Məhkəmə qərarları › İş №2-1(112)-3020/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3020/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3020/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Bakı Regional Bölməsinə qarşı qərarın ləğv edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" ASC) cavabdeh Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli yoxlamanın nəticələri üzrə qərarın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC uzun illərdir ki, fəaliyyət göstərir. Səhmdar Cəmiyyətin əsas fəaliyyət istiqaməti, mülkiyyətində olan qeyri-yaşayış sahəsinin müvafiq icarə müqavilələri əsasında icarəyə verilməsini təşkil edir. Müvafiq olaraq həmin fəaliyyət növü üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, hazırda isə Vergi Xidməti tərəfindən müvafiq fəaliyyət kodu da ASC-nin fəaliyyətini tənzimləyir. Bütün vergilər də məhz həmin fəaliyyət növü üzrə hesablanaraq tərəflərindən dövlət büdcəsinə ödənilir. Cavabdeh Azərbaycan Respublikasının X7 Bakı Regional Bölməsi tərəfindən ASC-nin ərazisində yoxlama aparılmış və xx.xx.2022-ci il tarixli qərarla ASC-nin fəaliyyəti düzgün qiymətləndirilməyərək, müəssisənin qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınması tələb edilmişdir. Belə ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən, Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Həmin Qanunun 7.2-ci bəndinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Lakin qeyd olunduğu kimi "xxxx" ASC qida sahəsində fəaliyyət göstərmir. Belə olan halda ASC-nin qeydiyyatı da tələb edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 14 oktyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edlmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən "xxxx" ASC barəsində qəbul edilmiş “Yoxlamanın nəticələri üzrə” YP-0247 №-li, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə yəni, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. İddia mümkündür.

İşin halları:

İş materiallarında olan; Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş “Dövlət reyestrindən çıxarış”dan müəyyən olunur ki, "xxxx" ASC (əvvəlki adı "xxxx" X23 Cəmiyyəti) xx.xx.2000-ci ildə ********** VÖEN-lə (əvvəlki dövlət qeydiyyatı (D-3163) hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Malik Mustafayev, ev 7, qanuni təmsilçisi X10 (əvvəlki qanuni təmsilçisi X11) qeyd olunmuşdur. "xxxx" ASC-nin Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti X5 Dövlət Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış nizamnaməsinin (2-ci redaksiyasının) surətindən müəyyən olunur ki, bu nizamnamə Ədliyyə Nazirliyində D-3163 saylı şəhadətnamə ilə xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" X23 cəmiyyətinin nizamnaməsinin 2-ci redaksiyasıdır (Cəmiyyət Bakı şəhəri İstehlak Bazarı və Xidmət Departamentinin tabeliyində olan 13 nömrəli bazarın bazasında yaradılıb və onun hüquqi varisidir). Nizamnamənin 2.1-ci bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 23/049 №-li xx.xx.2023-cü il; 23/015 №-li xx.xx.2023-cü il; 23/002 №-li xx.xx.2023-cü il; 23/003 №-li xx.xx.2023-cü il; 23/054 №-li xx.xx.2023-cü il; 23/035 №-li xx.xx.2023-cü il və 23/031 №-li xx.xx.2023-cü il tarixli müqavilələrin surətlərindən müəyyən olunur ki, “İcarədar” Suraxanı Bazarı” ASC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev 7 ünvanında yerləşən bazarda malların satışı məqsədilə müvafiq olaraq “İcarəçi”lər X13, X4, X1, X2, X15, X16, X12 qeyri-yaşayış sahələri icarəyə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsinin 3-44-1/2-2130/23(1) saylı, xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bazarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”dən alınmış xx.xx.2022-ci il tarixli, KY221755641 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentiyinin Bakı regional bölməsinin xx.xx.2022-ci il tarixli, YP-0247 nömrəli Yoxlamanın aparılması haqqında Qərarına əsasən planlı yoxlama aparılmış və aparılmış yoxlamaya dair 06 sentyabr 2022-ci il tarixli, YP-0247 nömrəli Yoxlamanın nəticələri üzrə Qərar qəbul edilmişdir. 3-44-1/2-2130/23(1) saylı, xx.xx.2023-cü il tarixli məktubla təqdim olunmuş: YP-0247№-li, xx.xx.2022-ci il tarixli “Yoxlama aparılması haqqında” qərarın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-də xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarixlərdə planlı yoxlama təyin olunmuşdur. X3 xx.xx.2022-ci il tarixli YP-0247 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221755641 nömrəli çıxarışa əsasən Qida məhsulları təhlükəsizliyinə nəzarət üzrə ünvan 5 ünvanında aoarılan yoxlama ilə bağlı "xxxx" ASC-də (VÖEN **********) aparılan planlı yoxlama ilə bağlı suallar - reyestrdə olan №-ilə- 482 - 18. Yeyinti məhsullarının satışı zamanı icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ticarət qaydalarına riayət olunurmu? 483 - 2. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunurmu? 485-1. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmışdırmı? 529-52. Mülkiyyət formasından asılı olmayaraq müəssisələr, idarələr, təşkilatlar və vəzifəli şəxslər sanitariya normaların və qaydalarına, gigiyena normativlərinə əməl edirlərmi? X6 Bakı Regional Bölməsinin “Yoxlayıcının texniki vasitələrdən (audio, video və foto avadanlıqlardan, surətçıxaran və skanerdən) istifadəsi ilə bağlı yoxlanılan sahibkar və ya onun nümayəndəsinə məlumatı verilməsi faktını öz imzası ilə təsdiqlənməsi və ya imtina etməsi barədə YP 0247 xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının X3 yoxlamanın aparılması haqqında xx.xx.2022-ci il tarixli YP-0247 nömrəli qərarına və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY********** nömrəli çıxarışına əsasən aparılan yoxlama zamanı AQTA-nın Bakı RB-nın QTN sektorunun yoxlayıcıları tərəfindən aparılan yoxlama zamanı foto və video çəkiliş həyata keçiriləcəkdir. X3 Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş “Sahibkarın obyekt(lər)inə baxışın keçirilməsi haqqında YP0247 №-li, xx.xx.2022-ci il tarixli protokolun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, M.Mustafayev 7 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bazarda baxış zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" ASC-yə məxsus bazar sözügedən ünvanda fəaliyyət göstərir. Bazar ümumi olaraq təqribən 65 sot ərazini əhatə edir. Bazar qida və qeyri-qida məhsullarının satışı üzrə fəaliyyət göstərir. Bazarda təşkil edilmiş tikilidən ibarət mağazalar və piştaxtalar müqavilə əsasında müxtəlif şəxslərə icarəyə verilmişdir. Bazarda aparılan yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Belə ki, hüquqi şəx "xxxx" ASC-yə məxsus bazar qida məhsulları sahəsində fəaliyyət göstərən obyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmamışdır. Qeyd olunan nöqsan “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə ziddir. X3 Bakı Regional Bölməsi tərəfindən tərtib olunmuş YP-0247 №-li xx.xx.2022-ci il tarixli yoxlama aktının surətindən müəyyən olunur ki, ünvan 10 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bazarda xx.xx.2022-xx.xx.2022-ci il tarixdə aparılan yoxlama zamanı hüquqi şəxs "xxxx" ASC-yə məxsus bazar qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmamışdır. Müəssisədə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının X6 Bakı Regional Bölməsi tərəfindən qəbul olunmuş YP-0247 saylı xx.xx.2022-ci il tarixli yoxlama nəticələri üzrə qərarın surətindən müəyyən olunur ki, ünvan 12 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus bazarda qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmamış, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci bəndinin tələblərini pozduğu üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 33.2.4-cü maddəsinə əsasən: Aşkar olunmuş pozuntuların xx.xx.2022-ci il tarixinədək aradan qaldırılması və bu barədə Agentliyin Bakı Regional böməsinə məlumat verilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək, təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.2-ci maddəsinə əsasən Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər yalnız xüsusi icazə (lisenziya) əsasında məşğul ola bilərlər. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının X6 haqqında Əsasnamə”: Azərbaycan Respublikasının X6 (bundan sonra – Agentlik) qida təhlükəsizliyi sahəsinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində qeydiyyatı və təsdiqi, idxal sağlamlıq aktının, sağlamlıq, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının, qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyinə, qida məhsullarının minimum keyfiyyətinə, həmçinin qida və yem məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi sahələrində (bundan sonra – müvafiq sahə) dövlət nəzarətini, habelə dövlət siyasətini və tənzimləməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır (bənd 1.1). Qanunla müəyyən edilmiş hallarda və qaydada müvafiq sahədə yoxlamalar aparmaq və digər dövlət nəzarəti tədbirlərini həyata keçirmək, bu sahədə aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması və (və ya) məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul etmək (göstərişlər vermək (bənd 3.0.9); bu Əsasnamənin 3.0.9-cu yarımbəndində nəzərdə tutulan qanun pozuntularının aradan qaldırılması ilə bağlı verilmiş qərarlar (göstərişlər) yerinə yetirilmədikdə, onların məcburi icrası məqsədi ilə məhkəməyə müraciət etmək ( bənd 3.0.10) agentliyin vəzifəsi kimi qeyd olunmuşdur. Müvafiq sahədə dövlət nəzarətini həyata keçirmək məqsədi ilə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsal, istehsal, emal, dövriyyə, məhv edilmə və utilizasiya üçün nəzərdə tutulmuş müvafiq sahələrinə daxil olmaq, nəzarət sahəsinə aid məlumat və sənədləri almaq, satılan və ya satılması nəzərdə tutulan qida və yem məhsullarının müayinəsini həyata keçirmək (bənd 4.0.12) Agentliyin vəzifəsi kimi qeyd olunmuşdur. Agentlik fəaliyyətinin təşkilini Agentliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Agentliyin vahid sistemini təşkil edir. Agentlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir (bənd 5.1). “Qida Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə əsasən qida məhsulları - insanların qidalanması üçün nəzərdə tutulan emal olunmamış, yarımemal olunmuş və ya tam emal olunmuş məhsullar, o cümlədən qida əlavələri, bioloji aktiv qida məhsulları, qida xammalı, içkilər (alkoqollu və alkoqolsuz), içməli su (qablaşdırılmış), duz və saqqız. Bu anlayışa yem məhsulları, istehlak üçün hazır olmayan diri heyvanlar, toxum, məhsulun yığımına qədər bitkilər, dərman vasitələri, ətriyyat-kosmetik vasitələr, tütün və tütün məhsulları, narkotik və psixotrop maddələr və çirkləndirici maddələr daxil deyil. Bu Qanun Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur (maddə 3.1). Bu Qanun qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə şamil olunur (madddə 3.2). Bu Qanun Azərbaycan Respublikasında ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yem məhsullarına, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsullarına, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur (maddə 3.3). Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır (maddə 24.1). Qida zəncirinin müxtəlif mərhələlərində fəaliyyət göstərən qida obyektlərinin və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyatı üçün tələb olunan məlumatları əldə etmək üçün dövlət orqanlarının və digər qurumların elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat - axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilir (maddə 24.2). Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər Qida Təhükəsizliyi Reyestrinə (bundan sonra – Reyestr) daxil edilir və onlara Reyestrdən elektron və ya yazılı çıxarış verilir. Reyestr Azərbaycan Respublikasının informasiya ehtiyatıdır. Reyestrə daxil edilən kommersiya və (və ya) vergi sirri təşkil etməyən məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilir və istifadəçilər üçün açıqdır (maddə 24.3). Qida və yem məhsullarının təhlükəsizliyinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhsulun daşıdığı riskin səviyyəsi nəzərə alınmaqla, qida zəncirinin bütün mərhələlərində həyata keçirilir (maddə 28.1). Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların təhlükəsizliyi sahəsində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır (maddə 28.2). Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydası “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir (maddə 28.3). “Lisenziyalar və İcazələr Haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir: 4.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir; 4.2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur; 4.2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər; 4.2.4. fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında verilmiş lisenziya və icazə onun bütün ərazisində qüvvədədir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olmuş) 7-ci bəndi: 7.1. Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. 7.2. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 7.3. Vergi uçotuna alınmasına baxmayaraq, qida təhlükəsizliyi qeydiyyatına alınmamış təsərrüfat subyektlərinin qida məhsulları sahəsində fəaliyyət göstərməsi qadağandır. 7.4. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 7.5. Qida təhlükəsizliyi sertifikatının verilməsinə və qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasına (reyestrdən çıxarışın verilməsinə, reyestrdən çıxarışın dublikatının verilməsinə və reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsinə) görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 2020-ci il 13 avqust tarixli qərardadı: “26-cı bənd. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. 29-cu bənd. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. 30-cu bənd. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. 31-ci bənd. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia əssasızdır və təmin olunmamalıdır. Belə işin yuxarıda qeyd olunan hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı cəmiyyət qida və qeyri-qida məhsullarının satışı üzrə fəaliyyət göstərdiyi halda, qida məhsulları sahəsində fəaliyyət göstərən obyekt olaraq qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən inzibati akt, yəni cavabdeh inzibati orqanın qəbul etdiyi qərar həm formal-hüquqi baxımdan, həm maddi-hüquqi baxımdan qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin inzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlir, həmin qərar səlahiyyətli orqan tərəfindən qəbul edilərkən icraat və forma ilə bağlı bütün müddəalara riayət olunmuş, mübahisələndirilən qərar qüvvədə olan hüquqa uyğun olmuş, inzibati orqan tərəfindən əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtlərinə əməl olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi formal əsaslar hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz və belə olan halda iddia təmin edilməməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar