Məhkəmə qərarları › İş №2-1(112)-2773/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2773/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2773/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı artıq ödənilmiş gömrük ödənişinin qaytarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəfindən artıq ödənilmiş 1945 (bir min doqquz yüz qırx beş) manat gömrük ödənişinin ona ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 31.08.2020-ci il tarixdə X5 BMW markalı 2017-ci il istehsalı olan avtomaşını daxil olub. Sözügedən avtomobili “Copart.com” Amerika Auksionundan 8400 (səkkiz min dörd yüz) ABŞ dollarına udmuşlar. Bunun üçün Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə The Bank of X12 9039 (doqquz min otuz doqquz) ABŞ dolları məbləğində xaricə köçürmə etmişdir. Bildirir ki, avtomaşın arxa sağ tərəfindən zərbə alıb, arxa sağ peredok ciddi zədə alıb, arxa sağ qapı və qanad zədəlidir, arxa banper yoxdur, sağ qabaq oturacaq və damın sağ tərəf aerobakı açılmışdır. Qabaq bamper, dam, sol tərəf qapı və qanadlarda da zədələr vardır. Arxa sağ stop sınıqdır, qabaq sağ təhlükəsizlik kəməri dəyişilməlidir. Həmçinin radiatordan gedən patrupka zədəlidir. Gömrük Komitəsinin əməkdaşları tərəfindən avtomaşına 15000 (on beş min) ABŞ dolları qiymət qoyularaq ondan minik avtomobilinin rəsmiləşdirilməsi üçün 10383,72 manat məbləğində gömrük rüsumu tələb edilmişdir (ödənişlərə dair qəbzlər iddia ərizəsinə əlavə edilir). Onun təqdim etdiyi rəsmi sənəd, invois və fotoşəkillərə baxmayaraq, Amerikada avtomaşına qoyulmuş ilkin qiyməti əsas götürərək, real rüsumdan artıq məbləğ hesablamışlar. Belə ki, idxal gömrük rüsumu 2396,40 ABŞ dolları (4073,88 manat); bəyannamənin hər səhifəsinə görə 30 manat, 3 vərəq bəyannamə üçün 90 manat gömrük bəyannaməsi, 30 manat avtomobilin qeydiyyat vəsiqəsinin verilməsinə görə, 599,10 manat aksiz vergisinə görə, 9039 dollar (15366,30 manat) auksiondan alış və yol pulu üçün ödənilən məbləğ, ümumi məbləğin 18 faiz ƏDV-si 3628,65 manat, ümumi gömrük rüsumu 8421.53 manat təşkil edir. Beləliklə də, real gömrük rüsumundan 1945 (bir min doqquz yüz qırx beş) manat artıq məbləğdə gömrük ödənişi almışlar. Bu barədə cavabdehə yazılı formada ərizə ilə müraciət etsə də, bir nəticəsi olmamışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, icraatında olan İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük idarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə” iddia tələbinə dair 2-1(112)-2773/2021 saylı inzibati iş üzrə iddia ərizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinin 25.01.2021ci il tarixli 2-1(112)-2773/2021 nömrəli bildirişinə və 19.11.2020-ci il tarixli, 2-1(112)- 7868/2020 nömrəli sərəncamına cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsi iddia ərizəsində qeyd olunanları əsassız hesab edir. Belə ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar Üzrə Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə” iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. İddia ərizəsində qaldırılan məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X2 New York şəhərinin “X11 LLC” şirkətindən idxal etdiyi mənşə ölkəsi Almaniya Federativ Respublikası olan, 2017-ci il buraxılışlı, mühərrikinin həcmi 1997,000 sm3, şassi/ban nömrəsi WBA8B9G58JNU99764 olan “BMW 330 İ (BENZİN)” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün 03.09.2020-ci il tarixdə **********0218 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Təqdim edilmiş **********0218 sorğu nömrəli gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42-ci qrafasında invoys dəyəri 9039,00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 25500,00 manat, 46-cı qrafasında statistik dəyəri 15000,00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 - ehtiyat üsul seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımı 120,00 manat, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə gömrük yığımı 30,00 manat, mühərrikin işçi həcminə görə tutulan idxal gömrük rüsumu 4073,88 manat, aksiz vergisi 599,10 manat, əlavə dəyər vergisi 5458,14 manat, nəqliyyat vasitəsinin ekspertizasına görə 30,00 manat, texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsinə görə 20,00 manat, elektron gömrük xidmətlərinin göstərilməsinə görə 30,00 manat və elektron gömrük xidmətlərinin göstərilməsinə görə əlavə dəyər vergisi 5,40 manat, cəmi 10366,52 manat hesablanaraq İddiaçı tərəfindən ödənilmişdir. Gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək 03.09.2020-ci il tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. İddiaçı etibarnamə üzrə təmsil etdiyi şəxs X4 02.09.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. İddiaçı etibarnamə üzrə təmsil etdiyi şəxs X1 ərizəsinə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində baxılmış və ona 30.09.2020-ci il tarixli 2100-012/001-26/000905 nömrəli məktubla müvafiq cavab verilmişdir. Ərizə gömrük orqanı tərəfindən əsaslı olmadığı üçün təmin edilməmişdir. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müracət edə bilər. Bu prosedur zamanı maraqlı şəxs malları bəyan etmədən əvvəl onların gömrük dəyərinin müəyyən edilməsi məqsədilə əvvəlcədən gömrük orqanına müraciət etdiyi halda, gömrük orqanı malın gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı məcburi olan qərar qəbul etməlidir. Lakin, ididaçı bununla bağlı gömrük orqanına müraciət etməmiş və vaxtında bu hüququndan istifadə etməmişdir. İddiaçı vaxtında həmin hüququndan istifadə etməmiş, **********0218 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini 03.09.2020-ci il tarixdə başa çatdırmış və nəqliyyat vasitəsi onun sərəncamına verilərək sərbəst dövriyyəyə buraxılmışdır. Hesab edirlər ki, bəyannaməçinin, yəni iddiaçının təqdim etdiyi **********0218 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Əlavə olaraq, qüvvədə olan gömrük qanunvericiliyinə əsasən mallar və nəqliyyat vasitələri mal sahibi və ya bəyannaməçi tərəfindən gömrük bəyannaməsi verilməsi yolu ilə bəyan olunur və bəyannamədəki məlumatların düzgünlüyünə görə onlar cavabdehlik və məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi **********0218 sorğu nömrəli gömrük bəyannaməsini və onlara əlavə olunan sənədləri gömrük orqanı öz vəzifə borcunu yerinə yetirərək öz növbəsində təsdiqləmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi **********0218 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsasız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinin müraciətinə cavab olaraq verilmiş 30 sentyabr 2020-ci il tarixli, 2100-012/001-26/000905 nömrəli imtina cavabından görünür ki, iddiaçının nümayəndəsinə bildirilmişdir ki, müraciətdə qeyd etdiyi istehsal tarixi 1 ildən artıq, mühərrik həcmi 1997 kubsantimetr minik avtonəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarına əsasən mühərrikin həcminin hər kubsantimetrinə görə 1.20 ABŞ dolları məbləğində idxal gömrük rüsumu (1997x1.20=2396.40 ABŞ dolları), 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarına əsasən gömrük dəyərindən asılı olaraq gömrük yığımı, gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat, həmçinin nəqliyyat vasitəsinin qeydə alınması üçün vəsiqə verilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır. Bununla yanaşı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.4-cü maddəsinə əsasən 1997 kubsantimetr mühərrikli minik avtomobilinin idxalı zamanı 599.10 manat məbləğində aksiz vergisi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən idxal olunan avtonəqliyyat vasitəsinin gömrük dəyəri və ödənilməli olan gömrük ödənişlərinin cəminin 18% həcmində əlavə dəyər vergisi ödənilir. Ölkə ərazisinə idxal olunan malların gömrük dəyəri "Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyən edilir. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Eyni zamanda bildirilmişdir ki, bəyannaməçinin bəyan etdiyi **********0218 saylı gömrük bəyannaməsində göstərilən məlumatlar gömrük rəsmiləşdirilməsi zamanı tərəflərindən 50-ci qrafada təsdiq olunaraq 10366.52 manat (on min üç yüz altmış altı manat 52 qəpik) gömrük ödənişləri dövlət büdcəsinə ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən mübahisə predmeti olan avtomobillə bağlı 9039 (doqquz min otuz doqquz) ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə 18.05.2020-ci il tarixdə The Bank of New Yorka köçürülmüşdür. Buna dair Azərbaycan Beynəlxalq Bankı tərəfindən iddiaçıya mədaxil qəbzi tədim edilmişdir. İş materiallarına əlavə olunmuş **********0218 sorğu nömrəli, 03.09.2020-ci il tarixli Gömrük bəyannaməsindən müəyyən edilir ki, gömrük bəyannaməsinin 33-cü qrafasında nəqliyyat vasitəsinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu **********, 42ci qrafasında invoys dəyəri 9039.00 ABŞ dolları, 45-ci qrafasında gömrük dəyəri 25500.00 manat, 46-cı qrafasında statistik dəyəri 15000.00 ABŞ dolları, 43-cü qrafasında gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq 0 6 – ehtiyat üsulu seçilərək İddiaçı tərəfindən bəyan olunmuşdur. Gömrük rəsmiləşdirilməsinə görə hesablanmış məbləğ İddiaçı tərəfindən ödənildikdən sonra, gömrük rəsmiləşdirilməsi başa çatmış, nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərək, 03.09.2020-ci il tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X2 New York şəhərinin “X11 LLC” şirkətindən idxal etdiyi mənşə ölkəsi Almaniya Federativ Respublikası olan, 2017-ci il buraxılışlı, mühərrikinin həcmi 1997.00 sm3, şassi/ban nömrəsi WBA8B9G58JNU99764 olan “BMW 330 İ (Benzin)” markalı minik avtomobilinin gömrük rəsmiləşdirilməsi üçün 03.09.2020-ci il tarixdə, **********0218 sorğu nömrəli bəyannamə ilə bəyan etmiş, gömrük rəsmiləşdirilməsinə görə hesablanmış məbləğ tərəfindən ödənilmiş, gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və nəqliyyat vasitəsi sərbəst dövriyyəyə buraxılmışdır. İddiaçı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsini və gömrük rəsmiləşdirilməsinin aparılması zaanı artıq ödənilmiş məbləğin ona geri ödənilməsini tələb edir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab etmir: Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.-ci maddəsinə əsasən, bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; 1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; 1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq; 1.0.18. gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri;1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; Həmin Məcəllənin 9.0.3.-cü maddəsinə əsasən, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 40.1.-ci maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də, bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 83.1.-ci maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar: 83.1.1. sərbəst dövriyyəyə buraxılanadək; 83.1.2. məhv edilənədək; 83.1.3. dövlətin xeyrinə imtina olunanadək; 83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək; 83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək. Həmin Məcəllənin 104.1.-ci maddəsinə əsasən, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2.-cü maddəsinə əsasən, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur. Həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir. Həmin Məcəllənin 219.2-ci maddəsinə əsasən gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər. Həmin Məcəllənin 220.1-ci maddəsin əsasən malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respubikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 224.1-ci maddəsin əsasən bu Məcəllədə, Azərbaycan Respublikası Vergi Məclləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən gömrük ödənişləri – gömrük rüsumları, əlavə dəyər vergisi, aksizlər, yol vergisi, gömrük yığımları, haqq və dövlət rüsumu alınır. Həmin Məcəllənin 333-cü maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 1,3.9-cu yarımbəndinə əsasən avtonəqliyyat vasitəsi dedikdə dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitəsi nəzərdə tutulur. Həmin Qaydaların 3.15-ci bəndinə əsasən gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatların düzgünlüyünə görə cavabdehliyi həmin malları bəyan edən fiziki şəxs daşıyır. Həmin Qaydaların 3.17-ci bəndinə əsasən gömrük orqanının vəzifəli şəxslərinin, gömrük orqanının səlahiyyətlərinə aid edilmiş məlumatların daxil edilməsi istisna olunmaqla, bəyannaməni doldurmaq, orada göstərilən məlumatları dəyişdirmək və ya ona əlavə etmək hüququ yoxdur. Həmin Qaydaların 3.18-ci bəndinə əsasən təqdim olunan bəyannamə bəyannaməçi tərəfindən imzalanmalı və gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının məsul şəxsi tərəfindən şəxsi nömrəli möhürlə və imzası ilə təsdiq edilməlidir. Həmin Qaydaların 3.19-cu bəndinə əsasən bəyannamə təsdiq edildikdən sonra, həmin bəyannamə faktları təsdiq edən hüquqi əhəmiyyətə malik sənəd sayılır. Göründüyü kimi, iddiaçının elektron formada təsdiqləyərək təqdim etdiyi **********0218 sorğu nömrəli gömrük bəyannaməsi və onlara əlavə olunan sənədlər gömrük orqanı tərəfindən təsdiqlənmiş, dövlət büdcəsinə ödənilməli olan gömrük ödənişləri üçün iddiaçının təsdiqlədiyi **********218 sorğu nömrəli gömrük bəyannaməsində göstərdiyi gömrük dəyəri əsas götürülmüşdür. İddiaçı da, gömrük rəsmiləşdirilməsi aparılan zaman həmin məbləğlə razı olmuş, həmin məbləği ödəmiş, gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra nəqliyyat vasitəsinə baxış keçirilərək, cavabdeh tərəfindən 03.09.2020-ci il tarixdə nəqliyyat vasitəsinin sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati və iqtisadi məhkəmə vasitəsi ilə verilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar