Məhkəmə qərarları › İş №2-1(112)-3391/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3391/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3391/2024 12.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 Süleymanovanın vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı “sərəncamın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 80 №-li Sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 80 №-li Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 192 və İsmayıl Talıblı küçəsi 24 A, 26 və 28 ünvanlarında üzərində yaşayış sahəsinə aid olan tikililərin yerləşdiyi 1.74 HA torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Ümumiyyətlə sərəncam qanunazidd əsaslarla qəbul edilmişdir. Çünki, hazırkı sərəncam “Pilot layihə” çərçivəsində inşası nəzərdə tutulan binalara aid deyil, çünki nə Azərbaycan Respublikası Prezidentinin, nə də Nazirlər Kabinetinin həmin ünvanda pilot layihənin icrası barədə hər hansı sərəncamı və ya qərarı mövcud deyildir. Pilot layihə olmadığı üçün düşünürəm ki, müvafiq Sərəncam vətəndaşların razılığı alınmaqla qəbul olunmalı idi. İddiaçılar hesab edir ki, bu qanun pozuntusudur və həmin ərazidə yaşayan sakinlərin iradə ifadəsinə ziddir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamı qanunazidd olaraq qəbul olunmuşdur. Sərəncamın qanuni olduğu hesab etsək də, bu halda da "xxxx" MMC-nin rəhbərliyi həmin sərəncamı düzgün icra etmirlər. Sərəncamın 2.3-cü bəndində sahənin qanunsuz zəbt olunmasının qarşısının alınması nəzərdə tutulmuş, buna baxmayaraq "xxxx" MMC mülkiyyətçilərlə razılıq əldə etmədiyindən həmin sahə qanunsuz zəbt olunmuşdur. Baxmayaraq ki, mülkiyyətçilərin razılığının alınması sərəncamın 1-ci bəndində birbaşa öz əksini tapmışdır, "xxxx" MMC-nin rəhbərliyi bunun ciddiliyini önəmsəməmiş və tamamilə qanunazidd addımlar ataraq sərəncamın icrasına nail olmağa çalışmışlar. Onların bu hərəkətləri nəticəsində mülkiyyət sahiblərinə həm maddi, həm də mənəvi ziyan dəymişdir. MMC- nin rəhbərliyinin hərəkətlərində bir çox qanun pozuntularına rast gəlmək mümkündür. Həmin qanun pozuntularına misal olaraq aşağıdakıları qeyd etmək olar:

1. Həmin ərazidə yerləşən, sərəncamla sökülməsi nəzərdə tutulan mənzillərin mülkiyyətçilərinin iradə ifadəsinin əksinə atılan addımlar;

2. Sərəncamın icrasına nail olmaq məqsədi ilə mülkiyyətçilərin müxtəlif vədlərlə aldadılaraq çıxılmaz vəziyyətə salınması;

3. Söküntü-tikinti işlərinin aparılması nəticəsində həmin ərazidə sökülməsi nəzərdə tutulan, lakin söküntüsü başlamamış mənzillərə giriş-çıxışa yaradılmış maneələr, ən əsası söküntü nəticəsində həmin mənzillərdə yaranmış qəzalı vəziyyətlər

4. Qeyri-qanuni olaraq ərazinin hasarlanması və.s

3. Cavabdeh tərəfindən İddiaçı2 ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, hüquqi qüvvədə olan müvafiq qurumlar tərəfindən verilən sərəncam və qərarların ləğvi barədə məsələlərə aydınlıq gətirilməsi və hüquqi qiymət verilməsi üçün məhkəmə qərarı əsas hesab edilir.

4. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahələrinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 80 saylı Sərəncamına əsasən ünvan 2 ünvanlarında şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən tikililərin yerləşdiyi 1,74 ha torpaq sahəsi həmin tikililərin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə görə qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməlidir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq torpaq sahəsinə dair icarə hüququnun yaranması üçün Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterveys” Müdiriyyəti ilə 3 ay müddətində icarə müqaviləsinin bağlanılması təmin edilməli və torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin edilməlidir.

5. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçılar Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən ünvan 3 ünvanlarında yerləşən tikililərə münasibətdə qəbul edilmiş xx.xx.2020ci il tarixli, 80 saylı Sərəncamı mübahisələndirsələr də, həmin binada yaşamalarına dair məhkəməyə hər hansı mötəbər hüquqmüəyyənedici sənəd təqdim etməmişdirlər.

11. Bununla belə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, iddia ərizəsinin məzmunundan və iddiaçılarının nümayəndəsinin (vəkilinin) izahatından göründüyü kimi iddiaçıların hüquqi marağı Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Sərəncamının ləğv edilməsi nəticəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərazidəki tikinti-quraşdırma işlərinin mənzil sahibləri ilə razılaşdırılmadan qanunsuz həyata keçirilməsinin qarşısını almaqdır.

12. Şəhərsalma və Tikinti Məcəlləsindən: 5.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır: 5.1.1. ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi; 5.1.2. ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi; 5.1.3. şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun tətbiqi qaydasının müəyyən edilməsi; 5.1.4. tikintiyə icazə verilməsi; 5.1.5. şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalaşdırılması; 5.1.6. tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılmasının təşkili; 5.1.7. tikintiyə nəzarətin həyata keçirilməsi; 5.1.8. tikinti layihələrinin ekspertizadan keçirilməsi; 5.1.9. şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi; 5.1.10. tikinti obyektlərinin istismarına icazə verilməsi; 5.1.11. şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təmin edilməsi; 5.1.12. tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi

13. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli, 80 saylı Sərəncamına əsasən ünvan 3 ünvanlarında şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən tikililərin yerləşdiyi 1,74 ha torpaq sahəsi həmin tikililərin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə görə qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında verilmişdir. Mübahisələdirilən sərəncamdan da göründüyü kimi sərəncam tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar deyil, mülki münasibətlərin mülkiyyətçilərlə razılaşdırmaqla həmin məqsədlə torpaq sahəsinin icarə əsasında MMC-nin istifadəsinə verilməsi ilə bağlıdır. Odur ki, mübahisələndirilən sərəncam tikinti-quraşdırma işlərinin başlanması və aparılması üçün əsas olmadığından həmin sərəncamın mübahisələndirilməsinə dair iddia əsasında MMC tərəfindən həyata keçirilən işlər dayandırıla bilməz. Belə ki, tikinti işləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilmiş tikintiyə icazə əsasında aparıla bilər. Odur ki, tikintiyə icazə verilməsinə dair müvafiq sərəncam olmadığı halda, MMC-nin apardığı işlərin dayandırılması inzibati məhkəmə icraatının predmeti deyil (müvafiq sərəmcamın mövcudluğu hazırkı mərhələdə müəyyən edilmir və iddiaçılar tərəfindən mübahisələndirilməmişdir). Qeyd edilən halda iddiaçıların marağını təmin edən səmərəli hüquq müdafiə vasitəsi "xxxx" MMC-yə qarşı mülki məhkəmə icraatı qaydasında qaldırılmış iddiadır.

14. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçılara səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan iddianın mümkün sayılmaması onların məhkəməyə çatım hüququnun pozulması ilə nəticələnmir.

15. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

16. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar