Məhkəmə qərarları › İş №2-1(112)-2477/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2477/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2477/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 1 nömrəli evin 26 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu XDS İK-nin xx.xx.1992-ci il tarixli, 61/1 nömrəli qərarı ilə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 39B nömrəli evin 26 saylı mənzili X1 adına yazılmış və ona 2 nəfər ailə tərkibi ilə (özü və arvadı) xx.xx.1992-ci il tarixli, 001331 nömrəli order verilmişdir. X3 ilə İddiaçı xx.xx.1982-ci il tarixdə nikaha daxil olmuşdur. X3 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun arvadıdır və yeganə vərəsəsidir. Hazırda iddiaçı 30 ildən artıq müddətdə ailəsi ilə birlikdə istifadə etdiyi və ərinin adına ayrılmaqla, ölümündən sonra ona qalan mənzil üzərində mülkiyyət hüquqlarının tanınmasını istəyir. İddiaçı, mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətlərinə heç bir cavab verilməmiş, mənzilə baxış keçirilməmiş, ümumiyyətlə, müraciət üzrə heç bir inzibati hərəkətlər aparılmamışdır. Cavabdeh inzibati orqanın hərəkətsizliyi məhkəməyə müraciət etmək üçün əsas vermişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməni icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etiraz) bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı bir dəfə mənzil özəlləşdirilmək hüququndan istifadə etmişdir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 521 saylı evin 1 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq X4 adına xx.xx.1992-ci il tarixdə qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, müraciətdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 39B, mənzil 26-nın özəlləşdirilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. -Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindın verilmiş xx.xx.1982-ci il tarixli, 256640 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Məmmədova (Мамедова) Tahirə Ramiz qızı arasında xx.xx.1982-ci ildə nikah bağlanmışdır. Nikah bağlanandan sonra ərə “Bunyatov”, arvada “Bunyatova” soyadı verilmişdir. -Nəsimi rayonu XDS İK-nin xx.xx.1992-ci il tarixli, 001331 №li orderindən görünür ki, X2 2 nəfər ailə tərkibi ilə birlikdə (ailə üzvləri- özü və həyat yoldaşı İddiaçı olmaqla) Binəqədi rayonu, Ə.ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 30.14 kv.metrdən ibarət, 2 otaqlı, 26 saylı mənzil ayrılmışdır. Orderin verilməsi üçün əsas: xx.xx.1992-ci il tarixli, 61/1 №-li protokol. -Bakı şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 101676 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Müvafiq sorğu ilə cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən 1 saylı mənzilin arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki: -“Aztunelmetrotikinti” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli, 37 nömrəli Qərarı ilə ünvan 3 ünvanında yerləşən, 1 otaqlı 1 №-li mənzil (idarə mənzil fondu) İddiaçı şəxsi mülkiyyətinə verilmişdir. Qərarın 3-cü bəndində göstərilmişdir ki, MKK-ya tapşırılsın ki, yuxarıda qeyd olunan mənzil sahəsinin və mənzilin dəyərini dövlət-idarə mənzil fondundan silsin və fərdi mənzil fonduna köçürsün. ünvan 3 ünvanında yerləşən, 1 otaqlı 1 №-li mənzilin ödənişsiz olaraq xüsusi mülkiyyətə verilməsi ilə bağlı mülkiyyətçi (icarədar) “Aztunelmetrotikinti” İB və alıcı İddiaçı arasında xx.xx.1992-ci il tarixli müqavilə bağlanmışdır. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi (keçmiş Metroinşaatçı küçəsi), ev 21, 1 saylı mənzil ilkin olaraq xx.xx.1992-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 30 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 4Ə-5-869 reyestr nömrəli xx.xx.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir. Həmçinin bildirilir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 521 saylı evin 1 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə müəyyən edir ki, hazırkı iddia tələbi üzrə iddiaçı mərhum ərinin adına verilmiş Nəsimi rayonu XDS İK-nin xx.xx.1992-ci il tarixli, 001331 №li orderinə istinad edərək ünvan 4 ünvanında yerləşən 26 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunazidd olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun: -3-cü maddəsində yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -7-ci maddəsinə əsasən, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət etsə də, qanunverici dövlət və yaxud ictimai mənzil fondu mənzillərinin əvəzsiz özəlləşdirməsi hüququndan yalnız bir dəfə istifadə etmək imkanı verir. Hazırkı halda mübahisə predmeti olan mənzilin dövlət mənzil fonduna aid olması tərəflər arasında mübahisələndirilmir. Bu baxımdan, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə nəzərdə tutulmuş sənədlərə uyğun gəlsə də (order), ona dövlət mənzil fonduna aid mənzilin özəlləşdirilməsi hüququ vermir. Çünki iddiaçının dövlət və yaxud ictimai mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququndan artıq bir dəfə yararlandığı iş üzrə materiallarla təsdiq olunur. Belə ki, işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, “Aztunelmetrotikinti” İstehsalat Birliyinin müdriyyəti və həmkarlar komitəsinin xx.xx.1992-ci il tarixli, 37 №-li Qərarı ilə iddiaçıya ayrılmış idarə mənzil fonduna daxil olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi (keçmiş Metroinşaatçı küçəsi), ev 21, 1 saylı mənzil iddiaçının istifadəsinə verilmiş, həmin həmin xx.xx.1992-ci il tarixdə iddiaçının adına özəlləşdirilmiş, sonradan isə alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilmişdir. Belə olan halda, iddiaçı Mənzil Məcəlləsinin 146-cı maddəsində nəzərdə tutulmuş dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs hesab oluna bilməz. Məhkəmə qeyd edir ki, həm iddiaçının mərhum ərinə verilmiş iddia predmeti olan mənzil, həm də iddiaçının özünə ayrılmış idarə mənzil fonduna daxil olan mənzil 1992-ci ildə verildiyindən (sonuncu halda həm də 2004-cü ildə bağlanmış alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirildiyindən), yəni hər iki halda mənzil münasibətləri 1982-ci ildən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə yarandığından məsələyə həmin Məcəllənin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Köhnə Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. -Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). -(Dövlət mənzil fondu adlanan) 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq şəhərlərdə və şəhər tipli qəsəbələrdə idarə mənzil fondunun evləri SSRİ Nazirlər Sovetinin və Azərbaycan SSR Nazirlər Sovetinin müəyyən etdikləri qaydada və müddətlərdə tədricən yerli xalq deputatları Sovetlərinin ixtiyarına verilməlidir. -18-ci maddəsinin 2-ci abzasına əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. -45-ci maddəsinə əsasən, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. İstinad olunan normalardan və 5-ci maddənin adından göründüyü kimi, idarə mənzil fondu dövlət mənzil fonduna daxil idi və ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu, fərdi mənzil fondundan fərqli olaraq ayrıca mənzil fondu kimi nəzərdə tutulmamışdı. İdarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirdilər və belə olan halda həmin mənzillər məhz dövlət mənzil fondu kimi qəbul edilməlidir. Bu baxımdan, iddiaçı dövlət mənzil fondu mənzilini əvəzsiz özəlləşdirmək hüququndan bir dəfə istifadə etdiyindən onun yenidən, ikinci dəfə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi ünvan 1 nömrəli evin 26 saylı mənzili özəlləşdirmək hüququ istisna olunur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Odur ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar