Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2629/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi) tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən və faktiki istifadədə olan icarə müqaviləsindən əlavə 140,3 kv.m torpaq sahəsinə iddiaçı ilə icarə müqaviləsinin bağlanılması baədə sərəncam verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmiş. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddianın məzmunu onunla bağlıdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair çıxarışda əksini tapmış, cavabdehlə icarə müqaviləsində göstərilən 168 kv.m ölçü əvəzinə yeni icarə müqaviləsi bağlanılmaqla ölçünün faktiki istifadəyə istinadən 308.3 kv.m göstərilməsi barədədir. İddiaçı 308.3 kv.m torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmalı olması iddiasındadır. Etiraz: Cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Tərəflər izahatları: İddiaçı, onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin 09 oktyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, obyektin yerləşdiyi və ətrafında olan icarə müqaviləsinə əlavə edilməsi istənilən torpaq sahəsi baş planda əks etdirilərək Yasamal Rayon İcra Hakimiyyətinə təsdiq üçün göndərilmiş, lakin iddiaçı tərəfindən həmin sahədən istifadə məqsədəuyğun hesab edilməmişdir. İcarə müqaviləsi üzrə borcun ödənilməsi təmin edilməlidir. Cavabdehin 06 aprel 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, icarəçi fərdi səbəblərdə görə istifadə hüququnu həyata keçirə bilməməsi icarə haqqını ödəməkdən azad etmir. İddiaçının icarə haqqı üzrə borcu yaranmışdır ki, həmin borcun ödənilməsi təmin edilməlidir. Plan-sxemdə göstərilmişdir ki, obyektin yerləşdiyi ərazinin ümumi ölçüsü 308.3 kv.m təşkil edir. Cavabdehin 28 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, obyektin yerləşdiyi və ətrafında olan icarə müqaviləsinə əlavə edilməsi istənilən torpaq sahəsi baş planda əks etdirilərək Yasamal Rayon İcra Hakimiyyətinə təsdiq üçün məktubla göndərilmişdir. Yasamal Rayon İcra Hakimiyyəti cavab məktubu ilə həmin sənədin təsdiq edilmədiyini və məsələyə məhkəmədə baxıldığını bildirmişdir. Cavabdehin 03 mart 2020-ci il tarixli və 27 fevral 2020-ci il tarixli oxşar məzmunlu məktublarında qeyd edilmişdir ki, əlavə torpaq sahəsinin icarə müqaviləsi əsasında istifadə edilməsinə etiraz edilmir və məsələ hal-hazırda məhkəmənin icraatında olduğunu nəzərə alaraq, məhkəmənin qərarına əsasən baxılması məqsədəuyğun hesab edilir. Çıxarışdan və icarə müqaviləsindən görünür ki, Bakı ş, Yasamal r, Ə.Haqverdiyev küç 2 C ünvanda yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində, 168.6 kv.m torpaq sahəsi isə icarə əsasında istifadəsindədir. 17 mart 2017-ci il tarixli sərəncamdan və siyahıdan görünür ki, 168,6 kv.m torpaq sahəsi ilə əlaqədar iddiaçı ilə icarə müqaviləsinin bağlanılması qərara alınmışdır. Cavabdehin 03 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, Yasamal Rayon İcra Hakimiyyətinə baş planda əks olunan torpaq sahəsinə dair həmin baş planın təsdiqi məsələsinə münasibət bildirilməsi xahiş edilmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin 04 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət mülkiyyətində olan torpaq sahəsində əlavə tikinti işlərinin aparılmasının qarşısı alınmışdır. İddiaçının adına hüquqmüəyyənedici sənədin verilməsini Xidmətin mülahizəsinə buraxırıq. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. AR İPM-nin: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Torpaq Məcəlləsinin: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ “Torpaq icarəsi haqqında” Qanunun:
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanının: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərinin öz səlahiyyəti hüdudlarında dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla), Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4cü hissəsində, 55-ci maddəsinin ikinci abzasında, 56-cı maddəsinin 1-ci hissəsində, 6cı hissəsinin birinci abzasında və 8-ci hissəsində 66-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər Maddə 4. İcarə münasibətlərinin obyektləri Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Maddə 8. İcarə münasibətlərinin subyektləri Torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir.[6] Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər. Maddə 14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi[ Qaydaları”nın: Bu qaydalar Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “icarə haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Fərmanına və “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq hazırlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilir.
4. Torpaq sahəsinin icarəyə verilməsi barədə Sərəncam imzalandıqdan sonra 5 gün müddətində qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanılır. İcarə müqaviləsi 3 nüsxədən ibarət tərtib olunur. Bir nüsxə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, bir nüsxə icarəçidə qalır. Bir nüsxə isə müvafiq yerli icra hakimiyyəti orqanına göndərilir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin:
8. Torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 168 kv.m torpaq sahəsindən əlavə 140.3 kv.m torpaq sahəsinə dair də iddiaçı ilə əlavə icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi ilə əlaqədardır. İş materiallarından da göründüyü kimi, cavabdeh tərəfindən 2017-ci il tarixli sərəncam və ona əlavə edilmiş siyahı əsasında 168 kv.m torpaq sahəsi ilə əlaqədar icarə müqaviləsi bağlanılmışdır ki, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı isə hesab edir ki, həmin torpaq sahəsində əlavə, qeyri-yaşayış sahəsinin istifadəsi üçün zəruri olan 140,3 kv.m torpaq sahəsinə, yəni ümumilikdə 308,3 kv.m torpaq sahəsinin onun icarəyə verilməsi zərurəti yaranmışdır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından iddianı təminini istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməlidir ki, həmin hallar da sübut edilməkdədir. Qeyd olunmalıdır ki, dövlət əmlakının icarəyə verilməsinə münasibətdə, həmin əmlakın icarəyə verilməli olub-olmamasının qiymətləndirilməsi cavabdehin səlahiyyətləri çərçivəsindədir. Qanunvericilikdə dövlət əmlakının icarəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, həmin vəzifənin hər bir halda icrası qismində çıxış etməməklə, hazırkı qrup münasibətlər üzrə cavabdehin işin faktiki və hüquqi hallarını qiymətləndirməsinə maneə təşkil etmir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin adından da göründüyü kimi əmlakla bağlı səlahiyyətli qurum kimi dövlət əmlakının satılması, icarəyə və istifadəyə verilməsini müəyyən şərtlər çərçivəsində etməkdə səlahiyyətlidir və məhz dövlətə məxsus əmlakın icarəyə verilməsindən imtinada da səlahiyyətli qurumdur. Məhkəmə də hesab edir ki, cavabdeh həmin səlahiyyətləri çərçivəsində düzgün olaraq iddiaçıya əlavə torpaq sahəsinin icarəyə verilməsindən imtina etmişdir. Qeyd olunmalıdır ki, iddiaya etiraz məhkəməyə daxil olmasa da, iş üzrə iddiaçıya ünvanlanan məktublardan görünür ki, cavabdeh Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən baş planın təsdiq edilməməsi və icarə haqqının ödənilməməsinə istinadən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə hesab edir ki, məhkəmə imtinanın icarə haqqının ödənilməməsinə münasibətdə cavabdehin dəlili ilə razılaşdığından, icarə müqaviləsinin bağlanılmamasına münasibətdə imtinanın qanuni olması qənaətindədir. Belə ki, 168 kv.m torpaq sahəsindən istifadə ilə əlaqədar icarə haqqının iddiaçı tərəfindən cavabdehə ödənilmədiyi aşkardır ki, icarə haqqının ödənilmədiyi halda əlavə torpaq sahəsinə dair də icarə müqaviləsinin bağlanılmasının cavabdehdən tələb edilməsi məhkəmə hesab edir ki, qanuni və əsaslı sayıla bilməz. İcarə münasibətlərindən yaranan mübahisənin olması da nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehin əlavə sahəyə dair yeni inzibati mübahisəyə girməkdən imtinası başa düşülən olmaqla, dövlət əmlakının istifadəsinə münasibətdə ödənilməli olan icarə haqqının ödənilməsindən yayınma kimi əsaslı ehtimal yaradır. Məhkəmə, onun da qeyd edilməsi zəruri hesab edir ki, cavabdeh 28 oktyabr 2022-ci il tarixli məktubunda, baş planın 04 oktyabr 2021-ci il tarixli məktubla Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilməməsinə istinad da edilmişdir ki, adıçəkilən 04 oktyabr 2021-ci il tarixli məktubdan da görünür ki, yerli icra hakimiyyəti orqanı işin məhkəmə icraatında olmasına və digər hallara istinadla hüquqmüəyyənedici sənədin verilməsini Xidmətin mülahizəsinə buraxmışdır ki, məhkəmə hesab edir ki, imtinanın göstərilən dəlili üzrə əlavə araşdırmanın aparılması zərurəti müəyyən edilmir. Belə ki, icarə haqqının ödənilməməsi imtinanın qanuni və əsaslılığını təsdiq edir ki, imtinanın möhkəmləndirilməsinə istiqamətlənən həmin imtina dəlilinin düzgünlüyünün müəyyən edilməsinə yönəlik araşdırma, nə qədər ki, digər imtina əsası məhkəmə üçün qanuni və əsaslıdır, məhkəmə üçün zərurət müəyyən edilməyən haldır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov