Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3111/2024 11.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 27 sentyabr 1996-30 avqust 2003-cü illər, 09 iyul 2012-01 mart 2023-cü illər dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ona dövlət qulluqçusu kimi (pensiya seçim hüququ saxlanılmaqla) pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 25 aprel 1986-dan 26 sentyabr 1996-cı il tarixlərədək Hərbi Komissarlıqda müxtəlif vəzifələrdə işləmiş, 27 sentyabr 1996-30 avqust 2003-cü il tarixlərdə Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, son yaş həddinə görə ehtiyata buraxılmışdır. 01 sentyabr 2003-cü il tarixdən 13 fevral 2012-ci illərdə Hərbi Komissarlıqda çalışmışdır. 09 iyul 2012-ci il tarixdən 01 mart 2023-cü il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında baş məsləhətçi kimi çalışmışdır. O, cavabdehə pensiyanın dövlət qulluqçusu kimi hesablanması üçün müraciət etmiş, müraciətin təminindən dövlət qulluğu stajının 15 ildən az olması əsası ilə imtina edilmişdir. İddiaçı hesab edir ki, onun dövlət qulluğu stajı 15 ildən artıq olduğundan dövlət qulluqçusu kimi pensiya hesablanmalıdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi pensiya alır. Dövlət qulluqçusu kimi pensiya təyinatı üçün 15 il minimum olmaqla qulluq stajı tələb edilir ki, həmin tələb iddiaçıya münasibətdə ödənilməmişdir. Onun dövlət qulluğu stajı 10 il 7 ay 22 gün təşkil edir ki, digər işlədiyi dövrlər dövlət qulluğu stajına aid edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: 28 sentyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının 09 iyul 2012-ci il-01 mart 2023-cü il tarixləri ərzində işlədiyi 10 il 7 ay 22 gün dövlət qulluğu stajına qəbul edilmiş, lakin digər dövrlər qəbul edilmədiyindən dövlət qulluqçusu kimi yaşa görə pensiya 15 ildən az dövlət qulluğu stajının olması əsası ilə təyin edilməmişdir. X1 03 noyabr 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının Hərbi Komissarlıqda şöbə rəisinin köməkçisi və rəisin baş köməkçisi vəzifələrində işlədiyi müddətdə hərbi rütbə və dövlət qulluğunun ixtisas dərəcəsi verilməmiş, əmrlərdə qeydlərdə “Dövlət qulluğu haqqında” Qanuna əsaslandırma olmamışdır. Pensiya işinə daxil olan sənədlərdən görünür ki, iddiaçıya əlilliyə görə pensiya təyinatı aparılmış, sonradan pensiya ona hərbi qulluqçu statusu nəzərə alınmaqla təyin edilmişdir. X1 17 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1986-1991-ci il Azərbaycan SSR Hərbi Komissarlığında baş inspektor və şöbə rəisinin köməkçisi vəzifələrində iş müddəti dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. 1991-1996-cı illərdə Hərbi Komissarlıqda şöbə rəisi köməkçisi və baş köməkçisi vəzifələrində iş müddəti də dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır. 1996-2003-cü illərdə Silahlı Qüvvələrdə hərbi hərbi xidmət dövrü isə dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 25 yanvar 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 25 aprel 1996-cı il tarixdən 27 sentyabr 1996cı il tarixədək mülki işçi, 27 sentyabr 1996-cı il tarixdən 30 avqust 2003-cü il tarixədək hərbi qulluqçu, 01 sentyabr 2003-cü il tarixdən 09 iyul 2012-ci il tarixədək mülki işçi qismində, 09 iyul 2012-ci il tarixdən 01 mart 2023-cü il tarixədək dövlət qulluğunda çalışmışdır. Həmin məktuba müvafiq əmrlərin surəti əlavə edilmişdir. Qeyd olunmalıdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il(bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Qanunvericiliyin tələbindən də müəyyən edilir ki, şəxsə dövlət qulluqçusu kimi pensiya təyini üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajının mövcud olması mütləqdir. İddiaçının isə mübahisələndirilməyən dövlət qulluğu stajı müddəti 09 iyul 2012-01 mart 2023-cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin tutduğu dövlət qulluğu vəzifəsi ilə bağlıdır ki, həmin dövrün 15 ildən az olması konkret müəyyən edilir. Göründüyü kimi iddiaçıya dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi onun 1996-2003-cü illər üzrə hərbi qulluqçu kimi stajının dövlət qulluğu stajı kimi nəzərə alınmasının mümkün olub-olmamasından asılıdır ki, cavabdeh həmin dövrlərin dövlət qulluğu stajına aid olmaması qənaətindədir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən cavabdehin qənaəti qanunsuz və əsassızdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi; 4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın: 7-1. Dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Dövlət qulluğuna dair qanunvericiliyə yeni tənzimləmələr nəticəsində Qanun və Qaydanın son redaksiyasından da görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilir. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş 15 illik qulluq müddəti ilə bağlı şərt ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin:
1. Ümumi müddəa Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə (bundan sonra – rütbə) nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir. 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.2. Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun xüsusi növündə həqiqi hərbi xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən mütləq nəzərə alınmalıdır. İşin faktiki hallarından isə göründüyü kimi cavabdeh iddiaçının 09 iyul 2012-01 mart 2023-cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətin tutduğu vəzifə dövlət qulluğu stajına sayılmış, onun 10 il 7 ay 22 gün stajı dövlət qulluğu stajı kimi hesab edilmiş, lakin cavabdeh tərəfindən iddiaçının 27 sentyabr 1996-cı il tarixdən 30 avqust 2003-cü il tarixədək hərbi qulluqçu kimi stajı dövlət qulluğu stajına aid edilməmişdir. Halbuki, yuxarıda adıçəkilən normaların, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin konkret tələbindən də göründüyü kimi Silahlı Qüvvələrdə hərbi xidmət dövrü dövlət qulluğu stajı hesablanarkən nəzərə alınan dövrdür. Həmin dövr nəzərə alındıqda isə iddiaçının minimum dövlət qulluğu stajının 15 ildən artıq olması müəyyən edilir ki, həmin şərtin ödənilməsi dövlət qulluqçusu kimi pensiya təyinatı üçün əsasdır. Nəzərə alınmalıdır ki, X2 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, 1996-2003-cü illərdə Silahlı Qüvvələrdə hərbi hərbi xidmət dövrü dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmə hesab edir ki, həmin məktubun mötəbərliyi hər hansı şübhə doğurmamaqla həmin məktubda və hazırkı iş üzrə istinad edilən qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, məlum olduğu kimi X2 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X2 publik hüquqi şəxsin Nizamnaməsi) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyta keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmn etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında, 2-1(102)-1213/2023 saylı iş üzrə qəbul etdiyi 02 avqust 2023-cü il tarixli qərarında, 2-1(102)-1819/2022 saylı iş üzrə qəbul etdiyi 17 noyabr 2022-ci il tarixli qərarında da X1 məktubuna münasibətdə oxşar mövqedən çıxış edilmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyası haqqında” Qanunun: M a d d ə 5. Pensiya seçmək hüququ 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Göründüyü kimi şəxsin müxtəlif əsaslarla pensiya təyinatına münasibətdə hüququnun mövcudluğu imkanı tanınmışdır ki, həmin əsaslardan hər hansı birinə münasibətdə təyinatın aparılması və ödənilməsi şəxsin arzusundan asılı edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçı hərbi qulluqçu kimi pensiya alan şəxs statusundadır ki, onun dövlət qulluqçusu kimi pensiya hüququ da mövcuddur. Məhkəmə hesab edir ki, iddiaçının müxtəlif əsaslar pensiyanın seçim hüququ mövcuddur ki, məhkəmə hesab edir ki, hazırkı qərar ona hərbi qulluqçu kimi pensiya ilə yanaşı, dövlət qulluqçusu kimi də pensiya təyin edilməsi hüququ verir ki, məhkəmə tərəfindən hazırkı mübahisə üzrə dövlət qulluqçusu kimi onun pensiya hüququnun tanınması, məhkəmə hesab edir ki, iddiaçının pensiya seçmək hüququnun realizəsi imkanı da yaradır. Bu baxımından da, iddiaçının ona seçiminə uyğun pensiya seçim hüququnun saxlanıldığı nəzərə alınmalı, hazırkı hüquqi marağına uyğun olaraq iddiaçının arzusu da nəzərə alınmaqla dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. 27 sentyabr 1996-30 avqust 2003-cü illər, 09 iyul 2012-01 mart 2023-cü illər dövlət qulluğu stajı kimi nəzərə alınmaqla İddiaçı dövlət qulluqçusu kimi (pensiya seçim hüququ saxlanılmaqla) pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov