Məhkəmə qərarları › İş №2-1(112)-1870/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1870/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1870/2025 21.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X13 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X16 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9022 nömrəli qərarının, İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********700300 nömrəli qərarının ləğv edilməsi və tətbiq olunmuş cərimənin silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.İddia ərizəsinin əsaslarına görə, İddiaçı Bakı şəhərində, Əsəd Əhmədov 2 ünvanında kiçik biznes qurmuşdur. Lakin, işlərin zəif getməsi və səhhətində yaranan problem ilə bağlı qısa bir müddət sonra, xx.xx.2023-cü il tarixində biznesin fəaliyyətini dayandırmağa qərar vermişdir. İcarəyə götürdüyü X3 (VÖEN **********) məxsus obyekti şəxsən aldığı avadanlıqlarla birlikdə X11 (VÖEN **********) və X6 (VÖEN **********) təhvil vermişdir. Lakin, ondan obyekti təhvil alan şəxslər tərəfindən sahibkar fəaliyyəti dövründə istifadə etdiyi nəzarət-kassa və Pos terminal aparatı itirildiyi üçün sahibkar fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq orqanlara məlumat vermək prosesi bir qədər uzanmışdır. Artıq obyektdə digər şəxslər fəaliyyətə başladığından və onlar da bu barədə Dövlət Vergi Xidmətinə məlumat vermədiyindən Dövlət Vergi Xidməti əməkdaşları obyektdə monitorinq keçirərək əhali ilə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı tətbiq edilmədən həyata keçirilməsini əsas gətirərək onun adına 1000 manat məbləğində cərimə yazmışdır. Qeyd olunan məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə müraciət edərək həmin tarixdə obyektdə iddiaçının deyil, yuxarıda adı sadalanan şəxslərin fəaliyyət göstərdiyini bildirmiş və Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən əlavə və ətraflı məlumat verilməsi üçün qeyd olunan quruma dəvət olunmuşdur. Görüş zamanı detallı şəkildə hadisələrin necə baş verdiyini izah etmiş və təsdiqedici sənədləri qurumun əməkdaşlarına təqdim edərək məsələ ilə bağlı düzgün nəticənin çıxarılmasını və iddiaçıya tətbiq olunan cərimənin ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidmətinin əməkdaşları cərimənin yazıldığı xx.xx.2023-cü tarixdə obyektdə fəaliyyət göstərən şəxslə əlaqə saxlamış, o da öz növbəsində bu faktı təsdiq etmişdir. Lakin, obyektin sahibi X7 dövlət orqanına yalan ifadə verərək X11 və X8 tanımadığını, guya iddiaçıdan 2024 cü ilin mart ayına qədər ödəniş aldığını obyektdə isə iddiaçıdan başqa şəxslərin fəaliyyət göstərmədiyini bildirmiş, adı çəkilən şəxslərin isə iddiaçının xalasıoğlu olduğunu öz yalan ifadəsinə əlavə etmişdir. Buna səbəb isə yeni icarədarla arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin saxta olması və həmin müqavilənin başqa bir obyektini icarəyə verdiyi Orxan adlı şəxsin imzalamasıdır. Öz qanunazidd əməlini gizləmək üçün dövlət orqanına yalan ifadə verməyi azmış kimi Dövlət Vergi Xidmətinin əməkdaşları da sırf bu yalan ifadəyə görə və məsələni daha detallı və şəffaf araşdırmadan xx.xx.2024-cü il tarixli **********700300 nömrəli qərar qəbul edərək adına yazılmış 1000 manat məbləğində cəriməni qüvvədə saxlamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11327/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-21-2-4/2-15837/2024 nömrəli məktubuna əlavə olunmuş etirazında qeyd etmişdir ki, araşdırma zamanı fərdi sahibkar İddiaçı xx.xx.2023cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “Dönərxanaların fəaliyyəti” olduğu, ünvan 2 ünvanda yerləşən 10 kv.m sahəsi olan “Shaurmaster” dönərxana xx.xx.2023-cü il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alındığı müəyyən edilmişdir Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsinin "X13nin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********9902 nömrəli qərarı əsasında xx.xx.2023-cü il tarixdə saat 15:10-da İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 2 ünvanda yerləşən “Shaurmaster” dönərxanada keçirilmiş X13 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, müştəri tərəfindən alınan 1 (bir) ədəd dönərə görə ödənilmiş 2 (iki) manat pul vəsaitinin kassaya mədaxil olunmadığı və müştəriyə kassa çekinin təqdim edilmədiyi aşkar edilmişdir. Vergi nəzarəti zamanı təsərüffat subyektində nəzarət kassa aparatının (NKA) və “Nəzarət kassa aparatının işləmədiyi dövrdə aparılmış əməliyyatların uçotu kitabının” olmaması səbəbindən yayındırılmış məbləğin bərpa edilməsi mümkün olmamışdır. X13 zamanı fərdi sahibkar İddiaçı dəvət edilməsinə baxmayaraq, İddiaçı iştirakını təmin etməmiş və "X13 nəticəsinə dair” xx.xx.2024-cü il tarixli DVX seriyalı 032532 nömrəli Akt tərtib edilmişdir. Tərtib edilmiş akt və ona əlavə edilmiş sənədlər 06.012.2023-cü il tarixli **********515600 nömrəli məktubla vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 19.01,2024-cü il tarixli **********9022 nömrəli qərar qəbul olunaraq, iddiaçı barəsində 1000,0 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2024-cü il tarixli **********856300 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuya igöndərilmiş sənəd xx.xx.2024-cü il tarixdə saat 11:43-də oxunmuşdur.Vergi ödəyicisi tərəfindən X13nin nəticələrindən xx.xx.2024-cü il il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********946200 nömrəli) inzibati qaydada şikayət verilmiş və vergi orqanının 09 aprel 2024-cü il tarixli **********700300 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin olunmamışdır. İddiaçı ərizəsində sahibkarlıq fəaliyyətinin xx.xx.2023-cü il tarixədək davam etdiyini, lakin obyektin qeydiyyatdan çıxarılmasının gecikdirildiyini, obyektdə başqa şəxslərin (X9 və X4) fəaliyyət göstərdiyi halda onun barəsində maliyyə sanksiyasının tətbiq edildiyini bildirmişdir.Bununla bağlı qeyd olunur ki, İddiaçı fəaliyyət göstərdiyi obyektin sahibi X7 təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında ünvan 3 ünvanda yerləşən, vergi orqanında xx.xx.2014-cü il tarixdə icarə obyekti kimi qeydiyyata alınmış obyektini sonuncu dəfə 01,07.2023-cü il tarixdə icarə müqaviləsi tərtib edilməklə İddiaçı icarəyə verdiyini, Rəşad Əsgərov və Emil Nəcəfov adlı şəxsləri tanımadığını, xx.xx.2023-cü il tarixli 01 nömrəli və 15.11,2023-cü il tarixli 01 nömrəli icarə müqavilələri tanış olduğunu, 01,07.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsindəki imzanın ona məxsus olduğunu, həmin icarə müqaviləsinə əsasən həmin obyekti İddiaçı icarəyə verdiyini, xx.xx.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsindəki imzanın isə ona məxsus olmadığını, imzanın onun tərəfindən icra edilmədiyini, həmin icarə müqaviləsi barədə məlumatı olmadığını, obyektini İddiaçı icarəyə verdiyini, təxminən 2023-cü ilin noyabr ayında İddiaçı ona səhhətində yaranmış problemlərlə bağlı olaraq obyektdə xalası oğlunun işləyəcəyini ona bildirdiyini, lakin həmin obyekti İddiaçı icarəyə verdiyi üçün 2023-cü ilin iyul ayından etibarən ona icarə haqqını İddiaçı verdiyini, təxminən 2024-cü ilin 20, 21 mart tarixlərində N. Həşimovun və xalası oğlunun obyekti tərk etdiklərini, 2024-cü ilin mart ayı üzrə icarə haqqını N. Həşimovdan aldığını bildirmişdir. X1 izahatında, İddiaçı araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirdiklərinin həqiqətə uyğun olmadığını, İddiaçı ona avadanlıqları icarəyə vermədiyini, həmin avadanlıqları obyektin daxilində obyektlə birlikdə başqa heç kəsə icarəyə vermədiyini, İddiaçı 50,0 manat avadanlıqlara görə icarə haqqı vermədiyini, eyni zamanda Rəşad Əsgərovun araşdırmaya təqdim etdiyi xx.xx.2024-cü il tarixli izahatında göstərdiklərinin həqiqətə uyğun olmadığını, R.Əsgərovu tanımadığını, ona obyektini icarəyə vermədiyini, obyektdə 2023-cü ilin noyabr ayından etibarən N. Həşimovun xalası oğlunun (eynəkli cavan oğlan) işlədiyini bildiyini, R.Əsgərovdan icarə haqqı almadığını, təxminən 2024-cü ilin fevral ayında bir nəfər adını dəqiq xatırlamadığı, özünü N. Həşimovun yaxını olduğunu bildirən bir nəfərin onun mobil telefonuna zəng edərək Dövlət Vergi Xidmətinə getməyini və obyektin sahibi olaraq vergi yoxlamasının həyata keçiridiyi zaman obyektdə İddiaçı işləmədiyini bildirməyini və Nadirə kömək etməyini ondan xahiş etdiyini, onun isə buna etiraz edərək, belə hərəkət edə bilməyəcəyini ona söylədiyini bildirmiş və ona zəng edilən mobil telefon nömrəsini gün ərzində araşdırmaya təqdim edəcəyini bildirmiş, lakin qeyd edilən telefon nömrəsini araşdırmaya təqdim etməmişdir. İzahatında həmçinin təxminən 2023-cü ilin dekabr ayında asan imza nömrəsini İddiaçı ondan aldığını, belə ki, vergi idarəsində hansısa işləri görmək üçün ona lazım olduğunu bildirdiyi üçün asan imza nömrəsini İddiaçı verdiyini bildirmişdir. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli qərarı aldıqdan sonra ilk növbədə yuxarı inzibati orqana şikayət vermiş, daha sonra isə qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciəti daxil olmuşdur. Beləliklə, o, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: X13nin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********9902 nömrəli qərarı ilə İddiaçı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixi daxil olmaqla) X13nin həyata keçirilməsi qərara alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında Seriya DVX № 032532 nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:10-da müştəri tərəfindən bir ədəd dönər alınmış, 2.00AZN ödənilmiş, lakin bu ödəniş müqabilində müştəriyə kassa çeki təqdim edilməmişdir. Aparılan araşdırma zaman obyektdə kassa aparatının olmadığı müəyyən edilmişdir. Eyni zamanda obyektdə kassa işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı olmadığından yayındırılmış məbləği bərpa etmək mümkün deyil. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı sahibkarlıq faəliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əsədov 2 ünvanında yerləşən “Şaurmaster” şaurma və dönər sahəsi obyektində xx.xx.2023-cü il tarixdə saat 15:10-da müştəri tərəfindən 1 ədəd şaurma alındı, 2 (iki) manat ödəniş edildi. Ödəniş NKA-ya vurulmadı, çek verilmədi. Araşdırma zamanı NKA-nın obyektdə olmadığı və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabının olmadığı aşkar edildi. Obyektdə işləyən X11 obyekti onun götürdüyünü və onun işlədiyini desə də, araşdırma zamanı İddiaçı vergi orqanın uçotundan çıxmağı və fəaliyyətinin dayandırılması barəsində heç bir məlumat aşkar edilməmişdir. X2 izahatından görünür ki, o, ünvan 3 ünvanda yerləşən, vergi orqanında xx.xx.2014-cü il tarixdə icarə obyekti kimi qeydiyyata alınmış obyektin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi tərtib edilməklə İddiaçı icarəsinə verdiyini, Rəşad Əsgərov və Emil Nəcəfov adlı şəxslərin tanımadığnı, xx.xx.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsindəki imzanın ona məxsus olduğunu, lakin xx.xx.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsindəki imzanın ona məxsus olmadığını, həmin müqavilədən məlumatlı olmadığını, həmin obyekti yalnız İddiaçı icarəsinə verdiyini və onun müqabilində 150 manat icarə haqqı aldığını bildirmişdir. İddiaçı izahatından görünür ki, o, xx.xx.2023-cü il tarixdən sahibkarlıq fəaliyyətini faktiki dayandırdığını, bununla bağlı xx.xx.2023-cü il tarixədə ərizə ilə vergi orqanına müraciət etdiyini, xx.xx.2023-cü il tarixdə obyekti tərk etdiyini, xx.xx.2023-cü il tarixədək obyektin boş vəziyyətdə qaldığını, dahan sonra isə obyektin Emil və Rəşad adlı şəxslər tərəfindən dönər satışı ilə məşğul olmaq üçün istifadə etdiyini, obyektdə olan avadanlıqları adıçəkilən şəxslərə icarəyə verdiyini, həmin avadanlıqların ona məxsus olduğunu bildirmişdir. X9 izahatından görünür ki, o, 2023-cü ilin 8 və ya 9 noyabr tarixlərində həmin obyektdə dönər satışı üzrə sahibkarlıq fəaliyyəti ilə başladığını, nəzarət-kassa aparatı quraşdıra bilmədiyi üçün həmin obyektin dərhal öz adına qeydiyyata ala bilmədiyini, xx.xx.2023-cü il tarixli 01 nömrəli icarə müqaviləsindəki imzanın ona aid olduğunu, lakin Nizaməddin Əliyev imzalarının bir-birinə oxşayıb oxşamaması haqqında heç bir fikir söyləyə bilməyəcəyini bildirmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********9022 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqdim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. “İnzibati şikayətin təmin edilməməsi haqqında” 09 aprel 2024-cü il tarixli, **********700300 nömrəli qərarından görünür ki, fərdi sahibkar İddiaçı X13nin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli şikayəti təmin edilməmiş, xx.xx.2023cü il tarixli DVX seriyalı 032532 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********9022 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək iddia tələbinin əsassız olduğunu hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X20); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, nəzarət kassa aparatı çeki, müştəriyə mal və ya xidmət alışı zamanı təqdim olunan və ödənişi təsdiq edən rəsmi sənəddir. Bu çek nəzarət kassa aparatı vasitəsilə çap olunur və alqı-satqı əməliyyatının tam rəsmiləşdirildiyini, həmçinin vergi uçotunun aparıldığını göstərir. Bu çekin əsas funksiyaları:

1. Ödənişin təsdiqi – müştəri ilə satıcı arasında aparılan ödəniş əməliyyatını sənədləşdirir;

2. Vergi nəzarəti – dövlət orqanları tərəfindən vergi uçotunun və şəffaflığın təmin edilməsi üçün istifadə olunur;

3. Hüquqi sənəd – alıcının gələcəkdə malı geri qaytarmaq və ya şikayət etmək hüququnu təmin edir.

4. Məlumat daşıyıcısı – çekdəki məlumatlar gəlir və xərc əməliyyatlarını izləmək üçün vacibdir. Göründüyü kimi nəzarət kassa aparıtının çeki həm alıcının hüquqlarını, həm də dövlətin vergi maraqlarını qorumaq məqsədilə tələb olunur. Məhkəmə qeyd edir ki, cavabdeh, iddiaçının əhali ilə nağd pul hesablaşmaları qaydalarına riayət etmədiyini əsas gətirərək, iddiaçı tərəfindən göstərilmiş xidmətin dəyərinin qəbul edilməsinə baxmayaraq, xidmətin alıcısına nəzarət-kassa aparatının (NKA) çekinin təqdim edilmədiyini və ümumiyyətlə, müvafiq obyektin nəzarət-kassa aparatına malik olmadığını bildirmişdir. Doğrudur ki, operativ vergi yoxlaması zamanı həmin obyektdə nəzarət-kassa aparatının faktiki olaraq mövcud olmadığı aşkarlanmışdır. Bununla belə, iddiaçı bu halın onun hüquqi məsuliyyət sferasına aid olmadığını və bunun maliyyə sanksiyasına məruz qalması üçün hüquqi əsas yaratmadığını irəli sürmüşdür. İddiaçı öz mövqeyini əsaslandıraraq bildirmişdir ki, onun tərəfindən sahibkarlıq fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq dövlət qurumuna müraciət edilməsi rəsmi qaydada gec həyata keçirilmiş olsa da, operativ vergi yoxlamasının keçirildiyi vaxtda həmin obyekt onun faktiki istifadəsində olmamış, əksinə, digər şəxsin icarəsinə verilmiş və sahibkarlıq fəaliyyəti həmin şəxs tərəfindən həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı əsas hüquqi əhəmiyyət kəsb edən məqam, X13 tədbirlərinin aparıldığı dövrdə obyektin həqiqətən iddiaçının sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə edilib-edilməməsinin müəyyən edilməsidir. İnzibati icraat materiallarının təhlili göstərir ki, əmlakın mülkiyyətçisi X7 tərəfindən ünvan 3 ünvanında yerləşən və vergi orqanında xx.xx.2014-cü il tarixində icarə obyekti kimi qeydiyyata alınmış kommersiya təyinatlı obyektin sonuncu dəfə xx.xx.2023-cü il tarixli icarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verildiyi bildirilmişdir. Bununla yanaşı, mülkiyyətçi tərəfindən verilmiş izahatda qeyd olunmuşdur ki, o, Rəşad Əsgərov və Emil Nəcəfov adlı şəxsləri tanımır və xx.xx.2023-cü il tarixli icarə müqaviləsindəki imza ona məxsus olduğu halda, xx.xx.2023-cü il tarixli icarə müqaviləsindəki imzanın ona aid olmadığını bildirir. Bu hallar iddiaçının verdiyi ifadələrin əsassız olması qənaətinə gəlməyə əsas yaradır. İddiaçı ilə obyektin mülkiyyətçisi tərəfindən verilmiş izahatların məzmununda müşahidə olunan ziddiyyətlər, iddiaçının fəaliyyətinin dayandırıldığını və obyektin digər şəxsin istifadəsində olduğunu iddia etməsinə baxmayaraq, bu ifadələrin mülkiyyətçi Nizaməddin Əliyev tərəfindən təkzib edilməsi ilə müşayiət olunur. Bu səbəbdən də iddiaçı, həqiqətən də, həmin dövrdə sahibkarlıq fəaliyyətini dayandırdığını təsdiq edən müvafiq rəsmi sənədləri məhkəməyə təqdim etməli olduğu halda, həmin sənədləri təqdim edə bilməmiş, bununla da öz ifadəsində əks olunan faktları sübut edə bilməmişdir. Bütün yuxarıda qeyd olunan hallardan irəli gələrək, məhkəmə belə nəticəyə gəlir ki, X13 tədbirləri zamanı iddiaçının sahibkarlıq fəaliyyətinin faktiki olaraq dayandırıldığı müəyyən edilmədiyindən, eyni zamanda, təqdim edilmiş ifadə və sənədlər əsasında obyektin icarəçisinin başqa şəxs deyil, məhz iddiaçı olduğu hüquqi baxımdan sübuta yetirildiyindən, nəzarət-kassa aparatının mövcud olmaması və göstərilən xidmətə görə NKA fiskal çekinin təqdim edilməməsi iddiaçının vergi öhdəliklərinə zidd olmaqla, ona münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsini əsaslı və qanunauyğun edir. Beləliklə, məhkəmə işin hallarının qanunvericilik normaları ilə qarşılıqlı təhlili nəticəsində bu qənaətə gəlir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9022 nömrəli qərarı əsaslı olmuşdur. Məhkəmə, iddiaçının təqdim etdiyi iddia ərizəsinin formal ifadə tərzindən irəli gələn texniki uyğunsuzluqları, o cümlədən onun iddia ərizəsinin nəticə hissəsində “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli **********700300 nömrəli qərarının ləğv edilməsinin göstərildiyini nəzərə alsa da, həmin ərizənin ümumi məzmununu, iddiaçının hüquqi maraqlarını və irəli sürülmüş tələbini dəyərləndirməklə, işin həqiqi hüquqi mahiyyətini müəyyən edir. Belə ki, iş materiallarından da göründüyü kimi iddiaçı hazırkı hüquqi məqsədi, ona tətbiq edilən 1000 manat məbləğində maliyyə sanksiyasının silinməsindən ibarətdir ki, həmin maliyyə sanksiyası “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9022 nömrəli qərar əsasında tətbiq olunmuşdur. Məhkəmə, tərəfin irəli sürdüyü tələblərdən kənara çıxmamaq şərti ilə iddianın əsl məzmununu və irəli sürülmüş tələbin həqiqi hüquqi mahiyyətini nəzərə almağa borcludur. Buna əsasən, məhkəmə müəyyən edir ki, iddiaçının nail olmaq istədiyi əsas məqsəd “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********9022 nömrəli qərarın ləğvidir ki, məhkəmə araşdırılması zamanı həmin qərarın əsaslı olduğu müəyyən edilmişdir. Digər qərar isə iddiaçının həmin qərardan verilmiş şikayətinin təmin edilməməsi ilə bağlı olsa da, məhkəmə hesab edir ki, iddia tələbi əlavə dəqiqləşdirmə aparılması zərurəti olmadan və hissələrə ayrılmadan vahid şəkildə qiymətləndirilməlidir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Şərh olunan qanunvericiliyin tələblərinə əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən qəbul edilmiş mübahisəli inzibati akt əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X15.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar