Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3436/2024 14.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Səbail rayonu Səbail bələdiyyəsi və Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyi, “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Səbail rayonu Səbail bələdiyyəsi və Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyi) “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 1-ci Buxta küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Bakı Şəhər Səbail bələdiyyəsinin 334 №-li, 29 dekabr 2006-cı il tarixli qərarına əsasən Səbail rayonu, Buxta küçəsində yerləşən 70 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X2 adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunaıl Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin dövlət əmlakı kimi baza məlumatı mövcuddur. Həmçinin tikilinin bir hissəsi texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcuddur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən 0.035118 ha torpaq sahəsinin ümumi sahəsi 125.11 kv.metr təşkil edən fərdi yaşayış evinə onun xüsusi xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda 0.035118 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 125,11 m2 təşkil edən fərdi yaşayış evi ona məxsusdur. Fərdi yaşayış evinə dair X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli qeydiyyat Şəhadətnaməsi verilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, iş materiallarına və işin faktiki hallarına görə Bakı şəhəri, Səbail rayonu, 1-ci Buxta küsəsi 27 saylı fərdi yaşayış evinə dair X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli qeydiyyat Şəhadətnaməsi verilmiş və ümumi sahəsi 125,11 m2 təşkil edən əmlak onun xüsusi mülkiyyətindədir. Fərdi evin yerləşdiyi 0.035118 ha torpaq sahəsi isə 1992-ci ildən İddiaçı qanuni istifadəsindədir və onu özəlləşdirmək hüququ vardır. Qeyd edilənlər mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində 351 kv.m torpaq sahəsinə iddia etsə də, təqdim edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 97 kv.m, Səbail Bələdiyyəsinin 334 saylı, xx.xx.2006-cı il Qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 70 kv.m qeyd edilmiş, yerdə qalan 184 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin 00007403 registr nömrəli dövlət əmlakı kimi baza məlumatı mövcuddur. Həmçinin tikilinin bir hissəsi texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda yerləşir. Bundan başqa texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcuddur. Həmçinin iddiaçının 70 kv.m torpaq sahəsinə dair təqdim etdiyi “Torpaqların alqı-satqısına dair akt” əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sənədin göstərilən sahəyə aid olubolmadığını müəyyən etmək mümkün olmamışdır və torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Təqdim edilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evinə əlavə sahələr artırılmışdır. İdarənin arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi ümumi ərazidə digər fiziki şəxslərin adına qeydiyyata alınmış və sonradan sökülmüş 25 və 29 saylı mənzillər mövcud olmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən, X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 1-ci Buxta küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən iddiaçının adına qeydə alınmışdır. Bakı Şəhər Səbail bələdiyyəsinin 334 №-li, 29 dekabr 2006-cı il tarixli qərarına əsasən Səbail rayonu, Buxta küçəsində yerləşən 70 kv.metr torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır İddiaçı ünvan 2 ünvanında yerləşən 0.035118 ha torpaq sahəsinin ümumi sahəsi 125.11 kv.metr təşkil edən fərdi yaşayış evinə onun xüsusi xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş edir. Cavabdeh isə, yuxarıda göstərilən imtina əsaslarına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir və etirazda göstərilən dəlillərə istinad edərək iddia tələbinə etiraz edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: 1) Təqdim edilmiş texniki pasportda torpaq sahəsinin ölçüsü 97 kv.m, Səbail Bələdiyyəsinin 334 saylı, xx.xx.2006-cı il Qərarında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü 70 kv.m qeyd edilmiş, yerdə qalan 184 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir; 2) Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin 00007403 registr nömrəli dövlət əmlakı kimi baza məlumatı mövcuddur; 3) Tikilinin bir hissəsi texniki pasportun baş planında göstərilən torpaq sahəsindən kənarda yerləşir; 4) Texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcuddur; 5) İddiaçının 70 kv.m torpaq sahəsinə dair təqdim etdiyi “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir; 6) Torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olduğundan sənədin göstərilən sahəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır və torpaq sahəsinin bələdiyyə mülkiyyəti torpağı olması barədə hər hansı bir məlumat aşkar edilməmişdir; 7) Təqdim edilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evinə əlavə sahələr artırılmışdır. 8) İdarənin arxiv məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi ümumi ərazidə digər fiziki şəxslərin adına qeydiyyata alınmış və sonradan sökülmüş 25 və 29 saylı mənzillər mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinə dair təqdim etdiyi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyənedici sənəddir. Təqdim edilən texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 97.7 kv.m, yaşayış sahəsi isə 57.78 kv.m göstərilmişdir. Belə olan halda, iddia tələbi 97.7 kv.m torpaq sahəsinə və 57.78 kv.metr yaşayış sahəsinə münasibətdə əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin imtina və etirazının dəlillərində göstərilən 184 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilməməsi barədə cavabdehin dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarından göründüyü kimi, arxiv məlumatlarına əsasən həmin sahələr digər vətəndaşlara məxsus olmuş, lakin sökülmüşdür. İddiaçı faktiki olaraq həmin sahələrdən də istifadə etsə də, qeyd edilən sahələrə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Həmçinin iddiaçının bu barədə müvafiq qurumlara müraciəti də müsbət həllini tapmamışdır. Məhkəmə həmçinin iddiaçının istinad etdiyi 70 kv.m torpaq sahəsinin Bələdiyyə mülkiyyətində olmaması barədə cavabehin dəlili ilə razılaşır. Belə ki, cavabdeh bu barədə elektron kadastr baza məlumatlarına istinad edir. Ona görə də, məhkəmə həmin dəlili mötəbər hesab edir və bu barədə əlavə araşdırmağa zərurət görmür. Texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsinin perimetrik ölçü və konfiqurasiyasında fərq mövcud olması ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Göstərilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Elektron kadastr məlumatlarına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin daxilində Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin 39 saylı yaşayış binasının 2-ci hissəsinin 00007403 registr nömrəli dövlət əmlakı kimi baza məlumatı mövcuddur olması ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyi məhkəməyə gönədrdiyi ərizəsində bu halı təkzib edərək göstərilən ərazidinin Birliyin balansında olmadığını qeyd etmişdir. Digər tərəfdən cavabdeh bu halla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir (sahiblik, istifadə, mülkiyyət hüququna dair sənəd və s.). Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçı 97.7 kv.m torpaq sahəsinə və 57.78 kv.m yaşayış sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədə malikdir və həmn hissələrdə hüququnun qeydə alınmasını tələb etməkdə haqlıdır. Həmçinin sahəsi göstərilməsə də, iddiaçının X1 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 aprel 1992-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən 1-ci Buxta küçəsi, 27 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. Digər tərəfdən cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ortofotodan görfündüyü kimi, mübahisəli ünvanda iddiaçının fərdi yaşayış evi mövcuddur, göstərilən ərazidə hər hansı yaşayış binası yoxdur. Göründüyü kimi, cavabdehin imtinası dəqiq olmayan, təsdiqlənməmiş və faktiki vəziyyətə uyğun olmayan məlumatlara əsaslanır. Təqdim edilmiş texniki pasportda qeyd olunan fərdi yaşayış evinə əlavə sahələr artırılması ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmənin iddianı qismən təmin etməkdə hüquqi mövqeyi arxiv texniki pasportda göstərilən ölçüdə iddiaçının mülkiyyət hüququnu qeydə almaqdır. Əlavə sahələr ilə bağlı iddiaçı hər hansı bir sənəd təqdim etmədiyindən məhkəmə o hissələrdə cavabdehin imtinasını əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən 97,17 kv.m torpaq sahəsi və 57,78 kv.metr təşkil edən fərdi yaşayış evinə xüsusi xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3436/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3436/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver