Məhkəmə qərarları › İş №2-1(112)-2044/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2044/2024

04.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2044/2024 04.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «iddiaçıya ümumvətəndaş pasportunun verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «iddiaçıya ümumvətəndaş pasportunun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Hamburq Texniki Universitetində magistraturada oxuyur. İddiaçı Azərbaycan Respublikası vətəndaşı kimi ona verilmiş pasport əsasında Almaniyada yaşayır. 2023-cü ilin iyul ayının 19-da ümumvətəndaş pasportunun dəyişdirilməsi ilə bağlı Azərbaycanın Almaniyadakı Səfirliyinə müraciət etmişdir. Bir neçə gün sonra Səfirlikdən elektron məktub alınmışdır ki, Daxili İşlər Nazirliyi pasportu dəyişdirməkdən imtina edib. Bundan sonra Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət olunmuşdur, oradan ikinci vətəndaşlığı ilə əlaqədar pasportun dəyişdirilməsinə icazə verilməməsi barədə cavab verilmişdir. İddiaçı hesab edir ki, bununla onun konstitusion hüquqları pozulur. Göstərilənlərə əsaslanaraq, məhkəmədən Daxili İşlər Nazirliyi tərəfindən ümumvətəndaş pasportun dərhal yenisi ilə dəyişdirilməsinə dair qərar çıxararılması və qanunsuz hərəkətlərə yol vermiş əməkdaşlar barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə təqdim edilmiş iddiaya münasibətdə bildirilir ki, xx xxxxx 1998-ci il təvəllüdlü İddiaçı digər ölkəyə məxsus pasportu və həmin ölkənin vətəndaşı olduğu müəyyən edildiyindən, onun hazırda Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə təmin etmək mümkün deyildir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun preambulasında göstərilir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 6-cı maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ümumvətəndaş pasportunun verilməsi üçün zəruri olan sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir. Ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu alınır. Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əkər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır. Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər. Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir. Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə Azərbaycan Respublikasının vətəndaşlarına pasportların verilməsi və pasportların dəyişdirilməsi qaydasını müəyyən edir. Əsasnamənin 3.1-ci bəndinə görə Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları tərəfindən «Pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 3.2-ci bəndinə görə ümumvətəndaş pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur: (3.2.1) ümumvətəndaş pasportu verilməsi haqqında ərizə-anket; (3.2.2) vətəndaşın şəxsiyyət vəsiqəsi (bu Əsasnamənin 3.2.6cı yarımbəndi nəzərə alınmaqla) (və ya 15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı); (3.2.3) dövlət rüsumunun ödənilməsi barədə sənəd; (3.2.4) pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə – bu Əsasnamənin 3.3-cü bəndində göstərilən sənədlər; (3.2.5) pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə – valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd; (3.2.6) xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə bu Əsasnamənin 3.2.1-ci, 3.2.3-cü, 3.2.5-ci yarımbəndlərində nəzərdə tutulmuş sənədlərlə yanaşı: 1) ümumvətəndaş pasportu verildikdə və ya dəyişdirildikdə – vətəndaşın şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu; 2) 18 yaşı tamam olmamış vətəndaşa ilk dəfə ümumvətəndaş pasportu verildikdə – doğum haqqında şəhadətnamə və qan qrupu haqqında tibbi arayış. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona ümumvətəndaş pasportunun verilməsindən imtina edilməsi ilə bağlı hərəkətlərini mübahisələndirir. Nəzərə alınmalıdır ki, «Pasportlar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaşın inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək hüququ vardır. İddiaçı da məhz qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati orqan tərəfindən ona ümumvətəndaş pasportun verilməsindən imtina edilməsi barədə inzibati orqanın hərəkətlərini mübahisələndirir ki, hazırda həmin iddiaya inzibati icraat çərçivəsində baxılması mümkündür. Odur ki, məhkəmə iddianı mümkün sayır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin İddiaçı ümumvətəndaş pasportun verilməsindən imtina edilməsi barədə hərəkətləri əsassız olmaqla yanaşı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh inzibati orqanın imtinasından göründüyü kimi, cavabdeh iddiaçının ikili vətəndaşlığı olmasına əsaslanaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Halbuki, cavabdehin irəli sürdüyü imtina əsası ümumiyyətlə qüvvədə olan qanunvericiliyin və normativ hüquqlarının tələbləri baxımından pasportun verilməsindən imtina edilməsinə əsas vermir. «Pasportlar haqqında» Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin birgə təhlili nəticəsində müəyyən olunur ki, aşağıda göstərilən hallar olduğu təqdirdə vətəndaşa pasportun verilməsindən imtina olunur: vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda; vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunduqda; dövlət sirrinin mühafizəsi ilə əlaqədar yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda. Göründüyü kimi yalnız yuxarıda göstərilən əsaslar olduğu təqdirdə vətəndaşa pasportun verilməsindən imtina edilir ki, iddiaçının ikilivətəndaşlığı olması həmin əsasların əhatə dairəsinə düşmür. Nəzərə alsaq ki, iddiaçının hal-hazırda Azərbaycan Respublikasının vətəndaşı olması aktıv statusda olan şəxsiyyət vəsiqəsi ilə təsdiq olunduğundan, onun hər bir ölkənin vətəndaşı kimi hazırda ümumvətəndaş pasportun verilməsini tələb etmək hüququ vardır. Bu hüququn məhdudlaşdırılmasına yönələn əsaslar, başqa sözlə desək qanunvericilikdə sadalanan imtina əsasları olmadığı təqdirdə, iddiaçının ikilivətəndaşlığa malik olması ilə əsası ilə pasportun təmin edilməsindən imtinası əsassız sayılmalıdır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, cavabdeh yalnız o halda iddiaçının ikili vətəndaşlığına əsaslanaraq ona ümumvətəndaş pasportun verilməsindən imtina etməkdə haqlı olardı, əgər iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş olsun. Belə ki, «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. Göründüyü kimi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasların əhatə dairəsi yuxarıda adıçəkilən Qanunun 18-ci maddəsində konkret şəkildə təsbit olunmuşdur ki, bunlardan biri də vətəndaşın könüllü şəkildə digər dövlətin vətəndaşlığını əldə etməsidir. Bu zaman vətəndaşın Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi məhkəmə tərəfindən həll olunur. Hazırki halda isə iddiaçının ikili vətəndaşlığı olsa belə onun Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi barədə məhkəmə qərarı mövcud deyil. Bu hal onun hal-hazırda Azərbaycan Respublikası vətəndaşı olduğunu göstərir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya ümumvətəndaş pasportun təmin edilməsinin məhdudlaşdırılması ilə bağlı hərəkətləri qanunsuz qiymənləndirilir və onun hüquqlarının pozulmasına səbəb olur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı yeni ümumvətəndaş pasportunun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı yeni ümumvətəndaş pasportunun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar