Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2513/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxsə qarşı “icarə müqaviləsinin bağlanılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü ildən hal-hazırkı tarixə qədər iddiaçının istifadə və sahibliyində olan ünvan 1 ünvanında olan 53.5 kv.m olan qeyriyaşayış sahəsi və ünvan 2 ünvanında olan 22 kv.m olan qeyri-yaşayış sahəsi barədə İddiaçı Müstəqil kiçik müəsissəsi ilə icarə/kirayə müqaviləsinin bağlanması öhdəliyini cavabdeh İçərişəhər Dövlət X2 İdarəsi X1 uzrərinə qoulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddianın məzmunu onunla bağlıdır ki, İddiaçı xx.xx.1994-cü ildən hal-hazırki tarixə qədər ünvan 1 ünvanında olan 53,5 kv.m olan qeyri-yaşayış sahəsini və ünvan 2 ünvanında olan 22 kv.m olan qeyri-yaşayış sahəsini fasiləsiz, davamlı və icarə haqqını ödəməklə, heç kimin hüquqlarını pozmadan, müqavilələrin şərtlərinə uyğun olaraq istifadə edir və kirayə haqlarını vaxtlı-vaxtında dövlət büdcəsinə ödəyib. Qeyd edilən qeyri-yaşayış sahələrinin kirayəsi ilə bağlı xx.xx.1994-cü il tarixində Azərbxariciticarət Birliyinin, Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 2300 saylı, xx.xx.1999-cu il tarixli 4531 saylı, və xx.xx.2006-cı il tarixli 1316/2778 saylı və 1315/2779 saylı icarə müqavilələri ilə indiyə qədər fasiləsiz icra olunur. xx.xx.2005-ci il tarixli, 66 saylı məktubla İçərişəhər Dövlət X2 İdarəsi X1 AR-nın İqtisadi İnkişaf Nazirliyinə göndərdiyi məktubu ilə ünvan 1 ünvanında olan 53.5 kv.m olan qeyri-yaşayış sahəsini və ünvan 2 ünvanında olan 22 kv.m olan qeyriyaşayış sahəsini məhz İddiaçı MKM-tərəfindən özəlləşdirilməsinə etiraz etmədiklərini bildirilmişdir. 2022-ci ilin iyul icarə haqqını ödəmək üçün elektron portaldan ödəniş edə bilmədikdə bildirilir ki müqavilə yenilənəcək. Yenilənən zaman rahat formada həməşəki formada ödənişləri davam etdirərsiniz. Dəfələrlə İçərişəhər Dövlət X2 İdarəsi X3 ilə əlaqə saxlanılıb, Watsap sms vasitəsi ilə danışıqlar aparılsada, müxtəlif bəhanələrlə müqavilənin davamının yenilənməsi uzadılmışdır. Bildirilmişdir ki müqavilə bağlanılacaq, amma müəyyən texniki işlər Qoruğdaxili olmalıdır, (hamsı Watsap sms, səs qeydlərində durur).Hal-hazırda qeyd edilən qeyri yaşayış sahələri iddiaçının sahibliyində və istifadələrində olmaqda davam edir. Müqavilələrin yenilənməsi barədə İçərişəhər Dövlət X2 İdarəsi X3 artıq qeyri ciddiliyini, işin uzadılması ilə müəssisənin gələcək işlərinin çətinləşəcəyini görərək xx.xx.2024-cü il tarixli 09 saylı və xx.xx.2024-cü il tarixli 09 saylı məktubla elektron müraciət olunmuş və hal-hazırda nəticəsiz qalmışdır. Hesab olunur ki, iddiaçının 1994-cü ildən fasiləsiz olaraq və müqavilə şərtlərini pozmadan qeyri-yaşayış sahələrindən istfadə etməsi səbəbsiz məhdudlaşdırıla bilməz, faktiki olaraq istifadəsində olan əmlaklar məhkəmə qətnaməsi olmadan boşaldıla bilməz, birtəfəli qaydada səbəbsiz olaraq müqaviləyə xitam verilə bilməz. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, iddia tələbin təmin olunmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan qeyri-yaşayış sahələrinə qeyri-qanuni sahiblik etməkdədir. İddiaçı ərizəsində bildirmişdir ki, xx.xx.1994-cü ildən hazırkı tarixədək ünvan 1 ünvanında yerləşən 53,5 m2 olan qeyri-yaşayış sahəsini və Böyük Qala küçəsi 23 ünvanında yerləşən 22 m2 qeyri-yaşayış sahəsini müxtəlif vaxtlarda müxtəlif dövlət təşkilatları ilə bağlanmış müqavilələr əsasında fasiləsiz, davamlı və icarə haqqını ödəməklə, heç kimin hüquqlarını pozmadan, müqavilələrin şərtlərinə uyğun olaraq istifadə edir və kirayə haqlarını vaxtlı-vaxtında dövlət büdcəsinə ödəmişdir. Halbuki, məhkəmənin göstərişi əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-21-3/2-16212/2024 nömrəli məktubdan və ona əlavə olunmuş digər məktublardan da göründüyü kimi sözügedən sahələrin icarəsinə dair hazırkı iş üzrə İddiaçı ilə bağlanmış xx.xx.2006-cı il tarixli 1315 nömrəli və 1316 nömrəli müqavilələrə müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixindən etibarən xitam verilmişdir. Həmçinin İddiaçındən müqaviləyə xitam verildiyi tarixdən 7 gün müddətində icarəsində olan sahələrin icarəyəverənə təhvil verilməsi tələb olunmuşdur. Lakin iddiaçı öz iddia ərizəsində də göstərdiyi kimi müqaviləyə xx.xx.2022-ci il tarixində xitam verilməsinə baxmayaraq, bu günədək sözügedən sahələrə heç bir qanuni və hüquqi əsası olmadan sahiblik və istifadəni həyata keçirmiş, 2 ildən artıq müddətdir ki, buna görə heç bir icarə haqqı ödəməmiş və həmin sahələri nə Əmlak Məsələləri Dövlət Xidmətinə, nə də İdarəyə təhvil verməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 3.2.17-ci bəndinə əsasən, İdarənin balansında olan dövlət əmlakını qanunvericiliyə uyğun olaraq icarəyə vermək və ya ondan istifadə etmək İdarənin hüququdur. Buna əsasən, İdarə xx.xx.2024-cü il tarixli 488 nömrəli və xx.xx.2024-cü il tarixli 494 nömrəli bildirişlərlə iddiaçıdan qeyri-qanuni sahibliyində və istifadəsində olan Böyük Qala küçəsi 21 ünvanında yerləşən 53,5 m2 qeyri-yaşayış sahəsinin və Böyük Qala küçəsi 23 ünvanında yerləşən 22 m2 qeyri-yaşayış sahəsinin İdarəyə təhvil verməsini tələb etmişdir. Lakin iddiaçı bu bildirişlərə məhəl qoymamış və bu günədək həmin sahələri İdarəyə təhvil verməməklə hələ də onlardan qeyri-qanuni istifadəsini davam etdirir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə əlavə olaraq bildirir ki, hazırki inzibati mübahisə əvvəlki inzibati orqanla icarə münasibətinin davam etməsi yox, səlahiyyətli inzibati orqanla yeni inzibati müqavilənin bağlanması ilə bağlı olduğundan, işə inzibati məhkəmədə baxılmalıdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.1998-ci il tarixli, 2300 nömrəli icarə müqaviləsinə əsasən Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının icarəyə verilməsi İdarəsi ünvan 2 ünvanında yerləşən 22 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.1999-cu il tarixədək İddiaçı icarəsinə vermişdir. xx.xx.1998-ci il tarixli, 2301 nömrəli icarə müqaviləsinə əsasən Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının icarəyə verilməsi İdarəsi ünvan 1 ünvanında yerləşən 53,5 kv.m olan qeyri-yaşayış sahəsi xx.xx.1999-cu il tarixədək İddiaçı icarəsinə vermişdir. xx.xx.1999-cu il tarixli 4530 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ünvan 1 ünvanında yerləşən 53,5 kv.m təşkil edən qeyri-yaşayış sahəsini xx.xx.1999-cu il tarixədək İddiaçı icarəsinə vermişdir. xx.xx.1999-cu il tarixli 4531 nömrəli müqaviləyə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ünvan 2 ünvanında yerləşən 22 kv.m təşkil edən qeyri-yaşayış sahəsini xx.xx.1999-cu il tarixədək İddiaçı icarəsinə vermişdir. xx.xx.2006-cı il tarixli, 1315/2778 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 2 ünvanında yerləşən 22 kv.m təşkil edən Bakı ŞİH İçərişəhər Dövlət Tarixi-Memarlıq qoruğunun balansında olan qeyri-yaşayış sahəsini anbar məqsədilə xx.xx.2006-cı il tarixədək İddiaçı icarəsinə vermişdir. xx.xx.2006-cı il tarixli, 1316/2778 nömrəli dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 1 ünvanında yerləşən 53,5 kv.m təşkil edən Bakı ŞİH İçərişəhər Dövlət Tarixi-Memarlıq qoruğunun balansında olan qeyri-yaşayış sahəsini anbar məqsədilə xx.xx.2006-cı il tarixədək İddiaçı icarəsinə vermişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahələrinə dair İddiaçı ilə bağlanılmış icarə müqavilələri Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2017-ci il tarixli 1573 nömrəli Fərmanı nəzərə alınaraq, Xidmətin xx.xx.2022-ci il tarixli, 109 nömrəli sərəncamına əsasən (çıxarış əlavə olunur) xx.xx.2022-ci il tarixindən ləğv edilmişdir. Bu haqda İddiaçınə xx.xx.2022-ci il tarixli, **********04 və **********03 nömrəli, həmçinin xx.xx.2022-ci il tarixli, **********05 nömrəli məktublarla məlumat verilmişdir. Sorğuya təqdim olunmuş sənədlərdən görünür ki, xx.xx.2006-cı il tarixli müqavilələrin müddətinin başa çatması ilə əlaqədar iddiaçıya xəbərdarlıq göndərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. AR İPM-nin: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının:
1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti müstəsna olaraq dövlət əmlakının sərəncamçısına — Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə həvalə edilsin. Bu Fərman imzalanan günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəvermələrin hüquqi varisi Dövlət Əmlak Komitəsi hesab olunsun. Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin razılığı ilə həyata keçirilsin. (İlkin redaksiyasına əsasən)
1. Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən hallar, habelə dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar, həmçinin turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilsin. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr, habelə Şuşa şəhərinin ərazisində yerləşən tarix və mədəniyyət abidələri və ya onların hissələri istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Cavabdeh Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri istisna olmaqla, Şuşa şəhərinin ərazisində yerləşən dövlət mülkiyyətində olan digər tarix və mədəniyyət abidələri və ya onların hissələri Şuşa şəhərinin Baş planına uyğun olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən icarəyə (istifadəyə) verilir Bu Fərman imzalandığı günə qədər daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair bağlanmış icarə müqavilələrində icarəyəverənlərin hüquqi varisi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hesab olunsun. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınar əmlakın və Dövlət mülkiyyətində olan digər əmlakın icarəyə və istifadəyə verilməsi yalnız Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin razılığı ilə həyata keçirilsin. Müəyyən edilsin ki, dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda daşınmaz əmlakın icarəyə verilməsindən alınan haqqın 100 faizi, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal istisna olmaqla, kommersiya prinsipləri əsasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə 50 faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi onların sərəncamında qalır. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakın icarəyə verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir və həmin əmlakın icarəyə verilməsindən alınan icarə haqqının nizamnamə kapitalındakı dövlətin payına mütənasib hissəsi dövlət büdcəsinə köçürülür. (İndiki redaksiyasına) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin” Nizamnaməsinin: 2.1. İdarənin fəaliyyətinin məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin qorunmasının və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasının təmin edilməsi üçün abidələrin tarix və mədəni cəhətdən öyrənilməsini, məqsədyönlü istifadə olunmasını təşkil etməkdən, abidələrin bərpası və toxunulmazlığını təmin etməkdən, həmçinin Qoruqların ərazisində turizmi inkişaf etdirməkdən ibarətdir. 3.1.15. Qoruqların ərazisində yerləşən obyektlər icarəyə verilərkən və özəlləşdirilərkən Qoruqlar üçün müəyyənləşdirilmiş rejimə riayət olunmasına nəzarət etmək, İdarənin balansına verilmiş abidələrin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsinə, icarəyə və istifadəyə verilməsinə razılıq vermək və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq, qanunvericiliyə uyğun olaraq, İdarənin razılığı olmadan abidələrin istifadəyə, o cümlədən icarəyə verilməsinə aid işləri dayandırmaq İdarə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə aiddir. Məhkəmə bildirir ki, icarə münasibətləri əmlak kirayəsi hüquqi münasibətləri çərçivəsində tənzimlənir. Mülki Məcəllənin tələblərinə uyğun olaraq, icarə müqaviləsi əsasında icarəyə verən tərəf icarəçiyə müəyyən əmlakdan və ya hüquqdan istifadə, habelə ondan bəhrələnmə və gəlir götürmə hüququ verir. Eyni zamanda, icarəçi icarə predmeti üzrə müəyyən edilmiş icarə haqqını vaxtında və tam həcmdə ödəmək öhdəliyini daşıyır. Nəzərə alınmalıdır ki, hüquqi rejimi xüsusi qaydalarla müəyyən edilən və mədəni irs statusu daşıyan Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu və “Qala” Dövlət Tarix- Etnoqrafiya Qoruğu kimi ərazilərdə yerləşən obyektlərin icarəyə verilməsi yalnız Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilə bilər. Bu İdarənin əsas funksiyaları həmin ərazilərdə yerləşən tarixi və mədəni abidələrin qorunması, məqsədyönlü istifadəsi, bərpası və toxunulmazlığının təmin edilməsi, habelə ərazidə turizm infrastrukturunun inkişaf etdirilməsidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda istifadəsində olan qeyri-yaşayış sahələrinə dair icarə müqaviləsinin bağlanmasını tələb edir. Cavabdeh tərəf isə hesab edir ki, iddiaçı 2022-ci ildən etibarən həmin əmlaklardan hüquqi əsas olmadan istifadə etmiş və bu müddət ərzində icarə haqqı ödənişi həyata keçirməmişdir ki, bu hal onunla icarə müqavilələrinin bağlanmasının məqsədəmüvafiq hesab olunmaması üçün əsasdır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından iddianı təminini istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməlidir ki, həmin hallar da sübut edilməkdədir. Məhkəmə diqqətə çatdırır ki, qoruqların ərazilərində yerləşən obyektlərin icarəyə verilməsi, yaxud verilməməsi məsələsinin qiymətləndirilməsi və müvafiq nəticəyə gəlmək Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin səlahiyyətlərinə daxildir. Qanunvericilikdə qoruqlarının ərazilərində yerləşən obyektlərin icarəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, həmin vəzifənin hər bir halda icrası qismində çıxış etməməklə, hazırkı qrup münasibətlər üzrə cavabdehin işin faktiki və hüquqi hallarını qiymətləndirməsinə maneə təşkil etmir. Cavabdeh Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin adından da göründüyü kimi əmlakla bağlı səlahiyyətli qurum kimi qoruqlarının ərazilərində yerləşən obyektlərin icarəyə və istifadəyə verilməsini müəyyən şərtlər çərçivəsində etməkdə səlahiyyətlidir və məhz həmin əmlakın icarəyə verilməsindən imtinada da səlahiyyətli qurumdur. Məhkəmə də hesab edir ki, cavabdeh həmin səlahiyyətləri çərçivəsində düzgün olaraq obyektin icarəyə verilməsindən imtina etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən qoruqların ərazisində yerləşən qeyri-yaşayış sahələri əvvəllər Dövlət Əmlak Komitəsi razılığı ilə vətəndaşların icarəsinə verilirdi. İddiaçı ilə Dövlət Əmlak Komitəsi arasında icarə münasibətləri mövcud olsa da, daha sonra icarə müqavilələrinin müddətinin başa çatması ilə əlaqədar onlara xitam verilmişdir. Bununla bağlı iddiaçı məlumatlandırılsa da, o, 2022-ci il tarixdən həmin qeyri-yaşayış sahələrindən icarə münasibətləri olmadan istifadə etmiş, icarə müqavilələrinin bağlanması istiqamətində tədbirlər görməmiş və icarə haqqı ödəməmişdir. İddiaçı icarə müqavilələrin bağlanması istiqamətində müvafiq müraciətlərin olduğunu bildirsə də, belə bir müraciətlərin olması təsdiq olunmur. Nəticə etibarilə, cavabdehin icarə müqaviləsinin bağlanmasından imtinası qanuni əsaslara söykənir, hüquqi və faktiki halların qiymətləndirilməsi çərçivəsində həyata keçirilmişdir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov