Məhkəmə qərarları › İş №2-1(112)-3026/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3026/2023

10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3026/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (zəruri cəlb etmə qaydasında üçüncü şəxs Bakı Biznes Universiteti) qarşı “ali təhsil müəssisəsinə köçürülməsinə razılığın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsilini Bakı Biznes Universitetində davam etdirməyi üçün həmin ali təhsil müəssisəsinə köçürülməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 2007-ci ildə təhsil aldığı X2 İnstitutunun Bakı filialı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qərarı ilə fəaliyyəti dayandırılmış, orada təhsil alanların təhsil hüququnun bərpası AR-nın Elm və Təhsil Nazirliyinə tapşırılmışdır. İddiaçı Elm və Təhsil Nazirliyinə AR-da fəaliyyət göstərən ali məktəblərin birinə köçürülüb təhsilini davam etdirmək üçün müraciət etsə də nazirlik cavab məktubunda köçürülmə üçün məhz köçürülmək istədiyi ali məktəbə müraciət etməyi, bu məsələnin AR-nın Elm və Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirildiyini qeyd etməklə əvvəlcə həmin ali məktəbə müraciət etməyini tövsiyə etmişdir (xx.xx.2022, H-3644/2/1024/H-3644/0, xx.xx.2022), (xx.xx.2022- H-3644/01) xx.xx.2022 (xx.xx.2022-H-3644/03). İddiaçı Təhsil Nazirliyinin yuxarıda göstərilən məktubundan sonra Bakı Biznes Universitetinə köçürülmə ilə əlaqədar müraciət etmişdir (xx.xx.2022). Bakı Biznes Universiteti xx.xx.2022-ci il tarixli 213 nömrəli məktubla ona cavab məktubunda köçürülməyə etiraz edilmir. Lakin köçürülmə üçün xx.xx.2017-ci il tarixli Təhsil Nazirliyinin Kollegiyasının 5/2 nömrəli qərarına əsasən AR-nın TN-yə müraciət etməyi tövsiyə olundu. 1 saylı Yerli İqtisadi Məhkəməsinin 05 mart 2007-ci il tarixli, 2397/4-488 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh X2 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmış, orada təhsil alan tələbələrin digər ali məktəbə köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmişdir. Qeyd edir ki, Transfer.edu.az saytı ilə də qeydiyyatdan keçmək istəsə də, səhifə açılmadığı üçün keçə bilməmişdir. Hazırda təhsili yarımçıq qalıb, ailə şəraiti həddindən artıq ağırdır, heç bir yerdə işləmir, himayəsində iki məktəbli övladı var.

3. Məhkəmənin qərardadı ilə iddia tələbi iddiaçının təhsilini davam etdirməyi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi qəbul edilmişdir.

4. Azərbaycan Respublikası 1 saylı yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2397/4- 488 saylı qətnaməsi ilə iddiaçı Təhsil Nazirliyinin iddiasının təmin edilməsi, cavabdeh X2 İnstitutunun Bakı filialının fəaliyyətinin dayandırılması, cavabdeh müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun olunması Təhsil Nazirliyinə həvalə edilməsi qət edilmişdir.

5. Bakı Biznes Universitetinin iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “təhsilinizi bizim universitetdə davam etdirməyinizə etiraz etmirik. Lakin təhsilalanların köçürülməsi ilə bağlı məsələlərin həlli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar’hn 1.4-cü, 1.8-ci, 2.10-cu, 2.11-ci və 4.2-ci bəndlərinə əsasən tənzimləndiyi üçün, sizin Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir.”

6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanlanan xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixli məktublarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli, 5/2 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində qış və yay tətili dövründə ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbələrin bərpası mövcud qanunvericiliyin tələbləri gözlənilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Qeyd olunanlar nəzərə alınmaqla yay tətil dövründə bərpa olunmaq istədiyiniz ali təhsil müəssisənin rəhbərliyinə müraciət edə bilərsiz.”

7. Bakı Biznes Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “fəaliyyəti 1 saylı yerli İqtisad Məhkəməsinin qərarı ilə dayandırılan X2 İnstitutunun Bakı-filialının tələbəsi Həşimova (Bağırova) Mehri Rauf qızı təhsilini Bakı Biznes Universitetində davam etdirmək üçün Təhsil Nazirliyinə vəsatət məktubu-verilməsi üçün xx.xx.2022-ci il tarixdə BBU-nıın rəhbərliyinə müraciət etmişdir. Təqdim olunmuş sənədlərin surətindən görünür ki, M.R.Həşimova Linqvistika (İngilis-dili) ixtisası üzrə təhsil almışdır. Azərbaycan Respublikasının Təshil Nazirliyinə tövsiyyə məktublarını, məhkəmə qətnaməsini, M.R.Həşimovanın ərizəsini və digər sənədləri nəzərə alaraq onun Bakı Biznes Universitetimin müvafiq ixtisasına və kursuna köçürülməsinə etiraz etmirik. Lakin Azərbaycan Respublikasının Təshil Nazirliyinin qüvvədə olan 5/2 xx.xx.2017-ci il tarixli məktubuna əsasən tələbənin bir ali məktəbdən digərinə köçürülməsi üçün Ali məktəb rəhbərliyinin vəsatəti ilə yanaşı Təshil Nazirliyinin icazəsi tələb olunur. Yuxarıda göstərilənləri nəzərə alıb M.R.Həşimovanın Bakı Biznes Universitetinə köçürülməyinin mümkünlüyünə münasibət bildirməyiniz xahiş edilir.”

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Biznes Universitetinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “mövcud qanunvericiliyə əsasən ali təhsilin bakalavriat və magistatura səviyyələrində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Məktububuza əsasən isə M.Həşimova 2007-ci ildən təhsilini dayandırmış və yalnız 2022-ci ildə bərpa ilə bağlı ali təhsil müəssisəsinə müaciət etmişdir.”

9. Məhkəmənin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 İnstitutunun Bakı filialı qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmamış, fəaliyyətinə Elm və Təhsil Nazirliyi tərəfindən lisenziya verilməmişdir. Bu səbəbdən filialda təhsil alan tələbələrin sayı barədə Nazirlikdə məlumat mövcud deyildir. Eyni zamanda, Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad Məhkəməsinin 25 mart 2007-ci il tarixli, 2397/4-488 saylı qətnaməsi ilə X2 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. Müəssisədə təhsil alan şəxslərin təhsil hüquqlarının qüvvədə olan qanunvericiliyə uyğun olaraq təmin olunması Nazirliyə həvalə olunmuşdur. Həmin dövrdə Nazirliyə müraciət etmiş filial tələbələri müvafiq qaydada qeyridövlət ali təhsil müəssisələrinə köçürülmüş və bu proses artıq başa çatdırılmışdır.

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iştirak etmir.

12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə məhkəmə qərarının qəbul edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

14. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

15. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

16. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmənin mövqeyi

17. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. 26.1-1. Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə isə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin öz arzusu ilə orta ixtisas təhsili müəssisələrinə köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. 32.1. Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. 32.2. Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.7. müəyyən edilmiş qaydada təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq; 32.3.19. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydalar”ı 3.2. Tədrisin təşkili 3.2.15. Tələbə ali təhsil müəssisəsini və AMEA-nı bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu Qaydaların tələblərinə uyğun olaraq yenidən yığmalıdır. 3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır.

19. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydaları”nın:

1. Ümumi müddəalar 1.4. Ali təhsilin bakalavriat səviyyəsində, tibb təhsilinin əsas tibb təhsili üzrə tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. 1.8. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq tələbələrin bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin (bundan sonra - qurum) tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.

2. Tələbələrin köçürülməsi 2.10. Bir ali təhsil müəssisəsindən və (və ya) ixtisasdan digərinə köçürülmək, eləcə də təhsilalma formasını dəyişmək istəyən tələbənin təqdim etdiyi sənədlər Təhsil Nazirliyində yoxlanılır, "Tələbə-məzun" dövlət elektron məlumat sistemi ilə tutuşdurulur, xaricdən köçürüldüyü halda tələbənin beynəlxalq imtahanlarda qazandıqları nəticələr, onun təhsil aldığı xarici ölkə ali təhsil müəssisəsinin həmin ölkədə akkreditə olunması, dünya reytinq cədvəllərindəki yeri və gediş-gəlişi təsdiq edən rəsmi sənədləri yoxlanılır, köçürülmə üçün əsasların olub-olmadığı müəyyənləşdirilir. 2.11. Köçürülmə üçün əsas olmadığı hallarda Təhsil Nazirliyi tərəfindən ərizəçiyə köçürülməkdən imtina barədə cavab verilir. Köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə akademik transkript blankının ayrılması barədə (bir ali təhsil müəssisəsindən digərinə köçürülənlər üçün), köçürülmək istədiyi ali təhsil müəssisəsinə isə köçürülməyə razılıq verilməsi barədə Təhsil Nazirliyi tərəfindən məktub göndərilir. Xarici ölkə ali təhsil müəssisəsindən köçürülmə ilə bağlı müsbət qərar qəbul olunduğu təqdirdə tələbənin köçürülmək istədiyi ali təhsil müəssisəsinə razılıq məktubu göndərilir.

3. Tələbələr sırasından xaric edilmə 3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: 3.1.1. öz arzusu ilə; 3.1.2. başqa ali təhsil müəssisəsinə köçürüldükdə; 3.1.3. ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda; 3.1.4. səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən);

4. Tələbələr sırasına bərpa 4.1. ali təhsilin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. 4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında bu Qaydaların 1.4-cü bəndində göstərilən müddətdə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda bu Qaydaların 1.5-ci, 1.11-ci və 2.1–2.8-ci bəndlərinin tələbləri gözlənilməklə tələbənin bərpası Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.

20. İşin araşdırılmış hallarına əsasən iddiaçı 15 avqust 2005-ci il tarixdə X2 İnstitutunun Bakı filialının “Linqvistika” ixtisasına qəbul edilmiş, təhsil aldığı X2 İnstitutunun Bakı filialı 1 saylı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2397/4-488 nömrəli qətnaməsi ilə fəaliyyəti dayandırılmış, müəssisədə təhsil alanların təhsil hüququnun bərpası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə tapşırılmışdır. İddiaçı hal-hazıradək heç bir ali təhsil müəssisəsinə köçürülməmişdir.

21. Tədqiq olunan sübutlarla müəyyən edilir ki, X2 İnstitutunun Bakı filialında təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə yerləşdirilməsi Elm və Təhsil Nazirliyinə həvalə olunduğundan həmin dövrdə Nazirliyə müraciət etmiş filial tələbələri müvafiq qaydada qeyri-dövlət ali təhsil müəssisələrinə köçürülmüşdürlər.

22. İddiaçı Elm və Təhsil Nazirliyinə Azərbaycan Respublikasında fəaliyyət göstərən ali məktəblərin birinə köçürülüb təhsilini davam etdirmək üçün müraciət etsə də, cavabdeh qurum cavab məktubunda köçürülmə üçün məhz köçürülmək istədiyi ali məktəbə müraciət etməyi, bu məsələnin AR-nın Elm və Təhsil Nazirliyinin razılığı ilə təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirildiyini qeyd etməklə əvvəlcə həmin ali məktəbə müraciət etməyini tövsiyə etmişdir. İddiaçı Bakı Biznes Universitetinə köçürülmə ilə əlaqədar müraciət etmiş, Bakı Biznes Universiteti cavab məktubunda köçürülməyə etiraz etmədiyini, lakin köçürülmə üçün xx.xx.2017-ci il tarixli Təhsil Nazirliyinin Kollegiyasının 5/2 nömrəli qərarına əsasən Təhsil Nazirliyinə müraciət etməyi tövsiyə etmişdir.

23. Daha sonra Bakı Biznes Universiteti Elm və Təhsil Nazirliyinə məktubla müraciət etmiş, iddiaçı M.R.Həşimovanın Bakı Biznes Universitetinə köçürülməyinin mümkünlüyünə münasibət bildirməyini xahiş etmiş, cavab olaraq Təhsil Nazirliyi bildirmişdir ki, tələbələr sırasında xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Bu səbəbdən iddiaçının bərpası məsələsinə baxmaq mövcud qanunvericiliyə əsasən mümkün deyil.

24. Bununla bağlı məhkəmə qeyd edir ki, 1 saylı Yerli İqtisadi Məhkəməsinin 05 mart 2007-ci il tarixli, 2397/4-488 nömrəli qətnaməsi ilə X2 İnstitutunun Bakı filialının fəaliyyəti dayandırılmışdır. İddiaçı cavabdehə isə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla da cavabdehin imtinasında əsas kimi göstərdiyi qanunvericiliklə müəyyən olunmuş 15 il müddəti buraxmamışdır.

25. Həmçinin məhkəmə qeyd edir ki, “Qaydalar”da nəzərdə tutulmuş normalar mövcud təhsil müəssisəsi ilə bağlıdır, ali məktəbin mövcud olmadığı halda köçürmənin hansı qaydada həlli qanunvericilikdə müəyyən olunmayıb, təhsil müəssisəsi mövcud olmadıqda hansı təhsil müəssisəsinin müraciəti olmalıdır və ya olmalıdırmı, bu kimi hallarla bağlı tənzimləmə yoxdur, cavabdeh də bu barədə münasibət bildirməmiş, izah, aydınlıq gətirməmişdir. Cavabdeh nəzərə almamışdır ki, konkret halda, iddiaçının ali təhsil müəssisələrindən birinə köçürülməsinin təmin olunması tələbi yaranmış faktiki vəziyyətdən irəli gəlmişdir.

26. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının vəziyyətinə münasibətdə qanunvericilikdə tənzimləmənin olmaması iddiaçının ziyanına olan hal kimi qiymətləndirilməməli, cavabdeh iddiaçının müvafiq təhsil müəssisəsində təhsilini davam etdirməsi üçün şərait yaratmalıdır. Belə ki, Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yоl vermir.

27. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozulmasına səbəb olmuş, iddia təmin edilməli, iddiaçının təhsilini davam etdirməyi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməlidir.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı təhsilini davam etdirməsi üçün Bakı Biznes Universitetinə köçürülməsinə razılıq verilməsi vəzifəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar