Məhkəmə qərarları › İş №2-1(112)-3242/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3242/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3242/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Cavabdeh2n nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə3, Üçüncü şəxs Tibb Universitetinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı (Cavabdeh2, Azərbaycan Respublikası Tibb Universiteti və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) “monitorinqiin nəticələrinə dair aktın və arayışın ləğv edilməsi" tələbinə dair inzibati işə hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə (bundan sonra – cavabdeh və ya Nazirlik) və (Cavabdeh2nə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Nazirliyin monitorinq qrupu tərəfindən Azərbaycan Resəsublikası Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (bundan sonra – AzETTOİ və ya İnstitut) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) 2022-ci ildə AzETTOİ-nin elmi hissəsinə dair Elmi Şuranın 3 saylı iclasında iddiaçı barəsində qəbul edilmiş qərarın ləğvinə dair inzibati aktın verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı AzETTOİ-nin böyük elmi işcisi vəzifəsində işləyir və tibb üzrə fəlsəfə doktorudur. İddiaçı tibb üzrə fəlsəfə doktorluq işini “Onurğa sütununun müxtəlif etiologiyalı deformasiyalarının transpedikulyar qurğuların tətbiqi ilə cərrahi korreksiya və fiksasiyasının mükəmmələşdirilməsi” üzrə dissertasiya işi üzrə yazmışdır. Bu dissertasiya AzETTOİ-də dövlət sifarişi əsasında yerinə yetirilmiş: “Dayaqhərəkət aparatının anadangəlmə və qazanılmış xəstəliklərinin cərrahi müalicəsi, onurğa sütununun deformasiyalarının cərrahi korreksiyasının mükəmməlləşdirilməsi” elmi tətqiqat işinə əsaslanır. Göstərilən elmi-tədqiqat işi o zaman АzЕТТОİ-nin direktoru olmuş cənab İlqar Qasımovun rəhbərlik etdiyi Elmi Şurada təsdiq edilmiş və yekunları haqda həm AzETTOİ-də, həm də Nazirliyin kollegiyasında hesabat verilərək qəbul edilmişdir. Bu işin yekunları xarici və yerli elmi mətbuatda çoxsaylı məqalələrlə mütəxəssislərə təqdim edilmiş və müsbət qarşılanmışdır. İddiaçı öz peşəsi üzrə elmi adın alınması məqsədilə üç il müddətində gərgin və yorulmaz araşdırma aparması nəticəsində yeni yazmış olduğu “Fəqərə sütununun deformasiyaları və degenerativ - distrofik patalogiyalarının cərrahi müalicəsində poliseqmentar korreksiyaedici transpedikulyar sistemlərin tətbiqinin оptimallaşdırılması” mövzusunda dissertasiyası öncəki Elmi Tədqiqat işinin davamıdır və daha da geniş araşdırmalara əsaslanır. İddiaçının şəxsən özünün icra etdiyi 100-dən çox ən ağır, texniki cəhətdən mürəkkəb texnologiyalı əməliyyatların nəticələrinin öyrənilməsi əsasında onların əhəmiyyətli dərəcədə mükəmməlləşdirilməsi xarici ölkələrin aparıcı elmi nəşrlərində dərc edilib və çoxsaylı beynəlxalq Patentlərlə təsdiq edilib. EFFORT, WİCORT, SİCOT,TOTDER kimi ümümdünya ortopedik cəmiyyətlərin konqresslərində ingilis dilində dissertant tərəfindən əyani məruzələr edilmişdir. Dissertasiya 2022-ci ildə AzETTOİ-nin Elmi Şurasında müzakirə edilib və şura üzvlərinin yekdil qərarı ilə Azərbacan Tibb Universitetində (bundan sonra – ATU) rəsmi müdafiə üçün təqdim edilmişdir. İddiaçının “Fəqərə sütununun deformasiyaları və degenerativ - distrofik patologiyalarının cərrahi müalisəsində poliseqmentar korreksiyaedici transpedikulyar sistemlərin tətbiqinin optimallaşdırılması” mövzusunda 3227.01 “Travmatologiya və Ortopediya” işi üzrə tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi dissertasiyanın ilkin sənədlərinin yoxlanılması haqqında ATU-nun Elmi Komissiyanın xx.xx.2022-ci il tarixli aktına əsasən Elmi Komissiya hesab etmişdir ki, iddiaçı tərəfindən toplanmış tədqiqat materialları dissertasiya işinin məqsəd və vəzifələrinə uyğun olub, Azərbaycan Respublikasının Prezidenti 11 iyun 2019-cu il tarixli, 728 №-li fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tibb elmləri doktoru elmi dərəcəsinə müvafiq dissertasiyalara qoyulan tələblərinə tam cavab verdiyi üçün Komissiya iddiaçının dissertasiyasının ilkin materiallarının həqiqi və dürüst olmasını təsdiq etməklə dissertasiyanın rəsmi müdafiəyə təqdim edilməsini təklif etmişdir. Lakin, Elmi Komisiyanın ona aid dissertasiyanın rəsmi müdafiəyə təqdim edilməsi barədə təklifindən iki ilə yaxın müddət keçməsinə baxmayaraq əsassız səbəblər göstərilərək dissertasiya işi bu günə kimi müzakirəyə buraxılmamışdır. xx.xx.2024-cü il tarixdə AzETTOİ-nin elmi işlər üzrə direktor müavini tərəfindən о şəxsi otağına çağırılaraq bildirilmişdir ki, guya ki son iki həftə ərzində Nazirlik tərəfindən institutda monitorinq qrupu tərəfindən yoxlama aparılmış və monitorinqin elmi hissəyə aid olan nəticəsi o olmuşdur ki, İnstitut TƏBİB-in nəzdində olan vaxtı keçirilən elmi şuralar qanunsuz olmuş, bu səbəbdən də guya ki, iddiaçının dissertasiya işinin Elmi Şura tərəfindən yoxlanılmasında dair qərar əsassızdır Qeyd etmək iazımdır ki, dissertasiya işi 2022-ci ildə AzETTOİ-nin Elmi Şurasında müzakirə edilib və şura üzvlərinin yekdil qərarı ilə ATU-da rəsmi müdafiyə üçün təqdim edilmişdir. Bu zaman AzETTOİ TƏBİB-in tərkibində olmuş və Elmi Şuranın buraxılması haqda və ya tərkibinin dəyişdirilməsi haqda heç bir qərar olmamışdır. Buradan belə bir ortaya sual çıxır ki, 2 il sonra Nazirlik hansısa bir monitorinq keçirib TƏBİB-in qərarını təftiş etməyə hansı hüquqi aktlara əsasən salahiyyəti olmuşdur? Azərbaycan Respublikasının Prezidenti 11 iyun 2019-cu il tarixli, 728 № li Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”-yə uyğun olaraq dissertasiya işinin müzakirəsinin təşkili yalnız Аli Аttestasiya Кomissiyası (bundan sonra – AAK) tərəfindən mübahisələndirilməsi mümkündür. Nazirliyin hansı normativ aktla belə bir səlahiyyətinin olması məlum deyildir. Nazirlik tərəfindən TƏBİB-in 2022-ci ildə AzETTOİ-nin elmi işlərinə dair qəbul edilmiş bir sıra qərarlarının, o cümlədən Elmi Şuranın 3 saylı iclasında iddiaçı barəsində səbul edilmiş qərarın əldə edilməsi və sözü gedən qərarların qeyri-legitim hesab edilməsi zərurəti yaranmışdır. İş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ATU, xx.xx.2025-ci il tarixli qərardadı ilə isə TƏBİB üçüncü şəxs qismində məhkəmə iclasına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim edərək Nazirliyin AzETTOİ-nin cari vəziyyətinin monitorinqinin keçirilməsinin nəticələrinə dair xx.xx.2025-ci il tarixli arayışının və xx.xx.2025-ci il tarixli aktının iddiaçıya aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir Dəqiqləşmə ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iş üzrə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Nazirliyin xx.xx.2024-cü il tarixli 3- 28/3-3-14/2024 nömrəli Sərəncamına əsasən AzETTOİ cari vəziyyətinin monitorinqinin keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli aktından görünür ki, AzETTOİ-nin Elmi Şurasının tarkibi xx.xx.2022-ci il tarixindan, xx.xx.2022-ci il tarixə qədər heç bir təşkilat tərəfindən təsdiq olunmadığı, xx.xx.2022-ci il tarixdən TƏBİB tərəfindən təsdiqləndiyi qeyd edilmişdir. Aktda əlavə olaraq qeyd edilir ki, o dövr TƏBİB tərəfindən təyin olunmuş direktor xx.xx.2022-ci il tarixdə Elmi Şuranın tərkibinin dəyişdirilməsi barədə məktub ilə müraciət etsə də, xx.xx.2022-ci il tarixə qədər xx.xx.2022-ci il tarixli 2 saylı, xx.xx.2022-ci tarixli 3 saylı və xx.xx.2022-ci il tarixli 4 saylı Elmi Şuranın iclaslarının təsdiq olunmamış sədrlə və Şuranın dəyişdirilmiş tərkibi ilə keçirilmiş, baxmayaraq ki, normativ aktlara əsasən Elmi Şuranın sədri vəzifəsini Elmi işlər üzrə direktorun müavini ya da Problem Komissiyasinin sədri onu əvəz etməli idi, qaydaları pozaraq Elmi Şuranın sədri klinika ştatının həkimi təyin olunmuşdur. Bununla əlaqədar 2022-ci ildə keçirilən xx.xx.2022-ci il tarixli 2 saylı, xx.xx.2022-ci il tarixli 3 saylı və xx.xx.2022-ci il tarixdə keçirilən 4 saylı Elm Şuranın iclasları və onların qərarları qeyri-legitim (qanunsuz) hesab edilməlidir. X9 doktorluq dissertasiyalarının aprobasiyaları və annotasiyanın təsdiqlənməsinə aiddir. Beləliklə, xx.xx.2022-ci il tarixli 3 saylı Elmi Şurasının iclasında iddiaçının tibb elmlər doktoru adı almaq üçün təqdim etdiyi "Fəqərə sütununun deformasiyaları və degenerativdistrofik patologiyalarının cərrahi müalicəsində poliseqmentar korreksiyaedici transpedikulyar sistemlərin tətbiqinin optimallaşdırılması" adlı dissertasiya işinin aprobasiyası aparılmışdır. xx.xx.2022-ci il tarixli 4 saylı iclasında ortopediya şöbəsinin k.e.i. F.V.Verdiyevin "Uşaq və yeniyetmələrdə Sprengel xəstəliyinin klinikası, diaqnostikası və cərrahi müalicəsi" adlı doktorluq işinin annotasiyası təsdiq olunmuşdur. Bu iclaslarda olan Elmi Şuranın tərkibi xx.xx.2022-ci il tarixdən TƏBİB tərəfindən təsdiqlənən tərkibdən də fərgli idi, yani ki heç vaxt heç bir qurum tərəfindən təsdiqlənməmişdir. İş üzrə cavabdeh Nazirlik Nazirlik AzETTOİ cari vəziyyətinin monitorinqinin keçirilməsi haqqında qəbul etdiyi xx.xx.2024-cü il tarixli aktı ilə hüquqlarını təmsil etdiyi iddiaçının “Fəqərə sütununun deforn ısivaları və degenerativ-distrofik patologiyalarının cərrahi müalisəsində poliseqmentar korreksiyaedici transpedikulyar sistemlərin tətbiqinin optimallaşdırılması" adlı dissertasiya işinin aprobasiyasının aparılmasınına dair 4 saylı Elmi Şuranın iclasları və onların qərarlarının qeyri-legitim (qanunsuz) hesab etmişdir. İş üzrə cavabdeh Nazirlik AzETTOİnin cari vəziyyətinin monitorinqinin keçirilməsi haqqında qəbul etdiyi xx.xx.2024-cü il tarixli aktını faktiki olaraq icra məqəsdilə AzETTOİ-nə göndərmişdir. AzETTOİ-nun müavini iddiaçının Nazirliyin xx.xx.2024-cü il tarixli aktı ilə tanış etmiş və sözügedən qərarın icrası ilə əlaqədar müvafiq addımlar atacağı barədə xəbərdar etmiş, eyni zamanda İnstitut Nazirliyin mübahisəli xx.xx.2024-cü tarixli aktının icra olunması məqəsdilə iş üzrə üçüncü şəxs ATU-ya 3-28-11/2-248/2024 saylı, xx.xx.2024-cü il tarixli məktub göndərməklə aktda göstərilən əsasların nəzərə alınmasını xahiş etmişdir. Qeyd edilənlərdən müəyyən olunur ki, iş üzrə cavabdeh Nazirlik AzETTOİ-nin cari vəziyyətinin monitorinqinin keçirilməsi haqqında qəbul etdiyi xx.xx.2024-cü il tarixli aktının iddiaçının “cərrahi müalisəsində poliseqmentar korreksiyaedici transpedikulyar sistemlərin tətbiqinin optimallaşdırılması” adlı dissertasiya işinin növbəti mərhələlər üzrə buraxılışına mane olan əsaslar müəyyən edildiyindən bu sənəd özlüyündə inzibati aktdır və bu aktda iddiaçıya aid qeyd edilən məsələlər əsassız olduğundan akt iddiaçıya aid hissədə əsassız hesab edilməlidir. İddiaçının vəkili və nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, AzETTOİ-nin cavabdehlər sırasından çıxarılması və iş üzrə üçüncü şəxs kimi işə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmiş və, AzETTOİ cavabdehlər sırasından çıxarılaraq üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Cavabdeh və üçüncü şəxslər iddia tələbinə dair yazılı münasibət bildirməmişlər. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələlər (mübahisələndirilən sənədlərin inzibati akt olub-olmaması) tərəflərlə müzakirə edildi. İddiaçı və vəkili iddia tələbinin mümkün hesab edilərək mahiyyəti üzrə baxılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında cavabdehin iddiaçı barəsində hər hansı inzibati akt qəbul etmədiyini və iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs TƏBİB-in nümayəndəsi iddia tələbinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Üçüncü şəxs AzETTOİ-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia tələbində mübahisələndirilən aktın inzibati akt olmadığını bildirərək, iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs ATU-nun nümayəndəsi iddia tələbinin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarından müəyyən edilir ki: - İddiaçı AzETTOİ-da böyük elmi işçisi vəzifəsində işləyir və tibb üzrə fəlsəfə doktorudur. - İddiaçı tibb üzrə elmlər doktoru elmi adı almaq üçün “Fəqərə sütununun deformasiyaları və degenerativ - distrofik patalogiyalarının cərrahi müalicəsində poliseqmentar korreksiyaedici transpedikulyar sistemlərin tətbiqinin оptimallaşdırılması” mövzusunda dissertasiya işinin AzETTOİ-nin Elmi Şurasının xx.xx.2022-ci il tarixli, 3 № li iclasında aprobasiyası aparılmışdır. - Dissertasiya işi 2022-ci ildə AzETTOİ-nin Elmi Şurasında müzakirə edilib və şura üzvlərinin yekdil qərarı ilə ATU-ya rəsmi müdafiə üçün təqdim edilmişdir. - ATU-nun Elmi Komissiyanın xx.xx.2022-ci il tarixli aktına əsasən iddiaçının 3227.01 “Travmatologiya və Ortopediya” işi üzrə tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi dissertasiyanın ilkin sənədlərinin yoxlanılması haqqında Elmi Komissiya hesab etmişdir ki, iddiaçı tərəfindən toplanmış tədqiqat materialları dissertasiya işinin məqsəd və vəzifələrinə uyğun olub, Azərbaycan Respublikasının Prezidenti 11 iyun 2019cu il tarixli, 728 №-li fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tibb elmləri doktoru elmi dərəcəsinə müvafiq dissertasiyalara qoyulan tələblərinə tam cavab verdiyi üçün Komissiya iddiaçının dissertasiyasının ilkin materiallarının həqiqi və dürüst olmasını təsdiq etməklə dissertasiyanın rəsmi müdafiəyə təqdim edilməsini təklif etmişdir. - Nazirliyin xx.xx.2024-cü il tarixli 3-28/3-3-14/2024 nömrəli Sərəncamına əsasən AzETTOİ-nin cari vəziyyətinin monitorinqi keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2024-cü il tarixdə arayış, xx.xx.2024-cü il tarixdə akt tərtib edilmişdir. - İnstitut Nazirliyin mübahisəli xx.xx.2024-cü tarixli aktının icra olunması məqəsdilə iş üzrə üçüncü şəxs ATU-ya 3-28-11/2-248/2024 saylı, xx.xx.2024-cü il tarixli məktub göndərməklə aktda göstərilən əsasların nəzərə alınmasını xahiş etmişdir. İddia tələbində iddiaçı Nazirliyin AzETTOİ-nin cari vəziyyətinin monitorinqinin keçirilməsinin nəticələrinə dair xx.xx.2025-ci il tarixli arayışının və xx.xx.2025-ci il tarixli aktının iddiaçıya aid hissədə ləğv edilməsini xahiş edir. İddiaçı hesab edir ki, mübahisələndirlən hər iki sənəd inzibati akt olmaqla onun hüquqlarını pozur və elmi işinin müdafiəsi üçün növbəti mərhələyə buraxılmasının qarşısını alır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən 19.04 2024-cü il tarixi akt və xx.xx.2024-cü il tarixli arayış inzibati aktın ünsürlərini özündə əks etdirməməklə, inzibati akt xüsusiyyələrinə malik deyildir və iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Normanın məzmunundan göründüyü kimi, inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Bu qaydada bir tənzimləmə isə belə qənaətə gəlməyə əsas verir ki, adından asılı olmayaraq inzibati orqanın hər hansı bir rəsmi sənədi sözügedən maddədə sadalanan əlamətləri özündə ehtiva etdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Başqa sözlə, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı məzmunu da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən arayış və akt yuxarıda sadalanan inzibati aktın xüsusiyyələrini özündə əks etdirən əlamətlərə malik olmadığından, inzibati aktın zəruri ünsürlərindən olan məzmun və səlahiyyət ünsürünə malik olmadığından, iddiaçıya münasibətdə hər hansı hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən qəbul olunan arayış və akt özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur: – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı) İddiaçı tərəfindən mübahisələndirilən həm xx.xx.2024-cü il tarixli arayış, həm də xx.xx.2024-cü il tarixli akt eyni məzmunlu olmaqla aşağıdakı kimidir: “...AzETTOİ-nin X8 xx.xx.2022-ci il tarixindən, xx.xx.2022-ci tarixə qədər heç bir təşkilat tərəfindən təsdiq olunmamışdır. xx.xx.2022-ci il tarixdən TƏBİB tərəfindən təsdiqlənmişdir. O dövr TƏBİB təyin edilmiş direktor xx.xx.2022-ci il tarixdə Elmi Şuranın tərkibinin dəyişdirilməsi barədə ilə müraciət etsə də, xx.xx.2022-ci il tarixə qədər xx.xx.2022-ci il tarixli, 4 saylı Elmi Şuranın iclaslarının təsdiq olunmamış sədrlə və Şuranın dəyişdirilmiş tərkibi ilə keçirilib. Baxmayaraq ki, normativ aktlar əsasən Elmi Şuranın sədri vəzifəsi Elmi işlər üzrə direktorun müavini ya da Problem Komissiyasının sədri onun əvəz etməli idi, qaydaları pozaraq Elmi Şuranın sədri klinika ştatının həkimi təyin olunmuşdur. Bununla əlaqədar 2022-ci ildə keçirilən xx.xx.2022-ci il tarixli 2 saylı, xx.xx.2022-ci il tarixli 3 saylı və xx.xx.2022-ci il tarixli 4 saylı Elmi Şuranın iclasları və onların qərarları qeyrilegitim (qanunsuz) hesab edilməlidir. X9 doktorluq disertasiyalarının aqrobasiyaları və annotasiyanın təsdiqlənməsinə aiddir. Beləliklə xx.xx.2022-ci il tarixli, 3 saylı Elmi Şuranın iclasında dissertant iddiaçının tibb elmləri doktoru adı almaq üçün təqdim etdiyi "Fəqərə sütununun deformasiyaları və degenerativ-distrofik patologiyalarının cərrahi müalicəsində poliseqmentar korreksiyaedici transpedikulyar sistemlərin tətbiqinin optimallaşdırılması" adlı dissertasiya işinin aprobasivası aparılmışdır. xx.xx.2022-ci il tarixli 4 saylı iclasında ortopediya şöbəsinin k.e.i. F.V.Verdiyevin "Uşaq və yeniyetmələrdə Sprengel xəstəliyinin klinikası, diaqnostikası və cərrahi müalicəsi" adlı doktorluq işinin annotasiyası təsdiq olunmuşdur. Bu iclaslarda olan Elmi Şuranın tərkibi xx.xx.2022-ci il tarixdən TƏBİB tərəfindən təsdiqlənən tərkibdən də fərqli idi, yani ki heç vaxt heç bir qurum tərəfindən təsdiqlənməmişdir”. Mübahisələndirilən sənədlərin məzmunundan göründüyü kimi, həmin sənədlərdə inzibati aktın məzmun ünsürünü təşkil edəcək və hüquqi nəticə yaradacaq ifadələr yoxdur. Belə ki, hər iki sənəddə hüquqi nəticə yaratmayan, ümumi xarakterli məlumatlardan və ifadələrdən (“Elmi Şuranın təkibi təsdiqlənməmişdir”, “Şuranın iclasları və onların qərarları qeyri-legitim (qanunsuz) hesab edilməlidir”, “Elmi Şuranın tərkibi xx.xx.2022-ci il tarixdən TƏBİB tərəfindən təsdiqlənən tərkibdən də fərqli idi, yəni ki heç vaxt heç bir qurum tərəfindən təsdiqlənməmişdir, “Komissiyasının sədri onun əvəz etməli idi, qaydaları pozaraq Elmi Şuranın sədri klinika ştatının həkimi təyin olunmuşdur”) istifadə edilir. Qeyd edilən ifadələrin işlədilməsi inzibati aktın məzmun ünsürü ilə bir araya sığmır və həmin ifadələri işlədilməsi mübahisələndirilən sənədlərin inzibati akt hesab edilməsi imkanını aradan qaldırır və iddiaçı üçün hüquqi nəticə yaratmır. Bundan başqa ümumiyyətlə Nazirlik İnsututun Elmi Şurasının qərarını ləğv etməsi, qanunsuz hesab etməsi ilə bağlı səlahiyyətə malik deyildir. Odur ki, mübahisələndirilən sənədlər həmçinin inzibati aktın səlahiyyət ünsürünə malik olmadığına görə də, inzibati akt sayılmır. Belə ki, Elmi Şuraların iclasları keçirilən vaxt İnsitut TƏBİB-in tabeliyində olmuş, sonradan İnstitutun tabeliyi Nazirliyə keçmişdir. Nə TƏBİB-in tabeliyində olarkən, nədəki Nazirliyin tabeliyində olarkən Nazirliyin İnstitutun Elmi Şuralarının qərarlarını ləğv etmək, etibarsız hesab etmək kimi səlahiyyəti olmamışdır. Bu barədə nə İnstiutun Nizamnaməsində, nə Nazirliyin Əsasnaməsində, nədəki hər hansı qanunvericilik aktlarında müddəa yoxdur. Görünüyü kimi, mübahisələndirilən sənədlər səlahiyyət ünsürünün yoxluğu baxımından da inzibati akt hesab edilmir və iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmır. “Elm haqqında” Azəraycan Respublikası Qanunu: 13.1. Elmin müxtəlif sahələri üzrə bilavasitə fundamental və tətbiqi tədqiqatlar həyata keçirən elmi tədqiqat institutu müstəqil və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir. 13.2. Elmi tədqiqat institutunun əsas hüquqları və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə müəyyən olunur. 13.3. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir: ... 13.3.9. ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır; 13.3.10. elmi tədqiqat institutunun nizamnaməsində nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir. 13.4. Dövlət elmi tədqiqat institutunun və ali təhsil müəssisələrinin elmi qurumlarının elmi şurası təcrübəli və yüksəkixtisaslı elmi və inzibati işçilərdən, eləcə də elmi tədqiqat institutunun nizamnaməsinə uyğun olaraq məqsəd və vəzifələrinin həyata keçirilməsində maraqlı olan digər qurumların nümayəndələrindən ibarət olmaqla, 3 (üç) il müddətinə formalaşdırılır. 21.1. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, elmi müəssisə və təşkilatlar bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. 21.3. Elmi müəssisə və təşkilatlar idarəetmə fəaliyyətini demokratik əsaslarla həyata keçirmək məqsədilə özünüidarə orqanları (elmi şura, əlaqələndirici və himayədarlar şuraları və digər) yaradır. Bu orqanların formalaşdırılması qaydaları və səlahiyyətləri elmi müəssisə və təşkilatın nizamnaməsi ilə müəyyən edilir. Normaların məzmununda göründüyü kimi, dövlət elmi tədqiqat institutunun və ali təhsil müəssisələrinin elmi qurumlarının elmi şurası 3 (üç) il müddətinə formalaşdırılır. Elmi müəssisə və təşkilatlar bu Qanuna və öz nizamnaməsinə uyğun olaraq idarə edilir. Elmi müəssisə və təşkilatlar idarəetmə fəaliyyətini demokratik əsaslarla həyata keçirmək məqsədilə özünüidarə orqanları (elmi şura, əlaqələndirici və himayədarlar şuraları və digər) yaradır. Bu orqanların formalaşdırılması qaydaları və səlahiyyətləri elmi müəssisə və təşkilatın nizamnaməsi ilə müəyyən edilir. Elmi Şuranın formalaşdırılması qaydaları və səlahiyyətləri elmi müəssisə və təşkilatın nizamnaməsi ilə müəyyən edildiynə görə, həmçinin Nazirliyin Əsasnaməsində və AzETTOİ-nin X3 Şuralarının qərarlarının Nazirlik tərəfindən hər hansı səlahiyyəti nəzərdə tutulmadığına görə, Nazirlik tərəfindən qəbul edilən sənədlər səlahiyyət ünsürünün yoxuluğu səbəbindən inzibati akt hesab edilə bilməz. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı bildirir edir ki, iddiaçı hüquqi marağına çatmaq üçün dissertasiya işinin növbəti mərəhələsinə buraxılması ilə bağlı müvafiq addımlar atmalıdır. İşin hallarından görünür ki, iddiaçının dissertasiya işinin ATU-da buraxılmamasına səbəb cavabdeh Nazirlik tərəfindən tərtib edilən hazırda mübahisələndirilən akt və arayış, həmçinin həmin aktın və arayışın nəticəsi olaraq İnstitut tərəfindən ATU-ya göndərilmiş xx.xx.2024-cü il tarixli məktub olmuşdur. Qeyd edilən akt və arayış hüquqi nəticə doğrumadığından, həmin sənədlərin nəticəsondə ATU-ya göndərilmiş məktubun da hüquqi qüvvəsi yoxdur, inziati akt hesab edilmir və ayrıca icraat qaydasında mübahisələndirilməsinə zərurət yoxdur. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, iş materiallarına əlavə edilmiş TƏBİB-in 6.05.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, İnstitut TƏBİB-in tabeliyində olarkən TƏBİB tərəfindən Elmi Şuraların fəaliyyətinə xitam verilməsi ilə bağlı hər hansı məktub göndərilməmişdir. Bundan başqa X4 qeyri-legitim olduğu hesab edilən (Nazirlik tərəfindən) dövrdə Elmi Şuranın iclasında müzakirə edilən digər şəxsin müzakirəyə çıxarılmış elmi işi qəbul edilərək elmi ad verilmişdir. Belə ki, X4 xx.xx.2022-ci il tarixli 2 № li iclasında İnstitunun uşaq ortopediya və travmatologiya şöbəsinin aparıcı elmi işçisi t.e.d. Ə.M.Quliyevin dosent elmi adı almaq üçün təqdim edilmiş sənədlərin müzakirəsi və təsdiqi müzakirə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə X2 tibb elmləri sahəsinin 322701 - Travmatologiya və ortopediya ixtisası üzrə Dosent elmi adı verilmiş və bu barədə DS N08337 Attestat tərtib edilmişdir. Digər tərəfdən iddiaçının dissertasiya işi müzakirə üçün İnstitut tərəfindən ATU-ya göndərilmiş və 3227.01 “Travmatologiya və Ortopediya” işi üzrə tibb üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi dissertasiyanın ilkin sənədlərinin yoxlanılması haqqında ATU-nun Elmi Komissiyanın xx.xx.2022-ci il tarixli aktına əsasən Elmi Komissiya hesab etmişdir ki, iddiaçı tərəfindən toplanmış tədqiqat materialları dissertasiya işinin məqsəd və vəzifələrinə uyğun olub, Azərbaycan Respublikasının Prezidenti 11 iyun 2019cu il tarixli, 728 №-li fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tibb elmləri doktoru elmi dərəcəsinə müvafiq dissertasiyalara qoyulan tələblərinə tam cavab verdiyi üçün Komissiya iddiaçının dissertasiyasının ilkin materiallarının həqiqi və dürüst olmasını təsdiq etməklə dissertasiyanın rəsmi müdafiəyə təqdim edilməsini təklif etmişdir. Göründüyü kimi, işdə olan digər sübutlarla X5 iclaslarının legitim olması, cavabdeh Nazirlik tərəfindən tərtib edilən aktın və arayışın hər hansı hüquqi nəticəsinin olmaması öz təsdini tapır. Belə olan halda, iddiaçı hüquqi marağında uyğun olaraq növbəti mərhələyə, ATU-da elmi işin müzakirəsi mərəhləsinə buraxılması üçün müraciət etməli, hüquqi nəticə yaratmayan Nazirliyin xx.xx.2024-cü il tarixli arayışı, xx.xx.2024-cü il tarixli aktı, həmçinin Az ETTOİ tərəfindən ATU-ya göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-28-11/2-248/2024 nömrəli məktub iddiaçı üçün hər hansı hüquqi nəticə yaratmamalı və iddiaçının elmlər doktoru elmi adı alması üçün növbəti mərhələyə buraxılması üçün maneə təşkl etməməldir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar