Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3158/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı-İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “xidməti məzildə qalmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə qarşı “xidməti məzildə qalmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil şəraitinin yaxşılaşdırılması baş tutana qədər, hal-hazırda ailəsi ilə birgə yaşadığı, ünvan 1 ünvanında yerləşən, xidməti mənzildə qalmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1968-ci ildə Bakı şəhərində doğulmuşdur. 1982-1985-ci illərdə Naxçıvanski adına Hərbi Liseydə, 1985-1990-cı illərdə isə Sankt-Peterburqdakı Mojayski adına Hərbi Kosmik Akademiyasında ali hərbi təhsil almışdır. Təyinatla keçmiş SSR-nin Buryat Avtonom Respublikasında hərbi xidmətdən sonra, 1992-ci ilin yanvar ayında vətənə qayıtmışdır. 1992-2018-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 2018-ci ilin yanvar ayında yaşa görə ehtiyata buraxılmışdır, ehtiyatda olan polkovnik-leytenantdır. Hərbi xidməti dövrü medal, orden və digər dövlət təltifləri ilə təltif olunmuş, müharibə və Silahlı Qüvvələr veteranıdır. Hazırki vaxtda da Müdafiə Nazirliyinin idarəsində mülki işçi kimi çalışır. 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən ünvan 2 ünvanında yerləşən, sahəsi 18 kv. metr olan 1 otaqlı mənzillə təmin edilmişdir. Ailə qurduqdan sonra o, və 3 nəfər ailə üzvü (arvadı, 1994-cü il təvəllüdlü qızı və 2000-ci il təvəllüdlü oğlu) 1994-cü ildən 2014-cü ilin yanvar ayınadək həmin mənzildə yaşamışlar. 4 nəfərdən ibarət ailənin bir otaqda yaşaması qeyri-mümkün olduğundan 2013-cü ilin dekabr ayında mənzil şəraitinin yaxşılaşdırılması üçün müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsi rəisinə raportla müraciət etmiş və nəticədə, xx.xx.2014-cü il tarixli 51 nömrəli müqaviləyə əsasən, ünvan 3 ünvanında yerləşən 3 otaqlı xidməti mənzillə təmin edilmişdir, Hazırki vaxtadək həmin mənzildə yaşayır. xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi Bakı Qarnizonu Mənzil İstismar hissəsinin 1 saylı Mənzil İstismar sahəsi tərəfindən ona yaşadığı xidməti mənzili boşaltmaq barədə qeydiyyatsız xəbərdarlıq sənədləri təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı münasibəti (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №li hərbi hissə komandiri (“Kirayəyə verən”) ilə İddiaçı (“Kirayəçi”) arasında bağlanmış 25 yanvar 2014-cü il tarixli 51 nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin surətindən müəyən olunur ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün “Kirayəçi”nin sahibliyinə və istifadəsinə verilmişdir (bənd 1.1). Bu müqavilə ləğv edildikdən və ya ona xitam verildikdən sonra razılaşdıqları müddətdə (lakin 30 (otuz) gündən artıq olmamaq şərti ilə) yaşayış sahəsini təhvil-təslim aktına əsasən “Kirayəyə verən”ə təhvil vermək “Kirayəçi”nin vəzifəsidir (bənd 2.4.11). Hərbi qulluqçular (qulluqçular) “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 17 №li əlavəsində göstərilən formaya uyğun olaraq iltizam imzalayırlar (bənd 6.4). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi Bakı Qarnizonu Mənzil İstismar hissəsinin 1 saylı Mənzil İstismar sahəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli “Xəbərdarlıq”larda sonuncuya 51 №li xx.xx.2014-cü il tarixli kirayə müqaviləsi əsasında A.Abbaszadə küçəsi, bina 25 a, mənzil 30 ünvanda verilən 3 otaqlı xidməti yaşayış sahəsinə köçərkən müvafiq hallar meydana gəldikdə şərtsiz olaraq mənzili təhvil verəcəyi barədə iltizam imzaladığı və kirayə müqaviləsinin 2.4.11-ci bəndində nəzərdə tutulan şərtlər bildirilməklə, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 36 ünvanında yerləşən 10 saylı mənzillə təmin olunduğunun nəzərə alınmaqla, müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə mənzilin təhil verilməsi tələb olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin **********38 №li xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, 36 saylı evin, 10 saylı mənzili 003348 nömrəli xx.xx.1992-ci il tarixli orderə, 594 nömrəli xx.xx.1996-cı il tarixli Forma 2 arayışına, X1 tərəfindən verilmiş razılıq ərizəsinə əsasən xx.xx.1996-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır (məktubda istinad olunan sənədlər məhkəməyə təqdim olunmuşdur). Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 7825 №li xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyində xidmət etdiyi dövrdə 12 noyabr 1992-ci il tarixdə 003348 nömrəli order əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aid ünvan 5 ünvanında 1 otaqlı, 18 kv. metr xidməti yaşayış sahəsi ilə təmin olunmuşdur. Sözügedən yaşayış sahəsi 1996-cı ildə iddiaçı tərəfindən özəlləşdirilmişdir. Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olmağını və ailə vəziyyətini nəzərə alaraq, mənzil şəraitinin yaxşılaşdırılması qaydasında, İddiaçı Müdafiə Nazirliyinin mənzil fonduna aid olan, ünvan 4 ünvanında yerləşən 3 otaqlı xidməti yaşayış sahəsi ayrılaraq, Müdafiə Nazirliyinin N №li hərbi hissə komandiri ilə iddiaçı arasında 25 yanvar 2014-cü il tarixli 51 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli Fərmanına (28 dekabr 2011-ci il tarixli) uyğun olaraq mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yaradılmış komissiyaya müraciət etmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin edildikdən sonra isə hazırda yaşadığı ünvan 6 ünvanındakı xidməti mənzili təhvil verməyə borcludur. Məhkəmənin mövqeyi. İddianın hüquqi əsası ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 91.1.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) xidməti yaşayış sahələri aiddir. - 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. - 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. - 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. - 101.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir. - 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin: - 1-ci hissəsinə görə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı yaşa görə ehtiyata buraxılmış hərbi qulluqçudur. 12 noyabr 1992-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xidməti mənzil fonduna aid Bakı şəhəri Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 36 ünvanında yerləşən 10 saylı 1 otaqlı xidməti yaşayış sahəsi ilə təmin olunmuş və qeyd olunan mənzil hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil isə kirayə müqaviləsi əsasında ona xidməti mənzil sahəsi kimi müvəqqəti istifadəyə verilmişdir. Hərbi qulluqçuların qüsursuz xidmət illərinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın normaları əsasında həyata keçirilir. Sözügedən Fərmanın 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanın 2-ci bəndində göstərilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Fərmanda müəyyən olunan tərkibdə Komissiya yaradılsın. Fərmanın 3-cü bəndində göstərilmişdir ki, Komissiyaya tapşırılsın ki: siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın (bənd 3.1); hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin (bənd 3.2). İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli Fərmanına (28 dekabr 2011-ci il tarixli) uyğun olaraq mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar yaradılmış komissiyaya müraciət etmişdir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 68-69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3158/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3158/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver