Məhkəmə qərarları › İş №2-1(112)-2574/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2574/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2574/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hərbi xidmətdə olduğu dövrlər ərzində, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə kimi: hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən hansı tarixlərdə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalanması, Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalandıqdan sonra onun vəzifə maaşının, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin nə qədər təşkil etməsi barədə arayış-məlumat (açıqlaması ilə) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olaraq, xx.xx.1992-xx.xx.1993-cü illərdə Müdafiə Nazirinin sərəncamında (MN-nin 333 h/h- nin, 18/651 №-li, xx.xx.1994-cü il tarixli arayışı); 5.05.1993-xx.xx.1995-ci illər - N saylı hərbi hissədə; xx.xx.1995-xx.xx.2000-ci illər - N saylı hərbi hissədə; xx.xx.2000-xx.xx.2005-ci illər - N saylı hərbi hissədə; xx.xx.2005xx.xx.2011-ci illər - N saylı hərbi hissədə xidmət etmişdir. xx.xx.2011-ci il tarixdə Müdafiə Nazirinin 0360 №-li əmrinə əsasən ehtiyata buraxılmışdır. Tərəfindən ilk öncə xx.xx.2019cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinə ərizə ilə müraciət edilərək hərbi xidmətdə olduğu dövrlərdə və ehtiyata buraxıldığı tarixdən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış sərəncamlar (qanunlar və s.) əsasında hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması, eləcə də, həmin sərəncamlar (qanunlar və s.) əsasında vəzifə maaşı, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavə və ərzaq payı əvəzinə verilən pul kompensasiya məbləği barədə arayış-məlumat (açıqlaması) verilməsi xahiş edilmişdir. Həmin ərizənin MN-nin dəftərxanasına daxil olduğu vaxtdan uzun müddət keçsə də qanunsuz və əsassız olaraq cavab verilmədiyi, heç bir münasibət bildirilmədiyi üçün tərəfindən təkrar olaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinə ərizə ilə müraciət edilərək, hərbi xidmətdə olduğu müddət ərzində, eyni zamanda ehtiyata buraxıldığı tarixdən bu günə kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış hansı tarixli və hansı nömrəli sərəncamlar (qanunlar və s.) əsasında hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması, eləcə də, həmin sərəncamlar (qanunlar və s.) əsasında ona aid olan vəzifə maaşı, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiya məbləğinin nə qədər təşkil etməsi barədə arayış-məlumat (açıqlaması ilə) verilməsi xahiş edilmişdir. Müraciəti MN-nin Maliyyə və Büdcə İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 12/3976 saylı mahiyyəti aydın olmayan məktubla cavablandırılaraq, “bildirilmişdir ki, ərizədə qeyd etdiyi məsələyə iddiasına uyğun olaraq məhkəmə qaydasında baxıldığından bu barədə məlumatlar tərəflərindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmişdir " bildirilmişdir. Çox təəssüf hissi ilə bildirmişdir ki, etibarlı mənbələrdən, eləcə də hal-hazırda birgə xidmətdə olduğu digər ehtiyatda olan hərbi qulluqçulardan əldə etdiyi artıq dəqiqləşdirilmiş məlumata əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən fərqli vaxtlarda imzalanmış Qanunlara, Sərəncamlara və s. digər sənədlər əsasında, Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatı vəzifə (tarif) maaşlarının mütəmadi olaraq artırılmasına baxmayaraq, hərbi xidmətdə olduğu müddətdə ona və ailəsinə qarşı qanuna uyğun olmayan hərəkətlər edilmiş, yerlərdə hərbi hissə komandirlərinin və maliyyəxidməti üzrə zabitlərin məsuliyyətsizliyi, özbaşınalığı, intizamsızlığı və cəzasızlığı səbəbindən ona aid olmuş əmək haqqının ödənilməsi ilə bağlı ciddi qanun pozuntularına yol verilmiş, ona külli miqdarlarla ölçülən maddi ziyanın vurulması ilə nəticələnən qanunsuz qərarlar qəbul edilmiş, ödənilməli olan pul vəsaiti qəsdən azaldılaraq düzgün ödənilməmiş, qərəzli şəkildə daha az məbləğdə ödənilmiş, maliyyə sənədləri üzrə hesabatlar düzgün aparılmamış, bununla da hüquqları kobud şəkildə pozulmuşdur. Tərəfindən uzun müddət ərzində dəfələrlə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şikayət ərizələri ilə müraciətlər olunaraq həmin məsələlərin hərtərəfli, obyektiv və ədalətli şəkildə araşdırılması, xidmət etdiyi illər ərzində aylıq pul təminatı əmək haqqımdan qanunsuz tutulmuş, verilməyən hissəsi ilə bağlı maliyyə sənədlərində, cədvəllərdə qanunsuzluğa, yanlışlıqlara yol verildiyi, maliyyə hesabatları düzgün aparılmadığından yenidən hesablanıb ona ödənilməsi xahiş edilsə də, nədənsə aydın olmayan səbəblərdən buna heç bir məhəl qoyulmur, müsbət reaksiya verilmir, cavabdeh tərəf problemin həllində maraqlı görünmür, süründürməçiliyə yol verilir. Müdafiə Nazirliyi aparatında xidmət edən bir çox özündən razı, səhlənkar zabitlər bu işə etinasız, laqeyd, biganəlik münasibət göstərdiyi üçün məktublara qanunsuz və əsassız olaraq cavab verilmir və yaxud da, hüquqi cəhətdən savadsız, mahiyyətsiz cavablar verilir, həmin faktların mövcud olmadığını sübut edə bilmədikləri səbəbindən müraciətinə cavab verilməsindən bilərəkdən yayınır, cavab verməmək mövqeyi tuturlar. Bu səbəbdə də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi pulun qaytarılmasından dolayı yolla imtina etdiyi üçün onu məhkəmələrə üz tutmaq, pozulmuş hüquqlarını məhkəmə yolu ilə bərpa etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Növbəti məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı hərbi xidmətdə olduğu müddət ərzində, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə kimi Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış hansı tarixli və hansı nömrəli sərəncamlar (qanun) əsasında hərbi qulluqçularının aylıq pul təminatı vəzifə (tarif) maaşlarının artırılması, eləcə də həmin sərəncamlar (qanun) əsasında vəzifə maaşının, rütbə maaşının, xidməti illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiya məbləğinin nə qədər təşkil etməsi (açıqlaması ilə) barədə arayış-məlumat verilməsinə müvafiq göstəriş verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin rəis müavin tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 12/3976 №-li məktubdan görünür ki, ərizədə qeyd etdiyi məsələyə iddiasına uyğun olaraq məhkəmə qaydasında baxıldığından bu barədə məlumatlar tərəflərindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12/1359 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlandığı İddiaçı pul təminatı barədə arayış-məlumatın verilməsinə dair məktubundan görünür ki, İddiaçı hərbi xidmətdə olduğu dövrlərdə, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında hərbi rütbə və vəzifə maaşlarının artırılması, həmçinin ərzaq payı əvəzinə pul kompensasiyasının məbləği barədə məlumatlar göndərilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmir. Burada xidmət edən hərbi qulluqçular qazan təminatına qoyulmaqla yeməklə təmin olunurlar. N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu dövrlərdə İddiaçı qazan təminatına qoyularaq yeməklə təmin olunmuşdur. Bu hərbi hissələr döyüş şəraitindən çıxarıldığı vaxtlarda isə İddiaçı ərzaq payı əvəzinə pul kompensasiyası ümumi əsaslarla ödənilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 12/1728 №-li, xx.xx.2020-ci il tarixli məhkəməyə ünvanlandığı İddiaçı pul təminatı barədə arayış-məlumatın verilməsinə dair məktubundan görünür ki, İddiaçı hərbi xidmətdə olduğu dövrlərdə, eləcə də ehtiyata buraxıldığı tarixdən bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Sərəncamları əsasında hərbi rütbə və vəzifə maaşlarının artırılması barədə Müdafiə Nazirliyi tərəfindən xx.xx.2020-ci il tarixli, 12/1359 nömrəli məktubla göndərilmiş məlumatlar iddiaçının tələblərinin mahiyyətini tam əhatə etdiyi üçün bununla bağlı heç bir əlavə məlumatın göndərilməsi mümkün deyildir. Bundan əlavə 1995-ci ilin may ayından 2011-ci ilin sentyabr ayınadək olan müddət üçün xidmət etdiyi müddətdə İddiaçı pul təminatının hesablanması və tutulması barədə maliyyə arayışları göndərilir. Göstərilən maliyyə arayışlarında aylar, illər üzrə iddiaçının tələb etdiyi bütün məlumatlar öz əksini tapmışdır, o cümlədən: hərbi rütbə maaşı; vəzifə maaşı; xidmət illərinə görə faiz əlavəsi; məharət dərəcəsinə görə əlavə; yüksək dağlıq şəraitində xidmətə görə əlavə; ərzaq payı əvəzinə pul kompensasiyası. Eyni zamanda qeyd etmişdir ki, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ərzaq payı əvəzinə pul kompensasiyası ödənilmir. Burada xidmət edən hərbi qulluqçular qazan təminatına qoyulmaqla yeməklə təmin olunurlar. N və N nömrəli hərbi hissələr döyüş şəraitində olduğu dövrlərdə İddiaçı qazan təminatına qoyularaq yeməklə təmin olunmuşdur. Bu hərbi hissələr döyüş şəraitindən çıxarıldığı vaxtlarda isə İddiaçı ərzaq payı əvəzinə pul kompensasiyası ümumi əsaslarla ödənilmişdir. İddiaçı Azərbaycan Ordusunda xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissədə hərbi xidmətə başlamış və orada xx.xx.1995-ci il tarixədək xidmət etmişdir. Göstərilən hərbi hissə xx.xx.1995-ci il tarixində müvafiq qaydada ləğv edilmişdir və maliyyə sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivin № 9/2- 7849 saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından İddiaçı pul təminatı ilə təmin olunması barədə araşdırma apara bilmirlər. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş, xidmət etdiyi dövr ərzində əmək haqqının düzgün ödənilməsi ilə əlaqədar əsaslı şübhələri olduğu üçün müvafiq maliyyə sənədlərinin təqdim edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmənin sorğularına əsasən cavabdeh tərəfindən tədqim edilmiş sənədlər isə iddia tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır. Həmin Qanunun 11-ci maddəsinə əsasən məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır, 2.2-ci maddəsinə əsasən hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. 2.3.1-cü maddəsinə əsasən informasiya sahibinə müraciət edən hər kəs sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq hüququna malikdir. 2.3.2-ci maddəsinə əsasən informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. - 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. - 14.1.3-cü maddəsinə əsasən sorğuçu yazılı sorğunun informasiya sahibinin texniki imkanlarından istifadə etməklə sənədin surətinin çıxarılması və ya sənədin təsdiqlənmiş surətinin verilməsini tələb edə bilər. - 21.1.2-ci maddəsinə əsasən informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə sorğunun icrasından imtina edir. Azərbaycan Respublikası İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən özünə aid olan məlumatları almaq hüququna malik olduğundan cavabdeh orqanın həmin məlumatları və sənədləri iddiaçıya təqdim etməsindən imtinası qanunsuz olmuşdur. Ona görə də iddia tələbi Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalandıqdan sonra İddiaçı vəzifə maaşının, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin nə qədər təşkil etməsi barədə arayış-məlumat (açıqlaması ilə) verilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının hərbi xidmətdə olduğu dövrlər ərzində, eləcə də, ehtiyata buraxıldığı tarixdən bu günə kimi: hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən hansı tarixlərdə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalanması barədə məlumatın verilməsi ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, bu qəbildən olan bütün normativ hüquqi aktlar dərc edildiyindən, habelə onların hərbi qulluqçulara rəsmi tədqim edilməsi hazırki cavabdeh inzibati orqan Müdafiə Nazirliyinin vəzifəsi kimi müəyyən edilmədiyindən belə öhdəlik həmin orqanın üzərinə qoyula bilməz. Odur ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsı İnzibаti-Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalandıqdan sonra İddiaçı vəzifə maaşının, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin nə qədər təşkil etməsi barədə arayış-məlumat (açıqlaması ilə) verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının Prezidenti tərəfindən hərbi qulluqçuların aylıq pul təminatı, vəzifə (tarif) maaşlarının artırılması barədə qanunlar (fərmanlar, sərəncamlar və s. digər sənədlər) imzalandıqdan sonra İddiaçı vəzifə maaşının, rütbə maaşının, xidmət illərinə görə, məharət dərəcəsinə görə əlavələrin və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləğinin nə qədər təşkil etməsi barədə arayış-məlumat (açıqlaması ilə) verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar