Məhkəmə qərarları › İş №2-1(112)-2094/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2094/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2094/2023 04.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın və xəstəlik müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın və xəstəlik müavinətinin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 may 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Azərbaycan Respublikasının Cavabdeh Nəsimi rayon Mühafizə İdarəsində xidmət etmişdir. İstifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın və xəstəlik müavinətinin ödənilməsi üçün müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi Rayon Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000, 2001, 2002, 2003, 2004, 2005-ci illər üzrə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illər üzrə xəstəlik müavinətinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya və 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illərdə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi rayon Mühafizə İdarəsinin əsl cavabdeh Azərbaycan Respublikasının Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi Nəsimi rayon Mühafizə İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Cavabdeh ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1994-cü ildən 31 mart 2020-ci ilə qədər Daxili İşlər Nazirliyinin Nəsimi rayon Mühafizə İdarəsində polis nəfəri polis baş serjantı rütbəsində xidmət etmiş, xx.xx.2020-ci ildə son yaş həddinə çatmağı ilə əlaqədar DİO-dan tərxis olunmuşdur. Xidmət etdiyi müddətdə 1994-2005-ci illərdə məzuniyyətdən istifadə etməmiş və bu illərə görə məzuniyyət kompensasiyası almamışdır. Bundan əlavə, 2012, 2013, 2017, 2018, 2019, 2020-ci illərdə DİN-nin hospitalında əməliyyat və müalicə olunsa da müalicə müavinətini almamışdır. Dəfələrlə xidmət etdiyi Nəsimi rayon Mühafizə İdarəsinə bununla əlaqədar müraciət etsə də pulun bir qismi (3771 manat) ödənilmiş, pulun digər hissəsi və xəstəliyə görə müavinət ödənilməmişdir Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, polis əməkdaşının xəstəliyə görə müalicə olunması ilə əlaqədar müavinətləri DİN-in xx.xx.2019-cu il tarixli Ə893-001-19 nömrəli əmrinə əsasən əməkdaşdan hər-hansı raport və əlavə sənəd tələb edilmədən ildə bir dəfə verilməsi barədə əmr xx.xx.2020-ci il tarixdə qüvvəyə minmişdir. Həmin tarixədək DİN-in xx.xx.2005ci il tarixli 35/XİÜ nömrəli Əmrinə əsasən əməkdaşa qeyd olunan müavinətlərin verilməsi DİN-in Hospitalından və ya müvafiq poliklinikasından konkret olaraq müalicəyə dair verilən arayışın İdarəyə rəsmi olaraq raportla təqdim etdikdən sonra ödənilirdi. xx.xx.2020-ci il tarixədək sabiq polis əməkdaşı İddiaçı qeyd olunan illər üçün (2012, 2013, 2017, 2018, 2019) müavinətlə bağlı rəsmi raportla hər hansı bir müraciət etməsi və yaxud müalicə alıbalmaması barəsində idarədə heç bir məlumat aşkarlanmamışdır. Bundan başqa 2020-ci il üçün iddiaçıya 754,50 manat müalicəyə görə müavinət pulu ödənilmişdir. “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarı nəzərə alınmaqla DİN BMİ-nin xx.xx.2008-ci il tarixli 17/6-5-32 nömrəli göstərişi ilə polis əməkdaşları üçün 1998-ci ildən hesablanması nəzərə alınmışdır. İddiaçı tərxis olunduqdan sonra (xx.xx.2020, Ə398şh-038-20 № Əmr) bu barədə rəsmi müraciəti nəzərə alınmış və ona 2001, 2002, 2003, 2004, 2005-ci illərə görə 3771 manat istifadə etmədiyi məzuniyyət pulu ödənilmişdir. DİN-nin xx.xx.2015-ci il tarixli Q-36 nömrəli qərarına əsasən Daxili İşlər Nazirliyi sistemində istifadə olunan sənədlərin saxlanma yeri və müddətləri haqqında Siyahıdan istifadə etmə qaydalarına əlavə edilmiş siyahının 13.1.25-ci bəndinə əsasən məzuniyyət cədvəlləri DİN-in baş idarə, idarə və şöbələrində 3 il müddətinə müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının iddia etdiyi illər üçün (1998,1999,2000) lazımı sənədlər saxlama müddəti bitdiyindən sənədlərin məhvetmə aktları razılaşdırılaraq yandırılmaya göndərilmişdir. Bundan əlavə xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Mühafizə İdarəsində tərtib edilmiş akta əsasən həmin ilin fevral ayında idarənin zirzəmisinin su ilə dolması nəticəsində idarəyə aid bir çox sənəd yararsız hala düşdüyündən, iddiaçının iddia etdiyi illər üçün (1998, 1999, 2000) lazımı sənədlər aşkarlanmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdhein nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq, ona 2001, 2002, 2003, 2004, 2005-ci illərə görə 3771 manat istifadə etmədiyi məzuniyyət pulu ödənilmişdir. Eyni zamanda, 2020-ci il üçün 754,50 manat müalicəyə görə müavinət pulu ödənilmiş, lakin həmin il üçün məzuniyyət pulu ödənilməmişdir. 754,50 manat ödənilmiş vəsait məzuniyyət pulu kimi qeyd olunsa da, məzuniyyət pulu olmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cavabdeh Nəsimi rayon Mühafizə İdarəsində xidmət etmişdir. İstifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın və xəstəlik müavinətinin ödənilməsi üçün müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçıya 1994, 1995. 1996, 1997, 1998. 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməməsi işin mübahisəsiz hallarındandır. İddiaçı Nəsimi rayon Mühafizə İdarəsinə təqdim ediləsi üçün DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə tibbi arayışlar və epikrizlər məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 37. İstirahət hüququ İ. Hər kəsin istirahət hüququ vardır. İİ. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”:

88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.

97. Daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində pulsuz tibb xidməti göstərilir. Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə, təsdiq edilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”:

9. ... Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

13. ... Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: İstirahət hüququnun mövcudluğu və həyata keçirilməsi insanın inkişafı üçün və bir sıra digər konstitusion hüquqlarının realizə edilməsi üçün zəruri şərt olsa da, Konstitusiyanın 37-ci maddəsinin məzmunundan göründüyü kimi, bu hüquq əmək münasibətləri çərçivəsində reallaşdırılır və əsasən Konstitusiyanın 35-ci maddəsində təsbit olunmuş hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ və hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ ilə əlaqəlidir. İstirahət hüququnu realizə etməklə fərd əmək münasibətlərindən irəli gələn vəzifələrin icrasından azad edilir və bu vaxtdan istədiyi kimi istifadə edərək ilk növbədə öz mənəvi və fiziki qüvvələrinin, əmək qabiliyyətinin bərpa edilməsinə və sağlamlığının möhkəmləndirilməsinə nail olur. Bununla yanaşı, istirahət hüququnun digər vacib təyinatı şəxsiyyətin qabiliyyət və istedadlarının inkişafından və təkmilləşdirilməsindən, şəxsi və ictimai həyatda iştirakının təmin edilməsindən ibarətdir. Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Cavabdeh iddiaçıya 1994, 1995. 1996, 1997-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtina edərkən, DİN BMİ-nin xx.xx.2008-ci il tarixli 17/6-5-32 nömrəli göstərişinə istinad etmiş və polis əməkdaşları üçün 1998-ci ildən hesablanmalı olmasını qeyd etmişdir. Konstitusiya ilə nəzərdə tutulan əsas hüquqların həyata keçirilməsi qaydasının tənzimlənməsi və ya bu hüquqların həyata keçirilməsində məhdudiyyətlərin müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini nəzərdə tutan qanun norması aydın və dəqiq olmalıdır. Qanunvericiliyin yuxarıda istinad olunan normalarından göründüyü kimi, istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsində hər hansı məhdudiyyət nəzərdə tutulmamış və bu məsələni tənzimləmək və qaydalar müəyyən etmək səlahiyyəti cavabdehə həvalə edilməmişdir. İddiaçının 1998, 1999 və 2000-ci illər üzrə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın ödənilməsindən imtinanın əsası kimi isə sənədlərin aşkar olunmaması göstərilmişdir. Qeyd edilən hal iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz. Bundan əlavə, cavabdeh iddiaçının 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə xəstəlik müavinətinin ödənilməsi üçün müalicəyə dair arayışları raportla təqdim etməməsini qeyd etsə də, iddiaçının Nəsimi rayon Mühafizə İdarəsinə təqdim edilməsi üçün DİN-in 1 saylı poliklinikası tərəfindən verilmiş 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə tibbi arayışlar və epikrizlər özlüyündə ağlabatan mühakimə əsasında həmin illərdə qeyd edilən müalicəyə dair arayışların raportla Nəsimi rayon Mühafizə İdarəsinə təqdim edilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı (2020-ci il üzrə xəstəlik müavinətinin ödənilməsi hissəsi istisna olmaqla) sübuta yetirə bilmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh isə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bununla belə, 2020-ci il üçün iddiaçıya 754,50 manat müalicəyə görə müavinət pulu ödənilməsi məhkəmə icraatı zamanı təsdiqini tapdığından (iddiaçı tərəfindən də təsdiq edilmişdir) iddia həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ödənilməsi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 1994, 1995, 1996, 1997, 1998, 1999, 2000-ci illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiyanın və 2012, 2013, 2017, 2018, 2019-cu illər üzrə müalicəyə görə xəstəlik müavinətinin hesablanaraq ödənilməsi Azərbaycan Respublikasının Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar