Məhkəmə qərarları › İş №2-1(112)-2024/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2024/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2024/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 29 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikasına mənsubiyyətinin tanınmasına dair qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 iyun 1971-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində anadan olmuşdur. Hal-hazırda o, ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Birliyinin 73 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 302 saylı arayışından da görünür ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı 30 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasında yaşayır. O, xx.xx.2010-cu il il tarixli məhkəmə hökmünə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu ilin 30 dekabr tarixindən 1 saylı Cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. İddiaçı bu müddət ərzində o, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmamışdır. Öz vəsaiti hesabına tikilən həyət evində qalır və 30 ildən artıq müddətdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq kommunal xidmət haqqları verir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini xahiş etmiş və Xidmət tərəfindən müvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2021-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən MAPS-a ünvanlanmış xx.xx.2021-cü il tarixli sorğuya cavab olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı bildirilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus **********1 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçı xx.xx.1971-ci ildə Gürcüstan Respublikası, Tbilisi şəhərində doğulmuşdur, atası Məmmədəli Qocayev, anası Nicavət Qocayevadır. XVİ-ТИ seriyalı, 543733 nömrəli Sovet Sosialist Respublikaları İttifaqının pasportuna əsasən iddiaçı SSRİ vətəndaşı olaraq, 18 iyul 1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Tbilisi şəhərində qeydiyyata olmuşdur. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə müəssisəsinin 170 nömrəli, 30 dekabr 2022-ci il tarixli arayışına əsasən iddiaçı xx.xx.2010-cu il tarixli Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2017-ci il tarixli Qanuna əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 maddələri ilə tövsif edilərək sanksiyada nəzərdə tutulmuş cəza son həddinədək azaldılmış, xx.xx.2009-cu il tarixdən azadlıqdan məhrum edilmiş və 19 noyabr 2019-cu il tarixdən 30 dekabr 2022-ci il tarixədək cəza çəkib və 1 saylı CÇM-dən azad olunmuşdur. İşdə olan ərizə-anketdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmişdir. 73 saylı Mənzil Kommunal İstismar sahəsinin 302 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Cavabdehin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən aparılan icraat nəticəsində xx.xx.1971-ci il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılmış və onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşının olmağı barədə xx.xx.2018-ci il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə prose iştirakçılarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Öncə qeyd edilməlidir ki, hazırkı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının vətəndaşlığının əldə edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyət anlayışları fərqləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində göstərilir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin Qanunun 14-cü maddəsi Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 15-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa ilə bağlı məsələləri tənzimləyir. Göründüyü kimi şəxs doğulduğu andan Azərbaycan Respublikası vətəndaşlığını əldə edə bilər. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər. Eyni zamanda əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş şəxs yenidən vətəndaşlığa bərpa edilə bilər. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsi isə “Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət” adlanır. Həmin maddədə qeyd olunur ki, aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun qeyd olunan müddəalarından görünür ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti o zaman müəyyən olunur ki, onun Azərbaycan Respublikası vətəndaşı sayılmasına əsas verən hallar mövcud olsun, lakin vətəndaşlıq hüququ verən sənədləri səlahiyyətli dövlət orqanlarından əldə etmək imkanında olmasın və ya həmin sənədlərin qanuniliyinə şübhələr mövcud olmuş olsun. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nda göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyənləşdirilir (1.2.). Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir (1.3.). Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır (2.1.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır (4.4.). “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsi isə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə bağlıdır. Həmin maddədə göstərilir ki, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Göründüyü kimi iddiaçı xx.xx.1971-ci ildə Gürcüstan Respublikasında anadan olmuşdur. O, SSRİ vətəndaşı olmaqla, həmin ökədə qeydiyyatda olmuşdur. İddiaçı Azərbaycan Respublikasında qeydiyyatda olmamış, qaçqın kimi ölkəyə gəlməmiş, qanuna müvafiq surətdə Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmişdir. Bu səbəbdən onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün hər hansı qanuni əsas yoxdur. İddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilə bilər ki, bununla bağlı qanunvericilikdə ayrıca prosedur müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar