Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2896/2024 13.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı "aktın ləğv olunması və qurultay qərarlarının qeydiyyata alınması" tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyası cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı Azərbaycan Xalq Cəbhəsi Partiyasının xx.xx.2023-cü il tarixində keçirilmiş Vİİ (X) qurultayının qərarlarının qeydiyyata alınmasımdan imtina ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14- 6061/6/2023 saylı aktın ləğv olunması və qurultay qərarlarının qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası (bundan sonra - iddiaçı və yaxud AXCP) ******* identifikasiya kodu ilə 01 sentyabr 1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində əsas fəaliyyət növü siyasi fəaliyyət olmaqla siyasi partiya təşkilati-hüquqi formasında qeydiyyata alınmış və ona 30 nömrəli dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. 24 iyun 2023-cü il tarixində AXCPnin 7-ci qurultayı keçirilmişdir. Bu qurultayda Nizamnaməyə uyğun olaraq partiyanın rəhbər orqanları formalaşdırılaraq, gizli səsvermə nəticəsində X1, Murad Sultanov, Təzəxan Mirələmli, Fədai Qənbərov, Rza Abdullayev, Sahib Rüstəmli, Nüşabə Qatarlı. Fəridə Həsənova AXCP Nəzarət Təftiş Komissiyasına (NTK) üzv seçilmişdir. Yenə həmin qurultayın qərarı ilə AXCP rayon və şəhər təşkilatlarının konfrans və ya ümumi yığıncaqlarında seçilmiş AXCP Ali Məclisinin yeni tərkibi təsdiq olunmuşdur. AXCP Vİİ (X) qurultayı qərara almışdır ki, yeni proqram layihəsinin müzakirəsi başa çatana qədər AXCP Vİİ (X) qurultayının nümayəndələrinin səlahiyyəti saxlanılır. Müzakirələr başa çatdıqdan sonra qurultay nümayəndələri yeni proqramı müzakirə və qəbul etmək üçün toplanacaqdır. Bundan sonra xx.xx.2023-cü il tarixində bu faktın dövlət reyestrinə daxil edilməsi üçün qurultayın sənədləri AXCP-nin səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti İdarəsinə (bundan sonra - cavabdeh təşkilat və yaxud AR ƏN) təqdim edilmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2023-cü il tarixli, 3-16-5/2-14-6061/6/2023 saylı akt ilə faktın dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Həmin imtina cavabı iddiaçıya xx.xx.2023-cü ildə təqdim olunmuş, bununla əsaslandırılmışdır ki, iddiaçı X8 cavabdehlər X12 və Azərbaycan X13rşı seçki nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkünlüyü ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı Ədliyyə Nazirliyinə daxil olmuşdur. Həmçinin, A.Əliyevin sözügedən qurultayın nizamnamənin tələblərinə zidd keçirilməsi, nəticələrinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatına alınmamasına dair müraciəti də nazirliyə təqdim olunmuşdur . Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı münasibətində göstərmişdir ki, X9 Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri seçilməsinə dair xx.xx.2023-cü il tarixli qurultayın qərarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlər xx.xx.2023-cü il tarixdə nazirliyə təqdim olunmuşdur. Həmin qərarla partiyanın Ali Məclisinin yeni tərkibi təsdiq edilmiş və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilmişdir. xx.xx.2023-cü il tarixdə X2 qurultayın nizamnamənin tələblərinə zidd keçirilməsi, nəticələrinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatına alınmamasına dair müraciəti də nazirliyə təqdim olunmuşdur. Həmçinin iddiaçı A.Əliyevin cavabdehlər X12 və Azərbaycan X13rşı seçki nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkünlüyü ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının mövcud olduğu müəyyən edilmişdir. Məsələnin məhkəmə mübahisəsinin predmeti olduğu üçün sənədlər xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ******* identifikasiya kodu ilə qeydiyyata alınmış və əsas fəaliyyət növü “siyasi fəaliyyət”, təşkilatı hüquqi forması “siyasi partiya”, yerləşdiyi yer Bakı şəhəri, Xəqani küçəsi, ev 33 olmuşdur. İşdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının nizamnaməsindən görünür ki, partiyanın ali orqanı iki ildə bir dəfə çağırılan qurultaydır (Vİ. 1.bənd). Qurultaylararası müddətdə partiyanın ali orqanı AXCP Ali Məclisidir (Vİ. 5.bənd). AXCP Ali Məclisi iki il müddətində X17 Heyətini, Sədrini, onun müavinlərini və katibini seçir (Vİ. 9.1. bənd). AXCP-nin sədri AXCP Qurultayı tərəfindən 2 il müddətinə seçilir. AXCP-nin fəaliyyətinə rəhbərlik edir və AXCP-nin fəaliyyəti üçün məsuliyyət daşıyır. Partiyanı təmsil edir (Vİ. 10.bənd). xx.xx.2023-cü il tarixli AXCP Ali Məclisinin tərkibinin təsdiq edilməsi haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, AXCP rayon və şəhər təşkilatlarının konfrans və ümumi yığıncaqlarında seçilmiş AXCP Ali Məclisinin yeni tərkibi təsdiq olunmuşdur. xx.xx.2023-cü il tarixli AXCP sədrinin seçilməsi haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, gizli səsvermə nəticəsində X12 AXCP sədri seçilmişdir. xx.xx.2023-cü il tarixli Qurultay nümayəndələrinin səlahiyyətinin AXCP-nin yeni proqram layihəsinin müzakirəsi başa çatana qədər saxlanılması haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, AXCP-nin yeni proqram layihəsinin müzakirəsi başa çatana qədər AXCP Vİİ (X) qurultayının nümayəndələrinin səlahiyyətinin saxlanılması və müzakirələr başa çatdıqdan sonra qurultay nümayəndələrinin yeni proqramı müzakirə və qəbul etmək üçün toplanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli AXCP X7 (NTK) seçilməsi haqqında AXCP Vİİ (X) qurultayının qərarından görünür ki, açıq səsvermənin nəticələrinə görə, Murad Sultanov, Təzəxan Mirələmli, Fədai Qənbərov, Rza Abdullayev, Sahib Rüstəmli, Nüşabə Qafarlı, Fəridə Həsənova AXCP NTK-ya üzv seçilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, Azərbaycan Xalq Cəbhəsi Partiyasının 24 iyun 2023-cü il tarixdə keçirilmiş Vİİ (X) qurultayının qərarlarının qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının ərizəsi təmin edilməmiş və xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçı X8 cavabdehlər X12 və Azərbaycan X13rşı seçki nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkünlüyü ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərardadı Ədliyyə Nazirliyinə daxil olmuşdur. Həmçinin, A.Əliyevin sözügedən qurultayın nizamnamənin tələblərinə zidd keçirilməsi, nəticələrinin etibarsız hesab edilməsi və dövlət qeydiyyatına alınmamasına dair müraciəti də nazirliyə təqdim olunmuşdur. İddiaçı hazırda cavabdehin bu imtinası mübahisələndirərək, qurultay qərarlarının qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 1.1.4. siyasi partiyanın orqanları – siyasi partiyanın idarəetmə orqanları olan ali orqanı, qurultayarası kollegial orqanı və (və ya) sədri, həmçinin nəzarət orqanıdır. - Maddə 14.1. Siyasi partiyanın ali idarəetmə orqanı siyasi partiyanın qurultayıdır. Qurultay siyasi partiyanın nizamnaməsi ilə müəyyən edilmiş müddətlərdə, lakin 5 ildə bir dəfədən az olmayaraq keçirilir. Siyasi partiyanın növbəti və növbədənkənar qurultayı partiyanın qurultayarası kollegial idarəetmə orqanının (həmin orqan olmadığı halda partiya sədrinin) qərarı ilə çağırılır. Növbədənkənar qurultay səlahiyyətlərinə aid olan məsələlər çərçivəsində nəzarət orqanının, həmçinin partiya üzvlərinin ən azı üçdə iki hissəsinin qurultayarası kollegial idarəetmə orqanına (həmin orqan olmadığı halda partiyanın sədrinə) edilmiş müraciəti əsasında da çağırılır. - Maddə 14.2. Qurultayın müstəsna səlahiyyətlərinə aşağıdakılar daxildir: 14.2.3. siyasi partiya sədrinin seçilməsi və səlahiyyətlərinə xitam verilməsi. - Madə 16.1. Siyasi partiyanın fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün idarəetmə orqanı olan sədr seçilə bilər. Sədr partiyanın ali seçkili vəzifəli şəxsi sayılır. Qurultay sədri seçir və səlahiyyətlərinə xitam verir. Siyasi partiyanın nizamnaməsi ilə sədrin səlahiyyət müddəti, həmçinin müavinlərinin olması müəyyən oluna bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. - 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Maddə 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. - Maddə 12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyrikommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən aparılır. - Maddə 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar; 14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; 14.1.10. qurumun ləğv edilməsi barədə məlumat. İstinad olunan normalardan məlum olur ki, hüquqi şəxs, o cümlədən siyasi partiya dövlət qeydiyyatına alındıqdan sonra reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik olduqda, həmin dəyişikliyə dair sənədlər təqdim edilməli və dəyişiklik qeydə alınmalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə siyasi partiya kimi AXCP-nin növbəti Qurultayı keçirilmiş və həmin qurultayda qəbul edilmiş qərarlarla partiyanın Ali Məclisinin tərkibi, sədri, Nəzarət Təftiş Komissiyasının tərkibi müəyyən edilmiş, iddiaçı həmin qərarların qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Yuxarıda istinad olunan qanunvericiliyə əsasən yalnız siyasi partiyanın qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri barədə məlumatlar reyestrdə qeydiyyata alınmalı olduğundan iddiaçının hüquqi marağı da məhz qurultayın AXCP-nin sədrinin seçilməsi barədə qərarın nəticələrinin qeydə alınmasına yönəlmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-284/2024 saylı qərardadından görünür ki, iddiaçı X14 cavabdehlər X10 və Azərbaycan X13rşı “seçki nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, AXCP-nin xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Maştağa qəsəbəsində keçirilmiş Qurultayının nəticələrinin etibarsız hesab edilməsini xahiş etmiş, məhkəmə tərəfindən Qurultayda iştirak edən şəxslərin imzaları müabhisələndirildiyindən bu halın müəyyən edilməsi üçün məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Göründüyü kimi, siyasi partiyanın üzvü olan A.Əliyev hazırda AXCP-nin xx.xx.2023cü il tarixli Qurultayının nəticələrinin yanlış olduğunu, həqiqəti əks etdirmədiyini iddia edir. Belə olan halda, məhkəmə hesab edir ki, nə qədər ki, AXCP-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş qurultayının nəticələri, o cümlədən Ə.Kərimlinin sədr seçilməsi barədə qərar müabhisələndirilir, deməli, həmin qərarın nəticələri reyestrdə qeydə alına bilməz. Çünki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda və ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda, dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası qanuna uyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə onu da qeyd edir ki, xx.xx.2023-cü il tarixli Qurultayın nəticələrinin mübahisələndirilməsi ilə bağlı yekun məhkəmə qərarı qəbul edildikdən sonra iddiaçı dəyişikliyin qeydə alınması üçün yenidən cavabdehə müraciət edə bilər və bu iş üzrə qərar, iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-2896/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2896/2024
13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver