Məhkəmə qərarları › İş №2-1(112)-1862/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1862/2022

28.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1862/2022 28.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 iyul 2021-ci il tarixli **********9492 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı onun barəsində qəbul ediliş qərarın həm prosessual, həmçinin də mahiyyəti üzrə əsassız olduğunu hesab edir. Belə ki, qərarın əsasında duran əsas arqument iddiaçının 3 nəfər əmək müqaviləsi olmayan şəxslərin işə cəlb edilməsi təşkil edir. İddiaçı bildirir ki, 3 nəfərdən 2 –si restorana müvafiq təlimlərə yiyələnmək üçün praktiki təlim keçən şəxslər, 1 nəfər isə ümumiyyətlə restoranda işləməyən şəxsdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başçlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. Yoxlama keçirildikdən bir gün sonra, 09.06.2021-ci il tarixdə iddiaçı X7 ilə əmək müqaviləsi bağlamış, 13.08.2021-ci il tarixdə isə həmin müqaviləyə xitam verilmişdir. Belə ki, tərəflər arasında əmək müqaviləsi iki aydan artıq müddətdə qüvvədə olmuşdur və müqavilənin OVN tədbirindən bir gün sonra bağlanması elə tədbir keçirilən zaman tərəflər arasında əmək münasibətlərinin mövcudluğunu sübut edir. Göründüyü kimi, əslində iddiaçı ilə OVN tədbiri zamanı aşkar edilmiş işçilər arasında əmək münasibətləri mövcud olsa da, vergi ödəyicisi Vergi Məcəlləsinin 13.2.70-ci maddəsində nəzərdə tutulmuş “vergidən yayınma sxemi” tətbiq edərək, heç bir işçi ilə əmək müqaviləsi bağlamamışdır. Həmçinin işçilərin sabit qəbz əsasında fəaliyyət göstərmələri isə vergi ödəyicisinin qanunvericiliklə nəzərdə tutulmuş imkanlardan sui-istifadə edərək, əslində mövcud olan əmək münasibətlərini pərdələmək və bu yolla vergidən yayınmaq niyyətini həyata keçirdiyinin göstəricisidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, OVN tədbiri keçirilən zaman foto və ya video çəkilişdən istifadə olunması vergi orqanın vəzifəsi deyil, hüquqlar və məcəllədə imperativ norma kimi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı barəsində qəbul edilmiş “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 iyul 2021-ci il tarixli qərarı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, iddia qalan hissədə isə rədd edilməlidir. İddianın rədd edilən hissədə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. -50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir -58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -219.3.İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. -219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 3 (üç) nəfər fiziki şəxsi işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində 3 (üç) nəfər fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının restoran kimi fəaliyyətini həyata keçirdiyi obyektdə 3 nəfər fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. İşin mahiyyətindən də göründüyü kimi iddiaçı X7 və X1 onun işçisi olmadığını iddia edir və iddianın əsası qismində isə “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqavilənin mövcudluğuna istinad edir. Ümumiyyətlə, məhkəmə hazırkı işin faktiki hallarına qiymət verilməsi üçün əmək müqaviləsi bağlanılmadan işçilərin işə cəlb edilməsinə münasibətdə qanunvericiyin məqsədinin nədən ibarət olmasının qiymətləndirilməli olmasını zəruri hesab edir. AR İXM-nin 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati xəta məsuliyyəti müəyyən edilmişdir. AR CM-nin 162-1.1-ci maddəsi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cinayət məsuliyyəti müəyyən etmişdir. Göründüyü kimi istər inzibati xəta, istər cinayət, istərsə də vergi qanunvericiliyi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edən normaları özündə ehtiva edir ki, burada qorunması nəzərdə tutulan hüquq və mənafelər təkcə dövlətin hüquq və mənafeləri olmayıb, həmçinin işçilərin də hüquq və mənafelərinin qorunmasına xidmət edir. Belə ki, xidməti, təlim və s kimi müqavilələrdən fərqli olaraq əmək müqaviləsi işçi üçün əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlar müəyyən edir ki, həmin müqavilələrin mövcudluğu faktiki olaraq iş və ya xidmət göstərən şəxslərin işəgötürən qarşısında hüquqlarının müdafiəsini imkanlarının müəyyən edilməsinə xidmət edir. Belə ki, həmin müqavilələr işçiyə sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçmək, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq, o cümlədən Əmək Məcəlləsinin 9-cu maddəsində nəzərdə tutulmuş digər hüquqların realizəsinə şərait yaradır. Həmin müqavilələrin mövcud olmaması isə, mövcud mülki icraat üzrə məhkəmə praktikası da göstərir ki, həmin hüquqların pozulması və ya işçiyə münasibətdə həmin hüquqların verilməsini işəgötürənin arzusundan asılı edir. Göründüyü kimi əmək müqaviləsinin bağlanılması ilə bağlı əsas məqsəd məhz işçinin marağının müdafiəsidir. Lakin, işçinin marağı ilə yanaşı, dövlət də işçilərin hər hansı işə cəlb edilməsində, xidmətlərin göstərilməsində iştirakı ilə bağlı əmək müqavilələrinin bağlanılmasında maraqlıdır. Belə ki, sahibkarın dövriyyəsinin müəyyən edilməsi və ona uyğun vergilərin tətbiq edilməsi, icbari sığorta haqqlarının ödənilməsi və s kimi halların müəyyən edilməsi üçün işçilərlə əmək müqaviləsinin mövcudluğunun yoxlanılmasına nəzarət mexanizmlərinin yaradılması zərurəti mövcud olmuşdur ki, təsadüfi deyildir ki, AR VM-nin 50.1.7-ci maddəsi də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsini operativ vergi nəzarətinin tərkib hissəsi kimi müəyyən etmişdir. Yuxarıda göstərilənlərin qeyd olunmasını məhkəmə o səbəbdən zəruri hesab edir ki, Panorama House” restoranında X7 və X1 “Təlim xidmətlərinin göstərilməsi haqqında” müqavilə əsasında iddiaçının sahibkarlıq fəaliyyətinə cəlb edilməsinin həmin şəxslərin, o cümlədən dövlət maraq və mənafelərinə nə dərəcədə cavab verdiyini qiymətləndirilməsində vacib əhəmiyyət daşıyır. Təbii haldır ki, iddiaçının faktiki istifadəsində olan restoranda işləyən işçilərlə oxşar funskiyaları icra edən həmin şəxslərlə əmək müqaviləsinin bağlanılmaması onların ziyanına şərh edilməlidir. Belə ki, faktiki iş icra edən həmin şəxslər iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində işçiləri ilə oxşar funksiyaları icra edərək xidmət etsələr də əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarından məhrum olurlar. Bu zaman, əldə edilən sertifikat da həmin şəxslərin əmək hüquqlarının kompensasiyası qismində çıxış edə bilməz. Ümumiyyətlə, qeyd edilməlidir ki, restoran fəaliyyəti ilə məşğul olan şəxs kimi iddiaçının təlim-tədris fəaliyyəti ilə hər hansı əlaqəsini təsdiq edən sertifikat iş materiallarında mövcud deyil. İddiaçının fəaliyyəti müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi xidmətlər göstərilməsindən gəlir götürülməsi olan fəaliyyətdir ki, həmin fəaliyyət çərçivəsində, həmçinin təlim-tədris fəaliyyətinin də həyata keçirilməsini məhkəmə vergi öhdəliklərindən yayınma halı olması qənaətindədir. Məhkəmənin əksinə yanaşması, ümumiyyətlə həmin hala əks inzibati və (və ya) inzibati məhkəmə praktikasında qiymətləndirmə ona səbəb ola bilər ki, bərbərlik, ictimai iaşə və s kimi xidmət sektorunda aylar və illərlə təlimə cəlb edilən şəxslər adı ilə onlarla şəxs mövcud olar ki, bu isə vergi və digər öhdəliklərdən sahibkarların yayınması və işçilərin hüquqlarının pozulmasına şərait yaradılması deməkdir. Təbii haldır ki, hər sahədə faəliyyət göstərən şəxsin təlimçi qismində çıxış etməsi və təlimlərə say və müddət məhdudiyyəti olmadan şəxslər cəlb etməsi vergi nəzarətinin həyata keçirilməsini çətinləşdirər və faktiki işçi olan və əmək funksiyalarını icra edən şəxslərlə əmək müqaviləsinin bağlanılmaması hallarına şərait yaradar və əmək müqaviləsinin yazılı qaydada bağlanmama ilə bağlı məsuliyyət müəyyən qanunvericiliyin tələblərinin tətbiqi imkanlarının əhəmiyyətini itirər. İddiaçının iddia etdiklərini məhkəmə qəbul etdiyi təqdirdə yaranması nəzərdə tutulan oxşar praktikanın səbəb ola biləcəyi nəticələrin müəyyən edilməsi üçün sadə misal olaraq onu qeyd etmək mümkündür ki, fəaliyyət sferasının iddiaçıda olduğu kimi təlimtədrisə aidiyyəti olmayan şəxs 2 il müddətində təlimə cəlb etmək adı ilə 20 şəxsi sertifikat verilməsi şərti ilə işə cəlb edəcəyi təqdirdə vergi orqanı və ya məhkəmə təlimlə bağlı müqavilələri nəzərə almaqla 2 il müddətində faktiki əmək funskiyalarını icra edən “təlimdə iştirak edən” 20 nəfər şəxslə əmək müqaviləsi bağlalanılmamasını qanuni hesab edəcəyi təqdirdə şəxsi vergi və cinayət məsuliyyətinə cəlb etməyəcəkdir ki, məhkəmə hesab edir ki, həmin hala yol verən şəxslə təlimlə bağlı müqavilə bağlamayan şəxs arasında vergi qanunvericiliyi baxımından, həm də cinayət qanunvericiliyi üçün əsas olan ictimai təhlükəlilik baxımından heç bir fərq olmadığı qənaətindədir. Göründüyü kimi, təlim müqaviləsində say və müddətlə bağlı qanunvericiliklə kriteriyanın, eyni zamanda məhdudiyyətin mövcud olmaması vergidən yayınma üçün ideal vasitəyə çevrilməsinə şərait yaradır. Təbii hadır ki, hazırkı halda təlim-tədris fəaliyyəti ilə əlaqəsi olmayan iddiaçının 2 nəfərə şəxsə münasibətdə iddianın əsası kimi təlimlə bağlı müqaviləyə istinad etməsi həm inandırıcı hesab edilmir, həm də hər iki şəxsin, həm də dövlətin qanuni mənafelərinə xidmət etmir. Bu zaman şəxslərə sertifikatın təqdim edilməsi məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Şahid M.Məmmədovun şahid qismində verdiyi ifadədə “Panorama House” restoranında 1 ay müddətində işləyərək təcrübə yığdığını və ayın sonunda sertifikat əldə etdiyini qeyd etsə də, hər nə qədər onun təcrubi fəaliyyətinin “ofisiant” işi üzrə fəaliyyətdən fərqli olması əsaslandırılmağa çalışılsa da məhkəmə əmək funskiyalarının oxşar olması, fərqliliyin isə yeni işçi və köhnə işçi arasında təcrübə fərqinin olmasının mövcudluğundan irəli gəldiyi qənaətinə gəlir. Təbii haldır ki, 1-ci gün işə qəbul olunan şəxsə tapşırılan işlə, təcrübəsi mövcud işçiyə verilən tapşırıqların, sahibkar tərəfindən tələblərin eyniliyindən söhbət gedə bilməz. Təlimə cəlb edilən şəxslər də məhkəmə hesab edir ki, işə ilk dəfə qəbul edilən şəxslərlə faktiki olaraq bərabər işləri görən şəxslərdir. İddiaçı isə, həmin şəxsləri təlimə cəlb edilməsi əsası ilə müqavilə bağlayaraq faktiki olaraq bir müddət həmin şəxslərlə əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmişdir ki, hazırkı vəziyyətdə 13.2.70-ci maddədə nəzərdə tutulan vergi üstünlüyünün əldə edilməsi məqsədinin mövcudluğu aydın görünür. Göründüyü kimi vergi orqanının məsuliyyət müəyyən edən qərarı həmin iki şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanuni və əsaslı olmuşdur. Bu zaman iddiaçının iddia ərizəsində pozulduğunu iddia etdiyi prosessual pozuntularla həm məhkəmə araşdırması zamanı öz əksini tapmamış, eyni zamanda həmin 2 şəxsin də hüquqlarının pozulması, vergi ödəyicisinin vergi öhdəliklərindən yayınmağa çalışması ilə bağlı hallara təsir etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı operativ vergi yoxlamasının keçirilməsinin əsaslandırılmadığını qeyd etmişdir ki, qərardan da göründüyü kimi əsaslandırma lazımı qaydada aparılmış və əslində yoxlama nəticəsində 2 şəxsə münasibətdə vergidən yayınma halının reallıqda mövcudluğu müəyyən edilmişdir. İddiaçı yoxlama ilə bağlı sənədlərin təqdim edilməməsinə istinad etməsi ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında mövcud olan aktlardan da göründüyü kimi iddiaçı nə özü hər hansı sənədləşmədə iştirakdan imtina etmiş aktları imzalamamış, heç bir sənədi qəbul etməmişdir. İddiaçının istinad etdiyi digər prosessual xarakterli pozuntuların məhkəmə araşdırması zamanı da mövcud olmadığı iddiaya verilmiş etiraza əlavə edilən sənədlərlə təsdiqini tapmışdır. Ümumiyyətlə, qeyd edilməlidir ki, adıçəkilən ehtimal olunan pozuntuların mövcudluğu məhkəmə hesab edir ki, mahiyyəti üzrə inzibati orqanın qanuni və əsaslı qərarının hər bir halda ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, prosessual pozuntuların mövcudluğu məsuliyyət müəyyən edən normaların hər bir halda tətbiqini istisna edən hal olmayıb, mahiyyəti üzrə düzgün qərarın qəbulunda iştirak edən inzibati orqanın əməkdaşlarının intizam məsuliyyəti üçün əsas qismində çıxış edə bilər. Hazırkı iş üzrə isə ümumiyyətlə iddiada adıçəkilən prosessual pozuntular müəyyən edilməmiş, qəbul edilmiş inzibati qərar inzibati icraat və vergi qanunvericiliyi ilə bağlı prosessual normalara uyğun olaraq qəbul edilmişdir. İddianın təmin edilən “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 iyul 2021-ci il tarixli qərarı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda göstərilən qanunvericiliyin tələblərindən də aydın olur ki, iddiaçıya vergi orqanının qərarı əsasında 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi və onun vergi məsuliyyətinə cəlb edilməsi X3 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilib-edilməməsindən asılıdır. İşin hallarından göründüyü kimi cavabdeh həmin şəxslə əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi formasında mövqe nümayiş edir. İddiaçı isə, həmin şəxsin onun işçisi olmadığını iddia edir. İşin həmin faktiki halı ilə bağlı materiallarda olan sənədləri tətqiq edərək müəyyən etmişdir ki, həmin faktiki halla bağlı aşağıdakılar müəyyən edilir

1. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, həmin şəxs onun işçisi olan və həmin şəxslə rəfiqə olan şəxsin yanına şəxsi işinin həlli ilə bağlı gəlmişdir.

2. Vergi orqanının əməkdaşları tərəfindən tərtib edilən aktda həmin şəxsi oranın işçisi olduğunu, lakin izahat verməkdən imtina etdiyi göstərilmişdir. Göründüyü kimi bir-biri ilə ziddiyyət müəyyən edən mövqelərin mövcudluğu səbəbindən məhkəmə əlavə sübut qismində zərurət müəyyən edərək həmin şəxsin şahid qismində ifadə verilməsi ilə bağlı məhkəmə iclasına dəvət etmişdir. X2 isə məhkəmədə verdiyi ifadəsində iddiaçının işçisi olmadığını, restoranın yerləşdiyi ərazidə olan yaşayış sahəsində yaşayan şəxs kimi həmin restoran və digər obyekt və şəxslərə fərdi qaydada süd məhsullarını satan şəxs olduğunu bildirmişdir. Vergi orqanı əməkdaşları gələrkən də süd məhsullarının özünə məxsus ləvazimatdan restoranın mətbəxinə boşaldılaraq ləvazimatın geri təhvil alınmasında iştirak etdiyini, mətbəxə daxil olarkən mətbəxdə gigiyenik qaydalara uyğun uyğun geyimdə görülməsi səbəbindən onun işçi olması barədə fikir formalaşdığını qeyd etdi. İddiaçı da həmin ifadəyə uyğun izahat verərək işçisi olduğu şəxsin rəfiqəsi kimi tanıdığı M.Əliyevadan süd məhsulları aldığını, həmin məhsulların boşaldılması ilə bağlı mətbəxə giriş qaydalarına uyğun olaraq geyim formasına uyğun olaraq mətbəxə buraxıldığını həmin vaxt vergi orqanı əməkdaşlarının yoxlama üçün obyektə daxil olduğunu qeyd etmişdir. Məhkəmə, qeyd etməyi zəruri hesab edir ki, şahid M.Əliyeva tərəfindən verilmiş şahid ifadəsi inandırıcıdır və qərarın həmin hissədə qiymətləndirilməsində əsaslı sübut növü kimi dəyərləndirilməlidir. Ümumiyyətlə bununla əlaqədar olaraq qeyd edilməlidir ki, inzibati xəta və cinayət prosessual qanunvericilikdə məhkəmə praktikasında sübut növü kimi xüsusi əhəmiyyət daşıyan şahid ifadələrinin mülki, eyni zamanda inzibati icraatda istifadəsi ilə bağlı hər hansı məhdudiyyət nəinki mövcuddur, hətta şahid ifadələrinin istifadəsi birbaşa olaraq həm inzibati, həm də AR İPM-nin 1.2-ci maddəsi nəzərə alınmaqla tətbiqinə inzibati məhkəmə icraatında imkan verən mülki prosessual normalarda öz təsbitini tapmışdır. Başqa sözlə inzibati və ya inzibati məhkəmə icraatında sübut qismində mütləq qaydada sənədlərin çıxış etməsi ilə bağlı qayda mövcud deyil. Şahid ifadələri də sübut növüdür və işin mahiyyəti üzrə həllində digər sübutlarla yanaşı tətqiq edilməlidir. AR İPM-nin: 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 59.2. Proses iştirakçıları şahidlərə, ekspertlərə və inzibati orqanların nümayəndələrinə işə aid suallar verə bilərlər. Suala etiraz olunduğu hallarda sualın mümkünlüyü haqqında məsələ hakim və ya işə baxan məhkəmə kollegiyası tərəfindən həll edilir. AR MPM-nin: 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi şahid ifadəsi sübut növlərinin siyahısında qeyd edilmişdir. MPM-nin: 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 62.2. Şahid qismində məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməyə və iş üzrə ona məlum olan məlumatları və halları bildirməyə borcludur. 62.3. Şahid düzgün ifadə verməyə, hakimlərin və prosesdə iştirak edən şəxslərin suallarına cavab verməyə borcludur. 62.4. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. AR CM-nin 297-ci maddəsindən də göründüyü kimi məhkəmədə yalan ifadə vermə cinayət məsuliyyətinə səbəb olur. Göründüyü kimi proses iştirakçısının özünümüdafiə xarakterli ola biləcək izahatlarından fərqli olaraq şahidin məhkəməni yanıltmağa yönəlmiş yalan ifadə verməsi cinayət məsuliyyətinə səbəb olan haldır. Bu səbəbdən məhkəmə hesab edir ki, şahid ifadəsinin sübut növü kimi əhəmiyyəti həmin ifadənin yalan olacağı təqdirdə cinayət məsuliyyətinə ekspert rəyi kimi səbəb olması səbəbi ilə mütləq nəzərə alınmalıdır. Məhkəmə də inzibati orqanın qərarının qanuniliyinin müəyyən edilməsində əhəmiyyət daşıya biləcəyindən şahid ifadəsinin düzgün olması baxımından şahidin hüquq və vəzifələri ilə yanaşı, şahidin yalan ifadə verməsi zamanı yaranacaq cinayət məsuliyyəti ilə bağlı M.Əliyevaya bir-neçə dəfə xəbərdarlıq etmiş, sosial statusundan (yaş, cins və digər xüsusiyyətlər) asılı olmayaraq həmin şəxsin cinayət məsuliyyəti daşıya biləcəyi şəxsin diqqətinə çatdırılmış, şahid həmin məsuliyyətin ona tam aydın olduğunu bildirərək müvafiq qəbzə imza etməklə ifadə vermişdir. Məhkəmə, istər verdiyi ifadədə, istər verilən suallara cavablarında şahidin yalan ifadə verməsi ilə bağlı hala rastlaşmamış, verilən ifadənin inandırıcılığını istisna edən hal müəyyən etməmişdir ki, məhkəmə həmin ifadənin işin faktiki halının müəyyən edilməsində kifayətedici sübut növü qismində qiymətləndirməklə həmin şəxsin iddiaçının işçisi olmaması qənaətinə gəlmək üçün əsas hesab edir. Bu zaman şahid qismində dindirilən şəxsin sosial statusu (yaş, cins və s) da onun verdiyi ifadənin həqiqiliyini məhkəmə hesab edir ki, daha inandırıcı edir. Bu zaman, iddiaçının məhkəmədə verdiyi izahatdan fərqli olaraq iddia ərizəsində rəfiqəsi ilə şəxsi işlərinin görülməsi ilə bağlı qeyd etdiklərini də məhkəmə iddiaçının özünümüdafiə formasında mövqesi kimi qeyd edərək hazırkı halda şahid ifadəsi ilə təsdiq edən hala xələl gətirmədiyi qənaətindədir. Belə ki, iddiaçı hər nə qədər iddia ərizəsində məsuliyyətdən yayınmaq üçün ifadələr işlətmiş olsa da, şahid ifadəsindən fərqli olaraq həmin ifadələrin reallığı əks etdirməməsi cinayət və ya digər məsuliyyət tədbiri ilə təminatlandırılmamışdır. Bu səbəbdən də cinayət məsuliyyəti ilə təminatlandırılmış şahid ifadəsi məhkəmə üçün daha inandırıcıdır. Bu zaman iddiaçının vermiş olduğu izahatda şahid ifadəsində qeyd olunanları bildirməsi də məhkəmə üçün nəticə gəlinməsində kifayətedici sübut qismində çıxış edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 26 iyul 2021-ci il tarixli **********9492 saylı qərarı qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 2000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək İddiaçı vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar