Məhkəmə qərarları › İş №2-1(112)-3411/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3411/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3411/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “mənsubiyyətin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “iddiaçının Azərbaycan Respublikası vətəndaşı olmasının müəyyən edilməsi haqqında” ona verilmiş ******* saylı arayışın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini və onun Azərbaycan Respublikası vətəndaşı sayılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar onun hüquqlarının pozulmasına səbəb olur. İddiaçı qeyd edir ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunu qüvvəyə minənədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeriüzrə qeydiyyatda olmasını təsdiq edən bir çox sübut var (SSR Pasportu). Bu səbəbdən də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas yaranır. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə təqdim olunmuş yazılı etirazda qeyd etmişdir ki, Camaldinova (Fatxulina) Nailə Qabbasovna xx.xx.1948-ci ildə Qazaxstan Respublikasında anadan olmuş, 1980-ci ildə Azərbaycan Respublikasına gəlmişdir. İş materialları ilə müəyyən olunur ki, o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununu qüvvəyə mindiyi günədək – 1998-ci il oktyabr ayının 7-dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1948-ci il tarixində anadan olmuşdur və bu barədə Uralsk şəhər VVAQ şöbəsində 1948-ci ilin sentyabr ayının 15-ci günündə doğum aktlarının qeydiyyatı kitabında 1094 sayı ilə akt qeydi aparılmışdır. xx.xx.1948-ci il təvəllüdlü X3 515262 nömrəli SSSR-i pasport verilmişdir. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındaki Səfirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qərbi-Qazaxıstan vilayətinin polis Departamentinin informasiyası üzrə xx.xx.1948-ci il təvəllüdlü X6 Qazaxıstan Respublikasının ərazisində qeydiyyatda yoxdur, həmçinin Qazaxıstan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və ya pasportu ilə sənədləşdirilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin arayışından görünür ki, X1 “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X5 xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, sorğuda qeyd olunan şəxs haqqında Suraxanı RPİ-nin QMB-də məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi müddəaları təşkil edir. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 6.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya uçotu (bundan sonra – miqrasiya uçotu) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında bu Məcəllə ilə nəzərdə tutulmuş məlumatların, habelə onların yerdəyişməsi haqqında məlumatların qeydə alınması və ümumiləşdirilməsi sahəsində fəaliyyətdir. 6.2. Miqrasiya uçotu miqrasiya proseslərinin idarə olunması formalarından biridir və Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sərbəst hərəkət etmək, ölkə ərazisində olma və yaşama yeri seçmək və digər hüquq və azadlıqlarının təmin olunmasına, habelə Azərbaycan Respublikasının miqrasiya sahəsində milli maraqlarının həyata keçirilməsinə və qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlmişdir.

14. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları, diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, müvafiq xarici dövlətin qanunvericiliyinə, habelə beynəlxalq adətlərə uyğun olaraq onlara verilmiş bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, onların qanunla qorunan hüquq və mənafelərini qanunvericiliklə müəyyən edilmiş qaydada müdafiə etməyə, Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunun:

1. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” Qaydasının: 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; (-) 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1.bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2.1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1.doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5.Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. Əvvəla qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, qanun qarşısında bərabərlik və ədalətlilik, Azərbaycan Respublikası miqrasiya qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi, miqrasiya proseslərinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərinə əsaslanır. Nəzərə alınmalıdır ki, şəxsin Azərbaycan Respublikasınının vətəndaşı olub-olmamasının müəyyən edilməsi müvafiq inzibati orqanın səlahiyyətindədir ki, bu zaman inzibati orqan yalnız qanunvericilikdə səciyyələnmiş əsaslar olduğu halda öz səlahiyyətləri çərçivəsində şəxsi Azərbaycan Respublikasının vətəndaşı kimi tanıyır. Nəzərə alınmalıdır şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi müvafiq Qaydalar əsasında həyata keçirilir ki, bunlardan biri də şəxsin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olması ilə əlaqədar. Qeyd olunmalıdır ki, bu norma şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə yalnız o halda əsas verir ki, əgər həmin şəxs normativ hüquqi aktların 2.2-ci bəndində nəzərdə tutulan şəxslərin əhatə dairəsinə düşsün. Hazirki işin faktiki hallarından görünür ki, X3 xx.xx.1948-ci il tarixində anadan olmuşdur və bu barədə Uralsk şəhər VVAQ şöbəsində 1948-ci ilin sentyabr ayının 15-ci günündə doğum aktlarının qeydiyyatı kitabında 1094 sayı ilə akt qeydi aparılmış, ona 515262 nömrəli SSSR-i pasport verilmiş, bundan sonra o mərhum əri ilə birlikdə 1980-ci ildə (cavabdehin özü də bu halı qəbul edir) Azərbaycan Respublikasına gəlmişdir. İddiaçı iddia edir ki, onun mərhum əri hərbi qulluqçu olmuşdur, onların mülkiyyətində hər hansı əmlak olmadığından, onların 1998-ci ilədək yaşayış yeri üzrə qeydiyyata alınmaları mümkün olmamış, mərhum əri yalnız 2008-ci ildə ünvan 1 ünvanına qeydiyyata alınmışdır. İddiaçı Azərbaycan Respublikasını ərazisində faktiki yaşamağına istinad edərək ona Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması arzusundadır. Məhkəmə diqqətə çatdırır ki, təkzib olunmaz haldır ki, X7 xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Lakin bu hal öz növbəliyində iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması üçün əsas deyildir. Belə ki, xx.xx.1997-ci il tarixdə qanuni qüvvəyə minmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun (ilkin redaksiyasına əsasən): Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; 3) Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli şəxsiyyət vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Göründüyü kimi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməzdən əvvəl qüvvədə olan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanun şəxsin yaşayış yeri anlayışını, hansı sənədlər əsasında yaşayış yerinin müəyyən edilməsi mexanizmini şərtləndirmişdir. Hazırki işin hallarından isə göründüyü kimi iddiaçının Azərbaycan Respublikasında faktiki olaraq yaşayış-yaşamasından asılı olmayaraq, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək yaşayış yeri üzrə qeydiyyatı olmamışdır. Halbuki, qüvvədə olan normativ hüquqi aktlar şəxsin mənsubiyyətinin tanınması əsaslarının dairəsini konkret müəyyən etmişdir ki, bu əsaslardan biri hazırki iş üzrə aşkar olunmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı ünvanlanmış sorğulara cavab məktublarından görünür ki, iddiaçının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı haqqında məlumat aşkar olunmamışdır. Nəzərə alınmalıdır ki, təqdim olunmuş bu məlumatlar Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində olan struktur bölmələri tərəfindən verilmişdir. Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatının olmaması barədə məlumat səlahiyyətli qurum tərəfindən verilmişdir ki, bu da həmin məlumatların mötəbərliyi ilə bağlı şübhə doğurmur. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan SSRİ-i pasportuna malik olsa da, onun nəinki “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməzdən əvvəl, ümumiyyətlə Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatı olmamışdır. Bu isə bir mənalı olaraq iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün əsas olmadığını göstərir. Eyni ilə, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində təsbit olunmuş, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini təsdiq edən digər hallar da hazırkı işdə müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə qeyd edir ki, hazırki məhkəmənin mövqeyi kassasiya instansiya məhkəməsinin oxşar iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-240/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında nümayiş olunmuş mövqeyi ilə eynilik təşkil edir. İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar