Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1848/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı “üzvlükdən xaric edilmə” ilkin iddia tələbinə dair və iddiaçı Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı qərarın ləğv edilməsi və s qarşılıqlı iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı üzvlükdən xaric edilmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müraciəti əsasında Cavabdeh barəsində intizam icraatı başlanılmışdır. Həmin müraciətdə göstərilir ki, A.Şamuradovun cavabdehin ondan qanunsuz plaraq pul, əmlak almaları və onu rüşvətə təhrim etməsi haqqında daxil olmuş müraciət zamanı göstərilən xüsusatlar kifayəq qədər mötəbər sübutlarla təsdiq edilməmiş, lakin Cavabdeh tərəfindən A.Şahmuradovla lüzumsuz, vəkilliyin və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən,danışıqlara, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verərək qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı hesab edir ki, telefon danışıqları zamanı cavabdeh vəkillik və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələrini işlətməklə, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Vəkillər Kollegiyasından Cavabdeh xaric edilməsi barədə iddia verildikdən, müxtəlif məhkəmələrdən gələn sorğulara cavab məktubları ilə müəyyən edilir ki, həmin pozuntularla əlaqədar təkrarən intizam icraatı aparılması üçün əsas yaranmışdır. Həmin materiallar əsasında müəyyən edilir ki, vəkillik fəaliyyəti dayandırılmasına baxmayaraq 12 iyun 2023-cü il tarixdən sonra da fərdi qaydada vəkil kimi fəaliyyət göstərdiyi dövrdə da əldə etdiyi, istifadə edilməmiş və geri qaytarılmamış order markalarından, möhürdən və vəkil adından bilərəkdən qanunsuz istifadə edərək həqiqətə uyğun olmayan məlumatları əks etdirməklə guya fərdi qaydada fəaliyyət göstərən vəkil kimi müxtəlif tarixlərdə müxtəlif şəxslərə hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkil orderləri tərtib etmişdir. Bundan əlavə, müxtəlif tarixli orderlərdə eyni nömrəli order markalarından, ona təhvil verilməmiş order markalarından istifadə etmiş, ayrı-ayrı tarixli müqavilələrə eyni nömrə qoyulmaqla, ümumilikdə müqavilə və orderlərin nömrə ardıcıllığını onların tərtib olunma tarixləri baxımından xronoloji qayda uyğun olmamaqla, bununla qanuna və vəkil etikasına zidd, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməklə intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əməlləri törətmişdir. Bu səbəbdən də Kollegiyanın 12 iyun 2023 və 23 avqust 2024-cü il tarixli qərarları əsasında Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə icraata protokol qaydasında qəbul edilmişdir. İddiaçı Cavabdehin 12 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və s barədə qarşılıqlı iddia vermişdir. Ərizə icraata qəbul edilmiş hesab edilmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh preyudisial qüvvəyə malik qərarı nəzərə almadan A.Şahmuradovun şikayəti əsasında konfidiensal söhbətdən istifadə edərək onun Kollegiyadan xaric edilməsi barədə qərar qəbul etmişdir. Preventiv tədbirlər və Təhqiqat İdarəsində aparılmış araşdırmada şikayət öz təsdiqini tapmamış, əsassız olduğundan ərdd edilmişdir. Rəy verilərkən müvəkkil və vəkil arasında vəkil sirri təşkil edən və konfidensial olan materiala istinad edilmişdir. İntizam Komissiyası tərəfindən Baş İdarənin bəraəetverici əsaslarla cinayət işinin rədd edilməsi barədə qərarı nəzərə alınmamış, araşdırılmamışdır. A.Şahmuradov müqavilə şərtini pozaraq səs yazılarını təqdim etmiş, kobud pozuntuya yol verilmişdir. Bundan əlavə, Kollegiya tərəfindən intizam məsuliyyətinə cəlb edilmə müddəti ötürülmüşdür. Bundan əlavə, onun fəaliyyəti qanunsuz dayandırılmaqla maddi və mənəvi zərər ona vurulmuşdur. Əvvəllər A.Şahmuradovun şikayətinə baxılmış və icraata xitam verilmişdir. Lakin, sonradan yenidən icraat aparılmışdır. Müvəkkili dəfələlərə prokurorluğa verdiyi sözü yerinə yetirməli olduğu, zərərçəkmişə vurulmuş zərəri tam ödəməli olduğu deyilməsinə baxmayaraq o, bundan imtina edərək şikayət etmiş, həmin şəxsin şikayəti də araşdırılmış və əsassız olduğundan rədd edilmişdir. Məhkəmənin qərardadı ilə qarşılıqlı iddia rəyin etibarsız hesab edilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddialar inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Mümkünlük şərtlərinə cavab verməyən hissədə də qarşılıqlı iddia rəyin etibarsızlığı hissədə qeyri-mümkün sayılmış, iddiaların digər hissələrdə mahiyyəti üzrə qiymətləndirilməsini istisna edən hallar müəyyən edilməmişdir. Eləcə də, mövcüd məhkəmə təcrübəsi (Ali Məhkəmənin 2-1(102)-1991/2020 saylı iş üzrə 18 noyabr 2020-ci il tarixli qərarı və s) ilə də müəyyən edilir ki, Vəkillər Kollegiyasından xaric edilmə üzrə ilkin iddialar üzrə həmin quruma qarşı qarşılıqlı iddialar üzrə işə baxılması və mahiyyəti üzrə qiymətləndirilmənin aparılması inzibati məhkəmə icraatı çərçivəsində həyata keçirilməkdədir ki, göstərilən səbəbdən icraata qəbul edilən qarşılıqlı iddia da mahiyyəti üzrə qiymətləndirilməlidir. Eləcə də, qarşılıqlı iddia üzrə məcburi iş buraxmağa görə maddi zərərin ödənilməsi və mənəvi zərərin ödənilməsi hissəsində də məhkəmə hesab edir ki, mümkünlük şərti ödənilməkdədir. Belə ki, hər iki iddia tələbinə münasibətdə Vəkillər Kollegiyasının mövqeyi məhkəmə araşdırması zamanı uzun müddət davam edən məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, maddi və mənəvi zərər adı altında adıçəkilən ödənişlərin ödənilməsindən Vəkillər Kollegiyasının imtinası aşkardır. Bu səbəbdən də ilkin müraciətin olmasına dair hal hər bir halda məhkəmə hesab edir ki, obyektiv səbəblərdən 1 ildən artıq davam edən və qarşılıqlı iddianın göstərilən hissədə təmininin Kollegiya tərəfindən qəbul edilməməsi baxımından mahiyyəti üzrə qiymətləndirilməsi davam etdirilməlidir. Digər tərəfdən isə göstərilən iddia AR İPM-nin 2.2.7-ci maddəsində əksini tapan, ilkin müraciətin zəruri olduğu əmlak tələbinə dair iddia çərçivəsindən də kənara çıxır. Vəkillər Kollegiyasından xaric edilmə kimi müstəsna hallarda inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirmə tələb edən iddiada məhkəmə hesab edir ki, məcburi işburaxmaya istinadla maddi zərərin tələb edilməsi ilkin müraciətin mövcudluğundan asılı olmadan dəyərləndirilməlidir. Belə ki, göstərilən məcburi iş buraxma inzibati orqan tərəfindən işdən xaric edilmə barədə əmrin -inzibati akt kimi mübahisələndirilməsi çərçivəsində qaldırıla bilməz. Bunun üçün Vəkillər Kollegiyasından xaric edilmə barədə ilkin iddianın qaldırılmasına yönələn hərəkətlər olmalıdır ki, bu zaman qarşılıqlı iddia kimi cavabdehin əslində vəkillik fəaliyyətinin dayandırılmasına, onun vəkillik fəaliyyətinə icazə verilməsinin davam etdirilməsinə yönələn hərəkətlərlə yanaşı, eləcə də həmin hərəkətlərinin qanunsuzluğunun tanındığı dövrdə ona vurulması ehtimal olunan zərərin, yəni məcburişburaxmaya görə zərərin ödənilməli olmasına dair iddia da mahiyyəti üzrə qiymətləndirilməlidir. Belə ki, Kollegiyadan xaric edilmə halının qanunsuzluğu inzibati icraat zamanı müəyyən edilmədən onun qanunsuzluğu qarşılıqlı iddia çərçivəsində də tanınmadan məcburişburaxma barədə zərərin mahiyyəti üzrə qiymətləndirilməsinin istisna edilməsindən söhbət gedə bilməz. Necə ki, işdən azad edilmə barədə əmr mübahisələndirilərkən əmrin ləğvi ilə yanaşı, məcburi iş buraxmaya görə zərərin ödənilməsi, həmçinin mənəvi zərərin ödənilməsi kimi iddialar müraciətin olubolmamasından asılı olmayaraq mahiyyəti üzrə qiymətləndirilir ki, hazırkı növ işlər üzrə də zərərin ödənilməsinə dair iddianın müraciətin olmaması səbəbindən mümkün sayılmamasından söhbət gedə bilməz. Təsadufi deyildir ki, AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulan əmlak tələbi ilə yanaşı, 34.1-ci maddədə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilməsi formasında hüquqi müdafiə vasitəsinin mövcudluğu inzibati prosessual qanunvericiliklə təsbit edilmişdir ki, məcburetmə və digər iddialar üzrə tələb edilməsi istisna edilməyən kompensasiya, ümumi hüquqi öhdəliklərin pozulması ilə əlaqələndirilmiş və göstərilən növ iddia ilə yanaşı verilməsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də həm məcburişburaxmağa görə zərər, həm də mənəvi zərərlə bağlı iddia ilkin müraciət üzrə mümkünlük şərtlərinə aid olmayan AR İPM-nin 2.2.7-ci maddədə nəzərdə tutulan əmlak tələbinə dair iddia hesab edilmir. Həmin iddia ilkin və qarşılıqlı iddiadan da görünür ki, Vəkillər Kollegiyasından xaric edilməyə yönəlmiş iddianın, eləcə də hərəkətlərin, eləcə də buna dair intizam icraatı üzrə qərarın qanunsuzluğuna dair verilmiş iddia üzrə digər pozuntularla yanaşı pul tələbinin mövcud olmasına əsas olan pozuntuların mövcudluğu ilə əlaqədardır ki, göstərilən səbəbdən istər məcburi işburaxmağa görə iddia, istərsə də, mənəvi zərərin ödənilməsinə dair iddia mümkün iddiadır. Təkrarən qeyd edildiyi kimi ilkin müraciət zərurəti yoxdur. Həmin zərurətin olması, Vəkillər Kollegiyasının ilkin iddiadan imtina etməsi deməkdir. Həmin zərurət olsaydı belə, əhəmiyyətini itirmişdir. Belə ki, Vəkillər Kollegiyası tərəfindən maddi və mənəvi zərərin ödənilməsindən imtina nəinki müdafiə edilir, ümumiyyətl Vəkillər Kollegiyasından xaric edilmə tələb edilir ki, məhkəmə hesab edir ki, istər inzibati prosessual qanunvericiliyin tələbləri baxımından, istərsə də formal yanaşmadan imtina baxımından iddia göstərilən hissədə də mümkün iddiadır. Ümumiyyətlə ilkin müraciətin zərurəti inzibati orqan tərəfindən icraatın aparılması və həmin icraatın məhkəmə tərəfindən yoxlanılması zərurəti ilə əlaqədardır ki, məhkəmə tərəfindən qanuniliyi yoxlanıla bilən 2 icraat mövcuddur və həmin icraatın yoxlanılması maddi və mənəvi zərərin ödənilməli olub-olmamasının mahiyyəti üzrə qiymətləndirilməsi üçün kifayətdir. Göründüyü kimi ilkin və qarşılıqlı iddialar üzrə mümkünlük şərtlərinə cavab verməmə yalnız rəyin etibarsızlığı ilə əlaqədardır. İddia tələblərinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: İntizam Komissiyasının 28 aprel 2023-cü il tarixli rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən cinayət işi üzrə təqsirləndirilən şəxs olan A.Şamuradovla lüzumsuz, vəkilliyin və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən danışıqlara, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verərək “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun vəkil etikasına dair 18-ci maddəsinin, 5-ci maddəsinin İ hissəsinin və 16-cı maddəsinin İ hissəsini və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 2.2, 2.4, 2.5 –ci bəndlərinin tələbləri pozulmuşdur. Rəydə qeyd edilən və izahat və izahata əlavədən görünür ki, Cavabdeh qeyd edir ki, səs yazıları A.Şamuradovun zərərçəkmişlərə vurduğu zərərin ödənilməsinin tələb edilməsi, zərərçəkmiş şəxsin şikayət edə biləcəyi ilə əlaqədar olmuş, Baş İdarədə aparılan araşdırma üzrə A.Şamuradovun şikayətinin əsassız olduğu müəyyən edilmiş və qərar qəbul edilmişdir. İzahata əlavədə Cavabdeh məişət üslubunda aparılan danışıqlar çərçivəsində yer alan ifadələr üzrə həmin ifadələrin zərərçəkmişlərə vurduğu zərərin ödənilməsinin tələb edilməsi, zərərçəkmiş şəxsin şikayət edə biləcəyi və s ilə bağlılığını qeyd etmişdir. 19 yanvar 2023-cü il tarixli protokoldan çıxarışdan görünür ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu əsasında intizam icraatı başlanılmışdır. Baş İdarənin 09 dekabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı cinayət işində təqsirləndirilən şəxs A.Şahmuradovla lüzumsuz, vəkillərin və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən danışıqlara, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermişdir. Buna dair tədbirlərin görülməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 noyabr 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs A.Şamuradov barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o həbsdən azad edilmişdir. Cinayət işi üzrə icraata xitam barədə 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, A.Şahmurav barəsində cinayət təqibinə xitam verilmişdir. 12 iyun 2023-cü il tarixli protokoldan çıxarışda qeyd edilmişdir ki, hüquqi yardım göstərdiyi A.Şahmuradovla 2022-ci ilin aprel-may aylarında iddiaçı ilə aralarında olan telefon danışıqları zamanı qeyri-prosessual münasibətlərə işarə edən, vəkilliyin və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələri işlətməklə, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməklə, iddiaçı Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun vəkil etikasına dair 18-ci maddəsinin, 5-ci maddəsinin İ hissəsinin və 16-cı maddəsinin İ hissəsini və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2, 2.2, 2.4, 2.5 –ci bəndlərinin və digər müddəaların tələblərini pozmuşdur və bununla əlaqədar Vəkillər Kollegiyasından xaric edilmə ilə əlaqədar məhkəməyə müraciət edilməsi və yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək vəkillik fəaliyyətinin dayandırılması qərara alınmışdır. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 22 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən rüşvət verilməsi məqsədi ilə pul alınmasına dair A.Şamuradovun müraciətində göstərdiyi xüsusatlar sübutlarla öz təsdiqini tapmamışdır. Lakin, A.Şamuradovla lüzumsuz, vəkilliyin və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən danışıqlara, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi ilə əlaqədar Vəkillər Kollegiyasına təqdimat göndərilmişdir. Vəkillər Kollegiyasının 04 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Ali Məhkəmə tərəfindən daxil olmuş müraciətə əsasən fərdi qaydada fəaliyyət göstərən vəkil kimi ərizəçi tərəfindən müxtəlif markalı orderlər tərtib edilmiş, həmin məhkəmədə hüquqi yardım göstərilmiş, iki order markaları fərdi qaydada fəaliyyət göstərdiyi dövrdə ərizəçiyə təhvil verilməmişdir. Odur ki, orderləri surəti araşdırmanın aparılması üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təqdim edilmişdir. Ali Məhkəmənin Vəkillər Kollegiyasına ünvanladığı məktubdan görünür ki, Kollegiyanın müraciəti üzrə Cavabdeh tərəfindən 12 iyun 2023-cü il tarixdən sonra təqdim edilmiş 7 ədəd orderin surəti Kollegiyaya göndərilmişdir. Həmin orderlərin surəti iş materiallarına da əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Vəkillər Kollegiyasına ünvanladığı məktubdan görünür ki, 12 iyun 2023-cü il tarixdən sonra Cavabdeh tərəfindən təqdim edilmiş 9 orderin surəti təqdim edilmişdir. Orderlərin surəti iş materiallarına əlavə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Vəkillər Kollegiyasına ünvanladığı məktubdan görünür ki, 12 iyun 2023-cü il tarixdən sonra Cavabdeh tərəfindən təqdim edilmiş orderin surəti təqdim edilmişdir. Orderin surəti iş materiallarına əlavə edilmişdir. Binəqədi Rayon Məhkəməsinin Vəkillər Kollegiyasına ünvanladığı məktubdan görünür ki, Cavabdeh vəkillik fəaliyyəti dayandırılsa da, həmin tarixdən sonra vəkil kimi elektron kabinet vasitəsi ilə məhkəməyə şikayətlər göndərmişdir. Vəkillər Kollegiyasının Baş prokurora ünvanladığı 19 mart 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 4i Rayon Məhkəməsinin müraciətindən görünür ki, Cavabdeh fəaliyyət göstərmədiyi halda vəkil adından qanunsuz istifadə edərək həqiqətə uyğun olmayan məlumatları əks etdirməklə fərdi qaydada fəaliyyət göstərən vəkil kimi order tərtib etmiş və məhkəməyə təqdim etmişdir. Orderin surəti iş materiallarına əlavə edilmişdir. Vəkillər Kollegiyasının Korrupsiyaya Mübarizə Baş İdarəsinə ünvanladığı 16 may 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh 12 iyun 2023-cü il tarixdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinə də order təqdim etmişdir. 10 iyul 2024-cü il tarixli protokoldan çıxarışdan görünür ki, Məhkəmələrin müvafiq sorğulara cavab məktubları əsasında intizam icraatı başlanılaraq araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. İntizam Komissiyasının 16 avqust 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki,vəkillik fəaliyyəti dayandırılmasına baxmayaraq 12 iyun 2023-cü il tarixdən sonra da fərdi qaydada vəkil kimi fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi, istifadə edilməmiş və geri qaytarılmamış order markalarından, möhürdən və vəkil adından bilərəkdən qanunsuz istifadə edərək həqiqətə uyğun olmayan məlumatları əks etdirməklə guya fərdi qaydada fəaliyyət göstərən vəkil kimi müxtəlif tarixlərdə müxtəlif şəxslərə hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkil orderləri tərtib etmişdir. Bundan əlavə, müxtəlif tarixli orderlərdə eyni nömrəli order markalarından, ona təhvil verilməmiş order markalarından istifadə etmiş, ayrı-ayrı tarixli müqavilələrə eyni nömrə qoyulmaqla, ümumilikdə müqavilə və orderlərin nömrə ardıcıllığını onların tərtib olunma tarixləri baxımından xronoloji qayda uyğun olmamaqla, bununla qanuna və vəkil etikasına zidd, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməklə intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əməlləri törətmişdir. 23 avqust 2024-cü il tarixli protokoldan çıxarışdan görünür ki, göstərilən intizam icraatı üzrə materiallarla Vəkillər Kollegiyasından xaric edilmə üzrə Bakı İnzibati Məhkəməsində baxılan işlə əlaqədar iddia ərizəsinə əlavə edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinin İİ hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır. Həmin Qanunun 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması kimi intizam tənbehləri tətbiq edilə bilər. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”nin: 1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 2.1. Vəkilin müstəqilliyi - Vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkilin tam şəkildə müstəqil olması əsas şərtdir. Vəkil onun müstəqilliyinə xələl gətirə biləcək bütün hərəkətlərdən çəkinməli və öz peşəsinin nüfuzunu digər maraqlardan üstün tutmalıdır. 2.2. Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 2.4. Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. 2.5. İctimai etimad - Vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında həqiqəti təhrif etməməlidir. 2.14. Vəkillik fəaliyyəti ilə bir araya sığmayan fəaliyyət - Vəkil öz peşə borcunun müstəqil surətdə yerinə yetirilməsinə, həmçinin ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə mane olan fəaliyyətdən çəkinməlidir. 4.2. Məhkəmə icraatının ədalətli həyata keçirilməsi üçün vəkil qanunauyğun davranış nümayiş etdirməlidir. 4.4. Vəkil heç vaxt məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına bilərəkdən yanlış və ya çaşdırıcı məlumat verməməlidir. “Vəkil orderi və Elektron vəkil orderi və ondan istifadə qaydası haqqında ”nin: 2.9. Vəkil orderi (bundan sonra - Order) – dövlət hesabına göstərilən hüquqi yardıma görə təhqiqat, istintaq, prokurorluq orqanlarının və ya məhkəmənin müvafiq qərarı və ya müraciət edən şəxslə vəkil (vəkil qurumu) arasında bağlanan Müqavilə əsasında Vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə Müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik və qanunvericiliklə nəzərdə tutulmuş digər səlahiyyətlərin verilməsini təsdiq edən xüsusi müəyyən edilmiş sənəddir (Əsasnamənin 1 nömrəli Əlavəsində qeyd edilən formaya uyğun nəşr edilir). 2.10. Elektron Vəkil Orderi – elektron qaydada (“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən və ya qanunvericiliklə nəzərdə tutulmuş digər analoq imzalama metodlarından istifadə edilməklə) hazırlanaraq imzalanan Müqavilə əsasında elektron qaydada generasiya edilən Order (Əsasnamənin 2 nömrəli Əlavəsində qeyd edilən formaya uyğun yaradılır). Elektron Vəkil Orderi və Order eyni hüquqi statusa malikdir . 2.11. Order Markası (Order xərci)– məbləği, forması və ölçüləri Rəyasət Heyəti tərəfindən müəyyən olunan və Orderin üzərində təsvirini tapan, Orderin həqiqiliyini əks etdirən, unikal nömrəli marka və ya holoqramdır (Əsasnamənin 3 nömrəli Əlavəsində qeyd edilən formaya uyğun nəşr edilir). Order Markasının nömrəsi Orderin nömrəsi hesab edilir. Order Markasının qiyməti Rəyasət Heyəti tərəfindən təsdiq edilir və order xərci hesab edilir. Elektron Vəkil Orderinin üzərinə marka təsviri əksini tapmır. Elektron qaydada hüquqi yardım haqqında müqavilə bağlandığı anda order xərci tutularaq Rəyasət Heyətinin xüsusi bank hesabına ödənilir və Elektron Order üçün unikal nömrə generasiya olunur. Bu nömrə Order Markasını əvəz edir və ona bərabər tutulur. 4.1. Order Markaları mərkəzləşdirilmiş qaydada Vəkil Qurumları tərəfindən Rəyasət Heyətindən verdikləri sifariş əsasında dəqiq uçotu aparılmaqla əldə olunur 4.4. Order Markasının əldə edilməsi Vəkil Qurumu (Fərdi qaydada fəaliyyət göstərən Vəkil) tərəfindən Order Markasının sayına uyğun olaraq Vəkillər Kollegiyasının müvafiq bank hesabına ödənilmiş məbləği təsdiq edən ödəniş sənədi Məsul şəxsə təqdim edildikdən və bu barədə Uçot jurnalında qeydlər aparılaraq imzalandıqdan sonra həyata keçirilir 6.1. Order Vəkil Qurumunda və Vəkildə qalmaq şərtilə 2 (iki) nüsxədə tərtib olunmaqla Vəkil Qurumunun rəhbərinin imza və möhürü ilə təsdiqlənir. Vəkil Qurumunda qalan Orderin nüsxəsi onun surətinin çıxarılması yolu ilə Vəkil Qurumunun rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənir. 7.1. İstifadə edilməmiş, vizual cəhətdən köhnəlmiş Order Markası (bundan sonra - X2) Rəyasət Heyətinə geri qaytarılır və “Order Markalarının qaytarılması barədə Akt”la (5 saylı Əlavə) rəsmiləşdirilir. X3 və Qaytarılmalı Order və Order Markalarını qaytaran şəxs tərəfindən imzalanmaqla təsdiq edilir. 7.4. X1 Vəkil Qurumunun rəhbəri (və ya müvafiq əmr əsasında onu əvəz edən şəxs), və ya Fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən şəxsən qaytarılır. Qeyd olunan müddəaların tələblərindən də göründüyü kimi vəkilin peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunması onun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas qismində çıxış edir ki, Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsasların müəyyən edilməsi halında xaric edilməyə dair qərar isə Kollegiyanın müraciəti əsasında məhkəmə tərəfindən həll olunur. İş materiallarından isə müəyyən edilir ki, Kollegiya tərəfindən Cavabdeh Vəkillər Kollegiyasından xaric edilməsi məsələsi üzrə 2 ayrı intizam icraatı aparılmış, rəylər və qərarlar tərtib edilmiş və iki müxtəlif vaxtlarda xaric edilməyə əsas olan pozuntular üzrə məhkəməyə müraciət edilməsi əsas görülmüşdür. İlkin intizam icraatı Cavabdeh hüquqi yardım göstərdiyi A.Şamuradovla aralarında olan telefon danışıqları zamanı qeyri-prosessual münasibətlərə işarə edən, vəkilliyin və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən ifadələri işlətməklə, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi ilə əlaqədar, ikinci intizam icraatı isə vəkillik fəaliyyəti dayandırılmasına baxmayaraq 12 iyun 2023-cü il tarixdən sonra da vəkillik fəaliyyətinin qanunsuz davam etdirilməsi ilə əlaqədar olmuşdur. Qeyd olunmalıdır ki, Kollegiyanın intizam icraatları üzrə rəydə öz əksini tapmış hallar öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, Vəkillər Kollegiyasından xaric edilmə üzrə müraciət qanuni və əsaslı olmuş, şəxsin Vəkillər Kollegiyasından xaric edilməsi əsasları mövcud olmuşdur ki, odur ki, ilkin iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, eləcə də intizam icraat materiallarından da görünür ki, Cavabdeh hüquqi müdafiəsini həyata keçirməli olduğu A.Şamuradovla lüzumsuz, vəkilliyin və prokurorluq orqanlarının nüfuzuna xələl gətirən danışıqlara, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, göstərilən hallar aparılmış icraat çərçivəsində öz həllini tapmışdır. Eləcə də, vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırıldığı vaxtdan, Kollegiyadan xaric edilməyə dair müraciət barədə məlumatının olduğu tarixdən sonra qanunsuz olaraq fərdi qaydada vəkil kimi fəaliyyət göstərdiyi dövrdə əldə etdiyi, istifadə edilməmiş və geri qaytarılmamış order markalarından, möhürdən və vəkil adından bilərəkdən qanunsuz istifadə edərək həqiqətə uyğun olmayan məlumatları əks etdirməklə fərdi qaydada fəaliyyət göstərən vəkil kimi müxtəlif tarixlərdə müxtəlif şəxslərə hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkil orderləri tərtib etmişdir. Bundan əlavə, müxtəlif tarixli orderlərdə eyni nömrəli order markalarından, ona təhvil verilməmiş order markalarından istifadə etmiş, ayrı-ayrı tarixli müqavilələrə eyni nömrə qoyulmaqla, ümumilikdə müqavilə və orderlərin nömrə ardıcıllığını onların tərtib olunma tarixləri baxımından xronoloji qayda uyğun olmamaqla, bununla qanuna və vəkil etikasına zidd, vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməklə intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola bilən əməlləri törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddianın təmini üçün əsas mövcud olduğundan 12 iyun 2023-cü il tarixli və 23 avqust 2024-cü il tarixli qərarları, həmin qərarların qəbuluna əsas olmuş Kollegiya tərəfindən aparılmış intizam icraatı materialları nəzərə alınmaqla Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunmalıdır ki, qarşılıqlı iddiada 12 iyun 2023-cü il tarixli qərarın ləğv edilməsi tələb edilmişdir ki, məhkəmə hesab edir ki, nəinki həmin qərarın, eləcə də Vəkillər Kollegiyasından xaric edilmə məsələsinə baxmağa səlahiyyətli inzibati məhkəmə kimi qanuniliyi yoxlanılmalı olan 23 avqust 2024-cü il tarixli qərarın və hər iki qərarın qəbuluna əsas olmuş intizam icraatının qanuniliyi məhkəmə tərəfindən yoxlanılmış, qanunsuz və əsassızlığa səbəb olan hər hansı hal müəyyən edilməmiş, hər iki araşdırma üzrə intizam pozuntusunun mövcudluğu öz təsdiqini tapmışdır. Odur ki, qarşılıqlı iddia qərarın ləğvi hissəsində təmin edilməməlidir. Eləcə də, məcburi iş buraxmağa görə vurulmuş zərərin və mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə də Vəkillər Kollegiyasının hər hansı cavabdehliyi müəyyən edilməmiş, vəkillik fəaliyyətinin dayandırılmasına yönələn və Vəkillər Kollegiyasından xaric etmə üzrə məhkəməyə müraciəti legitim edən əsaslar müəyyən edildiyindən tələb göstərilən hissədə də qanunsuz və əsassız olmuşdur. Digər tərəfdən Cavabdeh məcburi işburaxma dövrü kimi əsaslara istinad etsə də, növbəti intizam icraatının aparılmasına dair hallardan görünür ki, Cavabdeh Vəkillər Kollegiyasının müvafiq qərarı, eləcə də məhkəmədə buna dair işə baxılmasına əhəmiyyət vermədən qanunsuz vəkillik fəaliyyətini davam etdirmiş, işburaxma anlayışının ona tətbiqindən uzaq olan fəaliyyət göstərmiş, fəaliyyətin dayandırılması, Kollegiyadan xaric edilmə kimi hallar olmamış kimi digər intizam pozuntularına yol verilməsi ilə yanaşı, eləcə də vəkil order və markalarından, üstəlik qanunvericiliyin tələblərinə uyğun istifadə qaydalarına da əhəmiyyət verməyərək dəfələrlə istifadə etmişdir. Odur ki, qarşılıqlı iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə rədd edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin vəkillik fəaliyyətinə və bu fəaliyyətdən irəli gələn hüquq və səlahiyyətlərinə müdaxilə vəkillərin yuxarıda istinad edilən normalarda nəzərdə tutulmuş davranış qaydalarının tələblərinin təmin olunması, o cümlədən vəkillərin və vəkil qurumlarının nüfuzunun və vəkillərə etimadın qorunması naminə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada edilmiş, müdaxilə qanuni məqsəd güdmüş, həmin məqsədə mütənasib və zəruri olmuşdur. Beləliklə cavabdehin peşə borcunu həyata keçirərkən yuxarıda qeyd edilən Qanun və Əsasnamələrin tələblərinin pozulması halları aşkar olunduğundan və sadalanan hallar Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsasolduğundan məhkəmə hesab edir ki, Cavabdeh Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi barədə ilkin iddia tələbi qanuni və əsaslıdır, təmin edilməlidir, qarşılıqlı iddia qərarın ləğv edilməsi, maddi zərər və mənəvi zərərin vurulması barədə mahiyyəti üzrə qiymətləndirilən hissədə rədd edilməlidir. Bundan əlavə, dəfələrlə Vəkillər Kollegiyasından xaric edilmə barədə icraatın mülki yox, inzibati məhkəmə icraatı hesab edilməsi cavabdehin diqqətinə çatdırılsa da, Vəkillər Kollegiyasının 23 avqust 2024-cü il tarixli qərarı qarşılıqlı iddia çərçivəsində mübahisələndirilməsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Vəkillər Kollegiyasından xaric edilmənin qanuniliyi və əsaslılığının yoxlanılması qarşılıqlı iddianın mövcud olub-olmamasından asılı olmayaraq hər bir halda inzibati məhkəmə icraatı çərçivəsində qiymətləndirilməsi həyata keçirildiyindən həmin qərarın, eləcə də həmin qərarın qəbuluna əsas olmuş intizam icraatının qanuniliyi də məhkəmə tərəfindən yoxlanılmış, həmin icraatın qanunsuzluğu, eləcə də qərarın qanuniliyini şübhə altına alan hər hansı hal aşkar edilməmişdir ki, məhkəmə göstərilən hallara ümumi istinad edərək hesab edir ki, Vəkillər Kollegiyasından xaric edilmə barədə qərarın qəbulu üçün əsas mövcud olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İlkin iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qarşılıqlı iddia mahiyyəti üzrə qiymətləndirilən hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-1848/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1848/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver