Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2188/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Məmməd oğlunun cavabdeh Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd oğlu cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «vergi borcunun silinməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı Taksim Kebab” kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 14 ünvanında yerləşən “Gənclik” Ticrət Mərkəzinin 451,86 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. "xxxx" MMC ilə iddiaçının arasında bağlanmış 1 dekabr 2017-ci il tarixli sub-icarə müqaviləsi əsasında "xxxx" MMC-nin istifadəsinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 14 ünvanında yerləşən “Gənclik” Ticarət Mərkəzinin 451,86 kv.m-lik qeyri-yaşayış ərazisi 10 il müddətinə iddiaçı tərəfindən icarəyə götürülmüş və iddiaçı həmin ünvanda fəaliyyətə başlamışdır. İşlədiyi dövrün vergi bəyannamələrinin təqdim edilməsi və vergi ödənişlərinin ödənilməsi vaxtında həyata keçirilmişdir. Lakin "xxxx" MMC-nin direktoru 1 yanvar 2019-cu il tarixdə həmin müəssisə ilə "xxxx" MMC arasında bağlanmış sözügedən 30 noyabr 2017-ci il tarixli müqaviləyə xitam vermişdir. 2019-cu ilin dekabr ayından iddiaçının həmin ünvanda fəaliyyətinə məhdudiyyətlər qoyulmuş, qeyd olunan qeyri-yaşayış sahəsinə dair digər şəxslə müqavilə bağlanmış, qeyri-yaşayış sahəsi məcburi qaydada boşaldılaraq iddiaçının fəaliyyətinə son qoyulmuşdur. 2019-cu ilin 4-cü rübü üçün iddiaçı tərəfindən təqdim edilən sadələşdirilmiş vergi bəyannaməsinin sətirlərində dövriyyə məbləğinin az göstərilməsini vergi orqanı vergidən yayınma kimi qiymətləndirmişdir. Vergi orqanı tərəfindən 10 mart 2020-ci il tarixli **********277700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və bundan sonra müvafiq müqavilənin ləğv edilməsinə dair saziş və digər sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən həmin dövr üçün iddiaçıya 5.940,89 manat əsas vergi borcu və bu borca 1.342,64 manat faiz borcu hesablanmışdır ki, bu da qanunsuzdur. Yaranmış uyğunsuzluq əsasında AR Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən 2019-cu ilin 4-cü rübü üçün 5.941,67 manat vergi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 22 aprel 2020-ci il tarixli **********202400 nömrəli qərar qəbul olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, AR Vergi Məcəlləsinin 3.1, 3.2, 15.1.9-cu maddələrinə, İPM-in 2.2.1, 16.1, 32, 68-ci maddələrinə əsaslanaraq, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 7.283,53 manat vergi borcunun silinməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “cavabdehin 19 fevral 2021-ci il tarixli **********423000 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 5 iyul 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı Məmməd oğlunun iddia tələbi mümkünsüz hesab edilməlidir. İddiaçı tərəfindən silinməsi tələb olunan məbləğin hüquqi əsası 22 aprel 2020-ci il tarixli **********202400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar olmuşdur. Daha sonra iddiaçı tərəfindən məhkəməyə 19 fevral 2021-ci il tarixli **********423000 saylı qərarın mübahisələndirilməsi ilə əlaqədar iddia tələbinə dəqiqləşdirilmə təqdim edilmişdir. Hesab olunur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Aparılmış araşdırma zamanı 2019-cu ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində rəsmiləşdirilmiş son xronometraj müşahidələrin nəticələri ilə vergi ödəyicisinin təqdim etdiyi aylar üzrə dövriyyələr arasında kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə **********277700 nömrəli 10 mart 2020-ci il tarixli kameral uyğunsuzluq məktubu göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67, 83 və 166.1-ci maddələrinə əasən kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 5.941,67 manat əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə 19 fevral 2021-ci il tarixli **********423000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində ona qarşı hesablanmış vergi məbləğinin əsassız olduğunu qeyd etsə də, tələbini əsaslandıra bilməmiş, qanunvericiliyin hansı normasının pozulduğunu qeyd etməmiş, belə nəticəyə gəlməsi üçün əsas halları izah edə bilməmiş, başqa sözlə iddiaçı vergi orqanının haqlı mövqeyini təsdiq edən sübutları təkzib edə bilməmişdir. Göstərilənlərə və AR Vergi Məcəlləsinin 37, 67, 50-1.2, 94.0.2-ci maddələrinə əsaslanaraq, iddiasının təmin olunmaması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasındadır. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən aşağıdakılardır vergi orqanlarının hüquqlarına aiddir: (23.1.1) bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (23.1.6) 23.1.6. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı Məmməd oğlu vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatından keçmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 14 ünvanındakı qeyri-yaşayış binasında (Ticarət Mərkəzində) yerləşən 451,86 kv.m ölçüdə qeyri-yaşayış sahəsi "xxxx" MMC ilə aralarında bağlanmış 1 dekabr 2017-ci il tarixli sub-icarə müqaviləsinə əsasən 10 il müddətinə iddiaçının istifadəsinə verilmiş və o, həmin tarixdən sözügedən obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 1 noyabr 2019-cu il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli icarə müqaviləsinə xitam verilmişdir. İddiaçının vergi ödəyicisi kimi vergi orqanına təqdim etdiyi vergi bəyannamələrində onun dövriyyəsi aşağı məbləğdə göstərilmişdir. Cavabdeh inzibati orqan kameral vergi yoxlaması keçirərək, iddiaçıya 2019-cu ilin 4-cü rübünə sadələşdirilmiş vergi üzrə 5.941,67 manat əlavə vergi məbləğinin hesablanması barədə 19 fevral 2021-ci il tarixli **********423000 nömrəli qərar qəbul etmişdir. İddiaçı həmin dövrdə müvafiq obyektdə fəaliyyət göstərmədiyini əsas gətirərək cavabdehin həmin qərarını mübahisələndirir. Mübahisə üzrə iddianın növünə görə sübutetmə yükü daşıyan cavabdeh inzibati orqanın dəlili: - vergi ödəyicisi kimi iddiaçının 2019-cu ilin 4-cü rübü üzrə dövriyyəsi və son xronometraj metodu ilə müşahidənin nəticələri arasaında yaranmış fərq kənarlaşma kimi qiymətləndirilmişdir. Onun həmin dövr üzrə fəaliyyətinə qanuni əsaslarla kameral vergi yoxlaması ilə 5.941,67 manat sadələşdirilmiş vergi məbləği hesablanmış və bu barədə 19 fevral 2021-ci il tarixli **********423000 nömrəli qərar qəbul edilmişdir. Mübahisə üzrə iddiaçının dəlili: - İddiaçı 2017-ci ildə müvafiq qeyri-yaşayış sahəsini sub-icarəyə götürdükdən sonra vaxtında vergi orqanına vergi bəyannamələrini təqdim etmiş və vergi məbləğlərini aidiyyəti üzrə ödəmişdir. 2019-cu ilin 4-cü rübündə sub-icarəyə götürdüyü obyektin müvafiq icarə müqaviləsinə xitam verildiyindən, o (iddiaçı), həmin təsərrüfat subyektində fəaliyyət göstərməmiş, su səbəbdən də müvafiq dövrdə dövriyyəsi az olmuşdur. Vergi orqanı isə, bu halı nəzərə almadan, əsassız olaraq əlavə vergi məbləği hesablamışdır. AR Vergi Məcəlləsinin 13.2.73-cü maddəsinə əsasənm iqtisadi maraqlar mərkəzi – vergi ödəyicisinin əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, digər təsərrüfat subyektləri (obyektləri), o cümlədən istehsal sahələri ilə müqayisədə vergi ödəyicisinin fəaliyyəti üzrə gəlirlərinin formalaşmasında daha çox iştirak edən təsərrüfat subyektinin (obyektinin), o cümlədən istehsal sahəsinin yerləşdiyi yerdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir. Həmin Məcəllənin 37.5-ci maddəsinə görə bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmin Məcəllənin 50-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan müddət daxil edilmir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri, (67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar, (67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar, (67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar, (67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar, (67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar, (67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar, (67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri, (67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. AR Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli **********206300 nömrəli Əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”nın 1.2.3-cü bəndinə görə vergi ödəyicisinin təsərrüfat subyekti – vergi ödəyicisinin ayrıca VÖEN verilmədən arayışla uçota alınan filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyektidir (obyektidir). Qaydaların 2.16-cı bəndinə görə ƏDV qeydiyyatı barədə bildiriş, “ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisinin satıcı kimi qeydiyyata alınması haqqında arayış”, təsərrüfat subyektinin qeydiyyatı barədə arayış və NKA-nın qeydiyyat vərəqəsi proqram təminatı tərəfindən avtomatik olaraq vergi ödəyicilərinin elektron qutularına göndərilir. Vergi ödəyicilərinin müraciəti olduqda həmin sənədlər bu Qaydalarda göstərilən qaydada vergi orqanında hazırlanaraq “Vergi ödəyicilərinin uçotuna dair sənədlərin vergi ödəyicisinə təqdim edilməsi kitabı”nda imza etdirilməklə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə verilir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyinin müddəalarına, o cümlədən Vergi Məcəlləsinin 33.2-ci maddəsinə və AR Vergilər Nazirliyinin 6 mart 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş Qaydalara istinadən formalaşmış mövcud inzibati praktikada vergi ödəyicilərinin “təsərrüfat subyektləri”nin vergi orqanlarında uçotu aparılır. Həmin təsərrüfat subyektlərinin uçota alınması vergi ödəyicisinin iradəsi və müraciəti əsasında həyata keçirildiyindən, eyni qaydada da uçotdan çıxarılması üzrə tədbir görülə bilər. Hazırkı işin hallarına görə müəyyən edilir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 30 noyabr 2017-ci il tarixli icarə müqaviləsi 1 noyabr 2019-cu il tarixdə ləğv edilsə də, iddiaçı vergi orqanına onunla "xxxx" MMC arasında bağlanmış 1 dekabr 2017-ci il tarixli sub-icarə müqaviləsi (hansı ki, sub-icarə müqaviləsinin əsasında icarə müqaviləsi dayanır) əsasında istifadəsində olan təsərrüfat subyektinin onun adına uçotdan çıxarılması, habelə əvvəlki dövr üzrə xronometraj metodu üzrə müşahidənin nəticələri ilə müvafiq dövrdə faktiki dövriyyəsinin dəyişməsini əsas gətirərək yeni xrometraj metodu ilə müşahidə aparılması ilə əlaqədar müraciət etməmiş, eləcə də fəaliyyətinin ümumiyyətlə dayandırılmasını bəyan etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, vergi orqanı dövriyyənin az göstərilməsi əsası ilə müvafiq dövrə görə kameral vergi yoxlaması ilə əvvəlki xronometraj metodu ilə müşahidənin nəticələri əsas götürülməklə sadələşdirilmiş vergi üzrə əlavə vergi məbləğini hesabalamaqda haqlı olmuşdur. Qeyd olunmalıdır ki, məhkəmə icraatında cavabdehin keçirdiyi kameral vergi yoxlaması zamanı AR Vergi Məcəlləsinin 37-ci maddəsi və «İnzibati icraat haqqında» AR Qanununun müvafiq müddəalarının pozulması halları müəyyən edilmir. Odur ki, cavabdeh inzibati orqan AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 19 fevral 2021-ci il tarixli **********423000 nömrəli qərarı qanuna zidd qiymətləndirilməməli və iddia tələbi əsassız sayılmalıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Məmməd oğlunun cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «19 fevral 2021-ci il tarixli **********423000 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 14.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məmməd oğlunun cavabdeh AR İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «19 fevral 2021-ci il tarixli **********423000 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim:Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2188/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2188/2021
09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver