Məhkəmə qərarları › İş №2-1(112)-2985/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2985/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2985/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmətə yararsızlıq haqqında yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmətə yararsızlıq haqqında yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tibbi rəyin ləğv edilməsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Travmatologiya İnsitutunun həkim mütəxəsisləri tərəfindən hərbi xidmətə yaralılıq vəziyyətinin (hərbi xidmətə yaralıdır, yoxsa yararsız) yoxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hərbi xidmətə yararsız hesab edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə aldığı travma nəticəsində 'Sol qamış sümüyünün qabarının yerdəyişmiş sınığı” xəsarəti almışdır, 2011-ci ildən etibarən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon Bölməsində hərbi qeydiyyatda olmaqla 2024-cü ilə kimi hərbi xidmətə yarasız olmuş, hal hazırda da Travmatologiya İnsitutunda və digət tibb müəssisələrində müayinə olunmuş, ona tibbi müayinə nəticəsində bildirilib ki, aldığı travmaya görə bu gün də hərbi xidmətə yararsız hesab edilməlidir. Lakin 2024-cü ildə Dövlət Tibbi Sosial Ekspertiza və Reablitatsiya Agentliyində müayinə zamanı onu səthi müayinə edərək hərbi xidmətə yararlı olmağını bildirmişlər. Cavabdehin etirazı: Cavabdeh iddia dair qeyd etmişdir ki, “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 1.Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), 2.Sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), 3. Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), 4. Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Yekun tibbi müayinəni Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) hərbi həkim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparır. Hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 8.3-cü maddəsinə əsasən hərbi xidmətə yararlılığın “Xəstəliklər cədvəli”ndə aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; "B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C”— sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Bundan sonra Agentlik) qarşı “tibbi rəyin ləğv edilməsi” tələbinə münasibətdə bildiririk ki, tibbi şəhadətləndirilmə vərəqində həkim-mütəxəssisin rəyi iddiaçıya münasibətdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmuşdur. xx.xx.2024-cü il tarixli, **********8 nömrəli göndəriş əsasında O.A.X3 oynağının tunel rentgenoqrafiyası müayinəsi həyata keçirilmiş, ona XBT kodu S80.0 olan diz oynağının əzilməsi diaqnozu qoyulmaqla “funksiyaların pozulması olmayan obyektiv əlamətlərlə sol diz oynağının travmadan sonrakı vəziyyəti.” rəyi verilmişdir. Qeyd olunan funksiyaların pozulma dərəcəsi isə “Hərbihəkim ekspertizası haqqında” Əsasnamənin 58-ci maddəsinin ç bəndi ilə uyğunluq təşkil edir. “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 58-ci maddəsinin ç bəndinə əsasən funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda hərbi xidmətə yararlılıq kateqoriyası A-3 hesab edilir. Hərbi xidmətə yararlılıq kateqoriyası A-3 dedikdə, vətəndaşın müəyyən məhdudiyyətlər və ya daha yüngül fiziki şərtlər tələb olunan vəzifələr üçün hərbi xidmətə tam yararlı olduğu nəzərdə tutulur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının arzuladığı deyil, əlverişsiz hesab etdiyi inzibati akt qəbul edildiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə cavabdehə və iddia tələbinə münasibətdə iddianın mümkünlüyü ilə bağlı xüsusilə qeyd edir ki, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqla bağlı qəbul edilən qərar hazırkı iş üzrə cavabdehin qəbul etdiyi yekun tibbi müayinəyə dair qərar əsasında (ona uyğun olaraq) qəbul edildiyindən, yəni ondan fərqlənən qərarın qəbul edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, iddiaçı çatmaq istədiyi məqsədə hazırkı iddianı qaldırmaqla çata bilər və iddiaçının hüquqi marağına uyğun iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli yekun tibbi müayinəyə dair qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş yararslzklq səbəbi fərqli kateqoriya üzrə təsdiq edilmişdir. Göndərişdə göstərilən yararsızlıq səbəbi C (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) kateqoriyası A – 3 (hərbi xidmətə yararlıdır) kateqoriyası üzrə təsdiq edilmişdir; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2025-ci il tarixli, K/42-Ə/2025 №-li rəyindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı hal-hazırda “Sol qamış sümüyünün qabarının qapalı yerdəyişmiş sınığına görə aparılmış açıq repozisiyası, vintlərlə osteoartroz cərrahi əməliyyatından (xx.xx.2011) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının ilkin mərhələ osteoartrozu, funksiya pozulmaması ilə” diaqnozlu patologiya vardır. İddiaçı hal-hazırda onda olan “Sol qamış sümüyünün qabarının qapalı yerdəyişmiş sınığına görə aparılmış açıq repozisiyası, vintlərlə osteoartroz cərrahi əməliyyatından (xx.xx.2011) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının ilkin mərhələ osteoartrozu, funksiya pozulmaması ilə” diaqnozlu patologiya ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəli”nin 58ç maddəsinin İ qrafasına və ƏTC-yə (qoşma) əsasən, A-3 təyinatla “Hərbi xidmətə yararlır”dır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 76. Vətəni müdafiə İ. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. ... “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; ... 12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar çağırış vərəqəsində göstərilənlər nəzərə alınmaqla yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Çağırış vərəqəsi elektron formada vətəndaşın elektron kabinetinə yerləşdirildiyi və bu barədə SMS məlumat çatdırıldığı və ya şəxs digər vasitələrlə məlumatlandırıldığı andan etibarən çağırışçı məlumatlandırılmış hesab olunur. Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) (Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) elektron informasiya sisteminə ötürülür. 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. Əlilliyi müəyyən edilmiş çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilir. 15.2-2. Tibbi müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2023-cü il tarixli, 2317 nömrəli Fərmanı:

1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə: 2.19. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Agentlik tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. 2-1.2. Agentlik çağırışçının yekun tibbi müayinəsini MEİS-nin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə (bundan sonra – altsistem) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ötürülmüş tibbi müayinə nəticələri və çağırışçıların əyani tibbi müayinəsi əsasında həyata keçirir. 2-1.7. Çağırışçının yekun tibbi müayinəsi Agentlikdə fəaliyyət göstərən tibbi qiymətləndirmə komissiyaları tərəfindən bu Əsasnamənin 2-1.2-ci bəndinə uyğun olaraq həyata keçirilir. 2-1.15. Yekun tibbi müayinə 10 (on) gün müddətində aparılır. Əlavə araşdırma tələb olunduğu hallarda bu müddət Agentlik tərəfindən 10 (on) günədək uzadıla bilər. 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır;

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi Qanunvericiliyin tələbindən göründüyü kimi, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir: - sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” kateqoriyası), - sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası), - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında (“D” kateqoriyası). Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15.2.2–15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarlar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçirilmiş yekun tibbi müayinə nəticələri əsasında qəbul edilir. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq qeyd edilən Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra – Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli yekun tibbi müayinəyə dair qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiq edilmişdir. Göndərişdə göstərilən yararsızlıq səbəbi olan C (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) kateqoriyası A – 3 (hərbi xidmətə yararlıdır) kateqoriyası üzrə təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün Azərbaycan Resspublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”nin xx.xx.2025-ci il tarixli, K/42-Ə/2025 №-li rəyindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı hal-hazırda “Sol qamış sümüyünün qabarının qapalı yerdəyişmiş sınığına görə aparılmış açıq repozisiyası, vintlərlə osteoartroz cərrahi əməliyyatından (xx.xx.2011) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının ilkin mərhələ osteoartrozu, funksiya pozulmaması ilə” diaqnozlu patologiya vardır. İddiaçı hal-hazırda onda olan “Sol qamış sümüyünün qabarının qapalı yerdəyişmiş sınığına görə aparılmış açıq repozisiyası, vintlərlə osteoartroz cərrahi əməliyyatından (xx.xx.2011) sonrakı kafi bitişmiş sınığı, sol diz oynağının ilkin mərhələ osteoartrozu, funksiya pozulmaması ilə” diaqnozlu patologiya ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş, “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin “Xəstəliklər cədvəli”nin 58ç maddəsinin İ qrafasına və ƏTC-yə (qoşma) əsasən, A-3 təyinatla “Hərbi xidmətə yararlır”dır. Rəyin əsassızlığı ilə bağlı iddiaçı tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Məhkəmə hesab edir ki, hazırkı rəy qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Göründüyü kimi, cavabdehin iddiaçı barəsində olan qərarı qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, qərar qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmətə yararsızlıq haqqında yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar