Məhkəmə qərarları › İş №2-1(112)-19009/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-19009/2025

19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-19009/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2025-ci il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-1/1-V-246423/2025 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləğində dəyişiklik olmamışdır. İddiaçıya pensiya təyin edilərkən onun 05 sentyabr 1977-ci il tarixindən 21 noyabr 1992-ci il tarixinədək Laçın rayon Minkənd orta məktəbində əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməmişdir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, 05 sentyabr 1977-ci il tarixindən 21 noyabr 1992-ci il tarixinədək Laçın rayon Minkənd orta məktəbində əmək fəaliyyəti dövrü sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra-Qanun) 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Bildiririk ki, xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı (Qanunun 22-1.1-ci maddəsinə əsasən), xx.xx.2006-cı il tarixindən 01,07.2025-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış 56224,10 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (569,23 manat) dəyişiklik olmamışdır. Pensiya işi qovluğunuza daxil olan sənədlərin surətində qeyd olunmuş məlumatlara əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006cı il tarixinə kimi faktiki sığorta stajınız 19 il olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan Laçın rayon Minkənd orta məktəbində xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti (2020-ci ilə qədər işğal zonası sayılan ərazidə olduğundan) yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının müvafiq aktına əsasən bildiririk ki, xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrün arxiv sənədləri saxlanılmadığı üçün əmək fəaliyyəti dövrünüzü araşdırmaq mümkün olmamışdır. Eyni zamanda bildiririk ki, işğal dövrünə təsadüf edən sığorta stajı ilə bağlı məhkəmə qərarını yaşayış yeri üzrə Fondun müvafiq struktur bölməsinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Laçın rayonu Minkənd kənd orta məktəbində 05 sentyabr 1977-ci il tarixdən 21 noyabr 1992-ci il tarixə kimi əmək fəaliyyəti dövrünün ümumi əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşa görə əmək pensiyasının hesablanması zamanı xx.xx.2025-ci il tarixdə ona 569 manat 23 qəpik məbləğində pensiya təyin edilmiş, düzgün hesablama aparılmayaraq əmək kitabçasında olan iş stajları nəzərə alınmamışdır. Guya əmək kitabçasında qeyd edilmiş iş stajlarının mötəbərliyində şübhələr olması bəhanə gətirilmişdir. Onun Laçın rayonu, Minkənd kənd orta məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi əmək fəaliyyəti dövrü iş stajına daxil edilməli olduğu halda staja daxil edilməmiş, nəticədə az məbləğdə pensiya təyin edilmişdir. Bununla da qanuni və əsaslı tələbi təmin edilməmişdir. Bu hal pensiya hesablanarkən nəzərə alınmamışdır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır .. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçıya xx.xx.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin iddiaçıya pensiya təyin edilərkən onun 05 sentyabr 1977-ci il tarixindən 21 noyabr 1992-ci il tarixinədək Laçın rayon Minkənd orta məktəbində əmək fəaliyyəti dövrü nəzərə alınmayıb. Cavabdeh bunu iddiaçıya məxsus əmək kitabçasında 05 sentyabr 1977-ci il tarixindən 21 noyabr 1992-ci il tarixinədək olan dövrün arxiv sənədləri saxlanılmadığı üçün əmək fəaliyyəti dövrünün araşdırılmasının mümkün olmaması ilə əsaslandırmışdır. İddiaçının hazırkı iddia tələbini irəli sürməkdə hüquqi marağı, qeyd edilən dövlər də nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasına yönəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 988/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında məhkəmə kollegiiyaspı cavabdeh inzibati orqanın kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, əmək kitabçasının iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti ilə bağlı sənədlərinin, eləcə də əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-162/2023 nömrəli, 2-1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)-88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)- 2283/2023 nömrəli və 2-1(102)-2532/2023 nömrəli). Məhkəmə qeyd edir ki, əksi sübut edilməyənə kimi əmək ktabçasında olan qeydlərin mötəbərliliyi prezumpsiyası qüvvədədir. Prezumpsiyanın əksini iddia edən tərəf isə iddiasını sübut etməlidir. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi dəlilləri əsaslı saymaraq qeyd edir ki, iddiaçının 05 sentyabr 1977-ci il tarixdən 21 noyabr 1992-ci il tarixə Laçın rayonu Minkənd kənd orta məktəbində işləməsi əmək kitabçasına əsasən təsdiq olunur. Əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Bunun əksini iddia edən tərəf (hazırkı işdə cavabdeh) əmək kitabçasının mötəbərliliyini şubhə altına alacaq dəlilləri sübut etməlidir. Cavabdeh isə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh iddiaçının əmək kitabçasına əsasən işlədiyi qeyd edilən dövrləri mübahisələndirsə də, məhkəməyə iddiaçıya məxsus əmək kitabçasının qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Əmək kitabçasında qeyd olunan dövrlər üzrə arxiv sənədlərinin saxlanılmaması iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil, bu iddiaçının həmin iş yerində işləməməsi anlamına gəlmir. İddiaçının əmək kitabçasına nəzərə yetirildikə müəyyən edilir ki, iddiaçı 16 oktyabr 1972-ci il tarixli əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixli 100 №-li əmrlə Minkənd kənd orta məktəbində pioner baş dəstə rəhbəri vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci il tarixli 112 №-li əmrlə azad edilmiş, xx.xx.1981-ci ildə həmin məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsinə təyin edilmiş 29.8.1981-ci ildə azad edilmiş və xx.xx.1985-ci ildə həmin məktəbddə müəllim vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci ildə azad edilmişdir. İddiaçının həmin müəssisələrdə çalışdığı (işə qəbul edilmə, yerdəyişmə və işdən azad edilmə) bütün dövrlərdə qəbul edilmiş əmrlərin tarixi, nömrəsi ilə bağlı qeydlər əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Əmək kitabçasında qeyd olunan dövr üzrə arxiv sənədlərinin saxlanılmaması iddiaçının həmin dövrlərinin əmək stajına hesablanmaması, iddiaçının həmin dövrlərdə, həmin müəssisələrdə işləməməsi kimi qiymətləndirilə bilməz və bu hal iddiaçının sosial təminat hüququnun pozulması ilə nəticələnir. Belə olan halda, cavabdeh tərəfindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasından imtina edilməsi qanunsuz hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının sosial sığorta stajı hesablanarkən onun xx.xx.1977-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək işldədiyi dövrlər də nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, iddiaçının əmək kitabçasında qeyd edilmiş Laçın rayonu Minkənd kənd orta məktəbində 05 sentyabr 1977-ci il tarixdən 21 noyabr 1992-ci il tarixə kimi əmək fəaliyyəti dövrünün ümumi əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçasında qeyd edilmiş Laçın rayonu Minkənd kənd orta məktəbində xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1985-ci ildən xx.xx.1992-ci ilədək əmək fəaliyyəti dövrünün ümumi əmək stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar