Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2863/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “ictimai birliyinin dövlət qeydiyyatına alınması” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «X1» İctimai Birliyini əsassız olaraq qeydiyyata almaqdan imtina etməsi Azərbaycan Respublikasının Konstitusiyasının 58-ci, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 11-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməsi, «Sərhədsiz İnsan Hüquqları» İctimai Birliyinin dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə olunması barədə qərar barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, 07 iyul 2022-ci il tarixdə «Sərhədsiz İnsan Hüquqları» İctimai Birliyini təsis edərək həmin qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişlər. (qərarın surəti əlavə olunur). Müraciətlərinə cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 sentyabr 2022-ci il tarixli 05/5655-13 saylı məktubu ilə «Sərhədsiz İnsan Hüquqları» İctimai Birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilib (məktubun surəti əlavə olunur). 13 sentyabr 2022-ci il tarixli 05/5655-13 saylı məktubda aşağıdakılar göstərilir: “Bildiririk ki, "Ədliyyə Nazirliyi Kollegiyasının 19 mart 2012-ci il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 2.5-ci bəndinin tələbinə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, qurumun nizamnaməsi bir nüsxədə təqdim olunmuşdur”. Cavabdehin mübahisələndirilən 13 sentyabr 2022-ci il tarixli 05/5655-13 saylı imtina məktubunun dəlillərinin hüquqi əsaslan yoxdur. Mübahisələndirilən məktubda qeyd edir ki, “qurumun nizamnaməsi bir nüsxədə təqdim olunmuşdur ”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilən sənədlərə birliyin nizamnaməsi də iki nüsxədən ibarət əlavə edilmişdir. Lakin Ədliyyə Nazirliyinə təqdim olunan iş materiallarında nizamnamənin iki nüsxədə əlavə edilməsinə baxmayaraq 13 sentyabr 2022-ci il tarixli 05/5655-13 saylı məktubunda nizamnamənin bir nüsxədə əlavə olunmaması barədə irad bildirib. Təşkilatın qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanlanan müraciət ərizəsinin 4-cü bəndində “Nizamnamə-2 nüsxə” qeydi mövcuddur. Göründüyü kimi, təşkilatın nizamnaməsi Ədliyyə Nazirliyinə 2 nüsxədən ibarət təqdim edilmişdir. Bundan başqa, nizamnamənin bir nüsxədə əlavə olunsa belə, bu, qüsur texniki xarakterlidir və qeydiyyat üçün imtinaya səbəb olmayan haldır. Belə ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.3.1-cü maddəsinə əsasən təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. Bundan başqa, Ədliyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli Kollegiyasının qərarı ilə təsdiq edilmiş ‘‘Qeyrikommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”nın 4.1-ci bəndinə əsasən qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatına alınması, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər müraciət etmiş şəxsə qaytarılmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edilir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən imtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. Bu müddətdə çatışmazlıqlar aradan qaldırılmadığı halda, hüquqi əsaslar göstərilməklə dövlət qeydiyyatından imtina edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nizamnamə bir nüsxədə əlavə olunduğu halda belə, Nizamnamənin digər nüsxəsinin təqdim etmələri üçün təsisçilərə vaxt verməyib. İşin faktiki halları ilə təsdiq edilir ki, Ədliyyə Nazirliyi İctimai Birliyin dövlət qeydiyyatına alınmasından əsassız və qanunsuz olaraq imtina edib. Ədliyyə Nazirliyinin qanunsuz hərəkətlərinin səbəbi cavabdeh təşkilatın qeyri-hökumət təşkilatlarını dövlət qeydiyyatına almaq istəməməsi, bunun üçün ən müxtəlif bəhanələrdən, haqsız iradlardan istifadə etməsidir. Belə ki, cavabdeh təşkilat bürokratik orqandır, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınması prosesinə siyasi bir məsələ kimi baxır, qeydiyyat məsələsində özündən yuxarı dövlət qurumlarının təsir dairəsindədir, ölkədə müstəqil QHT sektorunun formalaşmasına əngəllər törətməyə çalışır, qeydiyyat əsasında fəaliyyət göstərən müstəqil QHT-lərin fəaliyyətinə isə inzibati maneələr yaradır, bəzi hallarda onların qeydiyyatını ləğv edir. Cavabdeh Ədliyyə Naziriliyinin qeyd olunan bürokratik fəaliyyəti barədə məlumatlar geniş ictimaiyyətdə kütləvi yayılıb, bu barədə ölkə mediasında çoxsaylı məqalələr dərc olunub, rəy sorğularında ictimaiyyət nümayəndələrinin əsaslandırılmış fikriləri, həmçinin beynəlxalq və yerli insan hüquqları təşkilatlarının hesabatları ilə təsdiq edilib. Azərbaycanda yüzlərlə QHT Ədliyyə Nazirliyinin bürokratik fəaliyyəti nəticəsində qeydiyyatdan keçə bilmir, bu, onların fəaliyyətinə maneçilik törədir, ən pisi odur ki, Ədliyyə Nazirliyi Avropa Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qeydiyyat məsələləri ilə bağlı qərarlarından nəticə çıxarmır. Cavabdehin qanuni əsaslan olmayan bu fəaliyyəti Azərbaycanın imicinə zərbə vurur, QHT sektorunun və vətəndaş cəmiyyətinin inkişafına maneçilik törədir, ictimai maarifləndirməni ləngidir, ölkəyə qrant axınının qarşısını alır, vətəndaşların birləşmək hüququna müdaxilə ilə nəticələnir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, “Sərhədsiz İnsan Hüquqları” ictimai birliyinin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətə baxılmışdır. Təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvercilik aktlarına uyğunluğu yoxlanılarkən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyrikommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları"nın 2.5-ci bəndinin tələbinə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, qurumun nizamnaməsi bir nüsxədə təqdim olunmuşdur. Bu baxımdan “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən sənədlər geri qaytarılır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023cü il tarixli iddiaya münasibətə dair məktubla bildirilmişdir ki, “Sərhədsiz İnsan Hüquqları” ictimai birliyi xx.xx.2022-ci il tarixdə təsis edilmişdir. Təşkilatın əsas məqsədi insan hüquqlarının inkişafına nail olmaq və vətəndaşların hüquqlarının müdafiəsinə yardım göstərməkdən ibarətdir. Qurumun təsis sənədləri xx.xx.2022-ci il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Qeyrikommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 7.1-ci bəndinin tələblərinə zidd olaraq təşkilatın nizamnaməsi bir nüsxədə təqdim olunmuşdur. Sənədlərin qaytarılması ilə bağlı qəbul olunmuş qərar təsis sənədlərindəki nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
6. Hazırki iddia məcburetmə haqqında iddia növünə aiddir.
7. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
9. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. İctimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatdır. 12.1. Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə mövcud olan qeyrihökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər. 12.2. Qeyri-hökumət təşkilatının təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur. 17.1. Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. 17.2. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından, imtinanın əsasları və təsis sənədlərin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələrini göstərilməklə, yazılı surətdə məlumat qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur. 17.3. Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. 17.4. Qeyri-hökumət təşkilatın dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilə bilər.
10. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları"nın 2.5-ci bəndinin tələbinə sənədlərin uyğun olmaması (qurumun nizamnaməsi bir nüsxədə) səbəbindən sənədlər geri qaytarılmışdır.
11. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.
12. Belə ki, iş məhkəmə icraatında olan müddətdə cavabdeh tərəfindən iddiaçılara növbəti dəfə xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 7.1-ci bəndinin tələblərinə zidd olaraq təşkilatın nizamnaməsi bir nüsxədə təqdim olunmuşdur. Sənədlərin qaytarılması ilə bağlı qəbul olunmuş qərar təsis sənədlərindəki nöqsanlar aradan qaldırıldıqdan sonra sözügedən təşkilatın qeydiyyata alınması üçün maneə törətmir və müraciət edildiyi təqdirdə məsələyə yenidən baxılacaqdır. Buna baxmayaraq iddiaçılar həmin nöqsanı aradan qaldırmamışlar, məhkəmə iclaslarında da iştirak etməmişdirlər.
13. Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydalar"nın: 2.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması üçün qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. 2.5. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: qeyri-kommersiya qurumunun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi (2 nüsxədə);
14. Belə olan halda məhkəmə iddiaçıların müraciətinin təmin edilməməsi ilə cavabdeh tərəfindən iddiaçıların hüquqlarının pozulmasına yol verilməsini müəyyən etməmişdir.
15. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2, 34, 68, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva