Məhkəmə qərarları › İş №2-1(112)-2986/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2986/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2986/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9 (ünvan 1 ünvanında qeydiyyatda olan), iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə qarşı “mənzilə kirayə müqaviləsinin bağlanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı ünvan 2 ünvanındakı mənzilin kirayəçisi kimi tanınması barədə sərəncamın verilməsi öhdəliyinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli Qərardadına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3-cü şəxs qismində işə cəlb edilmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 7 ünvanında yerləşən 3 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanılması öhdəliinin Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı həyat yoldaşı Quliyeva Lyudmila və yetkinlik yaşına çatmayan üç oğlu yuxarıda qeyd edilən ünvan 2 ünvanında yaşayırlar. X13 14 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Yaşadıqları mənzilin orderi yoxdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 29 oktyabr 2015-ci il tarixli Q-309 №-li məktubundan görünür ki, mənzilin orderini tapmaq mümkün olmamışdır. Aid olduqları 18 saylı MİS-də də mənzilin orderi yoxdur. Lakin iddiaçıda olan Bakı şəhəri, Ordjonikidze Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayə komitəsinin iclasının 25 iyun 1962-ci il tarixli 36 №-li protokolundan (çıxarışdan) görünür ki, mənzilə dair maliyyə haqq-hesabının nömrəsi 1962-ci ildə X5 (nənəsinin) adına açılmışdır. Nənəsinin 10 may 1996-cı ildə vəfatından sonra mənzilə dair maliyyə haqq-hesabı atası Aslan Quliyevin adına açılmışdır. 08 iyun 2015-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Hazırda yaşadıqları mənzili özəlləşdirmək istəyir. Lakin mənzilə hüquqmüəyyənedici sənədin iddiaçıda olmaması bunu etməyə imkan vermir. Nənəsi və atası vəfat etdikdən sonra mənzillə bağlı bütün ödənişləri iddiaçı edir. Yuxarıda qeyd edilənlərlə əlaqədar o mənzilin kirayəçisi kimi tanınmağı barədə sərəncam verilməsi üçün ərizə ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, sonuncu xx.xx.2016-cı il tarixli NQ-123-070 №-li məktubu ilə aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı birliyinə müraciət etməsini tövsiyə etmişdir. Tövsiyə olunan birliyə müraciət etdikdə həmin təşkilatdan xx.xx.2019-cu il tarixli 69 №-li məktubla ona bildirilmişdir ki, mənzilə dair hüquqmüəyyənedici sənədlər-order və başqa sənədlər təqdim olunacağı halda qaldırdığı məsələyə münasibət bildiriləcəkdir. Order olmadığı üçün xahişi müsbət həll olunmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəmənin dəftərxanası vasutəsilə iddia ərizəsinə dair etiraz təqdim edilmişdir. Etiraza əsasən İddiaçı cavabdeh Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və qeyrilərinə qarşı Bakı şəhəri, ünvan 3 evin 3 saylı mənzilinin adına sənədləşdirilməsi barədə iddia tələbi əsassız olduğundan aşağıda göstərilənlərə görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 435s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən ünvan 3 ünvanda yerləşən yaşayış binası ünvan 4 Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. İddiaçı qeyd edilən ünvandakı mənzilə öz adına kirayə müqaviləsinin bağlanması barədə ərizə ilə müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2021-ci il tarixli, S-47 saylı məktubu ilə iddiaçının mənzilə köçməyə hüquqmüəyyənedici sənədi olmadığına görə, həmçinin kirayə müqaviləsinin bağlanması üçün sərəncamın verilməsinə əsas olan sənədləri təqdim etmədiyindən onun ərizəsi müvafiq araşdırılma aparılması və lazımi sənədlərin toplanması üçün qeyd edilən binanın balansaxlayan təşkilatı 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Ona görə də, İddiaçı iddia ərizəsi əsassız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edlməsini xahiş etmşdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayənəsinin və vəkilinin izahatınını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -AZE seriyalı ******** nömrəli İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1981-ci il tarixdə ünvan 5 ünvanındakı 3 nömrəli mənzildə qeydiyyatdadır. - Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış Q-166-091 saylı, 24 sentyabr 2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçıya aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı birliyinə müraciət etməsi tövsiyə edilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-kommunal Təsərrüfatı Departamentinin 3 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı Birliyi tərəfindən İddiaçı Aslanovicə ünvanladığı 12 iyul 2016-cı il tarixli 308 saylı məktubdan görünür ki, icarə müaviləsinin bağlanmasına dair sərəncam verilməsi üçün tələb olunan sənədlər (mənzildə yaşamağa dair hüquqmüəyyənedici sənəd, order, mənzilə hüququ olan şəxslər və yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat qaydada təsdiq edilmiş razılıq ərizələri və mənzilin sxemi) təqdim edilmədiyindən müraciətin təmin edilməsi mümkün deyil. - Bakı şəhəri, Ordjonikidze Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayə komitəsinin iclasının 25 iyun 1962-ci il tarixli 36 №-li protokolundan (çıxarışdan) görünür ki, ünvan 7 ünvanındakı 3 nömrəli mənzilə dair maliyyə haqq-hesabının nömrəsi 1962-ci ildə X5 adına keçirilmişdir. -AZ № 033780 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14 may 1996-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. -AZ-İ № 781061 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 noyabr 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - AZ-İ № 751338 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 iyun 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - AZ-İİ № 166123 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 11 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - ünvan 4 xüsusi təyinatlı mənzil-kommunal təsərrüfatı Birliyi, 139 saylı MKİS tərəfindən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1997-ci il tarixdən ünvan 8 ünvanındakı 3 nömrəli mənzildə qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi təəfindən verilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, İddiaçı, X2, X12, X4, X8 xx.xx.2004-cü il tarixdən ünvan 8 ünvanında qeydiyyatdadırlar. - X12 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanan xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o qeydiyyatda olduğu ünvan 8 ünvanındakı 3 nömrəli mənzilin İddiaçının adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir. - X2 tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanan xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş razılıq ərizəsindən görünür ki, o qeydiyyatda olduğu ünvan 8 ünvanındakı 3 nömrəli mənzilin İddiaçının adına özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmir. Məhkəmə araşdırması zamanı ünvan 7 ünvanındakı 3 nömrəli mənzilə dair Bakı şəhəri, Ordjonikidze Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayə komitəsinin iclasının 25 iyun 1962-ci il tarixli 36 №-li protokolunun (qərarı) təsdiq edilmiş surəti Bakı şəhər İcra Hakimiyyətindən və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialınan tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim olunan Arxiv Çıxarışından görünür ki, Bakı şəhəri, Ordjonikidze Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayə komitəsinin iclasının 25 iyun 1962-ci il tarixli 36 №-li Protokolundan görünür ki, Z.Quliyeva müraciət edərək, ərinin adına olan mənzilin onun adına keçirilməsini xahiş etmiş, Qərara əsasən ünvan 10 ünvanındakı 3 nömrəli mənzilə dair orderin X1 adına keçirilməsi qərara alınmışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Ordjonikidze Rayon Zəhmətkeş Deputatlar Soveti İcrayə komitəsinin iclasının 25 iyun 1962-ci il tarixli 36 №-li Protokolundan görünür ki, Z.Quliyeva müraciət edərək, ərinin adına olan mənzilin onun adına keçirilməsini xahiş etmiş, Qərara əsasən ünvan 10 ünvanındakı 3 nömrəli mənzilə dair orderin X3 adına keçirilməsi qərara alınmışdır. İddiaçı ailəsilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Nənəsinin 10 may 1996-cı ildə vəfatından sonra mənzilə dair maliyyə haqq-hesabı atası Aslan Quliyevin adına açılmışdır. X7 iddiaçının nənəsidir. 08 iyun 2015-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. İddiaçı yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması məqsədilə cavabdehə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Mənzil 2004-cü il tarixindən fasiləsiz olaraq iddiaçının və ailə üzvlərinin övladları və arvadının istifadəsində olması, mənzilə dair kommunal xərclərinin iddiaçı tərəfindən ödənilməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Beləliklə uzun illərdir ki, iddiaçı həmin mənzildə maneəsiz olaraq yaşayır, mənzilə dair xərclər onun tərəfindən ödənilir, yaşayış sahəsi faktiki olaraq onun istifadəsində olmaqla yaşayış sahəsinə cavab verən tələblərə uyğundur. Mənzildə daimi qeydiyyatda olan şəxslər X12 və X2 mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmir və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəni təqdim etmişlər. Göründüyü kimi iddiaçının mübahisəli yaşayış sahəsinə kirayə müqaviləsi bağlamaq hüququ yaranmışdır. Həmçinin iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. İddiaçı faktiki olaraq qeyd edilən mənzillə bağlı müvafiq icra hakimiyyəti orqanı ilə kirayə münasibətlərindədir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ hissələrinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gərçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 1-ci maddəsinə əsasən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə dövlət orqanları tərəfindən şərait yaradılması mənzil qanunvericiliyinin əsaslarından biridir. Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsinə əsasən dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada dövlət fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 8.0.3-cü maddəsinə əsasən məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 58.1-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62.2-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmənin qənaətinə görə iddiaçı sözügedən mənzildə həm faktiki olaraq, həm də qeydiyyata alınmaqla 2004-cü ildən əvvəlki dövrdə yaşadığından mənzil münasibətləri də 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarlamənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə dair 01 oktyabr 2009-cu il tarixdən əvvəl icarə münasibətləri yarandığından, həmçinin hazırki qanunvericiliyin tələblərinə əsasən kirayə müqaviləsinin bağlanması üçün əsaslar olduğunda, iddiaçının müraciətinin təmin edilməsi üçün kifayət qədər əsasların mövcud olduğu halda, cavabdehin əsassız imtinası nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 7, 3 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, 07 saylı evin, 3 saylı mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyi Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar