Məhkəmə qərarları › İş №2-1(112)-245/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-245/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-245/2021 30.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçı Hüseynov İlqar Sultan oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası idmançı, işləmir), cavabdehin nümayəndəsi Nuriyev Hüsü İbad oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, məsləhətçi işləyir) iştirakı ilə, iddiaçı Hüseynov İlqar Sultan oğlunun cavabdeh Bakı şəhəri Cavabdehə qarşı zərərin ödənilməsi tələbi barədə inzibati işə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “xxxx” MMC cəlb edilməklə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynov İlqar Sultan oğlu cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia qaldıraraq yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 95250 manat pulun və mağazanın bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2350 manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,Bakı şəhəri Nərimanov rayonu, X11 küçəsi, 50 ünvanda inşa edilən yaşayış binasının 1-ci mərtəbəsində ayrılmış 162,5 kv metrdən ibarət qeyri-yaşayış sahəsi zirzəmi “xxxx” MMC-dən müqavilə əsasında alınmışdır.İddiaçı həmin zirzəmidə qədim mebel və digər əşyalarla ticarət mağazası fəaliyyəti ilə məşğul olmaq niyyətində olmuşdur.Tamamlama işləri başa çatarkən 03.06.2019-cu ildə saat 9 radələrində Nərimanov rayon İcra hakimiyyəti tərəfindən binasının arxasında naməlum tikinti işləri aparılarkən mağazanın 9-10 metr uzunluğunda divarı ağır tonnajlı texnika ilə uçurulmuşdur. Mağazanın işçilərinin və vətəndaşların narazılığına baxmayaraq Cavabdehin işçiləri tərəfindən buldozerin çömçəsi ilə mağazanın divarına 2-3 zərbə endirilmişdir. Zərbə nəticəsində 9-10 metr uzunluqda divar uçmuş, divarın arxa tərəfində olan mebel əşyaları, çilçıraqlar, qədim servislər, şəkillər və çini fiqurlar dağılmış və sındırılmışlar.Beləliklə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının mağazasında olan əmlaklar yararsız vəziyyətə düşmüşlər.Həmin əşyaların ümumi dəyəri 95250 manat təşkil edir. Azyaşlı uşağın xəsarət alması barədə ekspert rəyi də mövcuddur. Mağazanın bərpası üçün çəkilən xərclər də 2350 manat təşkil edir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncama əsasən cavabdeh iddia tələbinə dair etirazını təqdim edərək göstərmişdir ki, sözügedən mübahisəli ərazidə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun Nərimanov RİH başçısının 10.03.2010cu il tarixli,67 nömrəli və 18.03.2010-cu il tarixli, 248 nömrəli sərəncamları ilə “xxxx” MMCyə Bakı şəhəri, Mirəli Qasqay küçəsi,97, Azadlıq prospekti,114 və Möhsün Sənani küçəsi, 45/55 nömrəli ünvanlarda yerləşmiş çoxmənzilli binaların həyətyanı sahələrində (həyətlərində) biznes mərkəzinin tikilməsinə icazə verilmişdir.MMC tərəfindən tikinti işlərinə başlanmış, tikintialtı kotlovan qazılmış, tikinti-quraşdırma işləri başa çatdırılsa da MMC tərəfindən qazılmış kotlovan doldurulmadığına görə zibil poliqonuna çevrlmiş və həmin ərazidə yaşayan bütün sakinlərin haqlı narazılıqlarına səbəb olmuşdur.Dövlət qurumlarının şifahi göstərişinə əsasən MMC tərəfindən qazılmış olan kotlovan hissəsi ictimaiyyətin və rayon MKTB işçilərinin köməyi ilə doldurulmuşdur.Həmin ərəfədə iddiaçının istifadəsində olan zirzəmi hissəsindəki qeyri-yaşayış sahəsinin kotlovanına baxan, qalınlığı 8 sm olan 1 qat boşluqlu kərpicdən hörülmüş olan dayanıqsız istinad divarı sonradan həmin ərazidə baş verən təbii aşıntılar nəticəsində uçmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış eədrək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi H.Nuriyev iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: İddiaçının cavabdehə ünvanlanmış 04.06.2019-cu il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehə müraciət edərək bildirmişdir ki, 03.06.2019-cu ildə səhər saatlarında iddiaçının X11, 50 ünvanında yerləşən mağazasının divarı ekskovatorla iş aparılarkən uçurulmuş, qədim mebel, şəkil, çilçıraq, qablar, servislər sındırılmaqla iddiaçıya külli midarda ziyan dəymişdir, işlərin cavabdehin tapşırığı ilə aparıldığı bildirildiyi üçün iddiaçı cavabdehdən komissiya yaradaraq iddiaçıya dəymiş zərərin müəyyən ediməsini və kompensasiya ödənilməsini xahiş etmişdir. 04.08.2018-ci il tarixli, 04/084 nömrəli müqaviləyə əsasən “xxxx” MMC Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, №50 ünvanında inşa edilən yaşayış binasının -1ci mərtəbəsində sahəsi 162,5 kv metr olan qeyri-yaşayış zirzəmi sahəsini “xxxx” MMC-dən alınmış 3 otaqlı 157.6 kv metr mənzilin əvəzinə vermişdir. “xxxx” MMC –nin 04.08.2018-ci il tarixli arayışına əsasən Hüseynov İlqar Sultan oğlunun Bakı şəhəri, Nərimanov rayonu, X11 №50 ünvanında inşa edilən binanın -1-c mərtəbəsində yerləşən 162,kv metrdən ibarət qeyri-yaşayış sahəsi - zirzəmiyə görə şirkətə borcu yoxdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X9 üzrə Baş İdarəsinin məhkəməyə ünvanlanmış 13.04.2020-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi, ev 50 ünvanında fəaliyyətinin olmaması müəyyən olunmuşdur. “xxxx” MMC-nin 02.06.2020-ci il tarixli arayışına əsasən “xxxx” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev №50 ünvanında inşa edilən yaşayış binasında Hüseynov İlqar Sultan oğluna qeyri-yaşayış sahəsi verilmişdir. İddiaçı məxsus olan qeyri-yaşayış sahəsinin arxa divarının tikilməsi üçün 2350 manat xərc çəkilmişdir.Çəkilən xərc arxa divarda istifadə olunan 2 beton kalona (kalonun içərisində istifadə olunan armatur), kubik, sement, qum, kərpic nateriallarına xərclənmişdir.Bundan əlavə işçilərin əmək haqqına və sair xərclərə istifadə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/2948 №li, 30.12.2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin divarının uçurulmasına səbəb qeyri-yaşayış sahəsinin divarına bitişik vəziyyətdə çöl tərəfdən aparılmış qazıntı işləri zamanı güclü zərbələrin endirilməsi və zərbələr nəticəsində əmələ gələn vibrasiya nəticəsində divarın uçduğu müəyyən edilir.İddiaçı oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11, 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin divarının bərpasına çəkilən təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1172,0 manat məbləğində müəyyən olunmuşdur. Bundan əlavə iddiaçı məhkəməyə Şirinov Nəsimi Sərdar oğlu tərəfindən ona 8800 manat məbləğində,Hüseynov Vüqar Sultan oğlu tərəfindən 10000 manat məbləğində, 8000 manat məbləğində, 5000 manat məbləğində, 1500 manat məbləğində, Ağaxanlı Qüdrət Aqif oğlu tərəfindən cəmi 2600 manat məbləğində,İbrahimov Vidadi İrazim oğlunun cəmi 12950 manat, Tağızadə Rza Sultanəli oğlu tərəfindən cəmi 4460 manat,Rəhimov Şirxan İlyas oğlu tərəfindən cəmi 8500 manat, Fəridə Quluzadə tərəfindən cəmi 5600 manat və özü tərəfindən cəmi 6300 manat məblğində müxtəlif mebel əşyalarının, rəsm əsərlərinin və s. iddiaçıya mağazada satış üçün təhvil verilməsi barədə əl ilə sərbəst üsulda yazılmış təhvil-təslim sənədini və həmin şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini tədim etmişdir. Beləliklə, iş materiallarından məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşdır, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, №50 ünvanında inşa edilən yaşayış binasının -1-ci mərtəbəsində sahəsi 162,5 kv metr olan qeyri-yaşayış zirzəmisinin sahibidir, Bakı şəhəri, Nərimanov rayonu, X11, 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin divarı 03.06.2019-cu ildə uçmuşdur, onun uçmasının səbəbi təyin edilmiş məhkəmə ekspertizasının nəticəsinə əsasən qeyri-yaşayış sahəsinin divarına bitişik vəziyyətdə çöl tərəfdən aparılmış qazıntı işləri zamanı güclü zərbələrin endirilməsi olmuşdur, İddiaçı oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, X11, 50 ünvanında inşa edilmiş yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış obyektinin divarının bərpasına çəkilən təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1172,0 manat məbləğində təşkil etmişdir.Hazırda iddiaçı divarın cavabdeh tərəfindən uçurulduğunu və həmin an mağazada satış üçün təqdim edilmiş 95250 manat məbləğində müxtəlif əsərlərin və əşyaların olduğunu, həmin əşyaların yararsız vəziyyətə düşdüyünü və mağazanın divarının bərpası üçün təmir işlərinə 2350 manat xərclədiyini bildirərək həmin məbləğlərin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə isin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və kevfivvətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı müxtəlif şəxslərdən 95250 manat mal alınması barədə və həmin malalrın mağazada olması barədə bildirdiklərini təsdiq edən sübut qismində fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini təqdim etmişdir və həmin şəxsiyyət vəsiqələrinin surətlərinin olduğu vərəqdə həmin şəxslərdən alınan malların adları və qiymətləri əks olunmuşdur. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası “nın 3.2.-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “Malların alış aktı” və malların alışı tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı“ tərtib edilmir. “Malların alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. “İlkin uçot sənədlərinin formalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının 23.07.2020-ci il tarixli qərarı ilə “Mallarin aliş aktı“nın formasi müəyyən edilmişdir. İddiaçı tərəfindən məhkəməyə mağazada həqiqətən də 95250 manat məbləğində mal olmasını təsdiq edən sübut qismində yuxarıda qeyd edilən qaydalarda göstərilmiş formada və qaydada tərtib edilmiş “Malların alış aktı” təqdim edilməmiş və belə sənədlərin mövcud olması barədə məlumat verilməmişdir. Bundan əlavə inzibati məhkəmə araşdırması barədə iddiaçının mağazasının divarının həqiqətən də cavabdeh tərəfindən aparılan işlər nəticəsində uçması halı müəyyən olunmamışdır və belə halı təsdiq edə biləcək sübutlar barədə iddiaçı tərəfindən məhkəməyə məlumat verilməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh yerli icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnaməyə əsasən yerli icra hakimiyyəti orqanları dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin edir, icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin fəaliyyətini əlaqələndirir, həmin qurumlarda uçotun və hesabatın vəziyyətinə cari nəzarəti həyata keçirir, icra hakimiyyəti başçısının yanında olan orqanların maliyyələşdirilməsini və maddi-texniki təchizatını həyata keçirir, şəhəri, rayonu, şəhər rayonunu dövlət orqanları ilə və digər qurumlarla münasibətlərdə, habelə rəsmi protokol tədbirlərində təmsil edir, müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə arxiv işini təşkil edir, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin edir, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür, yerli icra hakimiyyətinin fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların sərəncamçısı səlahiyyətini həyata keçirir, həmçinin bu məlumatların səlahiyyət olmadan əldə edilmək, məhv edilmək, modifikasiyalaşdırılmaq, bloklaşdırılmaq, başqasına ötürülmək, yayılmaq, surəti çıxarılmaq kimi hallardan qorunmasını təşkil edir, icra hakimiyyətində istifadə edilən dövlət informasiya resurslarının və sistemlərinin təhlükəsizliyini təmin edir, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə məlumatların qorunması ilə bağlı işin təşkilinə və həyata keçirilməsinə nəzarət edir, dövlət informasiya sisteminin istismarı, informasiya-telekommunikasiya şəbəkəsindən istifadə və yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə informasiyanın qorunması sahəsində tədbirlərin həyata keçirilməsini təmin edir, yerli icra hakimiyyətində yaradılmış informasiya sisteminin operator funksiyalarının həyata keçirilməsini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, dövlət orqanları, idarə, müəssisə və təşkilatlar ilə qarşılıqlı məlumat mübadiləsini təmin edir, yerli icra hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir, yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulunu təşkil edir, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, yanında olan orqanlar və ya tabeliyində olan hüquqi şəxslər yaradılarkən onların istifadəsinə əmlakın verilməsini təmin edir, yerli icra hakimiyyətinin fəaliyyətini yerli icra hakimiyyəti başçısının təsdiq etdiyi illik perspektiv iş planları əsasında təşkil edir, yerli icra hakimiyyəti orqanının sisteminə daxil olan qurumların fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir və sairə bu kimi inzibati fəaliyyətlə məşğul olur, yəni cavabdeh hər hansı bir təsərrüfat fəaliyyətini həyata keçirən qurum deyildir və onun tərəfindən iddiaçının mağazasının divarının uçurulması ilə nəticələnə bilən təsərrüfat fəaliyyətinin həyata keçirilməsi də cavabdehin vəzifələrinə aid deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı Hüseynov İlqar Sultan oğlunun cavabdeh Bakı şəhəri Cavabdehə qarşı yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 95250 manat pulun və mağazanın bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2350 manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34, 68-ci, 69cu,85-ci, 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddiaçı Hüseynov İlqar Sultan oğlunun cavabdeh Bakı şəhəri Cavabdehə qarşı yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 95250 manat pulun və mağazanın bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 2350 manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar