Məhkəmə qərarları › İş №2-1(112)-2700/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2700/2022

16.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2700/2022 16.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Sumqayıt şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətsizliyinin əsassız hesab edilərək, epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətsizliyinin əsassız hesab edilərək, epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, uşaqlıqdan epilepsiya xəstəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi HƏEK-in rəyinə əsasən ona generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi diaqnozu qoyulmuşdur. Müxtəlif illərdə xəstəliyi ilə bağlı bir sıra şəhərlərdə müalicə almış, professor Abasquliyev Əhməd, professor Ağabəy Sultanov, professor Nadir İsmayılov və professor Mollazadə tərəfindən müayinə olunmuşdur. 1971-ci ildən Bakı şəhər Psixonevroloji Dispanserdə qeydiyyatdadır. 1972-ci ildə Kiyev şəhərinin Psixonevroloji Dispanserində prof. Laptiyev, 1973-cü ildə Moskva şəhərində yerləşən X6 Dispanserində baş Epileptoloqu prof. A.S.Remezova, aparıcı həkim prof. A.A.Terentiyeva, baş həkim prof.O.A.Trifonov, prof. P.A.Konstantinov və prof. Ledenyov tərəfindən ildə 2 dəfə müayinə və müalicə olunmuşdur. Hal-hazırda Bakı şəhəri, N.Nərimanov rayonu 4 saylı poliklinikanın psixiyatrı Mustafayev Aziyat tərəfindən müalicələri davam etdirilir. 2000-ci ildən isə 1-ci qrup əlildir. İddiaçının anası X5 N.Nərimanov rayon 6 saylı uşaq poliklinkasının Uşaq Pulmonoloji şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunan qıcolmaları, müalicələrin gedişatını anası Moskva şəhərində olduqları zaman bir həkim kimi izləmiş və yaxından iştirak etmişdir. Bu faktın müəyyən olması iddiaçıya ona görə zəruridir ki, gələcəkdə atasından anasına keçən pensiya pulunu anasının vəfatından sonra 1-ci qrup əlil olduğu üçün öz adına keçirərək ala bilsin. Bu səbəbdən Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında həkim Tibbi Sosial Ekspert Komissiyasına rəsmi ərizə ilə müraciət etmiş, cavabdeh orqan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsistemində müayinəyə dair məlumat aşkar olunmamasını bildirərək əlil olmağını təsdiq edən müayinənin nəticəsinə dair məlumatların «Əlillik» altsisteminə daxil edilməsi üçün tibbi sənədlər ilə birgə qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilməsini məsləhət görmüşdür. «Dost» xidmətinə müraciət edib adını mərkəzi sistemə saldıraraq yenidən rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, bu günə qədər hər hansı bir cavab gəlməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 18 saylı Şəhər Poliklinikasının 16.01.2004-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 – Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya generalizə olmuş tez-tez olan qıcolma tutmalar və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə.; Meyar: 2.1. Birinci dərəcə əlillik => DİGƏR: Epilepsiya generalizə olmuş tez-tez olan qıcolma tutmaları və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi əlillik iddiaçı tərəfindən müraciət olunan tarixdən təyin olunmuşdur. Bu səbəbdən cavabdeh əvvəlkilərə münasibət bildirə bilmir. Cavabdeh orqan göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2.2.3-cü mаddəsinə əsаsən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 34.1-ci mаddəsinə əsаsən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahat və çıxışını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. AZ 310703 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası X5, atası X3r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X10 3022 nömrəli, 12.04.2021-ci il tarixli və 6943 nömrəli, 18.08.2021-ci il tarixli məktubların surətlərinə əsasən iddiaçı 12.04.2021-ci il və 18.08.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Ona üzvi mənşəli (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Qeyd olunur ki, iddiaçı uşaqlıqdan xəstədir və daimi müalicə alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X10 422/KEŞ nömrəli ekspert rəyinə əsasən, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən “Epilepsiya Generalizə olunmuş tez-tez olan qıcolma tutlmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmiş, qeyd olunan xəstəliyin anadangəlmə olmasının istisna edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X10 1581 nömrəli 18.09.2020-ci il tarixli arayışının surətinə əsasən İddiaçı həqiqətən 2018-ci ildə epleptik tutma zamanı yıxılaraq isti çaynik üzərinə dağılmışdır və İmayıllı rayon Mərkəzi Xəstəxanasının travmatoloji şöbəsinə gətirilmişdir. Xəstəyə ambulator yardım göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 23.08.2021-ci il tarixli ambulator kitabçadan çıxarışın surətinə əsasən İddiaçı “baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində” diaqnozu qoyulmuşdur. 056506 nömrəli 09.10.2012-ci il tarixli vəsiqəyə əsasən İddiaçı 1-ci dərəcəli əlildir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2522/2020 saylı iş üzrə 24.11.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı 18 yaşına çatanadək (anadangəlmə) sağlamlıq imkanlarının məhdudluğu faktı müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1944/2021 saylı iş üzrə 13.04.2021-ci il tarixli qərardadına əsasən Dövlət Sosial Müdafiə Fondunun şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2(005)2522/2020 saylı qətnaməsi ləğv edilərək iddiaçının xəstəliyi ilə bağlı faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı Tibbi Sosial Ekspert Komissiyasınin 707206 nömrəli İddiaçı verilmiş arayışın surətinə əsasən şəxsin əlillik qrupu: birinci dərəcəli əlillik, səbəb: Ümumi xəstəlik, müayinə tarixi: 16.01.2004, növbəti müayinə tarixi: müddətsizdir, kənar şəxsin daimi xidmət və qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin iddiaçıya ünvalanan **********1 nömrəli 24.05.2021-ci il tarixli məktubuna əsasən orqan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsistemində müayinəyə dair məlumat aşkar olunmamasını bildirilərək əlil olmağını təsdiq edən müayinənin nəticəsinə dair məlumatların «Əlillik» altsisteminə daxil edilməsi üçün tibbi sənədlər ilə birgə qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbi-sosial Ekspert Komissiyasına müraciət edilməsini məsləhət görülmüşdür. Ruhi əsəb xəstəlikləri dispanserinin 5037/78 nömrəli 08.01.2004-cü il tarixli TSEK-ə göndəriş vərəqəsinin 11-ci bəndində göstərilmişdir ki,İddiaçı uşaq yaşlarından xəstədir, doğuş travması ilə olub, zəif uşaq kimi böyüyüb. Körpə yaşlarından qıcolma tutmalar olur... Əsas xəstəliyi “Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə” kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi 07.10.2021-ci il tarixli məktubunda iddiaçının əlillik vəziyyətinin 16.01.2004-cü il tarixdə qiymətləndirilməsi və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyinatı qərarının verilməsini bildirmişdir, o cümlədən İddiaçı əlilliyinin qiymətləndirilməsinə dair məlumatları özündə əks etdirən sənədin surətini təqdim etmişdir. “X11” X12 2 nömrəli poliklinika şöbəsi 07.04.2022-ci il tarixli məktubunda iddiaçının ünvanının X11 PHŞ 2 nömrəli poliklinika şöbəsinin xidmət etdiyi əraziyə aid olmadığını bildirmişdir. Məhkəmənin sorğusuna əsasən, “X11” X12 2 nömrəli poliklinika şöbəsi 25.04.2022ci il tarixli məktubu ilə iddiaçının psixiatr ambulator kartasını təqdim etmişdir. Cavabdeh orqan tərəfindən təqdim olunan TSEK müayinəsi barədə əsas məlumatlara görə İddiaçı 16.01.2000-ci il tarixdə tibbi nəzarətə götürülmüş, 16.01.2004-cü il tarixdə əlilliyin təkrar müayinə edilmə müddəti qurtarmışdır. Əlavə məlumatlara görə əlil şəxs işləmir, evdə müayinə olunmayıb və valideyninin sənədi mövcud deyildir. İddiaçı 16.01.2004-cü il tarixdə təkrar müayinədən keçmiş, ona “epilepsiya generalizə olmuş teztez olan qıcolma tutulmaları və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə” diaqnozu qoyulmuşdur. “X11” X12 2 nömrəli poliklinika şöbəsinın ünvan ünvanladığı iddiaçının ambulator kartasından çıxarışın verilməsi tələbinə cavab olaraq 09.03.2022-ci il tarixli 95/2022 nömrəli məktubuna əsasən, iddiaçının xəstəliyi və bu günə kimi aldığı müalicə haqqında məlumatlar verilmişdir. İddia tələbini təsdiq edən sübut qismində iddiaçı həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında həkim Tibbi Sosial Ekspert Komissiyasına ünvanlanmış ərizənin, 11 aprel 2011-ci il tarixli müayinə aktından çıxarışın, reseptlərin, 28.02.2022-ci il tarixli vəkil sorğusunun, AZ-İİ 190033 və AZ-İİ 189970 nömrəli Ölüm haqında şəhadətnamələrin surətləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 16-ci maddəsində göstərilmişdir: ”16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.” “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” İşin faktiki hallarına əsasən, iddiaçı 1962-ci il təvəllüdlü şəxsdir, ona 2004-cü ildə müddətsiz birinci qrup əlilliyi müəyyən edimişdir. Bu haqda məlumat X4 Sistemində (müvafiq “Əlillik ”altsistemində) öz əksini tapmışdır. İddiaçı ona əmək pensiyasının hesablanması zamanı elektron altsistemində əlavə məlumatın mövcud olması zəruri olduğundan, onun epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin( yəni sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olmasına dair qeydin ) Əlillik” altsisteminə daxil edilməsini tələb edir. İddiaçının tələbi ilə bağlı məhkəmə aşagıda göstərilən qanunvericilik normalarını nəzərə alınmasını vacib hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.21-ci bəndinə əsasən müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələrinə aiddir. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikasi Prezidentinin 12 sentyabr 2018-ci il, 263 nömrəli Fərmanı ilə X4 Sisteminin ilkin altsistemləri, o cümlədən Sosial Xidmətlər Vahid Sistemi yaradılmışdır. Həmin Fərman ilə Sosial Xidmətlər Vahid İnformasiya Sisteminin operatorunun funksiyalarını Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.-cü maddəsinə əsasən, MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; Həmin Əsasnamənin 4.1.-ci bəndinə əsasən, nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir: 4.1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2018-ci il, 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydasını, o cümlədən məlumatların mübadiləsi mexanizmini müəyyən edir. Həmin Qaydalarda göstərilmişdir: 1.2.4. dövlət informasiya sisteminin aparılması – dövlət informasiya sistemində olan informasiya ehtiyatlarında informasiya proseslərinin həyata keçirilməsi, informasiya ehtiyatından istifadənin və informasiya sisteminin fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi; 1.2.6. dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası – dövlət informasiya ehtiyatının və sisteminin səmərəli təşkili və istifadəsi, informasiyanın ilkin mənbədən əldə edilməsi və təkrarçılığın aradan qaldırılması üçün mübadiləsinin təmini məqsədi ilə informasiya ehtiyatları və sistemləri arasında qarşılıqlı əlaqələrin yaradılması; 1.2.14. informasiyanın ilkin mənbəyi – informasiyanın ilk formalaşdığı və saxlanıldığı informasiya ehtiyatı və sistemi; 2.6. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması onların sahibləri, operatorları və ya müqavilə əsasında qeyd edilən sahə üzrə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən həyata keçirilir. 2.7. Bu Qaydaların 2.6-cı bəndində qeyd edilən subyektlər müəyyən edilən müddətdə layihə üzrə nəzərdə tutulan işlərin görülməsini tamamlayır və istismara verilməzdən əvvəl Əlaqələndirici qurumun iştirakı ilə dövlət informasiya ehtiyatının və sisteminin sınağını həyata keçirir. 3.4.5. informasiya ehtiyatında və sistemində dəyişikliklər müvafiq qeydlər edilməklə aparılmalı, belə qeydlərin edilməsinə əsas olan sənədlər isə müvafiq sənədlər qovluğuna daxil edilməlidir; 3.5. Dövlət informasiya sistemində olan ehtiyatlara informasiyanın daxil edilməsində aşağıdakı tələblərə riayət edilməlidir: 3.5.1. dövlət informasiya ehtiyatına daxil edilən məlumatlar dürüst, dəqiq və tam olmalıdır; 3.5.2. dövlət informasiya ehtiyatına məlumatlar səlahiyyətli qurumlar tərəfindən gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə daxil olunmalı və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır; 3.5.3. dövlət informasiya ehtiyatına daxil edilən informasiya həmin ehtiyatın fəaliyyət sahəsinə uyğun olmalıdır; 3.5.6. yeni yaradılan informasiyanın (cədvəl, sütun və s.) ilkin mənbəyi Əlaqələndirici qurum tərəfindən müəyyən edilməli və digərləri tərəfindən informasiya həmin mənbədən əldə edilməlidir. 3.6. Dövlət informasiya ehtiyatına və sisteminə onun sahibinin normativ hüquqi aktlarla müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan informasiyanın daxil edilməsi qadağandır. Yuxarıda göstərilmiş qanunvericilik normalarına görə iddiaçı onun epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin daxil edilməklə “Əlillik” altsistemində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində haqlı deyil. Belə ki, iddiaçının epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması barədə məlumat müvafiq elektron informasiya mənbəyində (vahid elektron sisteminə inteqrasiya olunmuş Səhiyyə nazirliyinin ehtiyatı və sistemində) mövcud deyil. “Əlillik” altsistemində iddiaçının istədiyi dəyişiklik edilməsi üçün iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər (məktublar, tibbi kartası və s.) əsasında məlumat Səhiyyə nazirliyinin informasiya sisteminə daxil olması zəruridir. Belə ki, Səhiyyə nazirliyinin informasiya sistemi- şəxsin xəstəliyi, onun yaranması vaxtı və səbəbi və s.) barədə informasiyanı ilk formalaşdığı və saxlanıldığı informasiya ehtiyatı və sistemidir. Bu səbəbdən də cavabdeh tərəfindən iddia predmetini təşkil edən- iddiaçının epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməklə elektron sistemində müvafiq dəyişiklik və əlavələr edilməsi yolverilməzdir. Qanunvericilik normalarının təhlili göstərir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını müəyyən etmək səlahiyyətinə malik olan orqandır. İddiaçının təqdim etdiyi sənədlər (tibbi karta, məktublar və sair bu kimi kağız daşıyıcılarında olan məlumatlar) əsasında iddiaçının epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbinin müəyyən edilməsi və bu haqda qeydin “Əlillik” altsisteminə daxil edilməsi cavabdeh tərəfindən mümkün deyil. İddiaçının 2004-cü ildə əlilliyi müəyyən edilən zaman qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Lakin iş materiallarında iddiaçının 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxs olmasına dair qanunda qeyd edilmiş sənədlər - TSEK-in rəyi və ya müvafiq inzibati orqanı tərəfindən verilmiş vəsiqə –yoxdur. Beləliklə məhkəmə hesab edir ki, qanunvericilikdə “xəstəliyinin uşaqlıqdan yaranması səbəbinin” “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsi cavabdehin səlahiyyətlərinə aid etmədiyi üçün, sözügedən öhdəlik cavabdehin üzərinə qoyula bilməz. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətsizliyinin əsassız hesab edilərək, epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin hərəkətsizliyinin əsassız hesab edilərək, epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar