Məhkəmə qərarları › İş №2-1(112)-2294/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2294/2023

20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2294/2023 20.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MTK-nın cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “əmlakın geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MTK cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə qərarının mövcudluğunu nəzərə almadan çoxmənzilli binada söküntü işləri aparmışdır. Nəticədə iddiaçı maddi zərərə uğramışdır ki, iddiaçı hesab edir ki, həmin zərər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək iddiaçıya dəymiş 400 min manat məbləğində (pəncərə və liftin sökülməsinə görə) maddi ziyanın cavabdeh tutularaq iddiaçıya ödənilməsini xahiş etmiş, ərizə protokol qaydasında məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Sonradan iddiaçı tələbə dəqiqləşmə verərək ünvan 1 ünvanında yerləşən sökülən binada olmuş İddiaçı firmasına məxsus cavabdeh tərəfindən sökülmüş 1 ədəd işlək vəziyyətdə olmuş “Sigma” markalı cavabdeh tərəfindən əsas hissələri (motor və s) götürülməsi nəzərə alınmaqla liftin işlək vəziyyətə gətirilməsi üçün həmin liftin götürülmüş hissələrinin geri qaytarılması, 1 ədəd işlək vəziyyətdə olan iddiaçıya təhvil verilməmiş “Sigma” markalı liftin həmin vəziyyətdə geri qaytarılmasının cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçının cavabdehə ünvanlanmış məktubundan görünür ki, cavabdehin pəncərə vitrin, qazanxana, lift və binanın tərkib hissəsinə cavabdeh tərəfindən zərər vurulmuşdur ki, məhkəmə qərardadı ilə həmin söküntü işləri cavabdehə qadağan edilmişdir. Cavabdehə ünvanlanmış 12 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə müraciət edərək ünvan 2 ünvanında sökülmüş binadan sökülmüş liftin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan həmin liftlərə dair sənədlərdən görünür ki, lift iddiaçıya məxsus olmuşdur. Cavabdehin məhkəməyə ünvanladığı məktubdan görünür ki, iddiaçıya məxsus 2 ədəd lift sökülərək Bakı şəhəri "xxxx" dairəsinin həyətində yerləşdirilmiş, eyni zamanda MTK-nın texniki nəzarətçisinə bu barədə məlumat verilmişdir. Məhkəmənin adı çəkilən "xxxx" İB-yə sorğusuna cavab olaraq Birlik tərəfindən təqdim edilən məktubdan görünür ki, iddiaçıya məxsus lift Birlik tərəfindən sökülməmiş və onların anbarına təhvil verilməmişdir. Cavabdeh tərəfindən növbəti məktubda qeyd edilmişdir ki, adıçəkilən 2 ədəd sökülmüş lift MTK-nın texniki nəzarətçisinə təhvil verilmişdir. İddiaçının aidiyyəti polis şöbəsinə müraciətində qeyd edilmişdir ki, iddiaçıya məxsus olan 2 ədəd lift sökülmüşdür ki, həmin liftin geri qaytarılmasına köməklik göstərilməlidir. Cavabdehə ünvanlanan digər bir məktubla da adıçəkilən liftlərin məhkəmə qərardadı olmasına baxmayaraq sökülməsindən narazılıq bildiririlərək liftin geri qaytarılması və ya ziyanın ödənilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin məhkəməyə ünvanlanmış rəyindən görünür ki, qeyd olunan liftlərin istismar olunmuşların dəyəri cari vəziyyətindən asılı olaraq 25000-40000 ABŞ dolları arasında dəyişir. İddiaçı, MMC və Lift Montaj İdarəsinin tərtib etdiyi aktdan görünür ki, İdarədə iddiaçıya məxsus liftlər aşkar edilməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, 02 ədəd iddiaçıya məxsus “Sigma markalı liftin söküldüyü vaxt işlənmiş vəziyyətdə orta bazar dəyəri təxminən 110500 manat (biri 55250 manat) müəyyən edilir. Qeyd olunmalıdır ki, AR İPM-nin: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; “İnzibati icraat haqqında” Qanunun: 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 109.1. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Mənzil Məcəlləsinin: 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi yaşayış və qeyri-yaşayış sahələri kimi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən də liftlər ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur ki, həmin şəxslərin adından çıxış edən Mənzil Tikinti Kooperativinə, yəni ümumi paylı mülkiyyətçilərə məxsus olmuş əmlakın geri qaytarılmasına dair MTK tərəfindən iddianın qaldırılmasına mahiyyəti üzrə baxılması istisna təşkil etmir. İşin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçıya məxsus olmuş 2 ədəd lift məhkəmənin qərardadına baxmayaraq sökülmüşdür ki, iddiaçı əvvəlcə həmin liftlərin geri qaytarılması barədə iddia qaldırmış, lakin həmin liftlərin cavabdehdə naturada mövcud olması nəzərə alınmaqla tələbə dəqiqləşmə verərək sökülmüş vəziyyətdə olan, yəni işlək vəziyyətdə olan liftlərin göstərilən vəziyyətdə geri qaytarılmasını tələb etmişdir. Bu zaman iddiaçı tərəfindən cavabdehə liftin sökülməsinə dair məhkəmə icraatına qədər müraciətlərinin mövcud olması, eləcə də məhkəmə icraatı gedişində də müraciətlərinin mövcud olması nəzərə alınmaqla həmin növ iddiaya baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan sənədlərdən isə görünür ki, cavabdeh liftlərin sökülməsini məktubları ilə qəbul etmiş, lakin sökülmüş liftlərin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "xxxx" İB-nin anbarına təhvil verildiyini qeyd etmişdir. Lakin, məhkəmə sorğuları əsasında təqdim edilən məktubdan, eləcə də tərtib edilmiş aktlardan görünür ki, cavabdehin həmin məlumatı həqiqəti əks etdirməmişdir. Sonradan isə cavabdeh məhkəməyə məlumat verərək həmin liftlərin iddiaçıya təhvil verildiyini bildirmişdir ki. Təhvil-təslim barədə hər hansı sənəd təqdim edilməmiş, iddiaçı da həmin məlumatların həqiqəti əks etdirmədiyini, bir ədəd liftin ümumiyyətlə geri qaytarılmadığını, digər liftin isə əsas hissələri cavabdeh tərəfindən götürülmüş yararsız vəziyyətdə olan hissəsinin geri qaytarıldığını bildirərək iddia tələbinə dəqiqləşmə vermişdir. Qeyd olunmalıdır ki, sübutetmə baxımından bir liftin ümumiyyətlə geri qaytarılmaması, digər liftin isə əsas hissələrinin (motor və s) cavabdeh tərəfindən götürülməsinə münasibətdə məhkəmə iddiaçının mövqeyi ilə razılaşır. Belə ki, cavabdeh tərəfindən bunun əksi barədə hər hansı məlumat verilməmiş, əksinə liftlərin hər ikisinin sökülməsi etiraf edilmiş, sökülən liftlərin ilk olaraq İB-yə təhvil verildiyi, daha sonra isə iddiaçının özünə təhvil verilməsi barədə bir-biri ilə ziddiyyət daşıyan ifadələr işlədilmişdir ki, iddiaçı isə təhvil-təslim aktı mövcud olmamasına baxmayaraq faktiki olaraq bir liftin əsas hissələri (motor və s) istisna olmaqla yararsız hissələrinin geri qaytarıldığını, digər liftin geri qaytarılmadığını qeyd etmişdir ki, məhkəmə iddiaçı tərəfindən hər iki liftin təhvil-təslim aktı olmamasına baxmayaraq iddiaçı tərəfindən məhkəmədən tələb edə biləcəyi halda tələb etməməsinə münasibətdə işin faktiki halının qeyd olunan formada olması qənaətindədir. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göründüyü kimi adıçəkilən liftlərin hər ikisinin məhkəmə qərardadına əhəmiyyət verilmədən sökülməsi, birinin ümumiyyətlə iddiaçıya geri qaytarılmaması, digərinin isə əsas hissələrinin geri qaytarılmaması iş materialları ilə öz təsdiqini tapmışdır ki, əmlakın ümumi paylı mülkiyyətçilərinə məxsus liftlərin geri qaytarılması barədə iddia qaldırmaq səlahiyyətinə malik olan iddiaçının həmin liftləri tələb etməsi qanuni və əsaslı sayılmalıdır. Belə ki, həmin liftlər cavabdehə məxsus olmamaqla mülkiyyətçilərinə geri qaytarılmalıdır. Bu istiqamətdə verilmiş iddia da bu səbəbdən qanuni və əsaslıdır. Göründüyü kimi iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən sökülən binada olmuş İddiaçı MTK-ya məxsus cavabdeh tərəfindən sökülmüş 1 ədəd işlək vəziyyətdə olmuş “Sigma” markalı cavabdeh tərəfindən əsas hissələri (motor və s) götürülməsi nəzərə alınmaqla liftin işlək vəziyyətə gətirilməsi üçün həmin liftin götürülmüş əsas hissələrinin geri qaytarılması, 1 ədəd işlək vəziyyətdə olan iddiaçıya təhvil verilməmiş “Sigma” markalı liftin həmin işlək vəziyyətdə İddiaçı MTK-ya geri qaytarılması öhdəliyi cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar