Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3432/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı rəy və qərarın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək, Dövlət Gömrük Komitəsinin tələbi ilə düzəliş edilmiş **********7591 və **********7610 saylı GB üzrə İddiaçı MMC tərəfindən artıq ödənilmiş 1450.90 manat ƏDV məbləğinin geri qaytarılması barədə rəy, 8131.37 manat gömrük rüsumu və yığımının geri qaytarılması barədə arayış verilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsi müraciəti aidiyyəti üzrə Bakı Baş Gömrük İdarəsinə (bundan sonra – Cavabdeh) göndərmiş, cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 1400-011/0xx-xx/006570 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, İddiaçı (VÖEN **********) MMC-nin ünvanına Türkiyə Respublikasından 99NG715/99ZC715 və 99XE962/99ZB962 nömrəli nəqliyyat vasitələri ilə daxil olmuş “yastı prokatdan alınmış xüsusi profillər” yükü üçün tərtib olunan **********7591 və **********7610 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üzrə bəyan olunan malların X7in mal nomenklaturası üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 322-ci maddəsinin tələblərinə əsasən Dövlət Gömrük Komitəsinin X5 İdarəsinə müraciət olunmuş, həmin idarədən daxil olmuş 2200-017/0xxxx/000098 nömrəli, xx.xx.2021-ci il tarixli rəy əsasında “soyuq yayma üsulu ilə alınan, sonrakı emala məruz qalmamış qara metaldan hazırlanmış xüsusi fasonlu profillər” olması müəyyən edilməklə “7216 50 990 0” XİF MN kodu altında rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Gömrük Komitəsinin tələbi ilə düzəliş edilmiş **********7591 və **********7610 saylı GB üzrə İddiaçı MMC tərəfindən artıq ödənilmiş 1450.90 məbləğin geri qaytarılması barədə rəy, 8131.37 manat gömrük rüsumu və yığımının geri qaytarılması üçün Gömrük Labaratoriyasının üzərinə rəy və ya qərarın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə ərizə verərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, daha sonra isə tələbini dəqiqləşdirərək artıq ödənilmiş 9582,27 manat gömrük ödənişinin iddiaçıya qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizələr qəbul edilmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı MMC Türkiyə Respublikasının istehsalı olan və bu ölkənin “X8 Sanayi A.Ş.” şirkətindən alınan xx.xx.2020-ci il tarixdə Gömrük Məcəlləsinə və bu sahədə qəbul edilmiş normativ aktlara müvafiq qaydada və müddətdə **********7591 və **********7610 sorğu nömrələri ilə bəyan edilmişdir və xx.xx.2020-ci il tarixli rəsmi X6 33-cü qrafasından da göründüyü kimi, eyni əşya kodu (X7 (XİF) Mal Nomeklaturası) 72166110 üzrə kodlaşdırılmış yük təqdim edilən Gömrük Bəyannamələrində də 72166110 üzrə kodlaşdırılmışdır. Belə ki, qanunvericiliklə idxal edilmiş malın əşya kodunu açıq-aydın müəyyənləşdirmək mümkün olduğu halda, iddiaçıya məxsus malın əşya kodunun müəyyənləşdirilməsi üçün Dövlət Gömrük Komitəsinin nəzdində olan labaratoriyaya göndərilmişdir. Eyni maldan bundan əvvəl də bir neçə dəfə iddiaçı tərəfindən sifariş verilmişdir. 2019-cu ildə GB **********849, GB **********4571 və GB **********2072 idxal olunan eyni mallar XİF Mal Nomeklaturası 72166110 kodu ilə kodlaşdırılmış, hətta Gömrük Labaratoriyasına göndərilmiş və Mal Nomeklaturası labaratoriya tərəfindən də təsdiq edilmişdir. Sonuncu idxal olunan malların Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən 10% daha artıq rüsum nəzərdə tutulan 721650 kodu ilə rəsmiləşdirilməsi tələb olunmuş, əks təqdirdə malların buraxılmayacağı bildirilmişdir. X4 Solutions MMC şirkəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və xx.xx.2020 tarixli 20-0531 saylı Qiymət Təklifi əsasında gətirildiyi və icra müddətinin gecikəcəyi təqdirdə həmin şirkətə 150.02-PQ-AİS-HMT-190620 saylı xx.xx.2020-ci il tarixli müqavilənin 3.1.5 bəndinə əsasən cərimə ödənilməli olacağı bildirilsə də, nəzərə alınmamışdır. Müqavilə üzrə icra müddətinin gecikəcəyi təqdirdə XİF Mal Nomeklaturası 721650 ödənilməli olan 10%-lik artıq rüsumdan daha çox ziyana düşəcəyindən və eləcə də işgüzar münasibətlər üzrə şirkətin nüfuzu naminə tələb olunan 721650 əşya kodu ilə mallar bəyan edilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri göz ardı edilərək, malların qanunla müəyyənləşdirilmiş əşya kodu ilə deyil, istədikləri əşya kodu ilə rəsmiləşdirilməsini tələb etmələri nəticəsində İddiaçı MMC 9582,27 manat artıq pul ödəməli olmuşdur. Dövlət Gömrük Komitəsinə ödənilən artıq pulun sonuncu idxal olunan malların Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən 10%-dən daha artıq rüsum alınması və analoji malların idxalı zamanı artıq rüsüm ödənilmədiyi üçün Gömrük Labaratoriyasına göndərilmişdir. Lakin gömrük labaratoriyası tərəfindən heç bir rəy ya qərar verilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən idxal olunan malların rəsmiləşdirilməsi üçün iddiaçının təqdim etdiyi Gömrük bəyannamələrində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı gömrük inspektorunda şübhə yaranmış və müvafiq araşdırma aparılmış, bu şübhələr X5 İdarəsinin apardığı ekspertiza ilə təsdiqlənmişdir. Belə ki, X5 İdarəsinin müvafiq rəylərində malların təsnifat kodunun iddiaçının bəyan etdiyindən fərqli olduğu göstərilmişdir. Bundan sonra İddiaçı MMC barəsində 34/012/036519 nömrəli, xx.xx.2021-ci il tarixli raport əsasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı idxal gömrük rüsumu üzrə 8060.57 manat, ƏDV üzrə 1450.91 manat vəsaitin İddiaçı MMC-nin tərəfindən ödənilməli olduğu məyyən edilmiş, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət olunaraq **********7591 və **********67591 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannamələri üzrə bəyan edilmiş mallara dair yaranmış əlavə gömrük ödənişlərini ödəmək niyyətində olduqları bildirilmişdir. Bununla da “Hemat Trade" MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi sübuta yetirilmişdir. xx.xx.2021-ci il tarixli, 00100/0081 nömrəli Qərarla İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmiş, həmin Qərardan İddiaçı MMC tərəfindən şikayət verilməmişdir. Yuxarıda qeyd edilənlərdən bu nəticəyə gəlmək olar ki, iddiaçı gömrük bəyannamələrinə və əlavə edilmiş sənədlərə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, gömrük rəsmiləşdrilməsi həyata keçirilərək yük buraxılmışdır. Gömrük orqanı iddiaçının özünün təqdim etdiyi gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən və bu zaman gömrük ödənişləri dövlət büdcəsinə ödənildiyindən burada artıq ödənilmiş məbləğdən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı 99NG715/99ZC715, 99XE962/99ZB962 nömrəli nəqliyyat vasitələri ilə AL**********0043 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədi əsasında ”X8 Sanayi” A.Ş-dən fasonlu profillər idxal etmiş, həmin yüklər **********7591 və **********7610 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə gömrük orqanına bəyan edilmişdir. İddiaçı həmin bəyannamələrdə idxal edilən malları XİF MN üzrə “**********” yarımmövqeyi üzrə sinifləşdirərək 5 % gömrük rüsumu dərəcəsi ilə bəyan etmişdir. İşdən məlum olur ki, iddiaçı tərəfindən gömrük bəyannamələri təqdim edildikdən sonra cavabdeh bu halla razılaşmamış, xx.xx.2020-ci il tarixdə həmin malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X5 İdarəsinə müraciət etmişdir. Həmin İdarə tərəfindən 2200-012/0xx-xx/006781 saylı, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının ünvanına AL**********0043 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunan yük fərdi istehsal üsulu ilə düzbucaq altında istehsal olunmuş, konstruksiyaların quraşdırılmasında istifadə olunan qara metaldan xüsusi fasonlu profillər XİF MN-ə görə 7308 90 980 0 alt yarımmövqeyində sinifləşdirilir. İşdən görünür ki, 29 dekabr 2020-ci il tarixdə "xxxx" MMC barəsində Bakı Baş Gömrük İdarəsinin Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/036519 nömrəli xx.xx.2020-ci il tarixli raport əsasında Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsi ilə 00100-2754/20 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli vəsatətdən görünür ki, iddiaçının nümayəndəsi həmin tarixdə cavabdehə müraciət edərək idxal olunan malların kodunun yoxlanılması üçün təkrar gömrük ekspertizası aparılmasını xahiş etmişdir. Bundan sonra X5 İdarəsi tərəfindən təkrar ekspertiza aparılmış, ekspertizanın aparılması və təqdim olunan sənədlərin araşdırılması əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin ünvanına AL**********0043 nömrəli xx.xx.2020-ci il tarixli invoys üzrə idxal olunmuş mal “soyuq yayma üsulu ilə alınan, sonrakı emala məruz qalmamış qara metaldan hazırlanmış xüsusi fasonlu profillər” olub XİF MN-ə görə ********** alt yarımmövqeyində sinifləşdirilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən bu kodla bəyan edilən mallar üzrə tarif dərəcəsi malın gömrük dəyərinə 15%-lə tətbiq edilir). İş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, iddiaçı **********7591 və **********7610 sorğu nömrəli gömrük bəyannamələri ilə rəsmiləşən zaman mallara labaratoriyada XİF MN kodunun 7308 90 980 0 olaraq müəyyən edildiyini, buna görə əlavə rüsum və vergi məbləği yarandığını və həmin rüsumları ödəməyə hazır olduğunu bildirmiş, malların buraxılmasına köməklik edilməsini xahiş etmişdir. İşdə olan Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan görünür ki, iddiaçının ünvanına 99NG715/99ZC715, 99XE962/99ZB962 nömrəli avtomaşınlarla, AL**********0043 saylı, xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş, iddiaçı tərəfindən gömrük oranına təqdim edilmiş **********7591, **********7610 saylı, xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə bəyan olunan soyuq yayma üsulu ilə alınan, sonrakı emala məruz qalmamış qara metaldan hazırlanmış xüsusi fasonlu profillər yükü 721650 9900 XİF MN kodu altında sinifləşdirildiyi təqdirdə idxal rüsumu üzrə 8060.57 manat, əlavə dəyər vergisi 1450.91 manat, cəmi 9511,48 manat gömrük borcu təşkil edir. İşdən görünür ki, iddiaçı AL**********0043 nömrəli 14 12.2020-ci il tarixli invoys üzrə idxal etdiyi malları **********7591 və **********7610 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri üzrə XİF MN kodu “**********” kimi bəyan edərək yenidən cavabdehə göndərmiş, **********7591 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 23420 kq mal üçün 14854,17 manat, **********7610 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 23300 kq mal üçün 14630,1 manat ödəniş müəyyən edilmiş, gömrük ödənişləri edildikdən sonra cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə gömrük bəyannamələri təsdiq edilərək həmin tarixdə mallar sərbəst dövriyyəyə buraxılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Hemat Trade" MMC-nin ünvanına AL**********0043 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və **********7591 sorğu nömrəli və **********7610 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş mallara dair yaranmış bütün gömrük ödənişləri "Hemat Trade” MMC tərəfindən ödənilmişdir. Həmçinin, VAİS proqram təminatının “hüquqpozmalar” bölməsinin "hesabatlar" yarımbölməsinin "barəsində icraat aparılan şəxs haqqında Arayış” hissəsinə baxış zamanı "xxxx" MMC barəsində əvvəllər gömrük ödənişindən yayınma əməlinə görə icraat aparılmadığı məlum olmuşdur. İşdə olan İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 00100/0087 nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, iddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə 00100-2754/20 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və inzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. İddiaçı hazırda barəsində başlanmış inzibati xəta haqqında işi və müqavilə bağladığı şəxslər qarşısında öhdəliklərini vaxtında icra etmək məqsədilə cavabdeh tərəfindən təqdim edilmiş malın təsnifat kodu ilə razılaşdığını, lakin həmin malların düzgün kod üzrə bəyan edilmədiyini, nəticədə artıq ödəmənin yarandığını iddia edərək artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.1.2. gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü; - 1.1.3. X7 mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır; - 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; - 1.1.6. eyni mallar - fiziki xassələri (malların dəyərinə təsir etməyən kiçik fərqlər istisna olmaqla), keyfiyyəti, həmçinin bazardakı nüfuzu da daxil olmaqla, bütün xüsusiyyətləri eyni olan mallar; - 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. - 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. - 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: - 1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır; - 1.0.20. gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür; - 1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər. - 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. - 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların X7 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi. Məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçı ilkin olaraq idxal etdiyi malı “7216 61 100 0” yarımmövqeyi altında bəyan etmişdir, hansı ki, həmin yarımmövqe Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X7 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən – soyuq deformasiya və ya soyuq vəziyyətdə naxış vurmadan başqa sonrakı emala məruz qalmamış künclüklər, fasonlu və xüsusi profillər: – – yastı prokatdan alınmış: – – – künc profilləri, şvellerlər, C-, Z-, omeqaya bənzər və ya qapalı olmayan profillərə uyğun gəlir. İddiaçının malı idxal etdiyi “X8 Sanayi” A.Ş. tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AL**********0043 nömrəli invoysda da həmin məhsul “Galvaniz sacdan mamul inşaat aksamı” kimi təsnif edilmişdir, hansı ki, burada sac dedikdə, yastı prokat nəzərdə tutulmuş, yəni həmin profillərin yastı prokatdan istehsal olunduğu təsbit edilmişdir. İş materiallarına əsasən cavabdeh iddiaçının təqdim etdiyi bu yarımmövqe ilə razılaşmamış, nəticədə keçirilmiş ekspertiza ilə iddiaçının idxal etdiyi məhsulun “**********” yarımmövqe üzrə sinifləşdirildiyi müəyyən edilmişdir, hansı ki, həmin yarımmövqe Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən “qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar və pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, jalyuzilər, balyustradalar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar, künclüklər, fasonlu profillər, borular və analoji məmulatlar: – digərləri” adı ilə təsbit olunmuşdur. Sonuncu dəfə keçirilmiş ekspertiza nəticəsində isə iddiaçının idxal etdiyi mallar “7216 50 990 0” yarımmövqe üzrə sinifləşdirilmişdir, hansı ki, həmin yarımmövqeyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarına əsasən – isti yaymadan, isti çəkilmədən və ya ekstruziyadan başqa sonrakı emala məruz qalmamış digər künclüklər, fasonlu və xüsusi profillər: – – – digərləri adı altında qruplaşdırılan mallar uyğun gəlmişdir. İddiaçı cavabdehin təqdim etdiyi bu rəyə uyğun yeni gömrük bəyannaməsi təqdim etmiş və idxal olunan mallar bu yarımmövqeyə uyğun rəsmiləşdirilmişdir. İddiaçı hazırda bu rəyi əsassız hesab edərək artıq ödənilən məbləğin qaytarılmasını xahiş edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, cavabdehin istinad etdiyi mal yarımmövqeyində isti yaymadan, isti çəkilmədən və ya ekstruziyadan başqa sonrakı emala məruz qalmamış digər künclüklər, fasonlu və xüsusi profillər, yəni isti yayma, isti çəkilmə və ya ekstruziyaya məruz qalan künclüklər, fasonlu və xüsusi profillər nəzərdə tutulmuşdur. Lakin həm gömrük bəyannamələrindən, həm də ekspert rəyindən görünür ki, iddiaçının idxal etdiyi məhsulların isti yayma deyil, soyuq yayma üsulu ilə alınan sonrakı emala məruz qalmamış qara metaldan hazırlanmış profillər olduğu təsbit edilmişdir. Belə olan halda aydındır ki, ekspert soyuq yayma üsulu ilə alınan mala isti yayma üsulu ilə alınmış malın XİF MN üzrə kodunu tətbiq etməkdə haqlı olmamışdır. Digər tərəfdən, satıcı tərəfindən təqdim edilən invoysdan görünür ki, orada idxal olunan məhsulların yastı prokatdan istehsal edilməsi təsbit edilmiş, lakin ekspert rəyi ilə müəyyən edilən təsnifat kodu yastı prokatdan alınmış profillərə uyğun olmamışdır. Belə ki, iddiaçının istinad etdiyi yarımmövqe ilə cavabdehin istinad etdiyi yarımmövqe arasındakı əsas fərq malın istehsal üsulu və istehsal edilmə forması ilə bağlı olmuşdur. Belə ki, iddiaçının istinad etdiyi yarımmövqedə yastı prokat kimi istehsal olunan metal vərəqlərin soyuq yayma, soyuq deformasiya vasitəsilə kəsilərək xüsusi forma, məsələn Z forması, verilən profillər nəzərdə tutulduğu halda, cavabdehin istinad etdiyi yarımmövqedə yastı prokat kimi istehsal edilən metal vərəqlərdən deyil, isti yayma üsulu ilə qəliblərə tökülməklə istehsal edilən profillər nəzərdə tutulmuşdur. İnvoysdan iddiaçının idxal etdiyi məhsulun yastı prokatdan alınması, ekspertin rəyindən isə onun isti deyil, soyuq yayma üsulu ilə istehsal olunmasının qəbul edilməsi işin halları ilə sübut edildiyindən məhkəmə hesab edir ki, cavabdehin ekspert rəyi ilə müəyyən etdiyi mal yarımmövqeyi iddiaçının idxal etdiyi məhsula uyğun olmamışdır. Bu zaman məhkəmə onu da nəzərə alır ki, iddiaçı xx.xx.2019-cu il tarixli, AL**********036 saylı, xx.xx.2019-cu il tarixli AL**********0047 saylı invoys sənədləri ilə “Galvaniz sacdan mamul inşaat aksami” kimi müəyyən edilən profilləri idxal etmiş, həmin məhsullar cavabdeh tərəfindən “7216 61 100 0” yarımmövqeyinə uyğun– soyuq deformasiya və ya soyuq vəziyyətdə naxış vurmadan başqa sonrakı emala məruz qalmamış künclüklər, fasonlu və xüsusi profillər: – – yastı prokatdan alınmış: – – – künc profilləri, şvellerlər, C-, Z-, omeqaya bənzər və ya qapalı olmayan profillər kimi sinifləşdirilərək gömrük rəsmiləşdirilməsi həyata keçirilmiş və sərbəst dövriyyəyə buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Lakin işdən müəyyən olunur ki, cavabdeh iddiaçıya münasibətdə eyni faktiki halları olan işə dair fərqli qərar qəbul etmiş, bununla əvvəlki inzibati praktikasına zidd hərəkət etmiş, bu zaman ekspert rəyinə istinad etmişdir, hansı ki, həmin rəyin özü müəyyən olunan yarımmövqeyə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda idxal edilən mallar sərbəst dövriyyəyə buraxıldığından həmin malların təkrar ekspertizadan keçirilməsi imkanı aradan qalxmışdır. Lakin işin yuxarıda istinad olunan halları ilə cavabdehin müvafiq qərarı qəbul etməsini zəruri edən faktiki şərtlərin tam sübuta yetirilmədiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmuşdur. Cavabdeh etirazında yalnız iddiaçının təqdim edilən malın təsnifat kodunu qəbul etməsinə və ödənişi etməsinə, bununla da həmin kodla razılaşmasına istinad etmişdir. Lakin işdən görünür ki, iddiaçı ilk əvvəl həmin təsnifat kodu ilə razılaşmamış, təkrar ekspertiza keçirilməsini xahiş etmiş, daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması, habelə müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi zərurətini nəzərə alaraq həmin kod üzrə gömrük ödənişlərinin ödənilməsinə razılıq vermişdir. Göründüyü kimi, bu razılıq iddiaçının sərbəst iradəsini təşkil etməmiş, cavabdehin tətbiq etdiyi hakimiyyət tədbirləri nəticəsində sahibkar kimi işgüzar nüfuzunu qorumaq məqsədilə həmin təsnifat kodu ilə razılaşmağa “məcbur” olmuşdur. Malın təsnifat kodunun məcburi olması barədə dəlilə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 50-ci maddəsinə əsasən şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər (mad. 50.1). Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir (mad.50.2). Bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur (mad. 50.4). Həmin Məcəllənin 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X7 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur (mad. 321.1). Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər (mad. 321.2.). Bəyan edilən malların X7 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər (mad. 321.3.) Malların təsnifatını apararkən, gömrük orqanları X7 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır (mad. 321.4.) Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər (mad. 321.5.). İstinad olunan normalardan görünür ki, maraqlı şəxs mal idxal etmədən onun təsnifat kodunu müəyyən etmək üçün gömrük orqanına müraciət edə bilər və bu zaman qəbul edilmiş qərar gömrük orqanı, habelə həmin şəxs üçün məcburi xarakter daşıyır. Lakin idxal edilən və bəyan olunan malın təsnifat kodunun məcburi olması üçün gömrük orqanı malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, ekspertiza aktları, arayışlar, rəylər nəzərə alınmaqla malların təsnifatının müəyyən edilməsi barədə qərar qəbul edə bilər. Yalnız qəbul edilmiş belə bir qərar şəxsə təqdim edildikdən və şəxs həmin qərarı mübahisələndirmədikdən sonra həmin qərar məcburi xarakter daşıyacaqdır. Hazırkı işdə cavabdeh orqanın belə bir qərar qəbul etməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı üçün məcburi olan malın təsnifat kodu mövcud olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”na əsasən: - 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir. - 1.4. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. - 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: - 2.1.1. mallar qüsurlu olduqda; - 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; - 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. - 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. - 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. - 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. - 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. - 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. - 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. - 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. - 6.9. Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"na əsasən: - 1.2.1. vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar – tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları; - 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. - 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: - 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; - 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; - 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; - 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Beləliklə, istinad olunan normalardan görünür ki, gömrük ödənişləri dedikdə, gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqlar nəzərdə tutulur və bu gömrük ödənişlərinin qaytarılması üçün qanunverici gömrük orqanı tərəfindən iki fərqli prosedurun həyata keçirilməsini təsbit etmişdir:
1. gömrük rüsumunun və vergilərin qaytarılması barədə rəy tərtib edərək müvafiq maliyyə orqanına göndərmək;
2. gömrük yığımlarının və haqqın qaytarılması haqqında qərar qəbul etmək. İşdə olan **********7591 sorğu nömrəli və **********7610 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrindən görünür ki, iddiaçı tərəfindən idxal edilmiş mallar “7216 61 1000” kodu ilə bəyan edildikdə cəmi 19902 manat gömrük ödənişi verilməli olduğu halda, iddiaçı həmin malları “7216 50 9900” kodu ilə bəyan etməsi nəticəsində 29484,27 manat gömrük ödənişi vermiş, bununla da 9511,48 manat artıq gömrük ödənişi edilmişdir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və normaların tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, artıq ödənilmiş 9511,48 manat gömrük ödənişinin İddiaçınə qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Artıq ödənilmiş 9582,27 manat gömrük ödənişinin İddiaçınə qaytarılması barədə qərarın qəbul edilməsi və rəyin tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova