Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2766/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı “təkrar doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin 14 sentyabr 2021-ci il tarixli, 05/124/15 saylı məktubla ona doğum haqqında təkrar şəhadətnamənin təqdim edilməməsinin qanunsuz hesab edilməsi, doğum haqqında təkrar şəhadətnamənin təqdim edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək iddiaçıya məxsus doğum haqqında təkrar şəhadətnamənin təqdim olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi 14 sentyabr 2021-ci il tarixli, 05/124/15 saylı məktubla doğum haqqında təkrar şəhadətnamənin məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Cavabdeh ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən qanunsuz şəkildə imtina etmişdir. İşin faktiki hallarına əsasən “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş” məlumatlara əsasən onun doğum faktı Səbail rayon qeydiyyat şöbəsində 17.08.1995-ci il tarixli 889 saylı akt qeydi ilə qeydə alınmışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsi 9 saylı tam orta məktəbdən verilmiş arayışa əsasən o, həqiqətən N.Məmmədov adına 9 saylı tam orta məktəbdə 14.05.2010-cu ilədək İX sinfində təhsil almışdır. Valideynləri vəfat etdikdən sonra ona məxsus doğum haqqında şəhadətnamə naməlum səbəblərdən itmişdir. Buna görə də 16 yaşına çatdığı zaman doğum haqqında şəhadətnamənin olmaması səbəbindən şəxsiyyət vəsiqəsini əldə edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 12.10.2021-ci il tarixli, 05/Q1377/13 nömrəli iddiaya yazılı etirazında bildirilmişdir ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış Qeydiyyat informasiya sisteminə daxil edilmiş iddiaçının adına Səbail rayon qeydiyyat şöbəsi tərəfindən 17.08.1995-ci il tarixli 889 saylı qeydə alınmış doğum haqqında akt qeydi qeydə alınması aşkar olunmuşdur. Bildirilir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiqlənmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə görə 16 yaşına çatmış şəxslərə onların X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Hal-hazırda vətəndaşın şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnaməni məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olundu. Doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı iş üzrə məhkəmənin iclasında Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işin baxılması məhkəmənin mülahizəsinə buraxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin məhkəməyə ünvanladığı 19.01.2022-ci il tarixli, 05/Q-67/13 nömrəli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 15.10.2021-ci il tarixli, 018-16384-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, sorğu edilən İddiaçı yaşayış yeri üzrə qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsi 9 nömrəli tam orta məktəbin 30.12.2021-ci il tarixli, 86 nömrəli məktubunda qeyd edilmişdir ki, 17.06.1995-ci il təvəllüdlü olan İddiaçı 2001-2002-ci tədris ilində məktəbin 1-ci sinfinə daxil olmuş, 2009-2010cu tədris ilinə qədər məktəbdə təhsil almışdır. 14.05.2010-cu il tarixdə 79 №li əmrə əsasən yaşayış yerini dəyişdiyi üçün məktəbdən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin 22.12.2021-ci il tarixli, 05/Q1629/13 nömrəli məktubunda qeyd edilmişdir ki, 17.08.1995-ci il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydinin ksero surəti göndərilmişdir. Eyni zamanda bildirilmişdir ki, İddiaçı barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Təqdim edilmiş 17 avqust 1995-ci il tarixli, 889 nömrəli doğum haqqında akt qeydindən müəyyən edilir ki, İddiaçı - doğulduğu tarix 17.06.1995-ci il, doğulduğu yer Azərbaycan R, Bakı şəhəri. Ata haqqında məlumat: X4 - doğulduğu tarix 22.03.1963-cü il, milliyəti azərbaycanlı, daimi yaşadığı yer Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 45, mənzil 19. Ana haqqında məlumat: X3 - doğulduğu tarix 03.02.1966-cı il, milliyyəti azərbaycanlı, daimi yaşadığı yer Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi 45, mənzil 19. Evlənmə şəhadətnaməsi № 180, 15.06.1991-ci il, doğum haqqında şəhadətnamə verilmişdir 297543. Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin 15.09.2021-ci il tarixli, 05/1240/15 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı doğumu haqqında təkrar şəhadətnamənin istənilməsinə dair müraciətinizə baxılmışdır. Müraciətinizlə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış Qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar nəzərdən keçirilərkən İddiaçı doğumunun Səbail rayon qeydiyyat şöbəsində 17.08.1995-ci il tarixli 889 saylı akt qeydi qeydə alındığı aşkar edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə görə 16 yaşına çatmış şəxslərə onların X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxlərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edilir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir və həmin Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Halhazırda İddiaçı şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnamənin məhz şəxsiyyət vəsiqəsini təqdim edə bilən şəxsə verilməsi ilə bğlı məhkəməyə müraciət etməyiniz məsləhət olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin sadalanan hallarından görünür ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinin tələblərini rəhbər tutmaqla iddiaçının şəxsiyyəti təsdiq edən şəxsiyyət vəsiqəsi olmadığından müraciətin təminindən imtina etmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyriməhdud müddətə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 dövlət qeydiyyatı Qaydası”nın: -1.4-cü bəndinə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. -1.14-cü bəndinə görə X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -9.1-ci bəndinə əsasən X1 qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X1 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X1 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. -9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə təqdim edirlər. -9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası X1 arxivinə, Naxçıvan Muxtar Respublikası X1 arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. -9.9-cu bəndinə əsasən X1 qeydiyyatı haqqında təkrar şəhadətnamələr vətəndaşlıq vəziyyəti akt qeydlərinə və ya kağızı kitablarına uyğun yazılır. İşin hallarından müəyyən olur ki, iddiaçının doğumu barədə akt qeydi mövcuddur, akt qeydinə əsasən İddiaçı, atası X4, anası X3 olmaqla 17.06.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Akt qeydi cavabdeh tərəfindən mübahisələndirilmir. Bir dəfə doğum haqqında şəhadətnamə verilmiş, lakin iddiaçı həmin şəhadətnamənin məhv olduğunu bildirir. Qeyd edilməlidir ki, iddiaçının şəxsiyyətini eyniləşdirməyə imkan verən digər sənədləri - Bakı şəhəri üzrə Təhsil İdarəsi 9 nömrəli tam orta məktəbin arayışı var. Eyni zamanda həmin adda yaşayış yeri üzrə qeydiyyat barədə məlumat aşkar edilməmişdir, doğum haqqında akt qeydinə əsasən eyni adda şəxsin ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin, iddiaçı məhkəmə iclasında ailə üzvlərindən qardaşı kimi X2 adını qeyd etmişdir. İddiaçının qeyd etdiyi həmin adda şəxsin elektron məhkəmə informasiya sistemində şəxsiyyət vəsiqəsi məlumatlarından AZE seriyalı 17453920 nömrəli şəxsiyyət vəsiqəsinə sahib 11.06.1992-ci il təvəllüdlü iddiaçı ilə eyni soyad və ata adı olan X5 adında şəxs müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını da nəzərə almamışdır. Belə ki, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir və yaxud iddiaçını təmsil edən şəxsə təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkündür ki, təmsil etmə üçün tələb olunan etibarnamə özü də şəxsiyyət vəsiqəsi əsasında verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-2766/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2766/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver