Məhkəmə qərarları › İş №2-1(112)-204/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-204/2021

03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-204/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz borusunun kənara çıxarılması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən cavabdehə aid qaz borusunun cavabdehin hesabına kənara çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2682/2019 saylı, 24 iyul 2019cu il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı «Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən cavabdehə aid qaz borusunun cavabdehin hesabına kənara çıxarılması» barədə iddia tələbi mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2682/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 sentyabr 2019-cu il tarixli, 2-1(1030-2303/2019 saylı Qərardadına əsasən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2682/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərardadının ləğv edilməsi, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2682/2019 saylı, 28 noyabr 2019-cu il tarixli qərardadı əsasında iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olduqdan sonra iş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra şifahi məhkmə baxışı iclası 03 avqust 2021-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ilqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsində çıxarış Serya RX N ******* ilə iddiaçınln mülkiyyətindədir. İddiaçı cavabdehə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən keçən cavabdehə aid qaz borusunu onun sahəsindən öz hesabına çıxarmasını xahiş etmişdir. Cavabdeh ona qaz borusunun öz hesabına yox iddiaçının hesabına çıxarılması barədə yazılı cavab vermişdir. Cavabdehin cavabı onun üçün imtina kimi qiymətləndirilir ki, həmin turbanı iddiaçının sahəsindən çəkəndə onun icazəsi olmadan çəkilmiş və indi də öz hesabına yeri dəyişdirilsin. Cavabdeh həmin qaz borusunun iddiaçının hesabına yerinin dəyişlməsində israrlı olduğuna görə, hesab edir ki, cavabdehlə iddiaçı arasında olan mübahisə məhkəmə qaydasında həll edilə bilər. Qeyd olunanlara əsasən iddiaçı məhkəmədən iddia tələbinin trəmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh şifahi məhkəmə baxışı iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş, -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 23 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. -ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən **********49-10301 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2017-ci il tarixli, 11/5567 inventar nömrəli Texniki Pasport verilmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən iddiaçıya verilmiş SOCAR **********10210033B00582 saylı, 09 aprel 2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının “Qaz xəttinin yerinin dəyişdirilməsi” barədə müraciətinə Cavabdehndə baxılmış, istismarda olan qaz xətlərinin üzərində vətəndaşların sifarişi ilə hər hansı dəyışiklik aparılarsa, bu işlərin vətəndaşların oz vəsaitləri hesabına həyata keçirilməli olduğu, iddiaçının öz vəsaiti hesabına işin görülməsinə razılıq verdiyi halda mülkiyyət sənədinin və şəxsiyyət vəsiqəsinin surətinin Bakı Regonal Qaz İstismarı Departamentinə təqdim etməsi qeyd olunaraq, Bakı Regonal Qaz İstismarı Departamentinə vətəndaşın öz vəsaiti hesabına işin görülməsinə razılıq verdiyi halda qeyd olunan ünvana texniki baxış keçirməsi və vətəndaş tərəfindən təqdim olunacaq sənədlər əsasında fotoşəkil, mülkiyəti təsdiq edən sənədi və sxem tərtib edib 5 (beş) iş günü ərzində "Azəriqaz" İB-nə göndərilməsi qeyd olunmuşdur. Məhkəmə araşdırması dövründə məhkəmənin 14 sentyabr 2020-ci il tarixli, 2- 1(112)-1380/2020 saylı qərardadına əsasən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında Mövcud qaz xəttinin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış ev və həmi ünvanda yerləşən sahə üçün təhlükə mənbəyi hesab olunub-olunmaması barədə sual qoyulmuşdur. Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş 14 sentyabr 2020-ci il tarixli, 4972 saylı ekspert rəyinin tədqiqat hissəsində müəyyən edilən hallar aşağıdakı kimi olmuşdur: Həmin ünvan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən fərdi yaşayış evidir. Evin daş hasarının qarşısından keçən diametri 76 mm olan polad qaz xəttinin bir-hissəsi evin həyətinin daş hasarından, həyətin içərisindən keçirilməklə aparılmışdır. Hazırda həyətdən keçən paylayıcı qaz xəttinin keçdiyi yerdə digər fərdi yaşayış evi inşa edilmişdir və qeyd olunan paylayıcı qaz xəttinin həyətdən keçən hissəsi hal-hazırda inşa olunmuş evin daxilindən keçir. Bununla belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 №li qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nm 2.7 bəndində görə, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədilə mühafizə zonası təyin edilir. Qərardadda qoyulmuş sualla bağlı qeyd olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində İddiaçı məxsus fərdi yaşayış evinin həyətində inşa edilmiş tikilinin (daş hasar və fərdi yaşayış evi) daxilindən paylayıcı qaz xəttinin keçdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2.7. bəndlərinin tələblərinə əsasən qaz xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilir. Bununla da, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində İddiaçı məxsus fərdi yaşayış evinin həyətində inşa edilmiş tikilinin daxilindən keçən paylayıcı qaz xətti mühafizə zonasında yerləşdiyi üçün gələcəkdə qaz borusunun hər-hansı nasazlığı və sızması nəticəsində həmin tikiliyə, həmçinin istifadəçiləri üçün təhlükə yarada bilər. Göründüyü kimi ekspert rəyində qeyd olunan paylayıcı qaz xəttinin daş hasardan və tikilinin daxilindən kənarlaşdırılmasının zəruri olduğu müəyyən edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən cavabdehə aid qaz borusunun cavabdehin hesabına kənara çıxarılmasını tələb edir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının mövcud tələbinin maddi hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli Qərarı təşkil edir. İşin hallarından müəyyən edilir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən fərdi yaşayış evinin daş hasarının qarşısından 76 mm diametrli polad qaz xətti keçməkdədir. Həmin qaz xəttinin bir hissəsi evin həyətinin daş hasarından, həyətin içərisindən keçirilməklə aparılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan əmlaka xx.xx.2017-ci ildə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə çıxarış, fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Qeyd olunan qaz xətti iddiaçının mülkiyyət hüquqularının əldə etdiyi fərdi yaşayış evi tikilən dövrdə mövcud olsa idi, müvafiq qurumlar tərəfindən münasibət bildirilərdi. Bu isə onu deməyə əsas verir ki, qaz kəməri sonradan çəkilərək istismara verilmişdir. Bu məsuliyyət isə qaz kəmərini istismar edən hüquqi şəxsin üzərinə düşür. Sökülməsi tələb edilən qaz xəttinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyini nəzərə alaraq, fərdi yaşayış evinin buna məsul qurumların razılığı və rəyləri ilə tikildiyini, o cümlədən iddiaçının mülkiyyətində olan əmlakından öz istədiyi kimi istifadə etmək və onun üzərində sərəncam vermək hüququna malik olduğunu nəzərə alalaraq məhkəmə iddianın əsaslı olduğu qənaətindədir. Azərbaycan Respublikası Kostitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui- istifadə olmasın. "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər; 19.2 Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır. Həmin Qaydaların 2.8-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarına daxil olan torpaq sahələri, torpaq istifadəçilərindən, mülkiyyətçilərindən və icarəçilərindən alınmır, bu Qaydaların tələblərinə məcburi əməl edilməklə, kənd təsərrüfatı və s. işlər üçün istifadə edilir. Həmin Qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və ya quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların taya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geoloji-seysmik, geodeziya və başqa axtarış işləri. Hazırki halda, mövcud qanunvericiliyin sadalanan normalarının tələbi baxımından məhkəmə qeyd edilməsini zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunmasını nəzərdə tutan 13cü maddəsinin 3-cü hissəsinə görə mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Mülki qanunvericiliyin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə yanaşı, sonuncunun öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını da müəyyən edir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla və hüquqdan sui-istifadəyə yol verməməklə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Hazırkı halda qeyd olunan qaz kəmərinin iddiaçının mülkiyyətində olan ərazinin hüdudlarında yerləşməsi şəxsin mülkiyyət hüququnu pozulmaqla yanaşı, həmçinin onun təhlükəsiz yaşamasına da maneəçilik törədilməkdədir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasını Konstitusiyasının 29.6cı maddəsində sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırılmasının mümkünlüyü, 31.1-ci maddədə isə hər kəsin təhlükəsiz yaşamaq hüququnun olması təsbit edilmişdir. Məhkəmə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsində yerləşən fərdi yaşayış evinin daş hasarının qarşısından keçən diametri 76 mm olan polad qaz xəttinin bir-hissəsinin evin həyətinin daş hasarından, həyətin içərisindən keçirilməklə aparıldığını və həyətdən keçən paylayıcı qaz xəttinin keçdiyi yerdə digər fərdi yaşayış evinin inşa edildiyini və qeyd olunan paylayıcı qaz xəttinin həyətdən keçən hissəsinin hal-hazırda inşa olunmuş evin daxilindən keçdiyini nəzərə alaraq qeyd edir ki, mühafizə zonalarının müəyyən olunmasında qanunvericiliyin məqsədlərindən biri magistral qaz kəmərlərinin istismarına normal şəraitin yaradılması, zədələnmə hallarının qarşısını almaqla şəxslərin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi olduğundan iddiaçı tələbində haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən qaz borusunun çıxarılması Cavabdeh İB-nə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə mühəndis-texniki ekspertizasının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı iddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İlqar Musayev küçəsi 13 saylı həyət evi və ona aid olan torpaq sahəsindən qaz borusunun çıxarılması Cavabdeh İB-nə həvalə edilsin. İş üzrə mühəndis-texniki ekspertizasının dəyəri olan 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar