinad etməklə sübut edə bilməmişdir. Bu halda, iddiaçının müraciəti ilə bağlı əlavə araşdırmanın aparılması zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün deyildir. Bir daha qeyd olunur ki, inzibati məhkəmə nəzarətinin məqsədi inzibati orqanın yerinə inzibati icraat aparmaq deyil, əsaslandırılmış inzibati icraatın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə bu nəticəyə gəlir ki, cavabdehin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq öhdəliyi qoyulmalı, cavabdeh yeni inzibati icraat zamanı qanunvericiliyin tələbləri çərçivəsində düzgün hüquqi qiymətləndirmə aparmalı, həmçinin müvafiq olaraq iddiaçının 2023-cü ildə inzibati tənbehin olmamasını nəzərə almalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qimən təmin edilir. İddiaçı “2023-cü il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının 100 faiz həcmində iddiaçıya ödənilməsi” ilə bağlı müraciətinin məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə alınmaqla yenidən qiymətləndirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulur. Qərardan apellyasiya şikayəti verilə bilməz.
X4.