Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2757/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək pensiyasının bərpa olunması və ona pensiya ödənişinin dayandırılmış tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək pensiyasının bərpa olunması və ona pensiya ödənişinin dayandırılmış tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı Azərbaycan SSR X2 Komitəsinin sabiq işçisi olmuş, 11 may 1984-cü il tarixdən 10 iyun 1999-cu il tarixədək dövlət qulluqçusu kimi qeyd olunan dövlət orqanında müxtəlif vəzifələrdə işləmişdir. Göründüyü kimi, həmin dövr ərzində iddiaçının 15 il 1 ay dövlət qulluğu stajı vardır (AZ-İİ ******* nömrəli əmək kitabçasının surəti əlavə edilir). Yuxarıda qeyd olunanlara əsasən iddiaçıya 17 may 2020ci il tarixdən hesablanmaqla 29 iyul 2021-ci il tarixdə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh orqan tərəfdən 9 sentyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişinin 1 sentyabr 2021-ci il tarixdən dayandırıldığı bildirilmişdir. Həmin məktubda həmçinin göstərilmişdir ki, cari ilin avqust ayında iddiaçıya artıq ödənilmiş 844,15 manat pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunur. Cavabdeh inzibati orqan müvafiq məktubunda pensiya ödənişlərinin dayandırılması əsası kimi Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası»na istinad edərək bildirmişdir ki, sözügedən Qaydada qulluq illərinin hesablanması zamanı ödənişsiz məzuniyyətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Bu səbəbdən də, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətin qulluq illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. cavabdeh orqanın istinad etdiyi müvafiq Qaydalar məhz adından da göründüyü kimi dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi ilə bağlıdır. Belə ki, həmin Qaydaların 1-ci bəndində qeyd olunmuşdur ki, bu Qayda «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir. Halbuki, dövlət qulluqçularının pensiya təminatı birbaşa olaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7 və 20.11-ci maddələri ilə tənzimlənir. Yəni, cavabdeh orqanın iddiaçıya dövlət qulluğuna təyin olunmuş əmək pensiyası ödənişlərini dayandırılması üçün istinad etdiyi həmin Qayda dövlət qulluqçularının pensiya təminatı ilə bağlı münasibətləri deyil, məhz dövlət qulluqçusunun xidmət etdiyi müddətdə aylıq məvacibinə əlavə haqların ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir. Daha əvvəl də qeyd edildiyi kimi, həmin Qaydaların 1-ci bəndində «Dövlət qulluğu haqqında» Qanunun 22.7-ci maddəsinə istinad olunur. Sözügedən 22.7-ci maddə isə, birbaşa dövlət qulluqçusunun xidmətdə olduğu dövrdə dövlət məvacibinə əlavə haqların təyin edilməsi ilə bağlıdır. Dövlət qulluqçulurının pensiya təminatı və şərtləri isə qanunvericiliyin tələblərinə müvafiq olaraq «Dövlət qulluğu haqqında» Qanunun 23-cü maddəsi və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7 və 20.11-ci maddələri ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 8 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. Beləliklə, «Dövlət qulluğu haqqında» Qanunun 23.1-ci maddəsinə əsasən «Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.11.1) dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; (20.11.2) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Vətəndaşların məzuniyyət dövrlərinin, habelə dövlət qulluqçularının məzuniyyət müddətinin (o cümlədən ödənişsiz məzuniyyət müddəti) əmək stajına daxil edilməsi ilə bağlı normalar birbaşa olaraq Azərbaycan Respublikasının «Dövlət qulluğu haqqında» və «Əmək pensiyaları haqqında» qanunlarında qeyd olunmadığı üçün, müvafiq olaraq bu münasibətlər və münasibətləri tənzimləyən normalar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. «Əmək pensiyaları haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111.1-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. 2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətlərin digər növləri nəzərdə tutula bilər. Yuxarıda qeyd olunanlar həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri kimi bir daha həmin Məcəllədə qeyd olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin maddənin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Qeyd edildiyi kimi, məzuniyyət müddətinin əmək stajına daxil edilməsi ilə bağlı normalar birbaşa Azərbaycan Respublikasının «Dövlət qulluğu haqqında» və «Əmək pensiyaları haqqında» qanunlarında göstərilmədiyindən, həmin münasibətlər qanunvericiliyin tələbinə müvafiq olaraq Əmək Məcəlləsi ilə tənzimlənir. Belə ki, Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Nəticə etibarı ilə Əmək Məcəlləsinin 111.1 və 5.2-ci maddələrinə əsasən işçinin məzuniyyətdə olduğu müddətin əmək stajına daxil edilməsi ilə bağlı norma da dövlət qulluqçularının əmək münasibətlərinə şamil olunmalıdır. Hazırki mübahisədə də, iddiaçı dövlət qulluqçusu kimi işlədiyi müddətdə uşağı dünyaya gəldiyi üçün və daha sonra həmin uşağa qulluq etməli olduğu üçün tərəflərin razılığı ilə qanunvericiliyə uyğun olaraq ona ödənişsiz məzuniyyət verilmişdir. Yuxarıda qeyd olunan müvafiq maddələrə əsasən isə, həmin müddətin əmək stajına daxil edilməsi birbaşa olaraq qanunvericilikdə təsbit olunmuşdur. Cavabdeh orqanın məktubunda həmin «Dövlət orqanlarında dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası»na əsaslanaraq qeyd edilmişdir ki. dövlət qulluğu illəri həmin Qaydaya əsasən hesablanır. Halbuki, həmin Qaydanın 4-cü bəndində qulluq stajı müddəti və ona olunan əlavələrdən ibarət cədvəl qeyd olunmuşdur. Həmin cədvəldə isə əlavə haqq üçün tələb olunan dövlət qulluğu illəri 1 ildən 5 ilədək, 5 ildən 10 ilədək və daha yuxarı qulluq illəri göstərilmişdir. Halbuki, dövlət qulluqçularının pensiya təminatı müvafiq olaraq «Əmək pensiyaları haqqında» Qanunun 20.11-ci maddəsi ilə tənzimlənmiş və həmin maddəyə əsasən tələb olunan minimum dövlət qulluğu stajının 15 il olaraq müəyyənləşdirilmişdir. Göründüyü kimi, cavabdeh orqan qərəzli olaraq, münasibətə aidiyyəti olmayan bir qanunvericiliyə əsaslanmış və iddiaçını əsassız olaraq pensiya ödənişlərindən məhrum etmişdir. Yuxarıda qeyd olunanlara əsasən 11 may 1984cü il tarixdən 10 iyun 1999-cu il tarixədək olan dövrdə iddiaçının 15 il 1 ay dövlət qulluğu stajı olduğu halda, cavabdeh orqan qanunsuz və əsassız olaraq iddiaçının pensiya ödənişlərini dayandırmış, dövlət qulluğuna görə təyin olunmuş pensiya ödənişlərinin dayandırılması kimi yanlış qanunvericiliyə əsaslanmış və nəticədə iddiaçının konstitusion hüquqlarından biri olan sosial təminat hüququnu və digər maddi və prosessual hüquqlarını kobud surətdə pozmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 110, 111.1-ci maddələrinə, İPM-in 12, 14-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 19, 22, 24-cü maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, iddiaçı X1 29 iyul 2021-ci il tarixindən təyin olunmuş və 1 sentyabr 2021-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını bərpa edərək, pensiya ödənişinin dayandırıldığı 1 sentyabr 2021-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - Hesab olunur ki, İddiaçı iddiası tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 20.11.1, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına və «Dövlət qulluğu haqqında» Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Eyni zamanda, dövlət qulluqçularının qulluq illəri Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası» ilə hesablanır. Sözügedən Qaydada qulluq illərinin hesablanması zamanı ödənişsiz məzuniyyətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Bu səbəbdən də, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddətin qulluq illərinin hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Aparılan araşdırma zamanı iddiaçının sabiq dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun olmadığı təqdirdə (dövlət qulluğu stajı 15 ildən azdır) həmin kateqoriya üzrə əmək pensiyası təyin edildiyindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 1 sentyabr 2021-ci il tarixdən dayandırılmışdır. Bununla əlaqədar olaraq ona 9 sentyabr 2021-ci il tarixli məktubla artıq ödənilmiş 844.15 manat pul vəsaitini könüllü büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması bildirilmiş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1958-ci il təvəllüdlüdür, dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajına malik olması əsası ilə ona cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 17 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh həmin pensiya məbləğinin ödənişini 1 sentyabr 2021-ci il tarixdən dayandırmış və bu hərəkətini belə əsaslandırmışdır ki, dövlət qulluqçusunun ödənişsiz məzuniyyətdə olduğu dövrün qulluq stajı kimi nəzərə alınmasına dair Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası»nda müddəa mövcud olmadığından, hazırkı iddiaçının dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı toplanmış olmur. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir və pensiya ödənişinin bərpa olunmasını tələb edir. Məhkəmə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə görə dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Bu maddə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - (20.1.7) əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: - (20.11.1) dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; - (20.11.2) dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə, (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun (Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.2-ci maddəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmin Məcəllənin 110-cu maddəsinin birinci hissəsinə görə işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 111-ci maddəsinin birinci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qayda «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 22.7-ci maddəsinə əsasən hazırlanmışdır və dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın ödənilməsi şərtlərini müəyyən edir. Həmin Qaydanın 7-ci maddəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı, dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı, məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü, dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti, dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət, əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət, ödənişli məzuniyyət dövrləri. Göründüyü kimi, qanunvericilik mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş və ya digər fəaliyyət müddətlərinin sığorta stajına daxil edilməsini yalnız müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirir və əmək məzuniyyətinin növləri sırasında “ödənişli məzuniyyəti” də nəzərdə tutmaqla məzuniyyət müddətini işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına aid edir. Mübahisənin tərəfi kimi hazırkı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası»nın müddəalarında dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən ödənişli məzuniyyətin nəzərə alınması əks olunsa da, həmin Qayda «Dövlət qulluğu haqqında» Qanunun 22-ci maddəsinə əsasən hazırlanmışdır. Hansı ki, həmin maddədə dövlət qulluqçusunun “pensiya təminatı” deyil, “dövlət məvacibi” ilə bağlı müddəalar təsbit olunmuşdur. Bu isə o deməkdir ki, yuxarıda qeyd olunan Qaydanın müdəalarında “ödənişsiz məzuniyyət” dövrünün qulluq illərinin hesablanması zamanı nəzərə alınmaması həmin dövrün əmək pensiyası təyinatı üzrə qulluq stajına daxil edilməməsinə əsas vermir. Qeyd olunduğu kimi, qanunvericilik bütün növlərdən olan məzuniyyət dövrlərini işçinin əmək stajı kimi sayır. Belə olan halda, məhkəmənin qənaətinə görə DSMF orqanının iddiaçıya təyin olunmuş “yaşa görə əmək pensiyası”nın dayandırılması üzrə hərəkətləri və pensiyanın bərpasından imtinası qanunvericiliyin, o cümlədən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1, 17-ci maddələrinin tələblərinə zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 29 iyul 2021-ci il tarixindən təyin olunmuş və 1 sentyabr 2021-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını bərpa edərək, pensiya ödənişinin dayandırıldığı 1 sentyabr 2021-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 29 iyul 2021-ci il tarixdən təyin olunmuş və 1 sentyabr 2021-ci il tarixdən ödənişi dayandırılmış dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasını bərpa edərək, pensiya ödənişinin dayandırıldığı 1 sentyabr 2021-ci il tarixdən hesablanmaqla ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-2757/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2757/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver