Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3315/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “İddiaçı” şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğvi və əmtəə nişanının qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı “İddiaçı” (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının 06 avqust 2021-ci il tarixdə təsdiq edilmiş 30 iyul 2021-ci il tarixli 857/21 saylı qərarının ləğv edilməsi və “İddiaçı” şirkəti adına ******* saylı beynəlxalq qeydiyyat üzrə “İnstaShop” əmtəə nişanının qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İNSTAGRAM əmtəə nişanı xx.xx.2016-cı il tarixində biznes sahəsində, marketinq, reklam və menecment; kompüter və kommunikasiya vasitələri ilə üçüncü şəxslər üçün reklam materiallarının yayılması; kompüter və kommunikasiya vasitələri ilə üçüncü şəxslər üçün mal və xidmətlərin yeridilməsi; marketinq və reklam məsələləri üzrə konsultasiyalar; bazarın tədqiqatı üzrə xidmətlər; bazarın tədqiqatı üzrə məlumatların təqdim olunması; reklam xarakterli interaktiv elanlar; xüsusi tədbirlərdə foto və video avadanlıqalrı təmin etməklə üçüncü şəxslər üçün mal və xidmətlərin marketinqi, reklamı və yeridilməsi kimi xidmətlərlə bağlı 35-ci sinif xidmətləri ilə qeydə verilmişdir. Əslində nişanlardakı cüzi yaxınlığı çıxmaq şərti ilə görünür ki, nişanlar vizual, məna və fonetik baxımdan bir-birlərindən fərqlənirlər. Qeydiyyatı üçün müraciət edilmiş əmtəə nişanı kombinasiya olunmuş nişandır - çəhrayı fonda sol tərəfdə səbət şəkli çəkilib və sağda bir yerdə iki söz “İnsta Shop” yazılıb. Qarşı qoyulmuş əmtəə nişanı sözlüdür və bir söz olan “İNSTAGRAM” sözündən ibarətdir. Hər iki nişanda ümumi hissə olan “insta” 35-ci sinif xidmətləri üçün təsviri hesab oluna bilər, belə ki, bu söz ingilis sözü olan “install”, yəni “quraşdırmaq”, “instal etmək” kimi tərcümə olunur. Hər iki nişanın SHOP və GRAM olan ikinci hissələri bir birindən vizual, mənaca və fonetik olaraq fərqlənirlər. Bundan əlavə, iddiaçının nişanı daha parlaq, aydın təsvirə malikdir. Müqayisə edilən əmtəə nişanları eyni olmamaqla yanaşı, qarışdırılacaq dərəcədə bənzər olmadığı da aşkardır. Cavabdehin əsas olaraq göstərdiyi əmtəə nişanlarının eyni deyil, eynicinsli olması onların ayrı-ayrı əmtəə nişanı kimi qeydə alınmasından imtina üçün əsas deyildir. O da nəzərə alınmalıdır ki, bu əmtəə nişanlarının təyinatları və satış (xidmət) sahələri də eyni deyil, fərqlidir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, “İnstaShop” əmtəə nişanı xx.xx.2019-cu il tarixdə 35 və 39-cü siniflərin əmtəələri və xidmətləri üzrə “İddiaçı” (GR) adına beynəlxalq qeydiyyata alınmış və həmin qeydiyyat xx.xx.2020-ci il tarixində (2020/08 Gaz) Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzinin 22.022021-ci il tarixli qərarı ilə sözügedən əmtəə nişanı 39-cu sinif xidmətləri üzrə qeydiyyata alınmış, 35-ci sinif xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilmişdir. Həmin qərarda imtinaya əsas kimi Azərbaycan Respublikası ərazisində daha əvvəl İnstagram LLC, 1601 Willow Road, Menlo Park, California 94025, United States (US) adına xx.xx.2016-cı il tarixdə 09, 25, 35, 38, 41, 42 və 45-ci sinif əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmış 2016 0611 qeydiyyat nömrəli “İNSTAGRAM” əmtəə nişanına oxşar olması göstərilmişdir. Əmtəə nişanlarının müqayisəsi zamanı müəyyən olunmuşdur ki, nişanlar müəyyən qrafik fərqlərə malik olmasına baxmayaraq, 35-ci sinifin xidmətləri üzrə əsas fərqləndirici element “İnsta” işarəsidir. Hər iki nişanda nişanın əsas hissəsi olan söz elementi (İNSTA) eynidir və eyni səslənməyə malikdir. Qeyd edilənlər istehlakçılarda eyni istehsalçıya (sahibkara) məxsus əmtəələr olduğu təsəvvürü yarada bilər. Müqayisə edilən nişanlar istər qrafiki (görünüşlü), istər səs üzrə (fonetik), istərsə də məna etibarilə (ideya uyğunluğu) oxşardır. Nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən bütövlükdə yanaşılmalıdır. Müqayisə edilən əmtəə nişanları üzrə 35-ci sinfə aid olan xidmətlərin üstüstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda yaxın və uyğun səslərin mövcudluğu, nişanı təşkil edən səslərin yaxınlığı, nişanın üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin bir-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağı yanılda bilər. Cavabdeh yuxarıda sadalananları əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sübutlara əsasən: -“İddiaçı” şirkəti xx.xx.2020-ci il tarixdə iddia sənədi ilə cavabdehə müraciət edərək “İnstaShop” əmtəə nişanının 35 və 39-cü sinif üzrə qeydə alınmasını xahiş etmişdir. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzi xx.xx.2021-ci il tarixdə ******* nömrəli iddia sənədinin ekspertizasının nəticəsinə əsasən əmtəə nişanının əmtəə və xidmətlərin beynəlxalq təsnifatının (ƏXBT) 35-ci sinfi üzrə qeydiyyata alınmasını məqsədəuyğun hesab etməyərək, iddia olunan 39cu sinif üzrə qismən qeydiyyata alınması haqqında qərar qəbul etmişdir. Qismən qeydiyyatın əsası kimi Əqli Mülkiyyət Axtarış Modulu (İPSM) axtarış bazasında daha əvvəl “İnstagram, LLC” adına 35-ci sinif üzrə 2016 0611 nömrəli “İNSTAGRAM” oxşar əmtəə nişanının qeydiyyata alınmasına istinad olunmuşdur. - İddiaçı həmin qərardan xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına etiraz vermiş, etiraza baxılması xx.xx.2021-ci il tarixə təyin edilmişdir. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı şirkətinə məxsus ******* beynəlxalq qeydiyyat nömrəli “İnstaShop” əmtəə nişanının 35-ci sinif əmtəələri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin xx.xx.2021-ci il tarixli qərarından ərizəçinin nümayəndəsi, patent müvəkkili T.A.Yaqubova tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, İnstashop və qarşı qoyulmuş İNSTAGRAM əmtəə nişanları üzrə 35-ci sinfə aid olan xidmətlərin üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu, nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) bir-birinə nəzərən yerləşməsi, uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, kar və cingiltili tərkibin yaxınlığı, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan (işarədən) digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin bir-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşardırlar və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağlı yanılda bilər. İddiaçı hazırda bu qərarı mübahisələndirməklə əmtəə nişanın 35-ci sinif üzrə qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası əmtəə nişanın qeydə alınması ilə bağlı əlverişli inzibati aktın qəbulundan ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.2). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanunun) 15-ci maddəsinə əsasən İddiaçı Apellyasiya şurasının qərarını aldığı tarixdən 3 ay ərzində həmin qərardan məhkəmə qaydasında şikayət edə bilər. İddianın əsaslılığına gəldikdə məhkəmə aşağıdakıları qeyd edir. Qanunun: - Maddə 1. əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); - Maddə 3.-Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. - Maddə 6. Aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın: - hissə 3. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Belə ki, əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. - Bənd 29.3. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. - 29.4. Eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: - a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; - b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; - c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. - 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması - 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: - a) sözlərdən ibarət nişanlarla (işarələrlə); - b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. - Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: - 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: - a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; - b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; - c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; - ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; - d) işarədə olan hecaların miqdarı; - e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; - ə) kar və cingiltili tərkibin yaxınlığı; - f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; - g) bir nişandan (işarədən) digərinə daxil olma; - ğ) vurğu. - 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: - a) ümumi görünüşlü (müşahidə) təəssüratı; - b) şriftin növü; - c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); - ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; - d) hərflərlə yazılmış sözlərin əlifbası; - e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). - 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: - a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; - b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; - c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. - 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. - 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. - 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. İşdən müəyyən olunur ki, cavabdeh iddia olunan əmtəə nişanını Nitsa təsnifatının 35-ci sinif üzrə qeydiyyata almaqdan imtina etmişdir, hansı ki, həmin sinif üzrə xidmətlər reklam; biznes sahəsində idarəetmə, biznesin təşkili, biznes sahəsində inzibati fəaliyyət; ofis fəaliyyəti adı altında qruplaşdırılmışdır. Cavabdehin iddiaçının qeydə alınmasını tələb etdiyi əmtəə nişanını istinad olunan normalara əsasən yoxlamış və müqayisə edilən əmtəə nişanları üzrə 35-ci sinfə aid olan xidmətlərin üst-üstə düşdüyü və ya həmcins olduğundan müqayisə edilən nişanda yaxın və uyğun səslərin mövcudluğu, nişanı təşkil edən səslərin yaxınlığı, nişanın üst-üstə düşən hissələrinin xarakteri, bir nişandan digərinə daxil olma, vurğu baxımından (fonetik oxşarlıq), eləcə də ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin bir-birinə nəzərən yerləşməsi, hərflərlə yazılmış sözlərin əlifbası meyarları üzrə (qrafik oxşarlıq) qarışdırılacaq dərəcədə oxşar olması və istehlakçını göstərilən xidmətin mənşəyi ilə bağı yanılda biləcəyi nəzərə alınaraq imtina cavabı verilmişdir. Məhkəmə cavabdehin bu əsaslandırması ilə razılaşır və qeyd edir ki, əmtəə nişanının əsas məqsədi bir sahibkarın əmtəəsini və ya göstərdiyi xidməti digər sahibkarın əmtəəsindən və ya göstərdiyi xidmətdən fərqləndirməkdən ibarətdir. Bu zaman əmtəə nişanı fərqlənmə qabiliyyətinə malik olmaqla yanaşı, əmtəənin mənşəyini istehlakçıya bildirməli, müxtəlif istehsalçılar tərəfindən istehsal olunan əmtəələri bir-birindən fərqləndirməlidir. Bu fərqliliyinin müəyyən edilməsi üçün əmtəə nişanları müqayisə edilərkən iki əmtəə nişanının qarışdırılması, çaşqınlıq yaratması ehtimalının qiymətləndirilməsi bir neçə amilin təhlilini nəzərdə tutur: 1) işarələr arasında oxşarlıq; 2) mallar/xidmətlər arasında oxşarlıq; 3) əvvəlki nişanın fərqliliyi (bu amili yenidən ikiyə bölmək olar: markanın xas xüsusiyyəti və onun nüfuzu). İki əmtəə nişanı arasında çaşqınlıq ehtimalının qiymətləndirilməsi çoxsaylı elementlərin nəzərə alınmasını tələb edir və qiymətləndirmə orta istehlakçının mövqeyi nəzərə alınmaqla aparılmalıdır. Orta istehlakçı adətən nişanı bütövlükdə qavradığından və onun müxtəlif təfərrüatlarını təhlil etmədiyindən, sözügedən nişanın şifahi, vizual və konseptual oxşarlığı kombinasiyanın bütün komponentlər nəzərə alınmaqla əlaqəli şəkildə vahid bir bütün olaraq qiymətləndirilməli, əmtəə nişanın verdiyi ümumi təəssürat nəzərə alınmalıdır. Belə ki, orta istehlakçı nadir hallarda müxtəlif nişanlar arasında birbaşa müqayisə etmək şansına malikdir, adətən o nişanın mənbəyini müəyyən edə bilmir və bu zaman vahid kombinasiya kimi nişanın yaratdığı ilk təəssürat həlledici əhəmiyyətə malik olur. Buna görə də qanunverici əmtəə nişanının həmcins olması müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlərın nəzərə alınmasını təsbit etmişdir. O da qeyd edilməlidir ki, müqayisə edilən əmtəə nişanları daha az oxşarlıq dərəcəsinə malik olsa belə, əgər əmtəə nişanın biri geniş tanınmaqla bazarda xüsusi nüfuza, üstün mövqeyə malikdirsə, bu hal özlüyündə çaqşınlıq yaratmasına səbəb ola bilər. Məhz bu baxımdan müqayisə edilən əmtəə nişanlarını (İnstagram və İnstashop) qiymətləndirən məhkəmə qeyd edir ki, hər iki əmtəə nişanı təhlil edildikdə aydın olur ki, onların ümumi elementi olan “İnsta” sözü həmin əmtəə nişanlarında dominant hissə təşkil edir. “İnsta” qısaltması ilkin olaraq gəlir, tələffüz edilən ilk sözdür və nəticədə istehlakçının ilk olaraq ona əhəmiyyət verəcəyi şübhəsizdir. İlkin qeydiyyatı aparılan “İnstagram” əmtəə nişanı geniş tanınmış əmtəə nişanı olmaqla beynəlxalq nüfuza malikdir. Belə ki, həmin ad altında fəaliyyət göstərən elektron tətbiq (sosial şəbəkə) 2010-cu ildə yaradılsa da, 2022-ci ildə təxminən 1 milyard insan tərəfindən aktiv istifadə edilməklə bütün dünyada tanınan əmtəə nişanıdır. Həmin əmtəə nişanı kifayət qədər geniş əhatə dairəsinə malik olduğundan istifadəçilərinin təhsil səviyyəsi, qavrama qabiliyyələri də olduqca fərqlidir. Hətta bir çox beynəlxalq lüğətlər “İnsta” sözünü “İnstagram” sözünün, yəni qeydə alınmış əmtəə nişanının qısaldılmış adı kimi qəbul etmişdir. Belə bir halda iddiaçının iddia edilən əmtəə nişanında dominant söz kimi “İnsta” sözündən istifadə etməsi orta istifadəçidə onun “İnstagram” əmtəə nişanı ilə eyni, hətta “İnstagram” əmtəə nişanının aid olduğu sahibkara məxsus olması, onun yeni bir tətbiqi olması təəssüratı yaradır. Hər iki nişanın fəaliyyət xarakterinin eyni olması da nəzərə alındıqda qeyd edilən əmtəə nişanlarının istehlakçıda çaşqınlıq yaradacağı şübhəsizdir. Bu isə iddiaçının yüksək nüfuza malik əmtəə nişanı vasitəsilə haqsız üstünlük əldə etməsinə səbəb ola bilər. Belə olan halda iddia olunan “İnstashop” əmtə nişanı ilə qeydə alınmış “İnstagram” əmtəə nişanın vizual, eşitmə və ya konseptual baxımdan oxşar və xidmətlərin həmcins olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddiaçının hüququnun pozulmasına səbəb olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı müvafiq əmtəə nişanın qeydə alınması üçün 30-dan çox ölkəyə müraciət etmiş, onların böyük əksəriyyəti iddiaçının qeydə alınmasını xahiş etdiyi əmtəə nişanının “İnstagram” əmtəə nişanı ilə oxşar olması əsası ilə imtina cavabı vermişlər. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3315/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3315/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver