Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3145/2025 24.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin yeni plan-ölçüsü sənədinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin yeni plan-ölçüsü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AA021269 nömrəli torpaq sahəsinin plan və ölçü sənədində və dövlət reyestrindən çıxarışda olan uyğunsuzluqların aradan qaldırılmaması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və onun mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147/148 ünvanında yerləşən bağ sahəsinin (torpaq sahəsinin) koordinatları (plan və ölçüsü) düzgün işlənilməklə xx.xx.2010-cu il tarixli plan-ölçü sənədində cari dəyişikliyin edilməsi, yeni plan və ölçü sənədinin və həmin torpaq sahəsinə dair yeni dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov rayon Notariat Kontoru 9 nömrəli, xx.xx.2009-cu il tarixli, 4Ə-8/1082 nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Əzizbəyov rayonu (hazırda Xəzər rayonu), Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147/148 ünvanında yerləşən bağ sahəsi iddiaçı tərəfindən alınmışdır. Həmin sənədlər əsasında Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147/148 ünvanında yerləşən sahəsi 0.06 ha olan bağ sahəsi xx.xx.2010-cu il arixli, seriya MA ******* saylı dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətndədir. Torpaq sahəsinin xx.xx.2010-cu il tarixli, AA 021269 nömrəli planı və ölçü sənədi tərtib edilmişdir. Hazırda qeyd edilən, yəni faktiki olaraq istifadə etdiyi və mülkiyyətində olan bağ sahəsinin döngə koordinatları, digər üçüncü şəxslərin adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış bağ sahəsinin döngə koordinatları ilə üst-üstə düşür və bağ sahəsinin sənədlərində uyğunsuzluqlar var. Bu səbəbdən həmin sənədlərdə düzəlişin aparılması zərurəti yaranır. Həmin torpaq sahəsinə dair sənədlərdə yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı ərizə ilə cavabdehə müraciət edilmiş və cavabdeh xx.xx.2023cü il tarixli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147/148 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin faktiki koordinatlarına uyğunlaşdırılmaqla yeni plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia təlbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********94 nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin şimal və cənub qonşusu ilə faktiki vəziyyətə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxemi təqdim edildikdən sonra cari düzəliş oluna bilər.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-M-02xx-xx/2023 **********94 nömrəli məktubla imtina edilmişdir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147-148 saylı bağ sahəsinin bir hissəsi, 0.06 ha sahəsi olan bağ xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2010-cu il qeydiyyat tarixi, **********55 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir.
10. İddiaçının mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147-148 saylı bağ sahəsinin bir hissəsi, 0.06 ha sahəsi olan bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə AA 021269 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-44473/2024 **********73 nömrəli məktubla Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147/148 ünvanında yerləşən bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 12 may 2025-ci il tarixli, 3- 21-3-30/2-18811/2025 nömrəli məktubla Bakı şəhəri, Əzizbəyov rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin, 147/148 ünvanında yerləşən bağ sahəsinin şimal və cənub qonşularına dair bütün sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. İddiaçı tərəfindən məhkəməyə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin ev 148 və 147-148 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən torpaq sahələrinin bölgü sxemi məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq cavabdeh inzibati orqana müraciət etdilmişdir. Cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
20. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən edilsə də, torpaq sahəsinin planölçü sənədində göstərilən koordinatlar torpaq sahəsinin faktiki koordinatları ilə uyğunsuzluq təşkil edir. İddiaçı bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən göstərilən torpaq sahəsinin şimal və cənub qonşusu ilə faktiki vəziyyətə uyğun notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməli olmasına istinad edilməklə imtina edilmişdir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 20. İnzibati orqana müraciət etmək hüququ 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. ...
20. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.59. mülkiyyət növündən asılı olmayaraq, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərinin dəqiqləşdirilməsi, torpaq sahələrində baş verən dəyişikliyin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, torpaqların münbitliyinin müəyyən edilməsi məqsədilə tədqiqat və monitorinq aparmaq; ...
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:
14. Sübut etmə vəzifəsi: ... 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
22. Beləliklə işin mübahisələndirilməyən və işdəki mötəbər sübutlarla təsdiqlənən hallarına görə iddiaçıya məxsus və onun qonşuluğunda yerləşən torpaq sahələri fərqli torpaq sahələridir, qonşular arasında torpaq sahələrinə dair mübahisə mövcud deyildir, bu faktı hər mülkiyyətçinin adına verilmiş çıxarışlar və plan-ölçü sənədləri təsdiq edir. Lakin, cavabdeh tərəfindən iddiaçıya plan və ölçü sənədi verilərkən yanlışlığa yol verilmiş, iddiaçıya məxsus torpaq sahələrinin faktiki koordinatlarına uyğun plan və ölçü sənədi verilməmişdir. Bu uyğunsuzluğun aradan qaldırılması ilə bağlı iddiaçı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciəti əsassız səbəblərlə təmin edilməmişdir.
23. Məhkəmə hesab edir ki, cavabdeh, inzibati orqan kimi iddiaçının müraciətindən sonra yol verdiyi yanlışlığı aşkar etməli və aradan qaldırmalı olduğu halda, əksinə, iddiaçının müraciətinin icrasından imtina etmiş, situasiyanı araşdırmamış, ziddiyyətli vəziyyəti həll etməmiş, son nəticədə isə həm iddiaçının, həm də digər şəxslərin mülkiyyət hüququnu pozan vəziyyət yaranmışdır. Halbuki, mülkiyyətçiyə çıxarış, o cümlədən sözügedən torpaq sahəsinə plan və ölçü sənədləri eyni qurum, yəni cavabdehin özü tərəfindən verilmişdir. Ziddiyyətli vəziyyəti yaradan da, elə cavabdeh qurumun hərəkətləridir.
24. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarının hazırki işin faktiki hallarına tətbiqi nəticəsində məhkəmə belə bir qənaətə gəlir ki, cavabdehin iddiaçıya yeni planölçü sənədinin verilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır və sözügedən uyğunsuzluq elə cavabdehin özü tərəfindən də, aradan qaldırılmalıdır.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
27. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
28. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nin 147/148 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin faktiki koordinatlarına uyğunlaşdırılmaqla yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva