Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1949/2025 26.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 4 saylı evin 89 saylı mənzilinə dair onunla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Bakı Baştikinti" Mənzil Kommunal İdarəsinin 16 sentyabr 1992-ci il tarixli, 328 nömrəli orderinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 4 saylı evin 89 saylı mənzili iddiaçıya verilmişdir. Orderdə ailə tərkibi 2 nəfər göstərilməklə iddiaçının qızı X1 adı qeyd edilmişdir. Həmin vaxt yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. İddiaçı və ailə üzvləri həmin ünvana pasport qeydiyyatına alınaraq və bu günədək orada yaşayır, mənzilə sahiblik və istifadə edirlər. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən yataqxanalar əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə departamentin balansına verilmişdir. Mənzilin sənədləşdirilməsi ilə əlaqədar olaraq iddiaçı onunla sosial kirayə müqaviləsinin bağlanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsi tərəfindən verilmiş 328 nömrəli, 16 sentyabr 1992-ci il tarixli orderə əsasən ünvan 1 ünvanda yerləşən 17 saylı yataqxananın, sahəsi 16,59 kv.metr olan 209 nömrəli otağı (mənzil 89) 2 nəfər ailə tərkibi olmaqla (özü, qızı X2) iddiaçının istifadəsinə verilmişdir. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 80 saylı Mənzil Kommunal İstismar sahəsinin 207 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 4 saylı evin 89 saylı mənzilində qeydiyyatdadır. Qeyd olunan ünvan əvvəllər 7-ci ikrorayon, 3123 ev 4 adlanırdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışına əsasən iddiaçı 06 aprel 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. 243/1 saylı, 16 aprel 2024-cü il tarixli yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən, dövlət mənzil fonduna aid yaşayış sahəsi 16,59 kv.metrdən ibarət yaşayış sahəsi Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən müddətsiz olaraq iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Rrespublikasının Mənzil Məcəlləsinin 91.1.2-ci maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edilir. “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2010-cu il tarixli 118 nömrəli Qərarının 1.8-ci bəndinə əsasən yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Qanunun tələblərinə uyğun olaraq sözügedən məsələnin həlli ilə əlaqədar ilkin olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğusuna 24 sentyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, 7-ci mikrorayon, 3123-cü məhəllə, ev 4 ünvanında yerləşən 89A saylı mənzil Dövlət Mənzil Fonduna aiddir və Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğusuna 05 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi 3123-cü məhəllə, 4 saylı evin 89 a saylı mənzili xüsusi təyinatlı mənzil fonduna aid deyil, dövlət mənzil fonduna məxsus mənzildir. İş materiallarına əlavə edilmiş notariat qaydada təsdiq edilmiş razılıq ərizələrindən görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan X2, X3 həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasına etiraz etmirlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadə və sahibliyində olan mənzilə dair onunla sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (59.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (59.2.). Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir (60.1). Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir (60.2.). Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir (61.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır (62.1.). Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 66.1.1. yaşadığı yaşayış sahəsinə digər şəxsləri köçürmək; 66.1.2. yaşayış sahəsini ikinci əldən kirayəyə vermək; 66.1.3. yaşayış sahəsində müvəqqəti sakinlərin yaşamasına icazə vermək; 66.1.4. yaşayış sahəsini dəyişdirmək və ya başqası ilə əvəz etmək; 66.1.5. kirayəyə verəndən yaşayış sahəsinin vaxtlı-vaxtında əsaslı təmirinin aparılmasını, çoxmənzilli binanın ümumi əmlakının saxlanmasında lazımınca iştirak etməyi, habelə lazımi kommunal xidmətlərin göstərilməsini tələb etmək (66.1.). İşdən göründüyü kimi ünvan 1 ünvanda yerləşən 17 saylı yataqxananın, sahəsi 16,59 kv.metr olan 209 nömrəli otağı (mənzil 89) “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsi tərəfindən order əsasında iddiaçıya verilmişdir. Hazırda həmin mənzilin balanssaxlayıcısı qismində cavabdeh çıxış edir. İddiaçı mənzillə bağlı sosial kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, mənzilin yerləşdiyi bina yataqxanadır və yataqxanalar xüsusi təyinatlı mənzil fonduna aiddir. Mənzil Məcəlləsində həmçinin göstərilir ki, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri (91.1.). Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur (93.1.). Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir (93.2.). Göründüyü kimi məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmə sorğusuna 05 fevral 2025-ci il tarixli cavab məktubunda həmin mənzilin xüsusi təyinatlı mənzil fonduna deyil, dövlət mənzil fonduna aid olduğu qeyd edilmişdir. Eyni zamanda “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsinin orderində mənzilin yerləşdiyi bina yataqxana kimi göstərilsə də, mənzilin hal-hazırkı ünvanında yataqxana sözü mövcud deyildir. Bu da mənzilin yerləşdiyi binanın hazırda yataqxana olmadığı anlamına gəlir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öz ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə uzun illərdir ki, yaşayır və mənzilə fasiləsiz və etirazsız sahiblik edir. Bu səbəbdən mənzillə bağlı iddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması üçün hər hansı maneə mövcud deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kunanbayev küçəsi, 4 saylı evin 89 saylı mənzilinə dair İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-1949/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1949/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver