Məhkəmə qərarları › İş №2-1(112)-3201/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3201/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3201/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh və ya Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Ekspert Şurasının layihənin elmi ekspertizaya buraxılmaması ilə bağlı əsassız qərarını nəzərə alaraq, sözügedən Fondun həmin qərarın ləğv olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il üçün elan etdiyi “Qarabağ - Azərbaycandır - 2” məqsədli qrant müsabiqəsinə onun rəhbərliyi ilə 7 nəfər müvəqqəti yaradıcı qrup tərəfindən (onlardan 5 nəfəri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, 2 nəfəri isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşıdır) “İşğaldan azad olunmuş kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin bərpa olunmasının elmi əsaslarının hazırlanması“ adlı layihə təqdim olunmuşdur. Bu layihənin həyata keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş Cəbrayıl və Qubadlı rayonlarının kənd təsərrüfatına yararlı torpaqlarının obyektiv səbəblərə görə zəifləmiş münbitliyinin qısa zaman kəsiyində bərpa olunmasına zəmin yaradan elmi əsasların işlənib hazırlanmasıdır. Fonda təqdim edilmiş layihə çərçivəsində Cəbrayıl və Qubadlı rayonlarında aparılacaq elmi-tədqiqat işləri nəticəsində həmin rayonların münbitliyi zəifləmiş kənd təsərrüfatına yararlı torpaqlarının münbitliyinin bərpa olunmasına zəmin yaradan becərmə sisteminin və səmərəli münbitlik modelinin işlənib hazırlanması nəzərdə tutulur ki, gələcəkdə onların tətbiq olunması nəticəsində istər bu rayonlarda, istərsə də işğldan azad olunmuş digər rayonlarda əkilib-becəriləcək kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı sabit artacaq və əldə olunan məhsulların keyfiyyəti xeyli yaxşılaşacaqdır. Çox təəssüflər olsun ki, təqdim edilmiş layihə barədə Fondda əssasız olaraq onun texniki ekspertizadan keçməməsinə dair qərar qəbul olunmuşdur. Layihənin elmi ekspertizaya buraxılmaması ilə bağlı qərarının heç bir əsası olmadığı üçün həmin qərar ləğv olunmalı və layihə elmi ekspertizaya buraxılmalıdır. Cavabdeh iddia tələbinə etiraz göndərərək iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Eiraz onunla əsaslandırılmışdır ki, Fond azad edilmiş əraziləriin inkişafına töhfə verə biləcək müxtəlif elmi sahələri əhatə edən tədqiqat işlərinin stimullaşdırılması, Qarabağın qədim və orta əsrlər tarixinin araşdırılması, azad edilmiş bölgələrdə arxeoloji tədqiqatların aparılması, Qarabağın və ətraf bölgələrin tarixi-mədəni abidələrinin tədqiqinin həyata keçirilməsi və tarixi həqiqətlərin dünya elminə və ictimaiyyətinə çatdırılması, bölgənin kənd təsərrüfatının inkişafını təmin edən, ekoloji problemlərin aradan qaldırılması, enerji və su ehtiyatının yaradılması, turizm potensialının düzgün qiymətləndirilməsi və istifadəsinə gətirib çıxara bilən fundamental - tətbiqi xarakterli layihələrin həyata keçirilməsi məqsədilə 2023-cü il üçün "Qarabağ - Azərbaycandır-2!" qrant müsabiqəsini müəyyənləşdirilmiş şərtlər daxilində elan etmişdir. “Qarabağ-Azərbaycandır-2!” müsabiqəsinə layihə təqdim edilmişdir. 28 aprel 2023-cü il “Qarabağ-Azərbaycandır-2!” müsabiqəsinə layihələrin təqdim edilməsi üçün son günündən dərhal sonra texniki ekspertiza başlamış və iyunun 7də nəticələr açıqlanmışdır. Hər bir layihə rəhbərinin şəxsi elektron poçtuna məktub göndərilmiş və ekspertlər layihənin problemlərini aydın şəkildə təsvir etmişlər. Belə ki, ekspertlərin mənfi rəyinə səbəb layihə iştirakçılarından birinin heç bir elmi fəaliyyətlə məşğul olmaması və layihə komandasında layihə mövzusu ilə bağlı elmi işlərin kifayət qədər olmaması qət edilmişdir. Texniki ekspertiza mərhələsində elmi fəaliyyətlə məşğul olan, müvafiq konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə, Fondun elan etdiyi müsabiqələrdə iştirak edən və ya xarici ölkələrdə qısamüddətli ixtisasartırma kursu keçmiş alimlərə üstünlük verilir. Alimin elmi fəaliyyətində onun nəticələrini əks etdirən elmi əsərlərin olması ekspertlərin zəruri və əsas tələbidir. Layihə iştirakçılarının yuxarıda göstərilən prioritetlərə uyğunluğu yoxdursa, bu halda layihə elmi ekspertizaya buraxılmır. Elan olunmuş şərtlərdə texniki ekspertiza üçün əsas şərtlərdən biri də son 5 ildə layihənin mövzusu üzrə alimlərin elmi işlərinin olması qeyd edilmişdir. Layihəni Fonda təqdim edərkən layihə rəhbərinin imzaladığı sənəd bunu sübut edir. Fond ekspertizanın qarşıdakı addımları ilə bağlı bütün layihə iştirakçılarını əvvəlcədən xəbərdar edir və bütün alimlərə şəxsi kabinetlərində dəyişiklik etmələri üçün 1 ay vaxt verir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, Azərbaycan Respublikasının elm və təhsil naziri, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrindən ibarət tərkibdə təsis edilmiş X2 12 oktyabr 2023-cü il tarixli Q-14 nömrəli qərarı ilə elan olunmuş müsabiqə üzrə 5 qrant layihəsi qalib müəyyən edillmişdir. Göründüyü kimi hipotetik olaraq iddia uğurlu hesab edilsə belə, heç bir məqsəd və nəticə hasil olmayacaqdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı iddiaçıya hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının hüquqi marağı təqdim etdiyi layihənin “Qarabağ - Azərbaycandır – 2! məqsədli qrant müsabiqəsinin texniki ekspertiza mərhələsindən keçirilməsi barədə cavabdehin qərarının ləğv edilməsinə yönəlmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehin bu barədə hər hansı qərarı olmamış, aparılmış qiymətləndirmənin nəticəsinə görə, iddiaçının təqdim etdiyi layihə növbəti mərhələyə buraxılmamışdır. Məhkəmə iclaslarında iddiaçıya tələbinin dəqiqləşdirməsi və növbəti mərhələyə buraxılması öhədliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dəqiqləşmə təklif edilsə də, iddiaçı Fond tərəfindən onun elektron poçt ünvanına göndərilən məkutbda qərar yazıldığından tələbi bu şəkildə irəli sürdüyünü bildirmiş və tələbini göstərilən şəkildə müdafiə etmişdir. Cavabdehin nümayəndəsi isə, bu barərə hər hansı qərar qəbul edilmədiyini, məktubda “qərar” sözünün ümumi anlamda iddiaçının təqdim etdiyi layihənin növbəti mərhələyə buraxılmaması barədə qərar qəbul edildiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində dəqiqləşmə apardığı təqdirdə belə iddiaçının hazırkı tələbdə hüquqi marağı müəyyən edilmir. Belə ki, iddia ərizəsinin əsaslandırmasından müəyyən edilir ki, iddiaçı təqdim etdiyi layihənin “Qarabağ - Azərbaycandır – 2! məqsədli qrant müsabiqəsinin texniki ekspertiza mərhələsindən növbəti mərhələyə, yəni elmi ekspertiza mərhələsinə buraxılmasına yönəlmişdir. Lakin cavabdehin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, müsabiqə yekunlaşmış və qaliblər müəyyən edilmişdir. Belə olan halda iddiaçının artıq yekunlaşmış müsabiqə üzrə texniki ekspertiza mərhələsindən növbəti mərhələyə buraxılması barədə hüquqi marağı aydın deyildir. Belə ki, iddia tələbi təmin olunacağı təqdirdə belə, artıq növbəti mərhələ mövcud deyildir. İddiaçı öz izahatında bu halın cavabdehə qarşı dəymiş ziyanla bağlı yeni iddia qaldırması üçün lazım olduğunu bildirmişdir. Lakin məhkəmə hesab edir ki, icrası mümkün olmayan və artıq başa çatmış layihə üzrə mövcud olmayan mərhələyə buraxılması barədə iddia mümkün sayıla bilməz. Bu isə iddiaçının dəymiş maddi ziyanla bağlı ayrıca iddia vermək hüququnu istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar