Məhkəmə qərarları › İş №2-1(112)-2019/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2019/2024

19.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2019/2024 19.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbinə dair iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********990700 nömrəli qərarının ləğv edilməsi, hesablanmış 1.495.87 manat əlavə verginin silinməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********990700 nömrəli qərara əsasən ona kameral vergi yoxlanması ilə 1.495,87 manat əlavə vergi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli, **********990700 nömrəli qərarı qanunsuz və əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, fiziki şəxs İddiaçı əkinçiliklə məşğuldur. xx.xx.2022-ci il tarixdə 68.880 manat dəyərində ********** damlama üsulu ilə sulama sistemi almışdır. 68.880 manat dəyərində ********** damlama üsulu ilə sulama sistemi satılmamış, hal-hazırda ondadır. Lakin cavabdeh alınmış həmin avadanlığın satılmasını nəzərdə tutaraq kameral vergi yoxlanması ilə qanunsuz olaraq 1.495,87 manat əlavə vergi hesablamışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********990700 nömrəli qərar ləğv olunmalıdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin adı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi kimi nəzərə alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********696900 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılan araşdırma zamanı 2022-ci il ərzində elektron qaimə-faktura əsasında 74793,35 manat dəyərində malların əldə edilməsinə baxmayaraq 2022-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin göstəricisiz təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub" haqqında xx.xx.2023-cü il tarixli **********773400 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu və 2022-ci ilin 4-cü rübünün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən 2022-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə 1495,87 manat (74793,35*2%) əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********990700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. İddiaçı tərəfindən sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq həmin bəyannamənin 1 nömrəli əlavəsi (fiziki şəxslər üçün) (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməmişdir. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində tərəfindən mallar idxal edilməsinə və elektron qaimə-faktura əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar barədə” Əlavəsi təqdim edilməmişdir. Bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə tərəfindən təqdim edilmiş “Sadələşdirilmiş verginin bəyannamələri”nin 801-803-cü sətirlərində əks etdirilmiş məbləğlərin cəmi olan 0.00 manat məbləğ + bəyannamənin 1 №li Əlavəsinin 1.3 kodlu (Ehtiyatlar) sətrinin hesabat dövrünün sonu ilə hesabat dövrünün əvvəlinin fərqi olan 0 manat məbləğinin cəmi olan 00 manat, hesabat dövrünün aid olduğu il ərzində tərəfinizdən idxal edilmiş və elektron qaimə-faktura əsasında alınmış mallar (işlər, xidmətlər) barədə Vergilər Nazirliyinin məlumat bazasında olan məbləğdən 74793.35 manat azdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması tələb olunan sadələşdirilmiş vergi bəyannaməsinin əlavəsi və həmin dövr üçün dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsi iddiaçı tərəfindən təqdim edilməmiş və nəticədə iddiaçı tərəfindən mübahisələndirilən əlavə hesablama aparılmışdır. İddiaçı tərəfindən əldə edilmiş “damlama sistemi ilə sulama sistemi”nin onun tərəfindən özgəninkiləşdirilməməsi və sonuncuya məxsus saxlanc yerində olması sübuta yetirilməmiş və bunu sübuta yetirən sadələşdirilmiş vergi bəyannaməsinə 1 nömrəli əlavə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək, 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********990700 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 1495,87 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********696900 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 1495,87 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********166100 saylı xx.xx.2023-cü il tarixli məktub ilə İddiaçı əlavə vergi məbləğinin hesablanmasına səbəb olmuş sənədlər təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və İddiaçı arasında bağlanılmış T22708 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi və 1 №-li əlavədən görünür ki, İsmayıllı rayonunun Qalıncaq kəndində qurulması nəzərdə tutulan və əhatə sahəsi 13,4 ha olan (5,8 ha gilas bağı, 7,6 ha alma bağı üçün) damlama tipli suvarma sistemi cəmi 68800 manat məbləğində olmaqla İddiaçı satılmışdır. Qalınçaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə E.X.Seyidli, Qalınçaq Bələdiyyəsinin sədri T.B.Həsənli və sahibkar İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 21 may 2024-cü il tarixində İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində sahibkar İddiaçı adına olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsində salınmış 13.4 ha meyvə bağını suvarmaq üçün ərazidə su anbarı və motorxana tikilərək istifadəyə verilmişdir. Meyvə bağları müasir damcı suvarma sistemi ilə təmin olunmuş, bağlara aqrotexniki qaydada qulluq göstərilir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Odur ki, iddianın növü mübahisələndirmə haqqında iddiadır. İddia mümkündür. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. Qərarın qanunamüvafiq şəkildə təsdiq edilmiş formada iddiaçıya təqdim edilməsi vaxtı müəyyən edilmir. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********696900 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı 1495,87 manat əlavə vergi (və ya sığorta haqqı) hesablanmışdır. Mübahisənin yaranmasının səbəbi iddiaçı tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında 74793,35 manat dəyərində damlama üsulu ilə sulama sistemi əldə edilməsinə baxmayaraq 2022-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin göstəricisiz təqdim edilmməsi, iddiaçı tərəfindən sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsinə baxmayaraq həmin bəyannamənin 1 nömrəli əlavəsi (fiziki şəxslər üçün) (Vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumat) təqdim edilməməsi nəticəsində iddiaçıya 2022-ci ilin 4-cü rübü sadələşdirilmiş vergi üzrə 1495,87 manat (74793,35*2%) əlavə vergi məbləği hesablanmasıdır. Qərar qəbul edildikdən sonra iddiaçı tərəfindən məlumatlar və dəqiqləşdirilmiş bəyənnamə təqdim edilsə də, cavabdeh qurum sözügedən əmlakı satılmış kimi qiymətləndirilərək onun idxal qiymətinin 2%-i məbləğində sadələşdirilmiş vergi borcu hesablamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh qurum tərəfindən iddiaçıya məxsus damlama üsulu ilə sulama sisteminin satılmasını təsdiq edən hər hansı bir subut təqdim edilməmişdir. Qalınçaq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə E.X.Seyidli, Qalınçaq Bələdiyyəsinin sədri T.B.Həsənli və sahibkar İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 21 may 2024-cü il tarixində İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində sahibkar İddiaçı adına olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsində salınmış 13.4 ha meyvə bağını suvarmaq üçün ərazidə su anbarı və motorxana tikilərək istifadəyə verilmişdir. Meyvə bağları müasir damcı suvarma sistemi ilə təmin olunmuş, bağlara aqrotexniki qaydada qulluq göstərilir. İddiaçı tərəfindən suvarma sisteminin istifadə edilməsinə dair fotoşəkillər təqdim edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; Maddə 220. Sadələşdirilmiş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edilənlərə əsasən, hesab edir ki, iddianın növünə görə sübutetmə yükü daşıyan inzibati orqan sözügedən vergi borcunun yaranması əsası ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2023-cü il tarixli, **********696900 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar