Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3328/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında” Əsasnamənin müddəalarının iddiaçıya şamil edilməməsinə və onun rus dilini (xarici dil) bilmək səviyyəsinin yoxlanılaraq qiymətləndirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında” Əsasnamənin müddəalarının ona şamil edilməməsinə, rus dilini (xarici dil) bilmək səviyyəsinin yoxlanılaraq qiymətləndirilməsinə və nəticədə xarici dil bildiyi üçün vəzifə maaşına pul əlavəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun təminat xərcliyinə hesablanması və təminat xərcliyində baş verən artım barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması barədə qərar şıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, yəni ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı, 2019-cu ilin dekabr ayında Azərbaycan Ordusu sıralarından (641 nömrəli hərbi hissə, Xüsusi Təyinatlı Mərkəz) xüsusi təyinatlı taborun (sualtı hücum) komandiridalğıc mütəxəssisi vəzifəsindən ehtiyata buraxılmışdır. Həmin zamanlarda, yəni 2019-cu ilin noyabr-dekabr aylarında, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin tələblərini təmin etmək məqsədilə (xarici dil bilməyə görə vəzifə maaşlarına pul əlavəsinin ödənilməsi) Azərbaycan Ordusunda rus dili istisna olmaqla, bir neçə dildən imtahanlar keçirilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnaməsi”si 2017-ci ilin oktyabr ayından qüvvədə olmasına baxmayaraq, bu imtahanlar ilk dəfə yalnız 2 il sonra keçirilmişdir. Əsasnamənin tələblərinə əsasən bu imtahanlar rus dilində də keçirilməli idi. Əgər rus dilini bilməyə görə vəzifə maaşlarına pul əlavəsinin verilməsi nəzərdə tutulmayıbsa, bu istisna Əsasnamədə və ya digər hər hansı bir rəhbər sənəddə öz əksini tapmalı idi. Lakin heç bir rəhbər sənəd olmadan şifahi olaraq rus dili xarici dili kimi qəbul edilməyib. Əslində rus dilinin xarici dil kimi öyrənilməsi üçün bir çox digər səbəblər də mövcuddur. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının hər il Rusiya Federasiyasının təşkil etdiyi “X4”nda geniş təmsil olunmasını və sairə misal çəkmək olar. Bu məsələ ilə bağlı 05.02.2020-ci il tarixdə məhkəməyə müraciət olunsa da, məhkəmənin gedişində bildirilmişdir ki, iddiaçı bununla bağlı əvvəlcə Müdafiə Nazirliyinə müraciət etməli idi. Bundan sonra, o, 03.11.2020-ci il tarixdə bu məsələ ilə bağlı məktubla Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Sözügedən Əsasnamə iddiaçının rus dili ilə bağlı məhkəməyə müraciətindən 5 ay sonra hazırlanıb və qüvvəyə minmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, Əsasnamənin iddiaçıya aidiyyəti ola bilməz. Digər tərəfdən iddiaçı qeyd edir ki, Azərbaycan Ordusu hərbi qulluqçularının xarici dil bilməsi yalnız Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetlərinə əsasən yox, həmçinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Ordusunun kəşfiyyat fəaliyyətinə əsaslanmalıdır. Bu ilk növbədə Azərbaycan Respublikası ilə həmsərhəd dövlətlərin dillərinin öyrənilməsinə yönəlməlidir. Bu səbəbdən kəşfiyyat bölmələrinin döyüş hazırlığı proqramlarına xarici dil (kəşfiyyat hissə və bölmələrinin yerləşməsindən asılı olaraq həmsərhəd ölkənin dilinə müvafiq) tədris fənni olaraq daxil edilir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş 14.01.2021-ci il tarixli, 11/149 nömrəli etirazda göstərilmişdir ki, iddiaçı hərbi xidmətdən ethiyata buraxıldığı zaman xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin almaq hüququnu olmadığından, rus dili “Avropa və Şərq” dillərinin təsnifatlandırılmasına daxil olmadığından onun tələbi mümkünsüzdür. Müdafiə nazirinin 07.07.2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsi Azərbaycan Ordusunda xidmət edən, vəzifəsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dəlillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısında olan, qeyd edilən “Avropa və Şərq” dillərinin təsnifatlandırılmasında göstərilən dilləri əla, çox yaxşı və yaxşı səviyyədə bilən hərbi qulluqçulara 3 il müddətində verilir. Qeyd olunanlara əsasən cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı cavabdehə müraciət edərək, xarici dil (rus) üzrə bilik səviyyəsinin yoxlanılaraq qiymətləndirilməsini və nəticədə dil diliyi üçün əlavənin hesablanmasını xahiş etmiş, cavabdeh ərizənin təmin edilməsindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə xarici dil (rus) üzrə bilik səviyyəsinin yoxlanılaraq qiymətləndirilməsini, xarici dil bildiyi üçün əlavənin hesablanmasını və yenilənmiş məlumat vərəqəsinin aidiyyəti üzrə inzibati orqana göndərilməsi barədə öhdəliyin qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: -iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 000667 nömrəli, 09 iyun 1997-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 11/4793 saylı, 05 oktyabr 2020-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinin 15-ci bəndinə əsasən xarici dilləri bilən və təcrübi işlərində bu dillərdən istifadə edən Azərbaycan Ordusunun hərbi qulluqçularına vəzifə maaşlarına şərq dillərini bilmək üçün – 15%, avropa dillərini bilmək üçün – 10% həcmdə pul əlavəsi verilir. Pul əlavəsinin verilməsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısı əsasında həyata keçirilir. Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnamənin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsi Azərbaycan Ordusunda xidmət edən, vəzifəsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dəlillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısında olan, qeyd edilən “Avropa və Şərq” dillərinin təsnifatlandırılmasında göstərilən dilləri əla, çox yaxşı və yaxşı səviyyədə bilən hərbi qulluqçulara 3 il müddətində verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən hərbi qulluqçuların yaşa görə əmək pensiyasının məbləği onun təminat xərcliyindən (pul təminatından hesablanır) Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonraki artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Yuxarıda qeyd edilənləri və hərbi xidmətdən buraxıldığı zaman xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin almaq hüququnun olmadığı nəzərə alaraq, əmək pensiyasının təyinatı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqinə xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinə görə vəzifə maaşının faiz əlavəsinin hesablanması haqda məkumatının əlavə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırki iddianın qanuni əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnaməsi təşkil edir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən hərbi qulluqçularının pensiya təminatı bu Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İşin faktiki hallarından görünür ki, iddiaçı hərbi xidmətdən ehtiyata 2019-cu ildən buraxıldığına görə onun təminat xərcliyi qanunvericiliyə əsasən hərbi xidmətdən buraxıldığı günə aldığı miqdarda olan aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdən hesablanmışdır. Məkəmə qeyd edir ki, tərəflər arasında mübahisənin yaranma səbəbi odur ki, iddiaçı rus dili üzrə bilik səviyyəsinə malik olduğu halda, o, hərbi xidmətdə olduğu dövrdə, onun xarici dil biliyi səviyyəsi yoxlanılmamış və qanunvericilikdə nəzərdə tutulmuş pul əlavəsi hesablanmamışdır. Tərəflər arasında yaranmış mübahisə, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsinin 15-ci bəndinə əsasən xarici dilləri bilən və təcrübi işlərində bu dillərdən istifadə edən Azərbaycan Ordusunun hərbi qulluqçularına vəzifə maaşlarına şərq dillərini bilmək üçün – 15%, avropa dillərini bilmək üçün – 10% həcmdə pul əlavəsi verilir. Pul əlavəsinin verilməsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısı əsasında həyata keçirilir. Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnamənin 8.1-ci yarımbəndinə əsasən Xarici Dillər üzrə Mərkəzi Koordinasiya və Nəzarət Komissiyasının fəaliyyəti haqqında Əsasnamə”nin 15-ci bəndinə əsasən “Avropa və Şərq” dillərinin təsnifatlandırılması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq istiqamətləri və prioritetləri nəzərə alınmaqla müəyyən edilmiş və rus dili həmin təsnifatlandırmaya daxil edilməmişdir. Xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsi Azərbaycan Ordusunda xidmət edən, vəzifəsi Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş xarici dilləri bilmək və təcrübi işlərində bu dəlillərdən istifadə etmək tələb olunan vəzifələrin siyahısında olan, qeyd edilən”Avropa və Şərq” dillərinin təsnifatlandırılmasında göstərilən dilləri əla, çox yaxşı və yaxşı səviyyədə bilən hərbi qulluqçulara 3 il müddətində verilir. Şərh olunan normativ hüquqi aktın normalarından aydın olur ki, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnaməsinin həm əvvəlki, həm də hazırki redaksiyasına görə, xarici dil biliyinə görə əlavənin verilməsi yalnız avropa və ya şərq dillərinin təsnifatlandırılması üzrə dil biliyinə malik olan hərbi əməkdaşlara şamil olunur. Yeganə fərq odur ki, rus dilinin həmin təsnifatlandırmaya, yəni avropa və şərq dilləri qrupunun alt qrupuna aid olmaması isə Müdafiə nazirinin 07 iyul 2020-ci il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnaməsində göstərilmişdir. Məhkəmə qeyd edir ki, lingvistikada olan dil təsnifatlandırılmasına görə rus dilinin slavyan qrupunun alt qrupuna aid olması ümumməlum olan bir faktdır. Məhkəmənin qənaətinə görə, “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında”Əsasnaməsində (köhnə və yeni redaksiyasında) avropa və şərq dillərinin təsnifatlandırılmasında rus dili nəzərdə tutulmadığından, həmçinin, rus dili slavyan dili qrupuna aid olduğundan, xarici dil biliyinə görə nəzərdə tutulmuş əlavənin verilməsi ilə bağlı müddəa iddiaçıya şamil oluna bilməz. Xarici dil biliyinin yoxlanılması və qiymətləndirilməsi ilə bağlı iddia tələbinə münasibətdə, məhkəmə qeyd edir ki, ümumiyyətlə avropa və şərq dillərinin təsnifatlandırılmasında rus dili nəzərdə tutulmadığından, iddiaçının həmin xarici dil üzrə biliyinin olub-olmaması hər hansı bir hüquqi nəticədə yaratmayacaqdır. Odur ki, iddia tələbi bu hissədə də əsassızdır. Bütün qeyd olunanları nəzərə alan məhkəmə, iddiaçının iddia tələbinin qanunun səhv təfsirindən ibarət olan dəlilləri ilə bütövlükdə razılaşmır. Beləliklə, cavabdeh tərəfindən iddiaçının müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, İddiaçı xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin hesablanması barədə tələbi əsassızdır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: “Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir”. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin hesablanması”na dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xarici dilləri bilmək üçün üstəlik verilən pul əlavəsinin hesablanması”na dair iddiası təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3328/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3328/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver