Məhkəmə qərarları › İş №2-1(112)-2580/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2580/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2580/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh2nə qarşı məlumat verilməsi tələbinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 işəgötürən olduğu “sosial agent”lərin seçilmə və işəgötürülmə prosesi, bu prosesdə konkret olaraq iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Cavabdeh2 struktur bölmələri haqqında ona yazılı və şifahi şəkildə ətraflı məlumatın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində mütəmadi olaraq işəgötürənin "Cavabdeh2" MMC kimi qeyd olunduğu "sosial agent” vakansiyaları yerləşdirilir. O həmin vakansiyaların birində işlə təmin olunmaq məqsədi ilə "Cavabdeh2" MMC-yə yazılı müraciət edən zaman onun müraciətinə baxılmaq üçün qəbul edilmiş, MMC-nin əməkdaşları şifahi olaraq ona bildirmişdirlər ki, onlar vətəndaşları ancaq ictimai –işlərə cəlb edirlər, "sosial agentlərin seçimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlara məlum olmayan struktur bölməsi tərəfindən aparılır. Bu barədə ətraflı məlumat almaq və "sosial agent" lərin nazirliyin hansı struktur bölməsi tərəfindən seçildiyini öyrənmək məqsədi ilə dəfələrlə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişdir və ərizələrinin birində sorğu göndərmişdir. Həmçinin digər dövlət qurumlarına da müraciət etmişdir. Bütün müraciətləri "Cavabdeh2" MMC-yə yönləndirilmişdir və bütün müraciətlərinə cavab olaraq "Cavabdeh2" MMC tərəfindən ona göndərilmiş cavab məktubunda ancaq ictimai işlər barədə məlumat verilmişdir, “sosial agent” vakansiyası barədə heç nə qeyd olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şikayətinə baxılmamış, göndərdiyi sorğuya cavab verilməmişdir. Bundan sonra o, 02 noyabr 2020-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə "sosial agent"lərin nazirliyin hansı struktur bölməsi tərəfindən seçilmələri haqqında məlumat verilməsi tələbi ilə əlavə informasiya sorğusu göndərərək, müraciət etmişdir. Həmçinin sorğunun icra edilməsinə kömək edilməsi xahişi ilə Ombudsmana müraciət etmişdir. Sonuncu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinə telefonla zəng etmişdir. Oradan ona bildirilmişdir ki sosial agentlərin seçimi "Cavabdeh2" MMC-nin özü tərəfindən aparılır, yalnız nazirliyin öz aparatında “sosial agenflərə ehtiyac olduqda seçimi Dövlət qulluğu və kadrlarla iş şöbəsi aparır. Beləliklə nazirlik və MMC bir-birlərinə zidd çıxış edərək problemi bir- birlərinə yönəltmiş oldular. O, təkcə bu sualına cavab almaq məqsədi ilə deyil, “sosial agentlərin işə götürülmə prosesi barədə daha ətraflı məlumat əldə etmək üçün məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, ondan iddia tələbinə dair yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, tərəflər iş üzrə araşdırma aparılması, həmçinin iddianın mümkünlük məsələsinə baxılması ilə bağlı məhkəmə iclasına dəvət olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə tərəfindən İddiaçı məhkəmə iclasında hüquqi yardım göstərilərək, sonuncuya iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, hazırki iddiaya cavab verməli olan cavabdehin (cavabdehlərin) və iddia tələblərinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı tələbini dəqiqləşdirməsindən imtina etmiş və iddianın dəqiqləşdirməsinə dair ərizəsini məhkəməyə təqdim etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi inzibati orqanın iddiaya dair yazılı mülahizəsi (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan aşağıdakı səbəblərə görə rədd edilməlidir. Belə ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun (bundan sonra - Qanun) 1.1.5-ci maddəsinə uyğun olaraq, haqqı ödənilən ictimai islər - müvəqqəti məşğulluqun təmin edilməsi məqsədi ilə həmin Qanuna uyqun olaraq təşkil edilən ilkin pesə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan is yerləri olmaqla aktiv məşğulluq tədbirlərinin növüdür. Şəxs işə düzəlmək, həmçinin məşğulluq imkanlarını genişləndirmək və əmək bazarının tələblərinə uyğunlaşmaq məqsədilə məşğulluq tədbirlərinə cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq altsistemi”ndə (MAS) işsiz kimi qeydiyyata alınır. Bundan sonra, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 ərazi məşğulluq mərkəzləri filialları və Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzləri (bundan sonra - mərkəzlər) tərəfindən işsiz şəxsin iş axtarışı və işlə təmin edilməsi imkanları qiymətləndirilərək fərdi məşğulluq proqramı (işsiz şəxsin cəlb ediləcəyi aktiv məşğulluq tədbirlərinin konkret həcmi, növü və icra müddəti müəyyən edən elektron sənəd) tərtib edilir və onun elektron kabinetinə yerləşdirilir. İşsiz şəxs fərdi məşğulluq proqramını Qanunla müəyyən edilmiş müddətdə təsdiq etdikdən sonra həmin proqramda nəzərdə tutulmuş aktiv məşğulluq tədbirlərində iştirak edərək hər ay proqramın icrası barədə elektron qaydada hesabat təqdim edir. Beləliklə, işsiz şəxsin fərdi məşğulluq proqramı üzrə cəlb ediləcəyi aktiv məşğulluq tədbirlərinin növü işsiz şəxsin mülahizəsinə görə deyil, fərdi məşğulluq proqramını tərtib edən mərkəzlər tərəfindən həmin şəxsin iş axtarışı və işlə təmin edilməsi imkanlarının qiymətləndirilməsinin nəticəsi əsasında müəyyən edilir. Eyni zamanda, haqqı ödənilən ictimai işlərin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.05.2002-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 2.4-cü bəndinə uyğun olaraq, ictimai işlər şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşayış əraziləri, xəstəxana, məktəb, məktəbəqədər təhsil müəssisələri, yataqxana və pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, habelə sosial sferanın digər obyektlərində tikinti və təmir işləri, yol və körpülərin, istilik və qazanxana sistemlərinin təmiri və tikintisi, kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi ilə əlaqədar işlər, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri, qocalara, əlilliyi olan şəxslərə qulluq və digər sosial əhəmiyyətli işlərdir. Həmin Qaydalara uyğun olaraq, mərkəzlər mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların müqavilələr üzrə ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edir. Haqqı ödənilən ictimai işlərə cəlb edilmiş şəxslərlə “sosial agent" və ya “sosial işçi” vəzifələri üzrə müddətli əmək müqavilələri bağlanılır. İşsiz şəxslərin haqqı ödənilən ictimai islərə göndərilməsi onların razılığı əsasında mərkəzlər tərəfindən həyata keçirilir və bu zaman təklif olunan is növləri və fəaliyyət sahəsinə uyqun olaraq onların peşə vərdişləri, təcrübəsi, yası, eləcə də is rejimi və zəruri əmək şəraiti nəzərə alınmalıdır. İctimai islər, bir qayda olaraq. 2 aya qədər müddətə təşkil olunur. Göründüyü kimi, işsiz şəxsin haqqı ödənilən ictimai işlərə cəlb olunması mərkəzlərin göndərişi ilə həyata keçirilir və bu işlərə cəlb edilmə ilə bağlı işsiz şəxsin müraciəti imkanı qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, “Məşğulluq haqqında” Qanunun 6.4-cü maddəsinə uyğun olaraq işsiz və işaxtaran şəxsin təhsilinə, ixtisasına və əvvəlki peşəsi üzrə təcrübəsinə uyqun gəlməyən, qabaqcadan peşə hazırlığı keçməsini tələb etməyən müvəqqəti is verləri də daxil olmaqla, əmək qanunvericiliyinin tələblərinə uyqun gələn haqqı ödənilən islər 3 ildən artıq işləməyən və peşəsi (ixtisası) olmayanlar, peşə hazırlığından imtina edənlər, MAS-da 24 aydan çox qeydiyyatda olanlar üçün münasib iş sayılır. İddiaçının ali təhsilli olduğunu nəzərə alaraq, haqqı ödənilən ictimai iş iddiaçı üçün münasib iş sayılmır. Əlavə olaraq qeyd edirik ki, işsiz və işaxtaran şəxslərin müvəqqəti işlə təmin olunmasına kömək göstərilməsi məqsədi ilə əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin proqnozu əsasında mərkəzlər haqqı ödənilən ictimai işlərin görülməsi üçün sosial əhəmiyyətli sahələr, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq konkret müəssisə, idarə və təşkilatlar haqqında təkliflər hazırlayır və məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrində müzakirə edildikdən sonra ərazi məşğulluq proqramına daxil edilir. Haqqı ödənilən ictimai işlər ərazi məşğulluq proqramında nəzərdə tutulan müəssisə və mərkəzlər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə ictimai islərə göndəriləcək işsiz şəxslərin sayı, görüləcək isin yeri, adı, həcmi, verinə yetirilmə müddəti, ümumi əmək haqqı məbləği, bu məbləğin ödənilməsinin müəssisə və mərkəz arasında bölgüsü, habelə tərəflərin digər öhdəlikləri göstərilir. Beləliklə, haqqı ödənilən ictimai işlər üzrə vakant yerlər müəssisə ilə mərkəzlər arasında bağlanılan müqavilələr əsasında müəyyən edilir. Qeyd olinur ki, hazırda “sosial agent” vəzifəsi üzrə vakansiya mövcud deyildir. Bundan əlavə iddiaçının iddiasında qeyd edilən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və X1 müvafiq məktubları ilə iddiaçıya məlumat verilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Cavabdeh2 MMC-yə qarşı “sosial agent" vəzifəsinə işə qəbul prosesi ilə bağlı ətraflı məlumat verilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 etiraza uyğun izahat verərək, iddiaçının sorğularına tərəflərindən cavab verildiyi üçün iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının sorğulara cavab verilməsi barədə iddia tələbi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunduğundan və mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq, sonuncuya münasibətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi hazırki iddia ərizəsi 10 noyabr 2020ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə araşdrıması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş məktublardan müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25.12.2020-ci il tarixli **********6 saylı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və X2 publik hüquqi şəxsinin 29.12.2020-ci il **********6 saylı məktubları ilə cavab verilmişdir. Bundan əlavə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş və surəti iddiaçıya verilmiş iddiaya dair yazılı etirazda da iddiaçının iddia tələbində qeyd olunan tələblərə münasibət bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi sorğulara cavabdeh inzibati orqan tərəfindən cavab verildiyindən, qeyd olunan hal iddiaçı tərəfindən məhkəmə iclasında etiraf olunduğundan və bu hissədə işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata bu hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Cavabdeh2nə qarşı məlumat verilməsi tələbinə dair iddiası üzrə işə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə münasibətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar