Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2444/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, uşaqlıqdan əlildir və 28 fevral 1989-cu il tarixli Ser BTЭ-5 № 098126 seriyalı Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən İİ dərəcəli əlillik müəyyən edilmişdir və həmin dərəcə ilə müavinət alır. Halhazırda valideynləri öldüyünə görə “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq atasının və ya anasının əmək pensiyasının ona təyin edilməsi ilə bağlı cavbdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətindən imtina olunmuşdur. İmtinanın əsası kimi, əlilliyinin 18 yaşından sonra (xx.xx.1986-cı il tarixdən sonra) müəyyən edilməsi göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş Tibbi-sosial ekspert komissiyasının rəyindən müəyyən olunur ki, əlilliyi 18 yaşından sonra qeydiyyata alınsa da əlillik onda uşaqlıqdan mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ikinci qrup əlildir. X1 və anası X2 əvvəllər yaşa grə əmək pensiyası təyin edilərək ödənilmişdir. İşin hallarından görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlillik təyin edimişdir. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyini üçün 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli idi. İş materiallarında olan sənədlər əsasında iddiaçının ikinci dərəcəli əlil olması, əlilliyin səbəbinin uşaqlıqdan yazıldığı müəyyən edilsə də, lakin həmin əlilliyin iddiaçıya ilkin olaraq xx.xx.1991-ci il tarixdə, yəni 18 yaşına çatanadək deyil, 18 yaşından sonra (23 yaşında) təyin edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs kateqoriyasına daxil deyildir və həmin əsasla ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilə bilməz. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X5 ilə Babaşova Zabuta Kamran qızı olan xx.xx.1968-ci il təvəllüdlü İddiaçı doğumunun Füzuli rayon qeydiyyat şöbəsində qeydiyyata alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 12 oktyabr 2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (Füzuli rayonu, müavinət işi № 620006) aid sosial müavinət ödənişinə dair inzibati icraat materiallarında olan: - Azərbaycan SSR Sosial Təminatlar Nazirliyinin Füzuli rayon TSEK-nin Ser BTЭ-4 seriyalı 095606 №li arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci il tarixdən İİ dərəcə əlillik təyin edimişdir. - Sosial Müdafiə Mərkəzinin Qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə müvafiq olaraq İddiaçı İİ qrup uşaqlıqdan əlilliyinə görə ailə üzvünə xx.xx.1993cü ildən 500 (beş yüz) manat məbləğində pensiya təyin olunmuşdur. - X4 DSMF Sabirabad rayon şöbəsinin 1642 №li qərarı ilə xx.xx.1994-cü ildən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.1991-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbilə müddıətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı İİ qrup əlilliyə görə müavinət təyin edilmiş və ödənilməkdədir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-1/2-H-138532/2/2023 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, müavinət işinə dair sənədlərdə olan Ser. BTЭ -5 095606 saylı Tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışa əsasən İİ dərəcə əlilliyi 18 yaşından (xx.xx.1986-cı il tarixdən) sonra müəyyən olunduğu üçün ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əsas anlayışlar. 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. ... Maddə 3. Əmək pensiyası təminatı hüququ. 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4. Əmək pensiyasının növləri və tərkibi. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: ... 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası .... Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri. 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: ...... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2.-ci maddəsinin təhlili onu göstərir ki, 18 yaşından yuxarı əlilliyi olan şəxs kimi iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün onun 18 yaşına çatanadək əlilliyi müəyyən olunalı idi. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlü olmaqla, onun 18 yaşı xx.xx.1986-ci il tamam olmuşdur. İddiaçıya ilk dəfə əlillik dərəcəsi xx.xx.1991-ci il tarixdən (yəni 18 yaşından sonra (23 yaşında) təyin edilmişdir və iddiaçı tərəfindən uşaqlıqdan əlil olmasına istinad olunsa da qeyd olunan qərar ötən müddət ərzində mübahisələndirilməmişdir. Bununla məhkəmə hesab edir ki, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun qazanılması üçün əlilliyinin 18 yaşınadək müəyyən olunması ilə bağlı şərti ödənilmədiyi üçün cavabdeh tərəfindən iddiaçının müraciətlərindən qanuni və əsaslı olaraq imtina edildiyindən, iddiaçının ona pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin olunmamalıdır. NƏTİCƏ HİSSƏSİ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2444/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2444/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver