Məhkəmə qərarları › İş №2-1(112)-2780/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2780/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2780/2021 03.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı diplomatik fəaliyyətinin əmək stajına hesablanması tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əfqanıstan Demokratik Respublikasında diplomatik fəaliyyətinin əmək stajına hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci il təvəllüdlü o, xx xxxxxx 1982-ci ildən xx xxxxxx 1984-cü ilə kimi X4 İşlər Nazirliyinin müvafiq əmri ilə SSRİ-nin Əfqanıstan Demokratik Respublikasındakı Səfirliyinin 2-ci katibi vəzifəsində çalışmışdır. Əmək pensiyasına çıxmağı ilə əlaqədar 1 il altı aylıq diplomatik stajını əmək kitabçasına daxil etmək və müvafiq arayış almaq üçün Azərbaycan Respublikasının Prezidentinə göndərdiyi ərizəyə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi cavab olaraq ona 7/17-512/17/20 saylı, xx.xx.2020-ci il tarixli məktubu göndərmişdir. Məktubda qeyd edilmişdir ki, bəhs edilən vəzifəyə təyin edilməyi və həmin vəzifədən azad edilməyə dair sərəncamlar bilavasitə SSRİ-nin Xarici İşlər nazirliyi tərəfindən verildiyinə və Azərbaycan SSR Xarici İşlər Nazirliyinin hər hansı şəkildə iştirakı olmadığına görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində hər hansı arxiv məlumatı yoxdur. Odur ki, ona tövsiyə edilmişdir ki, hüquqi əhəmiyyətli faktın tanınması və əmək stajının hesablanması zamanı nəzərə alınması üçün müvafiq məhkəmə orqanına müraciət etsin. X2 İşlər Nazirliyindən aldığı arxiv arayışı və əmək haqqına dair arayış müvafiq göstəricələrə tam uyğun gələn sənədlərdir. İki sənədin dəqiq adı, verildiyi tarix və yer, məsul vəzifəli şəxslərin imzası və inzibatı orqanın möhürləri yerindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, əmək kitabçası yoxdur. SSRİ-nin Əfqanıstan Demokratik Respublikasındakı Səfirliyinin 2-ci katibi vəzifəsində çalışması faktının təsdiq edilməsi ona pensiya təyinatı üçün lazımdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək verdiyi izahatında bildirdi ki, iddiaçının vəzifəyə təyin edilməyi və həmin vəzifədən azad edilməyinə dair sərəncamlar bilavasitə SSRİ-nin Xarici İşlər Nazirliyi tərəfindən verildiyindən, Azərbaycan SSR Xarici İşlər Nazirliyinin hər hansı şəkildə iştirakı olmadığına görə iddiaçıya aid məlumatlar onlarda mövcud deyildir. Belə olan halda onlar tərəfindən iddiaçının hüquqlarının və ya qanuni mənafeylərinin pozulmasına yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdeh inzibati orqana qarşı tələb irəli sürərək Əfqanıstan Demokratik Respublikasında diplomatik fəaliyyətinin əmək stajına hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.3-cü maddəsinin tələbinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri müəyyən edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının: - 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. - 2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmənin ilkin icraatla bağlı araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı olmamış, onun SSRİ-nin Əfqanıstan Demokratik Respublikasındakı Səfirliyinin 2-ci katibi vəzifəsində işləməsi barədə sərəncamlar X4 İşlər Nazirliyi tərəfindən verilmişdir. İddiaçı SSRİ-nin Əfqanıstan Demokratik Respublikasındakı Səfirliyinin 2-ci katibi vəzifəsində işləməsi faktının məhkəmə tərəfindən təsdiq edilərək əmək stajına hesablanmasını xahiş edir və həmin halın müəyyən edilməsinin ona pensiya təyinatı üçün lazım olduğunu bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının SSRİ-nin Əfqanıstan Demokratik Respublikasındakı Səfirliyinin 2-ci katibi vəzifəsində işləməsinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 6-cı bəndinə əsasən xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının əmək kitabçasında onun xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı qeydlər xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və təsdiq edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 122 №-li, xx xxxxx 1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Göründüyü kimi hazırki iş üzrə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi hər hansı cavabdehlik daşımır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qonunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi üzrə cavabdeh qismində qeyd olunmuş inzibati orqan iş üzrə cavabdehlik daşımadığından, bununla da həmin inzibati orqan tərəfindən iddiaçının hüquqlarının və qonunla qorunan maraqlarının pozulması halları müəyyən edilmədiyindən iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddiaçıya hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi ilə bağlı ümumu məhkəməyə, eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarına müraciət etmək hüququna malik olmasını izah edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar