Məhkəmə qərarları › İş №2-1(112)-3327/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3327/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3327/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında, qapılı şifahi məhkəmə baxış iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqlarının təmin edilməsinə və onun ehtiyata buraxıldıqda tutduğu vəzifənin (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi) Müdafiə Nazirinin 2019-cu il üzrə müvafiq əmrinə dəyişiklik edilərək, kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları siyahısına salınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Müdafiə nazirinin 24 yanvar 2019-cu il tarixli müvafiq əmrinə (kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısına) dəyişiklik edilərək, iddiaçının ehtiyata buraxıldıqda tutduğu vəzifənin (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi) kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısına salınmasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı, 2019-cu ilin dekabr ayında Azərbaycan Ordusu sıralarından (N nömrəli hərbi hissə, Xüsusi Təyinatlı Mərkəz) xüsusi təyinatlı taborun (sualtı hücum) komandiridalğıc mütəxəssisi (Hərbi Uçot İxtisası-041201) vəzifəsindən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra 11.02.2020-ci il tarixdə kəşfiyyat subyekti əməkdaşı olmağı barədə arayışın verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin inzibati orqan tərəfindən bildirilmişdir ki, iddiaçının son tutduğu vəzifə Müdafiə nazirinin əmri ilə 2019-cu il üçün tərtib edilən kəşfiyyat subyekti əməkdaşları siyahısına daxil edilməmişdir. Halbuki, hərbi uçot ixtisasından da göründüyü kimi, iddiaçının son tutduğu vəzifənin hərbi uçot ixtisası Müdafiə nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin hərbi uçot ixtisları haqqında” əmrinə əsasən kəşfiyyat qrupuna (ilk iki rəqəm, yəni 04, qrupun ixtisas mənsubluğunu bildirir) aiddir və kəşfiyyat subyekti əməkdaşları siyahısına salınmış kəşfiyyat subyekti əməkdaşları vəzifələrinin hərbi uçot ixtisasları ilə eynidir. Bu məsələ ilə bağlı 2020-ci ilin fevral ayında məhkəməyə müraciət olunsa da, məhkəmənin gedişində iddiaçıya bildirilmişdir ki, o, Müdafiə Nazirliyinə kəşfiyyat subyekti əməkdaşları siyahısına daxil edilməsi barədə yox, bu barədə arayışın verilməsi ilə bağlı müraciət etmişdir. Bundan sonra, o, 03.11.2020-ci il tarixdə ehtiyata buraxıldıqda tutduğu vəzifənin Müdafiə nazirinin 2019-cu il üzrə müvafiq əmrinə dəyişiklik edilərək, kəşfiyyat fəaliyyəti suyektinin siyahısına salınması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin bununla bağlı ona cavab olaraq bildirilmişdir ki (17.11.2020-ci il tarixli 15/1979 nömrəli məktub), onun müraciətinə 19.03.2020-ci il tarixdə 15/525 nömrəli məktubla cavab verilmişdir. Halbuki, onun birinci müraciəti ona kəşfiyyat subyekti əməkdaşı olmağı barədə arayışın verilməsi ilə bağlı olmuş, ikinci müraciəti isə Müdafiə nazirinin 2019-cu il üzrə müvafiq əmrinə dəyişiklik edilərək, ona son tutduğu vəzifənin kəşfiyyat subyekti əməkdaşları siyahısına salınması ilə bağlı İddiaçı qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 21.01.2021-ci il tarixli 15/157 nömrəli etirazda göstərilmişdir ki, Müdafiə Nazirliyində “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanunu və Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli 186№-li Fərmanını rəhbər tutaraq Azərbaycan Respublikasının müdafiə naziri hər il məxfi əmr ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşları hesab olunan vəzifələri elan edir. Həmin vəzifələrin müəyyən edilməsi üçün hər ilin sonunda bütün komandanlıqlar, qoşun, qüvvə və idarələr tabeliyində olan və kəşfiyyat fəaliyyəti həyata keçirən vəzifələrin siyahılarını raportla N nömrəli hərbi hissəyə göndərirlər. Öz növbəsində N nömrəli hərbi hissədə həmin siyahılar nəzərdən keçirilir, ümumiləşdirilir və əmrə salınması üçün Müdafiə nazirinə təqdim olunur. N nömrəli hərbi hissənin 2019-cu il üçün raportla təqdim etdiyi “Kəşfiyyat fəaliyyətini” həyata keçirən vəzifələrin siyahısında iddiaçının tutduğu vəzifə (xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi) vəzifəsi göstərilməmişdir. Bu da onu sübut edir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşlarının siyahıları iddiaçının iddia etdiyi kimi ”hərbi uçot ixtisası”ndan yox, həyata keçirdiyi kəşfiyyat fəaliyyətindən aslıdır. İddiaçı 24 yanvar 2019-cu ilin ayından onun tutduğu vəzifənin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşlarının siyahısına daxil olmadığı barədə məlumatlı olmuş, lakin xidmət etdiyi dövrdə (03.12.2019-cu il tarixədək) aidiyyəti üzrə heç bir müraciət və ya şikayət bildirməmişdir. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşlarına məxfiçiliyə görə faiz əlavələri, xəstəliyə görə müavinət və digər növ əlavələr ödənilir. İddiaçı bu ödənişləri xidmət dövründə almamış və bununla da onun “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşı hesab olunmadığı xəbərdar olmuşdur. Bununla da, iddiaçının 2019-cu ildən mübahisələndirilən əmr barəsində məlumatı olmasına baxmayaraq o, iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini, iddia ərizəsinə əlavəni və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 000667 nömrəli, 09 iyun 1997-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 mart 2020-ci il tarixli, 15/525 saylı məktubun surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə və Hüquq İdarəsinə ünvanladığı müraciətlərə baxılmış və cavab olaraq bildirilmişdir ki, sonuncu tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.11.2020-ci il tarixli, 15/1679 saylı məktubun surətindən görünür ki, iddiaçının eyni məzmunlu müraciətinə 19.03.2020-ci il tarixdə 15/525 nömrəli məktubla cavab verilmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğuya cavab olaraq verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 27.04.2021-ci il tarixli, 808 saylı cavab məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı xüsusi təyinatlı tabor komandiri-dalğıc mütəxəssisi vəzifəsində 07.11.2017-ci il tarixindən – 03.12.2019-cu il tarixədək xidmət etmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən xüsusi təyinatlı tabor komandiri-dalğıc mütəxəssisi vəzifəsi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti”nin subyekti kimi nəzərdə tutulmadığından, subyekt kimi əmək haqqı almamışdır. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə nazirinin 24 yanvar 2019-cu il tarixli əmrinin dəyişdirilməsini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10.04.2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İşin hallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.01.2019-cu il tarixli əmrini 18.12.2020-ci il tarixdə (poçt (AZ1072) təqdim olunma müddəti) məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən qəbul edilən əmr 2019-cu il tarixə aiddir. İddiaçı Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən qəbul edilən əmrin mövcudluğundan 19 mart 2020-ci il tarixdən, yəni cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilən vaxtdan xəbərdar olmuşdur. Belə ki, İddiaçı müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən baxılmış və 19 mart 2020-ci il tarixdə cavab məktubu ünvanlanaraq, bildirilmişdir ki, sonuncu tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyeklərinin siyahısına daxil edilməmişdir. Bundan başqa, mübahisələndirilən əmrin mövcudluğundan iddiaçının 19.03.2020-ci il tarixdə xəbərdar olmasını təsdiq edən digər əsas kimi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3084/2020 saylı, 30.10.2020-ci il tarixli qərarı çıxış edir. Belə ki, həmin qərarın təsviri hissəsindən görünür ki, iddiaçının 20% məbləğində əlavənin təminat xərcliyinə hesablanması ilə bağlı irəli sürdüyü iddiaya baxılan zamanı, məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqana sorğu verilmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 19 mart 2020-ci il tarixli, 15/525 saylı sorğuya cavab məktubu verilərək, bildirilmişdir ki, İddiaçı sonuncu tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməmişdir. Göründüyü kimi, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməməsi barədə Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən qəbul edilən 24.01.2019-cu il tarixli əmrdən ən geci 19 mart 2020-ci il tarixdə xəbərdar olduğu təqdirdə, həmin əmri mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür. İddiaçının mübahisələndirilən əmrdən xəbərdar olması isə işdə olan sənədlərdə öz əksini tapır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, işdən mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçının həmin əmr barədə hələ 2020-ci ildə (19.03.2020), iddia qaldırmazdan əvvəl məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Bundan başqa, Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan daha əvvəlki tarixə xəbərdar olması ehtimalı mövcuddur. Belə ki, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin normaları ilə tənzimlənir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının 03.12.2019-cu il tarixədək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində nəzərdə tutulan faiz əlavələri, xəstəliyə görə müavinət və digər nov əlavələri almaması, bir daha onu təsdiq edir ki, o, xidmət etdiyi dövrdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməməsindən xəbərdar olmuş və yalnız hərbi vəzifədən ehtiyata buraxıldıqdan sonra bu halı mübahisələndirmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə düzəliş edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar