Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2233/2023 19.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “yaşayış sahəsi ilə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin imtinasının əsassız hesab edilməsi və "xxxx" sosial müəssisəsinin balansında olan yaşayış sahəsi ilə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı valideyn himayəsindən məhrum olduğuna görə uşaq evində yaşamışdır. 1989-1990-cu tədris illərində Göyçay şəhəri İnternat tam orta məktəbində təhsil almışdır. 18 yaşı tamam olduqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək "xxxx" sosial müəssisəsində yaşayış sahəsi verilməsini xahiş etmişdir. Təhsil Nazirliyindən iddiaçıya bildirilmişdir ki, "xxxx" sosial müəssisənin yaradılması və istismarı məsələləri haqqında Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan evlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Bundan sonra iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli məktubla iddiaçının xahişinin yerinə yetirilməsindən imtina olunmuşdur. İmtinada qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktubuna əsasən 11-ci sinfi bitirərək 18 yaşı tamam olmamış iddiaçı valideynlərinə təhvil verilmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. İddiaçı xəstəliyi ilə əlaqədar 18 yaşına çatdıqdan sonra pensiya məsələsinin həll edilməsi məqsədilə Nizami rayon İcra Hakimiyyətinin 07 avqust 1996-cı il tarixli Sərəncamı ilə Q.Qarayev prospekti 104 №-li evin 45 №-li mənzilinə qeydiyyata yazılmışdır. Halhazırda da yuxarıda qeyd edilən yataqxanada qeydiyyatda olsa da, digər ünvanda müvəqqəti yaşayır. İddiaçı hesab edir ki, Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 №-li qərarına əsasən "xxxx" sosial müəssisəsinin balansında olan yaşayış sahəsi ilə təmin olunmalıdır.
3. Daha sonra iddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yaşayış sahəsi ilə təmin edilmə tələbinə dair inzibati iş üzrə cavabdehin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmət agentliyi ilə əvəz edilməsi xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli Qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı yaşayış sahəsi ilə təmin edilmə tələbinə dair inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquq münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 11 noyabr 2019-cu il tarixli 05-20(4)- 2251/16 nömrəli məktubuna əsasən 1990-cı ildə Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın 11-ci sinfini bitirmiş və valideynlərinə təhvil verilmişdir. Valideynlərinə təhvil verildiyi səbəbindən yuxarıda qeyd edilən Sərəncama əsasən mənzillə təmin olunması nəzərdə tutulmur. Bu səbəbdən cavabdeh orqan İddiaçı qanunvericilik baxımından əsaslı olmadığını nəzərə alaraq onun “mənzillə təmin olunmasına” dair iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulan xüsusi ümumtəhsil internat məktəblərinə şagird qəbulu rayon (şəhər) icra hakimiyyətinin qərarı əsasında, ümumi tipli ümumtəhsil internat məktəblərinə şagird qəbulu isə valideynin direktorun adına ərizəsi əsasında həyata keçirilir və hər iki tipdən olan ümumi təhsil müəssisələrinə qəbul üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli 176 nömrəli qərarı ilə müəyyən edilmişdir. Ümumi tipli ümumtəhsil internat məktəbləri valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmadığından həmin müəssisələrin məzunlarının valideynlərinə təhvil verilməsinə dair akt tərtib olunmur.
7. Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyası tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü tarixli məktubda qeyd olunmuşdur ki, 1979-1990-cı illərdə Göyçay şəhər Səməd Vurğun adına internat tam orta məktəbdə təhsil almış İddiaçı atası 1938-ci il təvəllüdlü X3, anası 1950-ci il təvəllüdlü X4 hal-hazırda sağdırlar və ünvan 1 ünvanında yaşayırlar. İddiaçı məktəbi bitirdikdən sonra valideynlərinə təhvil verilməsi ilə bağlı gimnaziyanın arxivində heç bir sənəd tapılmadı.
8. 12 iyul 1973-cü il tarixli, 346 nömrəli “Doğum haqqında akt qeydi”ndə bildirilmişdir ki, İddiaçı xx xxxx 1973-cü il tarixində anadan olmuşdur. X1, anası X2r.
9. Vət.İddiaçı barəsində Dövlət Arxivinin Bakı filialında saxlanılan Nizami rayon İcra Hakimiyyətinin 1253 nömrəli, 01 avqust 1996-cı il tarixli Sərəncamında qeyd olunur ki, Rayon İcra hakimiyyətinin vətəndaşların müstəsna qaydada pasport qeydiyyatına alınması üzrə komissiyası təqdim edilən sənədlərə əsasən müəyyən etmişdir ki, vət. K.M.Quliyeva həqiqətən İddiaçı xalasıdır. Vət. İddiaçı anadangəlmə şikəst olmaqla İİ qrup əlildir. Bakı şəhərində uzun müddət müalicəyə ehtiyacı vardır. Pensiya təminatının vaxtı-vaxtında əldə edilməsi və daimi həkim nəzarətində olması üçün Bakı şəhərində pasport qeydiyyatına alınmasına böyük ehtiyacı vardır. Onun həmin mənzilə pasport qeydiyyatına alınmasına mənzil kirayəsinin və onun ailə üzvlərinin yazılı surətdə razılıq ərizəsidir. Vət. İddiaçı müstəsna olaraq Q.Qarayev pr. 104 №-li evin 45-ci mənzilinə daimi pasport qeydiyyatına alınmışdır.
10. Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Nizami Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması barədə müraciəti üzrə inzibati araşdırılma aparılması üçün bir ay müddət təyin edilmişdir. Qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən aparılmış inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsi qərara alınmışdır.
12. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının valideyn himayəsindən məhrum olmuş təhsil müəssisəsindən məzun hesab olunmadığını nəzərə alaraq, mövcud inzibati aktın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir.
II. İddianın növü
13. Hazırki iddia məcburetmə haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.13-cü maddəsinə əsasən, uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aid edilmişdir.
16. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
17. Məhkəmə hesab edir ki, iddia cavabdeh qurumun nizamnaməsinə və müvafiq sərəncama əsasən yalnız ona xas olan fəaliyyətin həyata keçirilməsi ilə əlaqədardır. Bu zaman məhkəmə ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğunu nəzərə alır.
18. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci tarixli 492s nömrəli Sərəncamına əsasən sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarına mənzillərin verilməsi nəzərdə tutulmuşdur.
20. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
21. Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli qərarına əsasən Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir.
22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.13-cü bəndinə əsasən uşaqlar üçün dövlət sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının tabeliyindəki "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir.
23. Cavabdeh tərəfindən iddiaçının “Məzun evi" sosial xidmət müəssisəsində mənzillə təmin olunmasından imtina üçün əsas olaraq İddiaçı 18 yaşı tamam olmamış valideynlərinə təhvil verilmiş olması qeyd olunmuşdur.
24. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Məhkəmə hesab edir ki, sübutetmə yükünün müəyyən edilməsində eyni qayda öhdəliyin icrasına dair iddialara da aiddir.
26. Məhkəmə müəyyən edir ki, iddiaçının 18 yaşına çatmamış valideynlərinə təhvil verilməsi ilə bağlı hər hansı fakt müəyyən edilməmişdir. Belə ki, cavabdeh tərəfindən İddiaçı valideynlərinə təhvil verilmiş olması bildirilsə də, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
27. Digər tərəfdən məhkəmə tərəfindən verilmiş sorğulara əsasən İddiaçı məktəbi bitirdikdən sonra valideynlərinə təhvil verilməsi ilə bağlı Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyasının arxivində heç bir sənəd tapılmamış, eləcə də valideyninə təhvil verilməsinə dair akt tərtib olunduğu və ya hər hansı sənədləşmə aparıldığı müəyyən edilmir.
28. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
İddia təmin edilsin. İddiaçı "xxxx" sosial xidmət müəssisəsində mənzillə təmin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva