Məhkəmə qərarları › İş №2-1(112)-3097/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3097/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3097/2024 10.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən mənzilə mülkiyyət hüququ tanınmaqla çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra ərizə təqdim edərək ünvan 1, 2-ci giriş, 33 saylı mənzilə mülkiyyət hüququ tanınmaqla mənzilə dair çıxarış verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş 7 mərtəbəsində, sahəsi 81.1 kv.m. olan 3 otaqlı 33 saylı mənzilin dəyəri xx.xx.2023-cü ilə qədər tam ödənilmişdi. Lakin iddiaçı mənzili sənədləşdirməmişdir. Orada ailə üzvləri ilə birlikdə yaşamışdır və hazırda da yaşayır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının təqdim elədiyi 24 dekabr 2002ci il № 001758 Orderə əsasən ünvan 2 ünvanında yerləşən mənzilin icarə müqaviləsi iddiaçı ilə bağlanmış və iddiaçı həmin mənzilin o vaxtdan da icarədarı hesab olunmuşdur. İddiaçı hazırda mənzilin sənəd üzərində də tam mülkiyyətçisi olmaq istəyir. Buna görə də mənzilə çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. İmtinada bildirilmişdir ki, yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən olunmuşdur. İddiaçı bildirir ki, yaşadığı binada artıq təxminən 10 şəxsə mənzilə görə çıxarış verilmişdir. Bu isə mənim konstitutsiyon hüquqlarımın pozulması deməkdir. Belə ki, inzibati orqan ayrıseckiliyə yol vermişdir. Ona görə də iddiaçı hüqüqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir.

4. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır.

5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə idarəyə müraciət etmiş və xx.xx.2023cü il tarixli **********59 xaricolma nömrəli, xx.xx.2023-cü il tarixli, **********55 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman məlum olmuşdur ki, mənzil 10 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşməklə faktiki sahəsi 115.1 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

6. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” xx.xx.2002-ci il tarixli 674 №-li Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2002-ci il tarixli. 12B №-li protokolu təsdiq edilmişdir. Protokol № 12B xx.xx.2002-ci il tarixli

1. Orderin verilməsi barədə

158. "xxxx" MTK üzvü İddiaçı order verilməsi barədə Komissiya qərara aldı: Razılıq verilsin.

7. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2002-ci il tarixli, 001758 nömrəli Orderə əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə ünvan 4 ünvanında yerləşən 3 otaqlı sahəsi 81,1 kv.metr olan mənzildə yaşamaq hüququ vardır. Orderin verilməsinə əsas: BŞİH xx.xx.2002-ci il tarixli, 674 №-li sərəncamı

8. "xxxx" MTK üzvlərinin xx.xx.2022-ci il tarixli ümumi iclasından Çıxarışa əsasən vətəndaş İddiaçı müəssisənin sakini qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən bina 69-un 7-ci mərtəbə 33-cü mənzil, ümumi sahəsi 81.1 kv.m, 3 otaqlı mənzilin payçısı təsdiq edilmişdir.

9. İş materiallarına əlavə olunmuş Maliyyə arayışına əsasən ünvan 2 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci giriş 7-ci mərtəbəsində 81,1 kv.m olan 3 otaqlı 33 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən xx.xx.2023-ü ilə qədər tam ödənilmişdir, MTK-ya borcu yoxdur.

10. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2002-ci il tarixli, 001758 nömrəli Orderə əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə ünvan 5 ünvanında yerləşən 3 otaqlı sahəsi 81,1 kv.metr olan mənzildə yaşamaq hüququ vardır. Orderin verilməsinə əsas: BŞİH xx.xx.2002-ci il tarixli, 674 №-li sərəncamı

11. Cahangir MTK üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi iclasının Protokola əsasən kooperativ üzvləri tərəfindən MTK-ya "xxxx" adı qoyulmuşdur.

12. ünvan 6 ünvanına dair aşağıdakı sənədlər müəyyən olunmuşdur: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2005-ci il tarixli, 008610 nömrəli Orderə əsasən X8 1 nəfər ailə tərkibi ilə ünvan 8 ünvanında yerləşən 4 otaqlı sahəsi 102,6 kv.metr olan mənzildə yaşamaq hüququ vardır. - Maliyyə Arayışına əsasən ünvan 9 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" ("xxxx") MTK-ya məxsusdur. Bu binanın giriş İİ mərtəbə 1 otaq sayı 4 olan 102.6 kv.m sahəli 22 saylı mənzilinin pay dəyəri payçı X12 (AZE 14696434, vəsiqənin verilmə tarixi xx.xx.2015 ASAN3) tərəfindən tam ödənilmişdir. MTK-yə borcu yoxdur. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Şəxsi maliyyə haqq-hesabına əsasən X10 Z.Xəlilov küçəsində 69 nömrəli evin 1-ci mərtəbəsində 4 otaqlı 102,6 kv.m sahəsi olan 22 nömrəli mənzilində yaşayır. - Əmlak Məsələləri Dövlət Komitsəi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X4 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

13. ünvan 10 ünvanına dair aşağıdakı sənədlər müəyyən olunmuşdur: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2009-cu il tarixli, 033881 nömrəli Orderə əsasən X5 1 nəfər ailə tərkibi ilə ünvan 11 ünvanında yerləşən 3 otaqlı sahəsi 81,1 kv.metr olan mənzildə yaşamaq hüququ vardır. - Maliyyə Arayışına əsasən ünvan 9 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" ("xxxx") MTK-ya məxsusdur. Bu binanın 23 saylı mənzilinin pay dəyəri payçı X10 (AZE 15115552, vəsiqənin verilmə tarixi xx.xx.2015 ASAN3) tərəfindən tam ödənilmişdir. MTKyə borcu yoxdur. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Şəxsi maliyyə haqq-hesabına əsasən X10 Z.Xəlilov küçəsində 69 nömrəli evin 2-ci mərtəbəsində 3 otaqlı 81,1 kv.m sahəsi olan 23 nömrəli mənzilində yaşayır. Mənzil tam istismara yararlıdır. Mənzilin sahibi X6r. - Əmlak Məsələləri Dövlət Komitsəi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 10 (Yeni qaydalarla: AZ 1122, ünvan 12 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X3 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.

14. ünvan 13 ünvanına dair aşağıdakı sənədlər müəyyən olunmuşdur: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2002-ci il tarixli, 000500 nömrəli Orderə əsasən X9 4 nəfər ailə tərkibi ilə ünvan 14 ünvanında yerləşən 3 otaqlı sahəsi 81,1 kv.metr olan mənzildə yaşamaq hüququ vardır. - Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 225 saylı Sərəncamına əsasən vət. X2 vəfatı ilə əlaqədar "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 69, 2-ci girişin, 6-cı mərtəbəsində sahəsi 81,1 kv.m olan 3 otaqlı 31 saylı mənzilin və payın arvadı X1 adına, 3 nəfər (özü, 2 oğlu) ailə tərkibi ilə kooperativə üzv qəbul olunmaqla adına keçirilməsi barədə "xxxx" MTK üzvlərinin xx.xx.2006-cı il tarixli ümumi iclasının (6 saylı protokol) qərarı baxılmaq üçün komissiyaya çıxarılmış və razılıq verilmişdir. - Maliyyə Arayışına əsasən ünvan 15 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 6-cı mərtəbəsində ümumi sahəsi 81,1 kv.m, otaqların sayı 3 olan 31 saylı mənzilə dair X1 MTK-ya borcu yoxdur. - Əmlak Məsələləri Dövlət Komitsəi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 13 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X7 adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.

15. ünvan 16 ünvanına dair aşağıdakı sənədlər müəyyən olunmuşdur: - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2002-ci il tarixli, 000388 nömrəli Orderə əsasən X14 4 nəfər ailə tərkibi ilə ünvan 17 ünvanında yerləşən 4 otaqlı sahəsi 102,6 kv.metr olan mənzildə yaşamaq hüququ vardır. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli Şəxsi maliyyə haqq-hesabına əsasən X14 Z.Xəlilov küçəsində 69 nömrəli evin 2-ci mərtəbəsində 4 otaqlı 36 nömrəli mənzilində yaşayır. Mənzil "xxxx" MTK-ya məxsusdur. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 2-2742/2005 nömrəli Qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 69 saylı evin 36 saylı mənzilinin X11 adına özəlləşdirilməsi, qeydiyyat vəsiqəsi verilməsi və texniki pasport tərtib edilməsi Bakı şəhəri İHBA Tİ və MHQİ-yə tapşırılsın.

16. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

21. Mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MTK üzvlərinin ümumi yığıncağının qərarına əsasən iddiaçı yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab edir.

22. İş materialları ilə müəyyən olunur ki, binanın istismarına icazə verilmiş, mənzil-tikinti kooperativi tərəfindən də iddiaçının mənzilin faktiki və hüquqi sahibi olması halı təsdiq edilmiş, daha sonra mənzil tikinti kooperativinin təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyətə dəyişdirilmişdir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);

24. X18 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

25. X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

26. Məhkəmə hazırki iş üzrə araşdırmanı X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır:

27. 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?

28. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.

29. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına ən azı “qanuni gözləntisi” olmuşdur və hüququn təmin olunmaması mülkiyyətə müdaxilədir. Həmin müdaxilə nə mülkiyyətdən məhrumetmə, nə də mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Odur ki, məhkəmə hazırki müdaxiləyə mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında qiymət verəcəkdir. Qeyd edilən mövqe X18 Məhkəməsinin presedent hüququna uyğundur (bax: the Lithgow və başqaları Birləşmiş Krallığa qarşı 8 oyul 1986, seriya A no. 102, p. 46, § 106; Beyeler İtaliyaya qarşı 05 yanvar 2000, ərizə 33202/96 § 106).

30. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Bakı şəhər İcra Hakimiyyəti başçısının “Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının protokolunun təsdiq edilməsi haqqında” xx.xx.2002-ci il tarixli 674 №-li Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2002-ci il tarixli. 12B №-li protokolu təsdiq edilmişdir. xx.xx.2002-ci il tarixli 12B nömrəli Protokola əsasən "xxxx" MTK üzvü İddiaçı order verilməsi barədə razılıq verilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı xx.xx.2002-ci il tarixli, 001758 nömrəli Orderə əsasən İddiaçı 1 nəfər ailə tərkibi ilə ünvan 4 ünvanında yerləşən 3 otaqlı sahəsi 81,1 kv.metr olan mənzildə yaşamaq hüququ vardır. Orderin verilməsinə əsas: BŞİH xx.xx.2002-ci il tarixli, 674 №-li sərəncamı - Cahangir MTK üzvlərinin xx.xx.2008-ci il tarixli ümumi iclasının Protokola əsasən kooperativ üzvləri tərəfindən MTK-ya "xxxx" adı qoyulmuşdur. - xx.xx.2010-cu il tarixli Arayışa əsasən ünvan 18 ünvanda yerləşən yeni tikili yaşayış binasını inşa edən "xxxx" MTK 2009-cu ildə kooperativ rəhbərliyinin və payçıların iştirakı ilə keçirilmiş iclasda adı dəyişdirilərək "xxxx" MTK ilə əvəz edilmişdir. - "xxxx" MTK üzvlərinin xx.xx.2022-ci il tarixli ümumi iclasından Çıxarışa əsasən vətəndaş İddiaçı müəssisənin sakini qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən bina 69-un 7-ci mərtəbə 33-cü mənzil, ümumi sahəsi 81.1 kv.m, 3 otaqlı mənzilin payçısı təsdiq edilmişdir. - İş materiallarına əlavə olunmuş Maliyyə arayışına əsasən ünvan 2 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur.Bu binanın 2-ci giriş 7-ci mərtəbəsində 81,1 kv.m olan 3 otaqlı 33 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən xx.xx.2023-ü ilə qədər tam ödənilmişdir, MTK-ya borcu yoxdur. - ünvan 19 ünvanında yerləşən ümumi sahəsi 81,1 kv.m olan 3 otaqlı mənzil İddiaçı sahibliyində və istifadəsindədir.

31. Cavabdeh orqan imtinanın dəlili olaraq bildirmişdir ki, yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir.

32. Məhkəmə bununla bağlı qeyd edir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş qeyd edilən yaşayış binasında iddiaçı ilə eyni vəziyyətdə olan digər şəxslərə münasibətdə hüquqların ilkin qeydiyyatı həyata keçirilmişdir (22, 23,31 və 36 nömrəli mənzillərə dair). Belə ki, ünvan 1 nömrəli yaşayış binasında yerləşən 22 saylı mənzil X4 adına, 23 saylı mənzil X3 adına, 31 saylı mənzil X2 adına, 36 saylı mənzil isə X11 adına daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınmışdır. Belə olan təqdirdə, məhkəmə cavabdehdən eyni vəziyyətdə olan şəxslərə qarşı fərqli rəftarın səbəbi barədə məlumatın məhkəməyə təqdim edilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, heç bir əsas olmadan iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər.

33. Digər tərəfdən məhkəmə qeyd edir ki, qeyd edilən mənzilə dair iddiaçıya müvafiq order Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 2002-ci ildə verilmiş, həmin order hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir.

34. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, qeyd edilən bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl inşa edilmiş (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli sərəncamı əsasında yaradılmışdır) və bu səbəbdən onun tikintisinə dövlət nəzarəti həmin qurum tərəfindən həyata keçirilməmiş, həmin bina istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur.

35. Mübahisəli orderin verildiyi vaxt (xx.xx.2009-cu il tarixdək) qüvvədə olan mənzil qanunvericiliyi ilə isə aşağıdakılar müyyən edilirdi: Maddə 4. Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: …; mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); Maddə 12. Mənzil münasibətlərini tənzimləmək sahəsində Azərbaycan SSR-in səlahiyyətinə aşağıdakılar aiddir: …; 7) mənzil-tikinti kooperativlərinin təşkili və fəaliyyəti qaydasını, onların üzvlərinin hüquqlarını və vəzifələrini müəyyən etmək…; Maddə 15 SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq Azərbaycan SSR rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetləri: …; 4) idarə və ictimai mənzil fondunun vəziyyətinə və istismarına, mənzil-tikinti kooperativləri evlərinin və vətəndaşların şəxsi mülkiyyətində olan evlərin saxlanmasına nəzarət edirlər…; Maddə 27 …; Mənzil fondundan istifadə olunmasına və onun qorunmasına dövlət nəzarəti xalq deputatları Sovetləri, onların icra və sərəncam orqanları, habelə Azərbaycan SSR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyi və xüsusi səlahiyyətli digər dövlət orqanları tərəfindən, SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 41 Yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir…; Maddə 48 Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır…;

36. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan mənzil qanunvericiliyinin qeyd olunan tələblərindən göründüyü kimi, o cümlədən mənzil-tikinti kooperativləri evləri Azərbaycan Respublikaısının mənzil fondunun tərkib hissəsini təşkil edirdi və yeri icra hakimyyəti orqanları tərəfindən həmin evlərin saxlanmasına, o cümlədən abad olmasına, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə saxlanmasına nəzarəti həyata keçirilir və vətəndaşlara həmin evlərə köçmək əsas olan orderlər verilirdi.

37. Konkret halda da işin hallarından göründüyü kimi, iddiaçıya mübahisəli ünvanda yerləşən "xxxx" MTK-nın üzvü kimi mənzil qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq mənzilə dair order verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə minənə qədər qəbul olunmuş 26 yanvar 1993-cü il (№ 463) tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsi isə mənzilin aşağıdakı kimi özəlləşdirmə qaydası nəzərədə tutulurdu: “Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.”

38. Cavabdehin imtinası, iddia ərizəsinə etirazından da göründüyü kimi, iddiaçının qeyd olunan sənədlərə malik olması və həmin sənədlərin idarəyə təqdim olunması işin mübahisələndirilməyən halıdır. Konkret halda, cavabdeh mübahisələndirir ki, binanın istimar aktı idarəyə təqdim edilməmişdir. Halbuki, qeyd olunan Qanunun 8-ci maddəsinin sonuncu (4-cü) hissəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

39. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin qanuni əsası kimi - iddiaçıya “mübahisəli mənzilə dair” order verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun 8-ci maddəsinin qüvvədə olan həmin redaksıyası tətbiq olunmalıdır.

40. Eyni zamanda, qeyd olunmalıdır ki, 2006-cı ildən qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-6-cı maddəsinin tələbinə görə də mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçıya yerli icra hakimiyyəti tərəfindən order verilməsi özü onu ehtiva edir ki, iddiaçı tərəfindən MTK-nın qərarı ilə kooperativin üzvülüyünə qəbul olunmuş və tərəfindən mübahisəli mənzilə dair pay haqqı tam ödənilmişdir ki, ona yerli icra hakimiyyəti (Bakı şəhər İH) tərəfindən mübahisəli order verilmişdir.

41. Məhkəmə daşınmaz əmlakın inventarlaşdırmasının və qeydiyyata alınmasının sənədləşdirilməsinin lazımi qaydada aparılmalı olduğu qənaətindədir. Lakin qeyd edilən hərəkətlərin aparılması hüquq sahiblərinin üzərinə ona aid olmayan və həddən artıq yük qoyulması ilə nəticələnməməlidir.

42. Cavabdeh qurumun imtinası iddiaçının vəziyyətinə mütənasib olmamaqla onun üzərinə həddən artıq yük qoymuşdur, nəticə etibarilə iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunmamışdır.

43. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən:

44. Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

45. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, əks yanaşma iddiaçının X18 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyətdən maneəsiz şəkildə istifadə hüququnun (birinci qayda) pozulması hesab oluna bilər.

46. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

47. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

48. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

49. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

50. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

51. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69 ünvanında yerləşən 33 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar