Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3014/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati orqanın təqsirinə görə 2023-cü ilin avqust ayından dekabr ayınadək əsassız tutulmuş 160 manat təqaüdün, təqaüddən tutulma nəticəsində yaranmış əsas borc, faiz borcu və cərimə fazinin, komissiya haqqı və yekun məbləğin əlavə faiz məbləği olan 876 manat 49 qəpiyin, teleqram və məktub göndərişi üçün çəkilmiş 8 manat 37 qəpiyin, habelə bütün bunlar nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsiri üzündən iddiaçının təqaüdündən 2023-cü ilin avqust ayından dekabr ayınadək əsassız tutulmuş 160 manat, təqaüddən tutulma nəticəsində kredit öhdəliyində yaranmış 204,17 manat əsas borc, 62,27 gecikməyə görə faiz borcu, 38,52 manat faiz borcu, 25 manat komissiya haqqı, eləcə də gecikmələr səbəbindən restrukturizasiya olunmuş kredit öhdəliyinin yekun məbləğinə hesablanmış 386,53 manat əlavə faiz borcu, teleqram və məktub göndərişi üçün çəkilmiş 8 manat 37 qəpiyin, bütün bunları aydınlaşdırmaq üçün sərf olunan internet, telefon danışıqları və nəqliyyat vasitələrinə çəkilən təxminən 25 manat, sərf etdiyi vaxt, eləcə də özünün, ailə üzvlərinin gecikmələrə görə bank tərəfindən edilən zənglər nəticəsində stres və həyəcan keçirməsi nəticəsində dəymiş mənəvi zərərə görə 5.000 manat, cəmi 5909,86 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3-1 (093)-95/2022 nömrəli inzibati iş üzrə icraatı ilə bağlı 400 manat cərimə olunmuşdur. Həmin cərimə məbləği 2022-ci ilin may ayında ödənilmiş işdənçıxma müavinətindən birdəfəlik tutularaq dövlət nəfinə ödənilmişdir. Lakin N N-li hərbi hissənin vəzifəli şəxslərinin səhlənkarlığı səbəbindən bu barədə Bakı Hərbi Məhkəməsinə məlumat verilməmiş, Binəqədi İcra Şöbəsi İddiaçıla dəqiqləşdirmə aparmadan gəlirlər barədə əldə edilmiş sorğu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlayaraq həmin cərimənin ödənilməsini müharibə veteranı olduğu üçün aldığı 80 manat müavinətə yönəldilməsini tələb etmişdir. İddiaçı 2022-ci ildə hərbi hissədən tərxis edildikdən sonra işsizdir. Kapital Bank ASC-də aktiv krediti var. Həmin 80 manat təqaüdlə o kreditin aylıq ödənişləri edilirdi. Lakin əsassız yerə 2023-cü ilin avqust-noyabr aylarinda 80 manat təqaüdünün 50 faizinin tutulması nəticəsində kreditində gecikmə günləri yaranaraq qalıq əsas borca və kreditin faiz borcuna cərimə faizi hesablanmışdır. Məsələ ilə bağlı dəfələrlə AR Müdafiə Nazirliyinə müraciət etsə də, inzibati orqan “Vətəndaşların müraciətləri haqqında” AR Qanunun tələblərini pozaraq, elektron müraciətlərə heç bir münasibət bildirməmiş və cavabsız qoymuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın hərəkətləri nəticəsində ona ziyan vurulduğunu irəli sürür və kompensasiyanın ödənilməsini tələb edir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Əsədağa oğlu Bakı Hərbi Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 3-1(093)-95/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Həmin iş üzrə 28 mart 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmiş, 11 aprel 2022-ci ildə Bakı şəhəri Binəqədi rayon icra şöbəsində “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, 10 yanvar 2024-cü ildə “icraata xitam verilməsi haqqında” qərara əsasən cərimə tam şəkildə ödənildiyindən icraata xitam verilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış, xx.xx.2023-cü il tarixli, 3152 nömrəli məktubundan görünür ki, 400 manat vəsait İddiaçı Əsədağa oğlunun işdənçıxma müavinətindən tutularaq Dövlət nəfinə köçürülmüşdür. Həmin Sənədlərin əsli Bakı şəhəri Binəqədi rayon icra şöbəsindəki icra işində saxlanılır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı ödənilən sosial müavinətdən (s/m № 998475 Abşeron) Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(093)-95/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 160,00 manat məbləğində vəsait tutularaq aidiyyəti üzrə köçürülmüşdür. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İş materiallarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı Əsədağa oğlu Bakı Hərbi Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 3-1(093)-95/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Həmin iş üzrə 28 mart 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə göndərilmiş, 11 aprel 2022-ci ildə Bakı şəhəri Binəqədi rayon icra şöbəsində “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, 10 yanvar 2024-cü ildə “icraata xitam verilməsi haqqında” qərara əsasən cərimə tam şəkildə ödənildiyindən icraata xitam verilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış, xx.xx.2023-cü il tarixli, 3152 nömrəli məktubundan görünür ki, 400 manat vəsait İddiaçı Əsədağa oğlunun işdənçıxma müavinətindən tutularaq Dövlət nəfinə köçürülmüşdür. Həmçinin İddiaçı ödənilən sosial müavinətdən (s/m № 998475 Abşeron) Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(093)-95/2022 nömrəli icra sənədinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ümumilikdə 160,00 manat məbləğində vəsait tutularaq aidiyyəti üzrə köçürülmüşdür. İddiaçı hazırkı tələbinin faktiki əsası kimi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sözügedən vəsaitin işdənçıxma müavinətindən tutulması barədə məlumatın verilməməsinə istinad edir. Məhkəmə iddianı əsassız hesab edərək, iddiaçının dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri edir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sözügedən vəsaitin iddiaçının işdənçıxma müavinətindən tutulması barədə nə müvafiq qərarı qəbul etmiş Bakı Hərbi Məhkəməsinə, nə də Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə məlumat vermək vəzifəsi olmamışdır. Belə ki, hərbi hissəyə sözügedən qərar icra edilməsi üçün göndərilməmişdir. Bakı Hərbi Məhkəməsinin icra sənədi icra olunması üçün icra şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraat başlanmış və həmin tarixli məktubla iddiaçıya tələbin könüllü icra edilməsi üçün müddət verilmişdir. Həmin icra işindən iddiaçının məlumatlı olması məhkəmə icraatı zamanı da təsdiq edilmişdir. Daha sonra isə həmin ilin may ayında işdənçıxma müavinətindən sözügedən məbləğ tutulmuşdur. İddiaçı bu barədə məlumatı icra şöbəsinə verməmişdir. Hətta xx.xx.2023-cü il tarixli məktubla sözügedən icra sənədinin icrası Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına həvalə edilərkən, onun surəti məlumat üçün iddiaçıya göndərilmişdir. Göründüyü kimi, ziyanın yaranmasında cavabdehin hərbi hissəsi deyil, icra işi üzrə borclu olan iddiaçının təqsiri vardır. İddiaçının hərbi hissənin məlumat verəcəyini güman etməsi və bu səbəbdən icra işi ilə maraqlanmaması vəziyyəti iddiaçının xeyrinə dəyişə bilməz. Bir daha qeyd edilməlidir ki, hərbi hissədən qərarın icra edilməsi və nəticəsi barədə məlumat verilməsi tələb olunmamış (bu barədə hər hansı sənəd və ya məktub mövcud deyildir), nə də belə bir vəzifəsi qanundan irəli gəlmir. Məhkəmə, hesab edir ki, vurulmuş ziyanla bağlı sadalanmış qaydada cavabdehin təqsirli hərəkətlərinin mövcudluğu müəyyən edilmədiyindən, iddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-3014/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3014/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver