Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2321/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1, 3-cü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər Bakı İslam Universiteti və Qafqaz Müsəlmanlar İdarəsi) “ali təhsil haqqında sənədin, Bakı İslam Universitetinin verdiyi diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər Bakı İslam Universiteti və Qafqaz Müsəlmanları İdarəsi olmaqla) Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ali təhsil haqqında sənədin, Bakı İslam Universitetinin verdiyi diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 09 avqust 2021-ci il tarixli Qərardadı əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxslər: Bakı İslam Universiteti və Qafqaz Müsəlmanlar İdarəsi) “ali təhsil haqqında sənədin, Bakı İslam Universitetinin verdiyi diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(116)-1197/2021 saylı inzibati işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş Bakı İnzibati məhkəməsinə daxil olduqdan sonra bir sıra qanunauyğun prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası 26 aprel 2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi əsasən onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmətini tamamladıqdan sonra 2004-cü ildə Bakı İslam Universitetinin Zaqatala şöbəsinə (red. BİU) ilahiyyat fakültəsinə qəbul olmuşdur. 2009-cu ildə təhsilini başa vurmuşdur. Lakin cavabdeh onun diplomunu heç bir hüquqi əsas olmadan tanımır və bununla əlaqədar müfəssəl izahat vermir ki, səbəb nədir. Dəfələrlə cavabdehə müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəfindən təqdim olunan etiraz ərizəsində aşağıdakılar bildirilir. Etiraza görə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Bakı İslam Universitetinin müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilməsi üçün dövlət nümunəli diplom blankının Bakı İslam Universitetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” məhkəməyə müraciət etmişdir. O iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə Bakı İslam Universitetinə qəbul olunaraq, 2009-cu ildə oranı bitirmiş və ona “dinşünaslıq” ixtisası üzrə diplom verilmişdir. Lakin həmin diplom blankı dövlət nümunəli olmadığından yeni diplom blankının verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Bildirilir ki, iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 782 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 143 nömrəli Fərmanına və Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli 1226 saylı əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində dinşünaslıq ixtisası, magistr pilləsi üzrə Dinlərin tarixi və İslamşünaslıq ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Həmin vaxtdan qeyd olunan ali təhsil müəssisəsində ali təhsilin dövlət standartlarına uyğun hazırlanmış tədris planları əsasında bakalavr pilləsində dinşünaslıq”, magistr pillsində “dinlərin tarixi” və “islamşünaslıq” proqramları üzrə kadr hazırlığı aparılır. BİU yalnız 2010-cu ildən başlayaraq tələbə qəbulunu qanunvericiliyə uyğun olaraq TQDK vasitəsi ilə aparmışdır. Bu səbədən də 2014-cü ildən etibarən TN-yi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli təhsil sənədləri verilməyə başlanmışdır. Cavabdeh bildiririr ki, Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 16.3-cü maddəsinə əsasən, təhsil müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə (müvafiq olaraq bu Qanunun 16.1 -ci maddəsində nəzərdə tutulmuş müddətlərdən az olmamaq şərti ilə) uzadılması üçün hüquqi təminat yaradır. Qanunun 16.4-cü maddəsinə görə, Təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin-sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə, Azərbaycan Respublikasında hüququ şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Qeyd olunanlara əsasən cavabdeh bildirir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli təhsil sənədi deyildir. Buna da səbəb iddiaçının 2004-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmasıdır. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1 -ci bəndinə əsasən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Eyni zamanda cavabdeh qeyd edir ki, həmin dövrdə qüvvədə olan (1992-ci il tarixli) “Azərbaycan Respublikasının Təhsil Qanunu”nun 8-ci maddəsinə əsasən, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökümət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Lakin təqdim olunmuş iddiaçıya məxsus diplom blankının nümunəsindən görünür ki, BİU-nin məzunlarına verilən diplom blanklarının nümunələri qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələbinə görə, ali təhsil müəssisələrinin məzunlarına verilən diplom blankının nümunəsi hökümət tərəfindən təsdiq edildiyi halda, BİU-nin məzunlarına verilən diplom blankının nümunəsi isə BİU tərəfindən təsdiq edilmişdir. Bu da qanunvericiliyin tələbinin kobud şəkildə pozulmasıdır. BİU-nin belə bir səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Təlimatın 2.1-ci bəndində qeyd edilir ki, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələri üçün müvafiq təhsil sənədlərinin hazırlanması işinin təşkili yalnız Təhsil Nazirliyi tərəfindən mövcud qanunvericilik əsasında həyata keçirilir. Bu normalardan göründüyü kimi, məzunlara verilən diplom blanklarının hazırlanması işi yalnız Təhsil Nazirliyinə məxsus olmuşdur. Həmin dövrdə qüvvədə olan Qanunun 5-ci maddəsinə görə, Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Lakin dini təhsil müəssisəsinin fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməli idi. Bununla əlaqədar cavabdeh bildirir ki, Bakı İslam Universiteti lisenziya almaq üçün 1998-ci ildə Təhsil Nazirliyinə müraciət edə bilərdi. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli, 112 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalar”ının 1.2-ci bəndinə əsasən Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra “ərizəçilər”) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutularının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Qaydaların 1.3cü bəndinə görə, ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİUnun fəaliyyəti qanunsuz olduğundan iddiaçının adına dövlət nümunəli təhsil sənədinin verilməsinə heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1.inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2 inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, BİU yalnız dövlət qeydiyyatına alınmaqla kifayətlənmiş, qanunvericiliyin digər tələblərinə əməl etməmişdir. Belə ki, BİU tərəfindən tələbə qəbulunun daxili müsabiqə əsasında təşkil etməsi, tədris olunan ixtisasların AR Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması, BİU- nə qəbul planının Nazirlər Kabineti tərəfindən təsdiq edilməməsi, tədris proqramının TN- yi tərəfindən təsdiq edilməməsi, buraxılış Atestasiya Komisiyyalarının sədrlərinin TN-yi tərəfindən təsdiq edilməməsi, diplom blanklarının nümunələrinin BİU tərəfindən təsdiq edilməsi, BİU-nin 2009-cu ilə qədər lisenziyasız fəaliyyət göstərməsi, qanunsuz olaraq pegionlarda BİU-nin şöbələrinin yaradılması, BİU-nin hal-hazıradək akkreditasiyadan keçməməsi onun verdiyi təhsil sənədinin hüquqi əsasının olmadığını bir daha təsdiq edir. Ona görə də, iddiaçının adına diplom blankının verilməsinə heçbir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. 3-cü şəxs Bakı İslam Universitetinin nümayəndəsi məhkəməyə iddiaya dair yazılı izahat təqdim edərək bildirmişdir ki, Ali dini təhsil müəssisəsi olan hazırki Bakı İslam Universiteti (BİU) keçmiş SSRİ Nazirlər Soveti yanında X8 17 yanvar 1989-cu il tarixli 2 nömrəli protokoluna əsasən, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı İslam Mədrəsəsi kimi fəaliyyətə başlamışdır. Qafqaz Müsəlmanları İdarəsinin 14 yanvar 1991-ci il tarixli 02 nömrəli əmrinə əsasən, bu təhsil müəssisəsinin bazasında Bakı İslam İnstitutu yaradılmışdır. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 01 mart 1994-cu il tarixli qərarı ilə Bakı İslam İnstitutunun adı dəyişdirilərək, Qafqaz İslam Universiteti adlandırılmış və onun Nizamnaməsi dövlət qeydiyyatına alınmışdır. Qafqaz İslam Universiteti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 17 mart 1997-ci il tarixli 738855 № li qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universiteti kimi yenidən dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikası Prezitentinin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası X10 üzrə Dövlət Komitəsi yaradılmış və dini təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması səlahiyyətləri həmin Komitəyə verilmişdir. Komitənin 27 iyun 2002-ci il tarixli 163 № li Sərəncamına əsasən, Bakı İslam Universiteti 135 saylı Şəhadətnamə ilə yenidən dövlət qeydiyyatına alınmışdır.Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Bakı İslam Universiteti yarandığı gündən bütün fəaliyyəti dövründə respublikamızda dini təhsillə bağlı mövcud olan qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumlarından qeydiyyatdan keçməklə fəaliyyət göstərmişdir. BİU-nun yaranması və fəaliyyəti əsasən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ( 20 avqust 1992-ci ildə qəbul edilmişdir) ilə nizamlanmışdır. Belə ki, həmin Qanunun dini təhsillə bağlı 10-cu maddəsində qeyd edilir: “Din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələri yalnız dini mərkəz və idarələr yarada bilərlər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris müəssisəsi yarada bilməz. Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil müəssisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və güzəştlərdən istifadə edirlər”. Qanuna müvafiq olaraq Bakı İslam Universiteti respublikada ilk və yeganə ali dini tədris müəssisəsi kimi Qafqaz Müsəlmanları tərəfindən yaradılmışdır. Universitetin bütün fəaliyyəti dövründə tələbə və məzunlar Qanunla onlara verilmiş hüquq və güzəştlərdən istifadə etmişlər. Lisenziya verilənə qədər universitetə qəbul BİU-nin Nizamnaməsinə uyğun olaraq aparılmış və 2015-ci ilədək məzunlara Universitet adından diplomlar verilmişdir. 2002-ci ildə X10 üzrə Dövlət Komitəsində qeydiyyata alınan həmin Nizamnamənin 4.3 bəndinə əsasən ’’Universitetə qəbul orta ümumtəhsil məktəblərini müvəffəqiyyətlə bitirənlər, eləcə də ali və orta ixtisas təhsili olan şəxslər arasında müsabiqə yolu ilə aparılır. Müsabiqə, iştirakçıların biliklərinin, düşüncə qabliyyətlərinin və yaradıcı təfəkkür imkanlarının müsahibə, imtahan və xüsusi metodika yolu ilə yoxlanılmasına əsaslanır”. Bakı İslam Universiteti 2002-ci ildə X10 üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınarkən Nizamnaməsinin təsdiqi zamanı mövcud qanunvericilikdə dini təhsilin lisenziyalaşdırılması nəzərdə tutulmadığından, Komitə tərəfindən lisenziya alınması və Universitetə qəbulun TQDK (hazırki DİM ) tərəfindən test üsulu aparılması barədə heç bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasında 2009-cu ilədək mövcud qanunvericilikdə dini təhsil müəssisələrinin lisenziyalaşdırılması nəzərdə tutulmadığından Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinin fəaliyyətinə lisenziya verilməmişdir. Ona görə Universitetin lisenziyadan əvvəlki iyirmi illik fəaliyəti Təhsil Nazirliyinin nümayəndəsinin iddia etdiyi kimi qanunsuz sayıla bilməz. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2009-cu ildə dini təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı imzalanmış bir Qanun və iki Fərmanla bu sahədə qanunvericilik bazası yaranmışdır. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə 08 may 2009-cu il tarixli Azərbaycan Respublikasının Qanununa, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli 97 nömrəli Fərmanına və “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 avqust 2009-cu il tarixli, 143 nömrəli Fərmanına uyğun olaraq ali dini və dini orta ixtisas tədris müəssisələrinin lisenziyalaşdırılması zəruri hesab edilmişdir. Həmin Fərmanla xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına dini orta ixtisas tədris müəssisələri (Sıra №-si 17.4 ) və ali dini tədris müəssisələri (Sıra №-si 17.5 ) əlavə edilmiş və lisenziya alınması üçün ödənilən dövlət rüsumların məbləği müəyyən edilmişdir. Göstərilən qanunvericilik aktlarına uyğun olaraq, BİU-nun təsisçisi QMİ-nin müraciəti əsasında universitetin fəaliyyətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 26 avqust 2009-cu il tarixli, 031991 nömrəli lisenziya verilmişdir. 2010/2011 tədris ilindən başlayaraq Bakı İslam Universitetinə tələbə qəbulu X6 (DİM) tərəfindən aparılır. Təhsil Nazirliyi 2014-cü ildən başlayaraq, yalnız TQDK-nın(indiki DİM) xətti ilə qəbul olunmuş məzunlara dövlət nümunəli diplomlar vermişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) veriməsi haqqında Qaydaların 3.1-1. bəndində əsasən: “Təhsil fəaliyyətinə (dini təhsil müəssisələrinin fəaliyyəti istisna olnıaqla) verilən lisenziyanın müddəti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.” Bu Fərmanda da dini təhsil müəssisələrinin fəaliyyətinin lisenziyalaşdırılması nəzərdə tutulmayıb. Əlavə olaraq qeyd etmək istərdim ki, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” da dini təhsil müəssisələrinə şamil edilmir. Beləki, həmin Qanunun 2-ci maddəsinin 3-cü bəndinə əsasən:”Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən Bakı İslam Universitetinin hüquqi statusu ilə bağlı 2005 və 2016-cı illərdə verilmiş rəyləri müqayisə etdikdə də 2009-cu ilədək mövcud olan qanunvericiliklə dini təhsil fəaliyyətinin lisenziyalaşdırılması nəzərdə tutulmadığı görülür. Beləki 2005-ci ildə veriliş rəydə lisenziya barədə heç bir kəlmə olmadığı halda, 2016-cı ildəki rəyin son bəndində qeyd edilir ki, “Eyni zamanda həmin Qanuna (“Dini etiqad azadlığı haqqında” nəzərdə tutulur) 08 may 2009-cu il tarixdə edilmiş dəyişikliyə əsasən dini tədris müəssisələri Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada X10 üzrə Dövlət Komitəsinin rəyi nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər.” Universitetin tələbə və məzunları Qanuna müvafiq olaraq təhsil aldıqları müddətdə hərbi xidmətdən möhlət, sosial müavinətlər almaq, məzun olduqdan sonra isə universitet tərəfindən verilmiş diplomlarla ali təhsilli şəxslər kimi birillik hərbi xidmət çəkinək və doktoranturada təhsillərini davam etdirmək kimi hüquq və güzəştlərdən istifadə etmişlər. Məzunlar həmin diplomlarla AMEAnın institutlarında elmi iş götürərək müdafiə etmişlər, Azərbaycan Respublikası Prezidenti X5 Komissiyası tərəfindən həmin məzunlara fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi və dosent elmi adları və diplomları verilmişdir. TQDK (indiki DİM) xətti ilə daxil olmuş tələbələlə bərabər, lisenziyadan əvvəl universitetin nizamnaməsinə uyğun olaraq qəbul edilmiş tələbələrdə Təhsil Nazirliyinin razılığı ilə başqa universitetlərə köçürülmüşlər. Nazirlik tərəfindən həmin köçürülən tələbələrə də heç bir fərq qoyulmadan dövlət nümunəli akademik arayış blankları verilmişdir. Lakin Universitetə həmin tələbələrlə eyni ildə daxil olan məzunlara dövlət nümunəli diplom blankları almaq mümkün olmamışdır. Hətta təhsilinin cox hissəsini Universitetin lisenziyalı faliyyəti dövründə alan məzunlara da dövlət nümunəli diplomlar verilməmişdir. Bu səbəbdən universitet məzunlarına öz diplomlarını vermək məcburiyyətində qalmışdır. Bakı İslam Universitetinin təhsildə fərqlənən tələbələri 1995-ci ildən başlayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu əsasında müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən universitetlər tərəfindən Azərbaycan Respublikasına ayrılan təqaüdlərə uyğun olaraq təhsillərini həmin ölkələrdə davam etdirmişlər. 1989-cu ildən fəaliyyət göstərən Bakı İslam Universitetinə həmişə dövlət dəstəyi göstərilmişdir. 2015-ci ildə TQDK(indiki DİM) sədrinin göstərişi əsasında lisenziyadan əvvəl təhsil almış məzununların (2005-2009 cu illər) şəxsi və diplom məlumatlarını “Tələbə-məzun” dövlət elektron məlumat sistemində yerləşdirdikdən sonra məzunlar çox rahat şəkildə magistraturaya, doktoranturaya və dövlət qulluğuna qəbulla bağlı müsabiqələrdə iştirak edirdilər. Lakin 2016-cı ildən Təhsil Nazirliyinin müraciəti əsasında məzunların həmin sistemə girişinə qadağa qoyulmuş bu isə məzunların, valideynlərin narazılıqlarına və onların müxtəlif dövlət qurumlarına, məhkəmələrə çox saylı müraciətlərinə səbəb olmuşdur. Bildirilir ki, məhkəmə çəkişmələrindən sonra Təhsil Nazirliyi tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Bakı Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarını icrası təmin edilmişdir. Belə ki, məzunlardan birinin BİU tərəfindən verilən diplomu (28 yanvar 2021-ci il tarixdə) dövlət nümunəli diplom blankı ilə əvəz edilmişdir. Yüxarıda qeyd olunanları nəzərə alaraq Bakı İslam Universitetinin məzunu İddiaçıh oğlunun Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” ilə bağlı iddiasının təmin edilməsi barədə Qərar verilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi X4 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Qafqaz Müsəlmanları İdarəsi Bakı İslam Universiteti tərəfindən verilmiş 25 iyun 2009-cı il tarixli 1382 saylı Diplomun kserosurətindən görünür ki, İddiaçı 2004-cü il tarixdə Bakı İslam Universitetinin axund-imam, islamşünas, şəriət müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycn Respublikası Təhsil Nazirliyi tərəfindən iddiaçının müraciətinə baxılmış və 24 may 2021-ci il tarili məktubla bildirilmişdr ki, Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarından Təhsil Nazirliyinə daxil olmuş eyni məzmunlu müraciətlərə (xx.xx.2021-ci il tarixli kol-5024 nömrəli, xx.xx.2021-ci il tarixli kol-5200 nömrəli) cavab olaraq bildirilir ki, 2010-cu ilə qədər Bakı İslam Universitetinə və Universitetin respublikanın bir neçə regionunda fəaliyyət göstərən şöbələrinə qəbul olunmuş və təhsilini başa vuraraq dövlət nümunəli olmayan diplom almış şəxslərin təhsil sənədlərinin tanınması məsələsinə hər bir halda fərdi şəkildə məhkəmənin qərarı əsasında bildirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı 2004-cü ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunaraq orada 5 (beş) il təhsil alandan sonra 2009-cu ildə Universiteti bitirmişdir. Bu barədə BİU tərəfindən “axund-imam, islamşünas, şəriət müəllimi” ixtisasını bitirməyi barədə 25 iyun 2009-cu il tarixli 1382 №-li diplom verilmişdir. İddiaçı diplom blankının verilməsi üçün Təhsil Nazirliyinə müraciət müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçının təhsil aldığı dövrdə, 2004-2009-cu illər ərzində qüvvədə olmuş 1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanunun (10 iyul 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür) tələbi baxımından Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Həmin Qanunun 8-ci maddəsinə müvafq olaraq təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsil Nazirliyi verir. Halbuki hazırki işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya məxsus diplom blankı Xalq Təhsil Nazirliyi tərəfindən verlən diplom blankı deyil, BİU-nun özü tərəfindən tərəfindən təsdiq edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 1998-ci il tarixli 112 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ali və orta ixtisas müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, Təhsil Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslərə (bundan sonra ərizəçilər) ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyət növünü həyata keçirməyə icazə verən sənəddir. Həmin Qaydaların 1.3-cü bəndinə görə Ərizəçilər yalnız Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən fəaliyyət növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər. İşin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar»a, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 143 nömrəli Fərmanına əsasən və Təhsil Nazirliyinin xx.xx.2009-cu il tarixli 1018 saylı əmri ilə Bakı İslam Universitetinin fəaliyyətinə dünyəvi təhsil müəssisəsi kimi (bakalavr pilləsində “Dinşünaslıq” ixtisası, magistr pilləsi üzrə “Dinlərin tarixi” və “İslamşünaslıq” ixtisaslaşdırılması üzrə) 5 il müddətinə lisenziya verilmişdir. Bakı İslam Universitetinə 5 illik lisenziya verilsə də, fəaliyyət göstərdiyi müddət ərzində ali təhsil müəssisəsinin akkreditasiyası aparılmamışdır. Halbuki, «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunun 16.4-cü maddəsinə görə, təhsil müəssisəsinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş qaydada yaratdığı dövlət akkreditasiya xidməti həyata keçirir. Akkreditasiya müvafiq keyfiyyət sənədinin - sertifikatın verilməsi ilə başa çatır. Həmin Qanunun 16.5-ci maddəsinə görə isə, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Bakı İslam Universiteti tərəfindən 2014-cü ilədək məzunlara verilmiş diplomlar dövlət nümunəli sənədlər olmamışdır. Belə ki, həmin dövrədək Bakı İslam Universitetinin fəaliyyəti qanuni olmadığından Təhsil Nazirliyi tərəfindən Universitetə dövlət nümunəli diplom blankları verilməmişdir. İş materiallarından müəyyən olunur ki, yalnız, 2014-cü ildən etibarən Təhsil Nazirliyi tərəfindən Bakı İslam Universitetinə dövlət nümunəli sənədlər verilməyə başlanmışdır. Digər tərəfdən işin hallarından müəyyən olunur ki, iddiaçı 2001-ci ildə daxili müsabiqə yolu ilə Bakı İslam Universitetinə qəbul olunmuşdur. Halbuki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 21-ci maddəsinin tələblərinə müvafiq olaraq ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan cox mühüm dövlət tədbiridir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti (TQDK) tərəfindən müəyyən edilən qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına Bakı İslam Universiteti tərəfindən yazılmış diplom blankı dövlət nümunəli sənəd hesab edilə bilməz. Buna səbəb iddiaçının 2001-ci ildə daxili test imtahanvermə yolu ilə Bakı İslam Universitetinə qəbul olunması və ona verilən diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilməməsidir. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçıya verilmiş diplom blankının hüquqi əsasının olmadığı məhkəmə araşdırması nəticəsində müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2321/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2321/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver